25 May 2018 15:24
Metbuat.az-da “Medianın üzü” adlı layihəmizin məqsədi jurnalistikanı, medianı öz çiyinləri üzərində daşıyan insanları daha yaxından tanımaq və tanıtdırmaqdır. Media nümayəndələrini jurnalistlər yaxşı tanısa da, cəmiyyətdə heç də hamı yaxından tanımır. “Medianın üzü” layihəmizdə məhz medianın üzü olan şəxsləri daha yaxından tanıyacağıq.
Budəfəki müsahibimizi həm oxucular, həm tamaşaçılar, həm də dinləyicilər çox yaxşı tanıyır. Qonağımız “ASAN Radio”nun rəhbəri Emin Musəvidir.
-Emin müəllim, çox tanınmağınıza baxmayaraq, uşaqlığınız haqqında məlumatımız yoxdur. Harda böyümüz, uşaqlığınız haralarda keçib?
- Elə bu gün radiomuza orta məktəbdən uşaqlar gəlmişdi ekskursiya üçün. O uşaqların yaşını soruşdum, 12-13 yaşlı uşaqlar idi. Baxdım ki, elə valideynlərilə həmyaşıdıq. Mən də həmin dövrləri xatırladım. Biz də o yaşlarda harasa ekskursiyaya gedəndə, məsələn, muzeyə və ya hansısa təşkilata, bizim üçün qeyri-adi gəlirdi. Düşünürəm ki, həmin uşaqlar da bu gün həmin hissləri yaşayırdılar. Yaşla bağlı da düşündüm ki, nə qədər vaxt keçib. 1976-cı il sentyabrın 29-da anadan olmuşam. 1983-cü ildə 47 saylı orta məktəbdə I sinfə getmişəm. 5 il orada təhsil almışam, 5 il də 46 saylı məktəbdə. Biz, bir ideologiya dövründə dünyaya gəlmişik, məktəbə getmişik. Bu gün xoşbəxtlikdən müstəqil Azərbaycanda yaşayırıq.
- Əslən qarabağlısız, ağdamlısız. Orada olmusuzmu?
- Bəli, yayda-qışda həmişə Ağdama gedirdik. Orada gəzməyə gedirdik, sonra Şuşada, Xankəndində, Kəlbəcərdə də olmuşam. Babam-nənəm hamısı Ağdamda yaşayırdı. Yaxşı xatırlayıram, həm Ağdamın özünü, həm Seyidli kəndini, ümumiyyətlə Qarabağı. Hesab edirəm ki, ora yenə gedəcəyik, sadəcə olaraq arzu edirəm ki, bu, tezliklə olsun. Bizdən nə asılıdırsa, hər kəs nə edə bilərsə, etməlidir.
- Azərbaycan Tibb Universitetinin psixiatriya fakültəsində təhsil almısız. Psixiatrianı oxumaq sizə sonrakı faəliyyətinizdə, kollektiv idarəçiliyində kömək etdimi?
- Bəli, ixtisasca psixiatram. Düşünürəm ki, köməyi oldu. Ümumiyyətlə, psixiatriya sözünün kökündə qəlb sözü var. Yəni ki, qəlblərə yol tapmaq lazımdır. Deyə bilmərəm ki, həmişə hər şey əla olub kollektivdə. Əlbəttə, emosianallıq da olub, hansısa bir məqamlar olub ki, bəlkə daha rahat formada nəyəsə nail olmaq olardı. Amma bəzən hər şeyin daha yaxşı, uğurlu olması, özünə və ətrafda olanlara bir az sürət tempi vermək üçün başqa tələblər olmalıdır. Amma bütövlükdə deyərdim ki, hə, xeyri olub.
- Ancaq bu sahədə fəaliyyət göstərməmisiz eləmi? Özünüz maraq göstərmişdiz o sahəyə, yoxsa valideynlərinizin istəyilə?
- Sadəcə 1-2 il işləmişəm. Özüm maraq göstərmişəm məhz psixiatriyaya. Bütövlükdə isə Tibb Universitetinə qəbul olmağımda yəqin ki, valideynlərimin də təsiri olub, daha çox da anamın. Bəzən valideynlər istəyir ki, özü nəyə nail olmayıbsa və yaxud istəyib, amma alınmayıbsa, onu övladı eləsin. Amma mən bundan narazı deyiləm, razıyam. Hesab edirəm ki, işlədiyimiz sahədə müəyyən şeylərə qiymət vermək üçün psixiatriya bizə kömək edir.
- Siz eyni zamanda Dövlət İdarəçilik Akademiyasının Politologiya fakültəsində də təhsil almısız. Bu, hansı zərurətdən yarandı, gələcəkdə siyasətçi olmaq fikriniz varmı?
- Mən istəyirdim Beynəlxalq Münasibətlərə və ya Hüquqa daxil olum və tam olaraq ixtisasımı dəyişim. Politologiya da mənim üçün maraqlı idi, onu 3-cü, ya da 4-cü ixtisas kimi yazmışdım və ora daxil oldum. Politologiyada oxumaq da mənə çox kömək edir, çünki mediada, xüsusilə xəbərlərdə, ictimai işlərdə, dünyada baş verən proseslərdə hardasa daha məlumatlı, bilikli olmaq, müəyyən hadisələri özün və median üçün analiz etməkdə təbii ki, kömək edir. Yəni, elə bir məqsəd yox idi ki, politologiyada oxuyub tanınmış siyasətçi olum, yaxud da hansısa vəzifədə çalışım, yox, elə bir fikrim olmayıb. Universitetdə oxuyanda artıq bilirdim ki, mediada işləmək istəyirəm. Stabil olaraq 20-21 yaşımdan radioda işləməyə başladım, o vaxtki ANS ÇM-də. Fikirləşirdim ki, bu, mənim üçün daha maraqlıdır, nəinki başqa işlər.
- Tələbəlik illəriniz ölkənin nisbətən çətin dövrünə düşüb. Belə bir dövrdə tələbəliyinizi ürəyinizcə yaşaya bilmisizmi?
- Düzdür, nisbətən çətin dövrə düşüb, amma tələbəliyimizi yaşamışıq. Bu mütləq deyil ki, hansısa çətinliklər olanda yalnız çətin anlar yadda qalsın. Biz də təbii ki, tələbəlik dövrünü yaşamışıq. Bizə psixiatriyadan dərs deyən Gəray Gəraybəyli bu gün Tibb Universitetində rektordur. Mən Tibb Universitetinə yenidən gedəndə görürəm ki, artıq hər şey daha rahatdır, daha müasirdir. Təbii ki, hələ görüləsi işlər çoxdur. O zamanlar bizə maddi cəhətdən də çətin idi. Çünki 1990-cı illərin əvvəlində, ortalarında hələ Sovet dövrü yeni dağılmışdı. Valideynlərimiz hansısa stabil işlərdə çalışırdılar. Birdən hər şey dağıldı, heç kim heç nəyə hazır deyildi. Buna görə maddi baxımdan da çoxlarımız əziyyət çəkirdik. Təbii ki, bu gün daha rahatdır.
- ANS ÇM-də radioda işləyəndən sonra ATV-yə gəlib, burada radionu yaratmısız. Çətin deyildi?
- ANS ÇM radiosunda aparıcı kimi işləyirdim və o zaman iki radiostansiya var idi – ANS ÇM və Sara. Daha sonra bir-iki radiostansiya da açıldı. 1999-cu ildə 106 FM radiosunda işə başladım. Bir müddət keçəndən sonra orduda xidmət edib geri qayıtdım və ilk dəfə SPACE-də səhər efirə çıxdım. O zaman verilişin rəhbəri tanınmış teleaparıcı Nərgiz Cəlilova idi. 2003-cü ildə yenidən “Azad Azərbaycan”a geri qayıtdım. Belə bir ideya var idi ki, yeni radio yaradaq. Mən təklif elədim ki, bu, milli radio olsun, çünki radioların çoxu qarışıq, müxtəlif mahnılar verirdi. Dediyim milli radio formatı isə çox maraqlı oldu və qısa zamanda məşhurlaşdı.
- Yalnız milli musiqinin olması dinləyici sayının azalmasına səbəb olmadı ki?
- Xeyr, əksinə, bizə xeyli dinləyici qazandırdı. Həm də mənəvi məsələlər var ki, milli radio olaraq bu, bizə daha yaxın, daha doğma idi. Hətta rusdilli insanlar da Bakı ilə, Azərbaycanla bağlı milli musiqini, mahnını eşitmək istəyirdilərsə, təbii ki, digər dalğanı dəyişib bizə qulaq asırdılar. Eyni zamanda da kütləvilik baxımından Azərbaycan mahnıları bizə daha yaxın olduğu üçün çoxları elə 106.3 FM radiosuna qulaq asırdı. Bu gün də 106.3 radiosunun geniş dinləyici auditoriyası var. 9 il həmin radioda işlədim, rəhbərlik elədim. 2012-13-cü illərdə artıq müstəqil işləməyə başladım, amma həmin dövrdə həm də ATV-nin televiziyasında işləyirdim. Müəyyən proqramlar hazırlayırdıq, şou-biznesdən tutmuş ciddi verilişlərə qədər. Orada yaxşı bir təcrübə keçmişəm.
- Sizin tanınmağınızda “Qəfəs”in xüsusi rolu olub. Bu veriliş o dövrdə çox böyük ajiotaj yaratdı. Hamı tənqid edirdi, amma hamı da baxırdı. Nə idi bu marağın səbəbi?
- Orada psixoloji məqam var idi. Biz xoşlayırıq ki, başqalarının həyatı ilə maraqlanaq, yəni, necə yaşayır, nə yeyir, nə içir və s. Bu, hər yerdə belə idi. Ona görə də veriliş o qədər populyar idi. Realiti-şou formatı ümumiyyətlə çox məşhurdur. “Qəfəs” də real veriliş olduğu üçün o qədər maraq cəlb etmişdi.
- Sizi əvvəllər daha çox şou verilişlərdə görürdük, sonradan isə daha ciddi verilişlər hazırladız. Sizin üçün hansı daha maraqlı və daha doğmadır?
- Mən ümumiyyətlə maraqlı işlərdə olmağa üstünlük verirəm. Deyə bilmərəm yalnız şou-əyləncə maraqlıdır və ya yalnız ciddi verilişlər mənlikdir. Mənə maraqlı olan keyfiyyətdir. Sadəcə olaraq ötən illərlə nisbətən daha ciddi, daha maarrifləndirici, nəyisə öyrədən verilişlərə üstünlük verirəm. Bizim indi “ASAN Radio”muz 100 FM-də dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. Nəyisə xeyirli, faydalı olan bir şeyləri aşılamaq, informasiya vermək lazımdır. Bu gün müqayisədə elə kanallar var ki, xəbəri də dedi-qodu səviyyəsində, verirlər, mənbələri hansısa şaiyə ola bilər, yəni, əsassız bir şeylər təqdim edirlər. O da onunla əlaqədardır ki, mediada bu gün təsadüfi adamlar çoxdur. Təbii ki, peşəkarlar da kifayət qədər çoxdur, amma müqayisədə azdır. Amma bu müvəqqətidir, bir müddət sonra keçəcək və hər şey düzələcək. Bir ara biz ciddi verilişlərdən, diktorlardan yorulmuşduq. Bu gün isə əksinə görürük ki, nəyəsə əsaslanan xəbər daha çox ciddi qəbul olunur, daha vacibdir. Şaiyə xəbər ola bilməz, yəni, məsələn, filankəs dedi, ehtimal edilir ki və s. Şər xəbər ola bilməz. Ona görə də hesab edirəm ki, biz, hazırda düzgün işlə məşğuluq. Yoxlanılmış, faydalı, maarrifləndirici formatda işləyirik. İnformasiyanı çatdırmaq – budur bizim missiyamız.
- Sizin bir verilişiniz də var idi – “Rəsmilər, qeyri-rəsmi”. Çox sevilirdi və çox da maraqla qarşılanırdı. O verilişin davamı ola bilərmi televiziyada, ya da elə “ASAN Radio”da?
- O verilişin davamı ola bilər və bu barədə bəzən düşünürük. Sadəcə olaraq bir şeyi edəndə keyfiyyətli etmək lazımdır. Bu gün “ASAN Radio” daha çox vaxtımı alır, ona görə verilişi aparsam, gərək paralel işləyəm o veriliş üçün. Keyfiyyətsiz iş olmağını da istəmirəm. Nisbətən boşluq olanda isə əlbəttə ki, onu edəcəm. Çalışıram ki, olsun. Bir də ki, əgər veriliş xaricdə çəkilirsə, onun maddi xərclərilə bağlı da müəyyən məsələlər olur. Ona görə də bunlar hamısı elə proseslərdir ki, hazırlıq tələb edir. Yəni, buna həm mənən, həm də maddi cəhətdən hazır olmalısan, yaxşı partnyorlar cəlb eləmək lazımdır. Bütün bunlar isə işdir, elə-belə olmur. 1-2 veriliş edim ki, sonra baxarıq, elə olmur. Planlı iş görmək lazımdır.
- Peşəkar biri kimi deyə bilərsizmi ki, bu gün televiziya və radiolarımızda nələr çatışmır, nələr lazımdır? Hansı məsələlər həll olunmalıdır?
- Mən ümumiyyətlə imkanlar, məhdudiyyətlər haqqında danışmaq istəyirəm, çatışmayan tərəflər haqqında yox. Hesab edirəm ki, bu gün kifayət qədər yeni olan texnologiyaları və mühiti nəzərə alsaq, bütün imkanlar var ki, daha maraqlı, daha yaxşı verilişlər təqdim eləyək. Digər tərəfdən, başa düşürəm ki, siz televiziyada olan bəzi verilişlərə də diqqət yönəltmək istəyirsiz. Hansısa aparıcılar, hansısa proqramlar, onların keyfiyyəti şübhə altındadır, verilişlər, mesajlar, olan danışıqlar və s. bunlarda olan neqativ tərəflər də tədricən keçəcək və bizim mediamız, televiziyalarımız daha maraqlı olacaq. Hesab edirəm ki, efirə çıxan insanlar daha məsuliyyətli olmalıdılar. Efirə hər adam çıxmamalıdır, efirə hər qonağı çağırmaq olmaz. Əgər o, efirdə həyasızlıq edirsə, qışqırırsa, skandal yaradırsa, bu halda ola bilsin ki, hansısa kanalın rəhbərliyi sevinə bilər ki, reytinq artdı, hamı baxdı, reklam da artacaq. Bunun asan yolu odur ki, məsələn, erotik film göstərmək olar bütün günü kanalda, hamı da baxar.
Kimsə tənqid edəcək ki, bu nədi göstərirlər, kimsə də deyəcək ki, yox yaxşıdı, elə buna baxım. Ən asan yolu seçməklə reytinq qazanmaq lazımsız bir şeydir. Amma bu gün kifayət qədər peşəkar adamlar var, neçə illər ərzində televiziyada işləyənlər, mediada çalışanlar. Düşünürəm ki, onlar bu prosesə təsir göstərə bilərlər. Onlar gəncləri öyrətməlidilər, tənqid etməlidilər ki, bu düzgün deyil, gəlin daha yaxşı, daha keyfiyyətli edək. Bir də biz bugünkü media ilə 10 il əvvəlki medianı müqayisə etsək, çox şeylər dəyişib. Bu gün sosial media, internet gördüyünüz kimi həm də reklam baxımından kifayət qədər gəlir götürə bilir. Bu da o deməkdir ki, insanların ənənəvi media növlərinə marağı azalıb, məsələn, televiziyaya. Amma radio hər zaman aktualdır, çünki maşında, ictimai nəqliyyatda, yol gedən zaman, bəzən ofislərdə belə dinlənilir. Amma hər bir halda ənənəvi mediaya münasibət dəyişib, daha çox internetə baxılır. Bu gün hər şey telefondadır, televiziyaya baxmağa ehtiyac olmur. Məsələn, 10 gündür bizdə kanallar xarab olub, hər şeyə “Youtube”-dan baxıram, xəbərləri internetdən oxuyuram. 5-10 il əvvəl olsaydı, dərhal usta tapardım ki, gəlib tez televizoru düzəltsin.
- Bəs, reklamı başqa hansı vasitə ilə cəlb eləmək olar? Yəni, keyfiyyətli olsun, ancaq reytinq də olsun, reklam da gəlsin
-Keyfiyyətli iş eləmək lazımdır. Keyfiyyətli iş üçün isə daha çox ağıllı, düşünən insanlar lazımdır. Ola bilsin vəsait bir az daha çox lazım olsun. Ən asan yol nədir? Kimsə çıxıb kiminləsə dalaşır və ya kimisə təhqir edirsən, məcburən də insanlar buna baxmalıdır. Bunlar lazımsız şeylərdir.
- Emin müəllim, sizdən əvvəl də jurnalistlər olub, sizdən sonra da. Ancaq siz yaddaşlarda qalmağı bacarmısız, efirdə olmasaz belə unudulmursuz. Hər aparıcı sevilməyi bacarmır. Bunun bir formulu varmı?
- Çox sağ olun fikirləriniz üçün. Bir nəfəri hamı sevə bilməz. Özümlə bağlı demirəm təbii ki, istənilən sahədə istənilən adam o zaman sevilir ki, o, həm işinin peşəkarı olur, həm səmimi insan olur. Həm də ki, heç nəyə baxmayaraq,hansısa prinsip olur və onların üzərində dayanıb, ona əməl edir, simasını qoruyub saxlayır. Elə məsələlər var ki, fərqli yanaşıram. Tutaq ki, əsl vətənpərvərlik nədir? Bir taksi sürücüsü maşınını idarə edəndə, müştərilə ünsiyyətdə olanda onu harasa mənzil başına çatdıranda maşını səliqəli olmalıdır, sərnişin onunla danışmırsa, danışmamalıdır. Maşın sürə-sürə telefonda nəsə axtarmamalıdır, siqaret çəkməməlidir. Müştərini aldatmamalıdır, hətta xarici müştəri də olsa. Müəllim məktəbdə insafla dərs deməlidir və s. Həkimlər, professorlar, dövlət xadimləri, müdia nümayəndələri hamısı insafla çalışmalıdır. İnsanlar səmimi münasibəti hiss edir.
- Bəs, onlayn medianın bugünkü fəaliyyətini necə dəyərləndirirsiniz?
- Onlayn medianı daha səmimi görürəm. Amma bura elə bir sahədir ki, daha diqqətli olmaq lazımdır. Hansısa bir yazı kiməsə çox pis təsir edə bilər və ya kiminsə anasının-atasının narahatlığına, ümumilikdə hansısa bir insanın imicinin zədələnməsinə, sağlamlığına pis təsir edə bilər. Bir yazı hansısa uşağın gələcəyinə pis təsir göstərə bilər. Qeyri-peşəkar jurnalistlər bir uşağın başına pis hadisə gəlir, o xəbərdə uşağın şəklini verirlər, ad-soyadını yazırlar. Olmaz axı, bunun bütün dünyada qaydası var. Ona görə mediada diqqətli olmaq lazımdır. Bir də ki, internetdə olan sosial medialar çox vaxt aparır. Gərək elə edəsən ki, səni real həyatdan uzaqlaşdırmasın. Amma perspektivə gələndə indi elə platformalar, elə kanallar, elə səhifələr var ki, bəlkə televiziya kanallarından daha populyardır, daha çox baxılır. Bəzən elə olur ki, bizdə hansısa veriliş gedir, onu heç efirdən yox, internetdən görürlər, eşidirlər.
- Bir zamanlar yaratdığınız, əziyyətini çəkdiyiniz, doğma radionuzla bu gün rəqabətdə olmaq necə hissdir?
-Bu gün Azərbaycanda 13 radiostansiya var. Bizim radio fərqlidir. Mən bilirəm ki, bizim dinləyicimiz maarriflənməyə, dövlət xidmətlərilə bağlı informasiya almağa üstünlük verirsə, eyni zamanda yenə keyfiyyətli milli musiqi dinləməyə üstünlük verirsə, o, onsuz da bizə qulaq asacaq. O ki qaldı digər radiolara, o cümlədən də 106.3 FM-ə, mən fəxr edirəm ki, o zaman komandamızla birgə yaratdığımız radio bu gün ölkənin ən çox dinlənilən radiolarından biridir. Ona görə yanaşmam normaldır.
- Bir zamanlar xaricdə tez-tez olurdunuz, Latviyada çalışırdınız. İndi necədir ora ilə əlaqələr?
- Mən hər zaman Latviyaya gedirdim, indi də gedirəm.Bizim əsas işimiz PR agentlik kimi müəyyən xidmətlər göstərmək olub, hətta oranın dövlət başçısı, baş nazir, rəsmi qurumları səviyyəsində görüşlər olurdu. Bu barədə heç kim yazmırdı, amma sonra mənim haqqımda yazdılar ki, Latviyadan 2 milyona restoran almışam. Yenə də qeyri-obyektiv bir məlumat yayıldı və hamı onun ətrafında xəbərlər yaydı ki, guya ora köçmüşəm, orada restoranım var və s. Amma bunlar yanlış idi, sadəcə tez-tez gedib-gəlirdim, elə indi də gedirəm.
- Siz o zamanlar “Facebook”da restorandan tez-tez paylaşımlar edirdiniz, bəlkə ona görə yayılmışdı bu xəbərlər?
- Hə, düzdü. Amma mən rəsmi şəxslərlə də paylaşımlar edirdim, bu haqda isə məlumat verən yox idi. Latviyanı çox sevirəm, onlar Azərbaycana qarşı həmişə səmimidilər. Təki həmişə belə davam eləsin. Orada çoxlu dostlarım var. Avropa İttifaqının ilk ölkəsi oldu ki, ora getdim. Ondan sonra bir çox ölkələrdə oldum. Almaniyada, Fransada, İtaliyada, Avropa İttifaqının başqa-başqa ölkələrində, Amerikada, Argentinada oldum. Amma Latviyanın başqa yeri var mənim üçün. Çünki orada səmimiyyət var, insanlarını çox bəyəndim. Bir az soyuq ölkədir iqlim baxımından, amma insanları çox yaxşıdır. Əgər sənə etibar edirlərsə, dost kimi səninlə münasibət qururlarsa, sənə qarşı axıra qədər mehriban və sadiq olacaqlar.
- Argentinada olanda Maradonayla da görüşünüz olmuşdumu, eləmi?
- Əslində o, Maradona deyildi. O, Maradonanın dünyadakı bir nömrəli, ən məşhur oxşarıdır. Maradonanın hətta Argentinada televiziya şousu var idi. O, həmin verilişə həmin oxşarını da çağırmışdı. O şəkli də çəkdirəndə hamı elə bildi ki, Maradonadır. Hamı yazırdı, amma cavab vermirdim, demirdim ki, Maradona deyil. O şəkli paylaşandan 5 il sonra yazdım ki, o, Maradona deyil.
- İllərdir radio rəhbəri olan biri kimi musiqi zövqünüz də maraqlıdır. Ən çox hansı musiqilərə üstünlük verirsiniz?
- Mən daha çox milli musiqiyə üstünlük verirəm, xüsusilə də son illər. Xarici musiqiləri də çox sevirəm. Amma baxır hansı mahnılar. Tutaq ki, 1990-cı illərin axırlarında populyar olan xarici qrupları sevirdim. Çünki gənc idim. “Spice girls”, “Backstreet boys”, “Boyz II Men”, 1950-60-cı illərin məşhur estrada müğənnilərini sevirdim. Bu gün isə daha çox Azərbaycan musiqisini dinləyirəm. bu həm işimlə bağlıdır, həm də özüm də milli musiqiləri sevirəm. Muğamı çox sevirəm. Dünya musiqisində isə bu gün məşhur olan mahnıları deyil, hansısa klassik ifalar, filmlərdən ifalar, Frank Sinatranın, Luçano Pavorottinin, Stinqin musiqilərini bəyənirəm.
- Stolunuzun üstündə də kitablar gördüm. Zamanınız olurmu kitab oxumağa, hansı kitabları sevirsiniz?
- Əvvəllər daha çox oxuyurdum, indi vaxtım nisbətən azdır. Bədii-publisistik kitablara üstünlük verirəm. Son zamanlar daha çox internetdən kitablar tapıb oxuyuram. Stolüstü kitablarım hədiyyə verilənlərdir. Son zamanlar oxuduğum bir kitabda çoxlu sayda orfoqrafik səhvlərin şahidi oldum, mən hələ rus bölməsini bitirmişəm, amma yenə diqqətimi cəlb elədi.
- “ASAN Radio” ilə bağlı gələcək planlarınız nələrdir?
- Radiomuzda 2,5 il ərzində çox işlər görmüşük. Bizim radiomuz dövlət başçısı İlham Əliyevin tapşırığı ilə yaradılıb və sırf dövlət xidmətləri sahəsində ixtisaslaşan radiodur. Məqsədimiz odur ki, maarifləndirməklə məşğuluqsa, onu elə formada edək ki, yorucu olmayaq, daha dinamik olaq, qısa cümlələrlə vacib mesajlar çatdıra bilək. Bu gün beynəlxalq qurumlarla da bu formada əməkdaşlıq edirik, layihələrimiz da var. Tutaq ki, Avropa İttifaqının layihəsi var bizdə, Birləşmiş Millətlər Təşkilatının layihəsi var, bir çox şirkətlər bizimlə işləyir, etibar edir, həm banklar, həm mobil operatorlar. Bu o deməkdir ki, biz həm də müasir standartlarla işləyirik, bizə qulaq asırlar, biz də çalışırıq ki dinləyiciləri çox yormayaq. Düzdür, bəzən elə olur ki, nisbətən çox danışmalı oluruq, amma bütövlükdə yorucu olmamağa çalışırıq.
- Bəs, ümumilikdə “ASAN xidmət” Azərbaycana, cəmiyyətimizə nə qazandırdı?
- “ASAN xidmət” bir brend olaraq bizim bütövlükdə həyatımızı asanlaşdırdı, çünki çünki əvvəllər sənəd işlərini həll etdirmək üçün daha çox zaman sərf etməli olurduq. İndi isə innovativ yanaşma ilə, bir məkana gəlib bir çox xidmətlərdən istifadə edə bilirsən. Artıq vaxt itkisi olmadan, heç bir yerə getmədən zəngsiz, tapşırıqsız bütün məsələləri həll edirsən. Bu isə çox yaxşıdır və hələ bundan da rahat, bundan da asan olacaq. Çünki başqa layihələr də var.
- Emin müəllim, iki qız övladınız var, ata olmaq həyatınızda nəyi dəyişdirdi?
- Bəzən bu barədə düşünürəm və başa düşürəm ki, ən əsası odur ki, artıq sən tək özünü düşünmürsən, özünə görə məsuliyyət daşımırsan. Sən iki yeni, balaca uşağın həyatına görə də məsuliyyət daşıyırsan. Allah hamının övladlarını qorusun. Gündəlik olaraq onların qayğılarıla məşğul oluruq. Hər kəs özünü sevir, elə insanlar olur ki, özünü necə sevirsənsə, onları da elə sevirsən, özünə nəyisə qıyırsansa, özünə qıydığından da artıq ona qıyırsan. Fiziki baxımdan harasa aparırsan, gəzdirirsən. Tərbiyə, səhhət, təhsil baxımından məsuliyyət daşıyırsan.
- Kifayət qədər zaman ayıra bilirsizmi?
- Hə, mütləq, xüsusilə də həftə sonları. Hər şeyə vaxt tapmaq olur, vaxtım yoxdur sözü bəhanədir. Əgər ölkələri, böyük şirkətləri idarə edən insanlar ailə üzvlərinə və ya idmana vaxt tapırsa, deməli, hər kəs vaxt tapa bilər.
- Sonda oxucularımıza sözünüz varmı?
- Sizlərə uğur arzu edirəm, istəyirəm ki, hər zaman insanları maarrifləndirəsiz, maraqlı, dinamik olasız. Indi informasiya portalları çoxdur, hər zaman fərqlənməyi bacarasız. Kollektivinizdə maddi baxımdan, mənəvi baxımdan hər zaman hər şey ürəyinizcə olsun. Sevdiyin işlə məşğul olanda bu, hobbi kimi olur, görmürsən heç gün harda başladı, harda bitdi. İşdə xoşbəxtsənsə, bu, çox yaxşıdır, sonra evə gedib yenə xoşbəxt olursansa, bu, daha da yaxşıdır. Onda deməli, həyat alınıb. Arzu edərdim ki, oxucularınız hər zaman sizdən razı olsunlar. Əməkdaşlarınız da yaxşı mənada özlərindən razı olsunlar ki, faydalı bir işlə məşğuldular, buna görə də həyatlarında hər şey yaxşıdır, başqa bir şey düşünmürlər.
Günay Elşadqızı / METBUAT.AZ