METBUAT.AZ

Müsahibə

​Metodikası ABŞ-da dərsliyə salınan ilk azərbaycanlı plastik cərrahla

16 May 2018 09:39

Budəfəki həkim müsahibimiz Tibb üzrə elmlər doktoru, professor, Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının tibb və əczaçılıq elmləri üzrə Ekspert Şurasının müavini, Azərbaycan Plastik Cərrahlar Assosiasiyasının sədri, Beynəlxalq Plastik Cərrahiyyə Assosiasiyasının idarə heyyətinin həqiqi üzvü, plastik və rekonstruktiv cərrah Vaqif Qələndərlidir.

Metbuat.az Vaqif Qələndərli ilə olan müsahibəni təqdim edir:

-Bu sahəni necə seçdiz?

-Mən elə düşünürəm ki, hər kəsin alın yazısı var. Bu da mənim alın yazımdır. Uşaq vaxtı rəssam olmaq istəyirdim, 9-10-cu sinifdən sonra fikrimi dəyişdim. Atam da Respublikanın əməkdar həkimidir. Beləcə, mən həkim olmağa qərar verdim. Biz həkimlər rəssamlardan fərqli olaraq öz əsərlərimizi skarperlə çəkirik və onları silmək çətin olur.

-Plastik və estetik cərahiyyə nədir?

Plastik cərahiyyə dedikdə bu ümumi ixtisasın- plastik rekonstruktiv cərahiyyənin adıdır. Bura anadangəlmə qüsurlar (Dovşandodaq, qurdağız), yanıqlar, hər hansı travma, zədələnmə nəticəsində toxumaların bərpası –rekonstruksiyası, Estetik cərahiyyə- üzün dartılması, burun əməliyyatları, yağaldırma və mikrocərahiyyə daxildir. Ümumiyyətlə, plastik cərahiyyədə 6800 əməliyyat üsulu var. Qeyd edim ki, estetik cərahiyyə plastik əməliyyatların yüzdə 25 faizini təşkil edir.

Metodikası ABŞ-ın Florida Universitetində dərsliyə salınan ilk azərbaycanlı plastik cərrahsınız. Bu barədə hisslərinizi bizimlə paylaşardınız...

ABŞ-da nüfuzlu Florida Universitetində Rui Fernandesin müəllifi olduğu “Local and Regional Flaps in Head & Neck Reconstruction” A Practical Approach dərsliyinin 20-ci fəsli mənim “Süd vəzinin fasial-dəri fleb diaqnozlu daxili döş arteriyası cərrahiyyəsi: yeni flebin təsviri” metodikamdan bəhs olunur. Bu metodikanı Səhiyyə Nazirliyinin icazəsi ilə öncə meyitlər, sonra insanlar üzərində tətbiq etdik. Daha sonra Amerikada jurnallarda yayımladıq. Mənim metodikamla ABŞ-da 890 xəstə üzərində əməliyyat apardılar. 4 ildən sonra isə birbaşa dərsliyə saldılar. İnana bilmirdim. Doğurdan bir azərbaycanlı həkim kimi qürur hissi keçirdim.

Hazırda, Beynəlxalq Plastik-Rekonstruktiv Cərrahiyyə Konfedrasiyası İdarə Heyətinin üzvü, Azərbaycan Plastik-Rekonstruktiv Cərrahiyyə Cəmiyyətinin sədriyəm.

Estetik əməliyyat üçün daha çox kimlər müraciət edir?

-Daha çox qadınlar müraciət edir.Bu dünyada da belədir. Məsələn göz qapağı əməliyyatları, sifətdə olan qırışlar, burun əməliyyatı, silikonlar, piylərin götürülməsi xanımların ən çox etdirdiyi əməliyyatlardır.

Özündə dəyişiklik etmək istəyənlər silikonlara üz tuturlar. Siz bu barədə nə düşünürsüz? Silikon qoydurmaq zərərlidir?

-Silikonlar müxtəlifdir. Bir var “silikon gel” bu zərərlidir, çünki polimerdi reaksiya verə, problem yarada bilər. Onu salonlarda edirlər. Biz implantlardan istifadə edirik. Onun tərkibi xüsusi jelatinoz maddədi, amma onun kapsulu var ki, orqanizmə sovrulmur. Ona görə, implantları qoymaq olar.

-Vaqif həkim, burun əməliyyatlarının artmasına səbəb nədir?

-Burun əməliyyatları ümumiyyətlə, dünyada estetik əməliyyatların əsas hissəsini təşkil edir. Burun sifətdə elə bir yerdə yerləşir ki, ani travma nəticəsində belə ilk zədə görən yer olur. Çünki çıxıntılı toxumadır. Ona görə də, burunda hər hansı deformasiya, əyrilik, nəfəs almaqda çətinlik olduqdahəkimə müraciət edirlər.

-Cinsiyyət dəyişdirmə əməliyyatları edirsinizmi?

-Cinsiyyət dəyişdirmə əməliyyatları qadağandır. Biz problemli xəstələri müalicə edirik. Bəzən olur ki, bir insan həm kişi, həm qadın cinsiyyət orqanına malik ola bilir. Baxırıq kişidir, qadın kimi sidiyə çıxır. Əlbəttə, bu xəstəlikdir. Belə insanları normal həyata qayıtmaları üçün əməliyyat edirik. Ancaq “Mən kişiyəm, qadın olmaq istəyirəm, yaxud “qadınam kişi olmaq istəyirəm”-deyərək müraciət edənləri əməliyyat etmirik.

-Kariyeranızda ən yaddaqalan pasiyentlərinizdən danışardınız...

1990-cı il Türkiyədə çalışdığım vaxt bədbəxt hadisə nəticəsində qolunu dəzgah qoparmış xəstəni replantasiya etmişəm. Heç bir xəstəxana bu çətin əməliyyatı üzərinə götürmədi. Ancaq mən 12 saat sürən proseslə onun qolunu tam yerinə tikdim. Əməliyyat uğurla bitdikdən sonra sevincimdən ağlamışdım.

Ana bətinində göbək ciyəsinin dolanıb ayağı bu hala gətirməsi ayağın kəsilməsinə səbəb olur. Uşaq 21 ildən sonra doğulan ailənin tək oğlan övladı idi. Mən onun ayağını xilas etdim. Bu əməliyyatları tam təmənnasız etmişəm.

Ən yaşlı xəstəm 82 yaşında rinofima dioqnozlu xəstəm olub. Pasiyentin bizə müraciət səbəbi nəvələrinin onun burnunu görəndə qorxması olmuşdu. Əməliyyatı yaşına uyğun etdim, pasiyentim razı qalmışdı.

-Estetik əməliyyatların qiyməti necə hesablanır?

-Standart qiymət demək düzgün deyil. Biz vəziyyətə, pasiyentin maddi imkanlarına görə də, güzəştlər edirik. İl ərzində həm Heydər Əliyev Fondundan, həm də Səhiyyə Nazirliyindən göndərilən xəstələri tam təmənnasız əməliyyat edirəm. Çünki bir insanı problemlərindən, komplekslərindən xilas edib yenidən həyata qaytarmaq puldan da dəyərlidir.

Son 3 ildə 385 əməliyyatı pulsuz etmişəm.

Məşhurları əməliyyat etmisiniz?

Bəli, o qədər... Bəziləri adlarının gizli qalmasını istəyirlər, ona görə biz ad çəkmirik. Daha çox üz dartdırma, piy aldırma, burun əməliyyatı, qırışların götürülməsi və s. üçün müraciət edirlər.

Məşhur ulduzlara oxşamaq istəyən xəstələriniz olub?

-Bəli, çoxdur. Bəziləri əllərində jurnallarla gəlirlər ki, məni bu kino aktrisasına oxşadın. Üzdə müəyyən dəyişikliklər etmək olar, ancaq onu tamamilə dəyişmək mümkün deyil.

-Kimlər estetik əməliyyat oluna bilməz?

-Şəkərli diabet xəstələri əməliyyat oluna bilməz. Və yaxud elə bir əməliyyat ola bilər ki, o yaşda etmək olmaz. Bunların dünya protokoluna görə, kriteriyaları var. Məsələn, üzün dartılma əməliyyatını 42 yaşdan tez etmirik. İstisna halları çıxmaqla burun əməliyyatlarını 17-18 yaşdan icra etmək olar.

Deyilənə görə, xalları əməliyyat etmək pis xəstəliklərə səbəb ola bilər? Bu fikir doğrudur?

Xeyr, doğru fikir deyil. Xalları növlərinə görə götürmək olar. Baxın böyük bir xaldır, boynun toxumasını genişləndirib önə köçürmüşəm. Respublika və MDB məkanında ilk əməliyyatdır.

-Plastik əməliyyat etdirmisiniz?

Xeyr, etdirməmişəm. Ancaq gələcəkdə ehtiyac olsa, etdirəcəm.

Aysel Yaqubqızı / METBUAT.AZ


metbuat.az.