14 İyun 2018 12:07
Metbuat.az-ın növbəti müsahibi aktrisa, teleaparıcı, yazar Mələk Heydərovadır.
- Səni tez-tez cürbəcür sahələrdə görürük. Düzdü hamısı yaradıcı sahələrdi, ancaq baxma də, xeyli fərqləri var. Məsələn, publisist kimi yazıların var, kitabın da çıxıb. Aktrisa kimi bir neçə rol almısan, hazırda da yayımlanır. Teleaparıcı kimi xeyli fəaliyyət göstərmisən, model kimi də təcrübən var. Hələ üstəlik biznesə də başlamısan. Bu nə deməkdi? Hərtərəfli istedad, yoxsa özünü axtarma, tapa bilməmə, narahatlıq?
- Yox, özümü axtardım və tapdım. Mənimki yazarlıqdı, köşədir. Yazanda özümü xoşbəxt hiss edirəm, rahat oluram.Ancaq başqa bir şey də var ki, insan yaşadıqca inkişaf etməlidir. Müxtəlif sahələri sınaqdan keçirməlidir. Elə bir zamanda yaşayırıq ki, bu dəqiqə bir sahəni tutub getmək insana maraqsız gəlir. Hansı sahə məni özünə çəkirsə, mütləq o tərəfə yönəlirəm. Sadaladığınız işlərin hamısı mənim üçün önəmlidir. Hər birində özümü xoşbəxt hiss edirəm. Desələr ki, bunların birini seç, çətinlik çəkərəm. Televiziya sahəsində maraqlı insanlarla görüşürəm, aktrisalıq da eləcə, biznesin pul tərəfi maraqlıdır. Modellikdə şəkil çəkdirməyi çox sevirəm. Bunlar hamısı həyatımı rəngarəng etmək üçündür. İnanıram ki, gələcəkdə başqa sahələrə də müraciət edəcəm.
- Bəzən deyirlər çoxdan yapışan azdan da olar. Həm də yaş gedir, bunların hər birinə zaman lazımdır. Bundan qorxmursan ki, ortada qalarsan? Çünki insan parçalanır.
- O da düzdür. Bax, bu sualı sən mənə verdin indi düşündüm ki,parçalanmaq söhbəti var. İnkişaf etmək üçün uzun-uzun illər lazım deyil. Hər şey əlimizin altındadır. Bu işlərə başlayanda düşünməmişəm ki, hansınasa 20-30 ilimi verim. Müasir dövrdə hər bir şeyi qısa müddətdə inkişaf etdirib, təkmilləşdirə bilərsən. Məsələn, biznesə başlamışam, düşünürəm ki, televiziya bilgim buna təkan verəcək. Yaxud aktrisayamsa, biznesdə ünsiyyət məsələsində kömək edəcək. Yazarlığım varsa, reklamlarımı yazmaqda köməyim olacaq. Düşünürəm ki, bu işlər bir-birinə zəncirvari bağlıdır. Qazandığım vəsait də mənə kitab çıxarmağımda dəstək olacaq. Çünki indi pulun yoxdursa, kitab çıxartmaq üçün gözləməlisən. Özünü reklam da etməlisən, bunun üçün də madiyyat lazımdır.
- Bax, bayaq deyirdin, bu sonuncu müsahibəmdir. Ancaq reklamın bir tərəfi də müsahibədir.
- (Gülür) Bezmişəm müsahibə verməkdən. Mən çox səmimi adamam. Müsahibə verirəm, açıq danışıram, hər kəs haqqında fikirimi bildirirəm, sonra onun başına ip salıb sürüyürlər. Hardasa uzun bir cümlə deyirəm. Cümlənin yarısını başlıq edirlər. Halbuki mən o fikri elə deməmişəm. Bir bu məni narahat edir. Hamısı da dostum, canım-ciyərimdi, heç kimə deyə bilmirəm ki, bu başlığı belə yazmayın. Ərkim çatanlara getmirəm. Həm də istəyirəm həyatımda bir çevriliş baş versin ki, müsahibəyə ehtiyac duyulsun. Mən də tez-tez dəyişən adamam, bir çox layihələr edirəm. İstəyirəm ki, daha maraqlı müsahibələr verim.
- Sanki aparıcısı olduğun verilişlər istədiyin kimi alınmadı. Səncə, şou yarada bilməməyin intellektə çox meyl etməyinlə bağlı deyilmi?
- “Kişilər evdə olmayanda” adlı şou veriliş aparmışam, reytinqləri partladıb. Orda intellektə də üstünlük verilirdi, ancaq şou da yaradırdım. Ancaq “Qadın sözü” verilişində hə, reytinq problemi yaşadım. Deməzdim intellektlə əlaqəsi olduğu üçün idi. Yox. Məncə, vaxtı uyğunsuz idi. Düşünmürəm ki, intellekli veriliş aşağı reytinqli olsun. Onu şou ilə qarışdırıb insanlara sevdirmək olar. Çünki kim olur olsun, ən ciddi adamlar belə yumora ehtiyac duyurlar. Veriliş də elədi, insan bu qədər problemlərin içində nə qədər ciddi verilişə baxa bilər? Ancaq bizimkilər bəzən çox ifrata varırlar. Ya həddindən çox ciddiyə, ya da ifrat dərəcədə “ha-ha”, “hi-hi”yə yol verirlər.
- Həm publisist yazılar, sosial problemlərin qabardılması, çıxılmaz vəziyyətdə qalan qadınlara yol göstərmə cəhdləri, həm də cəsarətli fotosessiyalar, cəlbedici pozalar... Kütlə bunu uyğunsuzluq kimi görmürmü səncə?
- Yox. Bunların hamısında insanlara bir mesaj ötürürəm. Azad olun! Birinci onu deyim ki, geyim əxlaqsızlıq, intellektual səviyyəsizlik, cahillikdeyil. İnsan istədiyi kimi geyinə bilər, ancaq eyni zamanda çox faydalı işlərlə də məşğul olub, insanlara kömək edə bilər. Rəsmi geyinirsənsə, ciddi problemlərlə məşğul olursan deyə, bir şey yoxdur. Geyim, fotosessiya mənim həyat tərzimdir. Digər tərəfdən mənim iç dünyamın səsini də dinləmək lazımdır. Heç vaxt insanlardan köməyimi və bildiyim şeylərdə məsləhətimi əsirgəməmişəm. Həyat baxımından 30 qadına dərs keçə bilərəm. Bütün yazılarımda irəliyə çəkdiyim kimi, ilk dərsimi qadın azadlığına həsr edərdim. Heç kimdən asılı olmamaq, heç kimin diqtəsilə getməmək.
- Nəsə mənə elə gəlir ki, yaradıcılığındakı bu tərəddüdlər və narahatlıq şəxsi həyatında da var. Məsələn, ərə getməməyin bununla bağlıdırmı? Yoxsa elə deyil?
- Tərəddüdlər olmasa, ən yaxşısını yarada bilməzsən. Əlbəttə ki, yaşıma görə tərəddüdlərim olmalıdır. Ancaq 50-60 yaşlı insanın tərəddüd etməsi normal sayılmaz. Çünki bu gündən sonra heç nə edə bilməz. Mənim tərəddüdüm mənə təkan verir. Ailə qurmamağım isə bununla əlaqəli deyil. (Gülür) Ailə qurmaq istəmirəm. Ailə həyatı mənə maraqsızdır. Ailə hər şeyin sonu deməkdir.
- Sənin heç kimi incitmədiyini bilirəm. Öz əlini kəsərsən, başqasının əlinə qıymazsan. Bu xüsusiyyətin sevgi məsələlərinə də sirayət edibmi? Məsələn, elə təsir bağışlayırsan ki, sənə sevgi elan edənlərə yox demirsən. Bir qıraqda boylana-boylana qalırlar.
- Bəli. Özümü həmin insanın yerinə qoyuram. Çünki sabah mən də kimisə sevə bilərəm. Məni də istəməyə bilərlər. Məsələn, kimisə sevirəm, o mənə konkret “yox” desə, nə boyda travma ala bilərəm. Bacardıqca insanların qəlbinə dəyməmək lazımdır. Sən onu yola verməklə üzüyünün qaşı düşmür ki... Bəlkə, sevgilin yox, yaxşı dostun oldu. Müəyyən çərçivə daxilində münasibət saxlaya bilərsən.
- Adamları tanıyansan. Bilirsən ki, qarşındakı yüngül adamdı. Sənə əyləncə üçün yaxınlaşır. Əslində kobudcasına “rədd ol” da deyə bilərsən. Niyə demirsən?
- Axı mən Mələk Heydərovayam, kobudluq mənə xas xüsusiyyət deyil.
- Ancaq başqa müsahibələrində “artıq mələk olmayacam” demisən.
- Bura, sənə müsahibə verməyə gəldim, düzdümü? Calışacammüsahibəmiz bacardığım qədər açıq, səmimi olsun. Çünki bu sənin işindi, sən yaxşı müsahibə almalısan, mənim də borcumdur ki, yaxşı danışım. Yaxşı danışmaq fikirim olmasaydı, “yox” deyərdim. Deyir biri daş atır, qarşı tərəf də daş ataraq cavab verir. O onun tərbiyəsi, bu da mənim tərbiyəm. İçimdə o qədər sevgi var ki, bütün düşmənlərimə çatar.Bu sevgi hamısını zərərsizləşdirməyə kifayət edər. Mənə pis mənada yaxınlaşan insan mənim yaxşı tərəfimi görüb, fikrini dəyişir.
- Bəs onun səviyyəsinə dəyərmi?
- Səviyyə mənim üçün nisbi məsələdi. Biz səviyyəni intelektuallıqla, bitirdiyi universitetlə, oxuduğu kitablarla ölçürük. Ancaq düşünürəm, mən kiməm ki, onun səviyyəsini, insanlığını ölçüm. Mən ancaq onun mənə göstərdiyi davranışa görə qiymətləndirə bilərəm. Onun fikrini özümə qarşı dəyişə bilirəmsə, nə mutlu mənə. Heç kimə qarşı mühakimə yürütməyi sevmirəm.
-Adətən qadınlar bir-birinin paxıllığını çəkir, bir-birinin arxasınca danışır. İndiyə kimi heç bir qadının sənin haqqında pis danışdığını eşitməmişəm. Bunun üçün nələr edirsən? Necə olub ki, indiyə kimi səndən narazı qalan olmayıb?
- Doğrudan da heç özümə də gəlib çatmayıb belə söhbətlər. İşim haqqında nəsə deyə bilərlər, ancaq insanlığım haqqında danışa bilməzlər. Buna şərait yaratmamışam. Çünki heç kimin haqqında danışmıram. Ən savadsız adamdan belə söhbət düşəndə onun tərifini göyə qaldırıram. Kimisə tərifləsəm, zərim tökülməz. Bəlkə elə o adamın mənim tərfimdən sonra əli çörəyə çatacaq. Heç vaxt fikirləşmirəm ki, kiminsə yerini tutum. Görəndə ki, hansısa qadın bundan qıcıqlanır, onu yanıma çəkib, başa salıram ki, sən öz yerində daha yaxşısan. Mənim heç bir qadının kişisində, pulunda, malında gözüm yoxdur. Özümə o qədər güvənirəm ki, pul cəhətdən də, status cəhətdən dəkişi ilə rəqabət apara bilərəm. Ancaq qadın incə məxluqdur. Onun nəyi ilə rəqabət aparım ki?
- Kişi dostların çoxdu, yoxsa qadın?
- Ümumiyyətlə, dostum yoxdur (Gülür). Dostlarımın hamısı, xüsusilə qadın dostlarımbir anda puç oldular. Gözümü açdım, bir anlıq hiss etdim ki, qadın dostlarım olmamalıdır. Elə 2-3 kişi həmdərdim var ki, gecə neçədə olsa, zəng etsəm, məni dinləyib, olduğum kimi başa düşüb, yol göstərəcəklər. Ancaq qadın dostlarım məni çox məyus etdilər.
- Necə məyus etdilər? Nə ortaq idi, bölə bilmədiniz?
- Rəqabət... mən onlara rəqabəti başa sala bilmədim. Hər yaşda mən mənəm, hansı yüksəklikdə olmağımdan asılı olmayaraq, dostumla dost qalıram. Söhbət uşaqlıq dostlarımdan gedir. Yəni həmişəki balaca Mələyəm. İnsanlar elə bildi ki, müəyyən yerə çatıb, dəyişəcəm. Ancaq elə deyil. İmkan vermədilər onlara nəyisə izah edim. Mən də düşündüm ki, bunu özünüz seçdinizsə, elə olsun.
- Mələyin baxış bucağında xəyanət necədi?
- Bir dostun yanında uzun müddət qalıb, onun hər bir qayğısını çəkərəm, ancaq mənim ehtiyacım olanda yanımda olmamasını xəyanət kimi qiymətləndirirəm. İllərin rəfiqəsi bu gün bir oğlan tapıb, məni ona satdı. Bu xəyanətdir. 15 illik dostluqda ərini məndən üstün tutursansa, bu da xəyanətdir. Dost başqadır, ailə başqa. Dostunla bölüşdüyünü atanla, ananla, bacınla bölüşə bilmirsən.
- Yaş gedir. Bilirəm ki, uşaqları sevirsən. Ailə də qurmağı düşünmürsən. Uşağının olması üçün süni mayalanma etdirərsənmi? Nə vaxtsa belə bir xəbər yayıla bilərmi?
- Mən çox istəyərəm ki, övladım atasını tanısın. Hə, ərə getməyi fikirləşmirəm. Ərimin olmağını da istəmirəm. Ancaq istəyirəm ki, övladım olsa, atasını tanısın, arxa-dayaq olsun. Ola bilsin, sabah istəyim ki, ərim olsun, ancaq bu gün bilmirəm... işə başım qarışıb, ya nədirsə, indi istəmirəm. Uşaq istəyi isə vazkeçilməzdir. Bu qadınlarda bir instinqdir sanki. İstəyirsən balan olsun, körpən olsun, nazını çəkəsən. Birdən beynimə gəlir. Ancaq bunun üçün “mütləq ərə getməlisən” deyə, bir şey də yoxdu. Çünki mən özümə ər deyil, uşağıma ata axtarıram. Süni mayalanmaya isə risk etmərəm. Uşağa görə.
- Tanımadığın donor olduğuna görə?
- Genetika söhbəti var. Uşaqda gələcəkdə problemlər üzə çıxa bilər. Həm də uşaq ən azından düşünməlidir ki, onun atası filan yerdədir. Bu onun psixologiyası üçün önəmli faktorlardan biridir. İndi eynicinsli insanlar evlənirlər, hələ övlad sahibi də olurlar. Təəssüf ki, bu qərarın o uşağın gələcəyinə necə təsir edəcəyini düşünmürlər. Hansı fəsadların yaranacağını ağıllarına belə gətirmirlər.
- “Özümə ər yox, övladıma ata istəyirəm” ifadəsini hər qadın deyə bilməz. Buna başqa cür cəsarət lazımdır. Yaxşı, axtardığın ata necə biri olmalıdır?
- İçində mərhəmət olan insan ziyansız insandı. Mənə mərhəmətli olarsa, deməli uşağa da mərhəmətli olacaq. Bəzi qadınlar var ki, qarşı tərəfin puluna görə seçir, bu çox səhv yanaşmadı. Həmin adamın nəsli, zatı keyfiyyətli olmalıdır. Deyirlər, gen anayla gəlir. Övlada südlə keçən bir xarakter var. Mən öz genimdən rahatam. Bilirəm ki, çürük heç nə yoxdur. Dəfələrlə araşdırmışam, hər kəs savadlı, təhsillidir. Bacım uşaqları genimin sübutudur. Buna görə mən də genimi korlayacaq bir insan istəmərəm. O adam əlbəttə ki, oxumuş, intellektual, həyatda nə istədiyini bilən biri olmalıdır. Vacib deyil, onun altında 200 minlik maşını olsun. Mən onun öz həyatımın qarantiyası yox, məhz övladımın atası olmasını istəyirəm. Vətənə, millətə keyfiyyətli övlad vermək istəyirəm. Hətta nə vaxtsa ərə getmək istəsəm, elə bu xarakterdə insana gedərəm.
- İntellektual kişi dostların çoxdur. Demisən ki, intellektli kişi ilə sevgili olmaram. Bu təzad yaratmırmı?
- (Özünəməxsus gülüşünün səsi otağı başına götürür) Uşaq doğmaq başqa, sevgili başqa. Uşağı doğursan ki, intellektual olsun. Elə biri ilə eşq yaşasam, ürəyim sıxılar. Özün intellektual kişi ilə evlisən, bilirsən. Onlar həyatın hər şeyini bir səbəbə bağlayırlar. Həyatda hər şeyin bir cavabı var deyib, yaşasan, adamın bağrı partlayar, ölər. Bəzi müəmmalar olmalıdır ki, insanın həyatına bir maraq qatılsın. İntellektual kişi 100 faiz sənin yaşadığın həyat tərzini, xasiyyətini bəyənməyəcək. Qadın nə qədər intellekt sahibi olsa da, qadınlıq xüsusiyyətlərini itirmir. Kişi bunu da səhv sayır. İstəyir praqmatik olasan, hər şeydə reallığa söykənəsən. Məsələn, qadının qısqanclığını məntiqsiz sayır. Məntiqli qısqanclıq olurmu bəyəm? Hər hansı bir şeyə hirslənəndə, deyinəndə, səni anlamayacaq, suçlu çıxaracaq, “qadın düşüncəsidir, bir az dünyəvi düşün” deyəcək. Kişilər xarakterlərini korreksiya edə bilirlər deyə, səni də buna məcbur edirlər və bu səni anlamağa mane olur. Qadın düşüncəsi çox həssasdır. Sən intellektli kişini həddindən artıq sevə bilərsən. Ancaq sevgin onu bezdirəcək. Mənim ətrafımda biznesmenə boş baxan o qədər qadın var ki... Deyirlər, onun başında nəsə var ki, bu qədər pul qazanır? Yaxud da deyir ki, biznesmendir, pulu var, içi boşdu. Ancaq xeyr, sən onun içindəkiləri görə bilməmisən. Sən ancaq onun pulunu görmüsən. Bəlkə problem elə özündədir?
- Deyir şər deməsən xeyir gəlməz. Hər zaman uğur sənin olsun. Ancaq ola bilər ki, övladının atasını tapmayasan. Uşaq evindən övlad götürərsənmi?
- Ayyy... çox istəyərəm. Bu mənim arzumdur. Allahdan 2 arzum olub həmişə. Bir ətrafımdakı insanların istədiyim kimi yaşaması üçün maddi imkanım olsun. Bir də uşaqlar evindən uşaq götürüb övladım kimi böyüdüm. Belə fikirləşəndə düşünürəm ki, bir uşaq götürəcəm, o birilər yenə də valideynsiz qalacaq. Çox istəyərdim ki, bir qrup uşaq götürüm. Onların hər şeyi olum, valideynləri, dostları. Ancaq bunun üçün çox pul lazımdı.
- Çəkildiyin serialda yaşlı kişinin xanımı rolundasan. Realda ola bilərmi belə bir addım atasan?
- Hə, ola bilər. Mənim artıq 29 yaşım var, uşaq deyiləm (Gülür). Bir neçə aydan sonra 30 olacaq.
- Ancaq roldakı ərin səndən 20 yaş böyükdü?
- Bret Pitin 50 yaşı var. Conni Deppin 53 yaşı oldu. Adam çox yaraşıqlıdır. Bəli, onlara gedərəm. Məncə, insan 80-90-na çatanda yaşlı sayılır. Ata-anamın 50 yaşı var. Ancaq onlarda bir həyat eşqi var ki... Həm mənim özümün də yaş qorxum yoxdur. İndi necəyəmsə, yaş artıqcada bu cür deyəcəm, güləcəm. Yalnız nələrisə çatdırmamaqdan qorxa bilərəm. Bir xeyriyyə layihəm var, Azərbaycanda edilməyən başqa layihələr də düşünmüşəm. Növbəti kitabımı çıxartdırmaq istəyirəm. Bunları çatdırmamaqdan qorxuram.
Bu zaman redaktorumuz Tural İsmayılov içəri girir və “Mənim sualımı verdinmi?” deyə, söhbətimizə müdaxilə edir:
- Hə, bax, Turalın sualını verirəm. Yataq və öpüş səhnələrinə çəkilərsənmi?
- (Gülür) Yox. Qurtardım daha.
- Necə yəni qurtardım? Başqa müsahibələrdə məbləğə qədər demişdin ki, bu qədər versələr, soyunaram.
- (Gülür) Mövzu öldü daha. Artıq soyunmaq fikirindən vaz keçdim.
- Pul verən olmadı deyə, yoxsa necə?
- Belə müsahibələrin əlindən nə ərə gedə bilirəm, nə də istədiyimi edə bilirəm (Gülür). Əslində onu zarafatla demişəm. Ancaq çox şişirdildi. Həm də indiyə kimi kimə o qədər pul veriblər ki, mənə də versinlər. Bunu bildiyim üçün elə demişdim. Birincisi milyonu soyunmağa görə yox, insanın istedadına verirlər. O qədər soyunan və soyunmaq istəyənlər var ki...
- Bəs indi niyə ciddi deyirsən ki, yox soyunmaram?
- Hə, açıqlayım. Onda zarafatla demişdim, indi ciddi cavab verim. Müəyyən vaxt keçdikcə, yaş artdıqca, fikirlər dəyişir. Etmək istədiklərin dəyişir. Fikirləşirəm ki, o milyonu özüm qazanaram da elə (Gülür). Həyatda daha başqa maraqlar tapdım.
- Ümumiyyətlə, bu gördüyün işlərdə daha hansı qırmızı xəttin var ki, onları etməzsən?
- Yazar kimi hər şey yaza bilərəm, aktrisa kimi limiti bizim cəmiyyət qoyub. Efirdə zatən hər yerdə senzura var. Məsələn, şou verilişi aparsam, qalmaqal yaratmaram. Çünki insanın deyəcəyi çox söz var. Şounu başqa tərəfdən tanıtmağa çalışaram. Mütləq orda intellekt olmalıdır. Aparıcılar ən rahat yol tapıblar. İnsanları üz-üzə qoyurlar. Adi ev qadınını da efirə çıxartsan, bunu yaradacaq. Efirdə niyə qışqırırlar, niyə söyürlər, başa düşmürəm. Onsuz da insanların çox problemi var, gərginlik içindədirlər. Efir də bir yandan əsəblərini pozur. Başa düşürəm, reytinq lazımdır. Ancaq onu da bunların etdiyini etmədən qazanmaq olar.
- Bir gün seksual aparıcı kimi təklif gəlsə, nə edərsən?
- Yox, mənlik deyil. Qəbul etmərəm.
- Bəs özünü seksual qadın kimi görürsənmi?
- Mən cazibədar qadınam (Gülür). Seksual 35 yaşında olaram.
- Niyə instaqramda ərəb şeyxlərini izləyirsən?
- “Ərəb şeyxləri” deyəndə ki, ərəb dünyasını izləyirəm. Birləşmiş Ərəb Əmirliklərində nə varsa, “like” edirəm. Haştaqlara girib, qızlarını izləyirəm, onları da “like” edirəm. Çünki həyatın nəbzini tutublar. Ərəb dünyasının çox gözəl stili, modelyerləri var. Məncə, əsl zövq, rəng, ətir ərəb dünyasındadır. Avropadan da çox Dubayı sevirəm. Fikrimdə də var ki, köçüb, orda yaşayım. Avropada yaşaya bilmərəm qətiyyən. Ərəblərin çılğınlıqları, temperamentləri, makiyajları çox xoşuma gəlir. Həm bilirəm ki, ərəb dünyasında qəbul olunan qadınam. Avropada bu qədər ətir vursam, mənə bir cür baxacaqlar.Ancaq ərəblər hər şeyi yüksək səviyyədə sevirlər.
- Day denən ki Şərq aləmini sevirsən ki,
- Avropalıya gedərəm, şərq dünyasında yaşayaram. Ancaq ərəbə qətiyyən ərə getmərəm.
- Bilirəm ki, yaşla, çəki ilə sən də mübarizə aparırsan.
- Şirniyyatı çox sevirəm deyə, çox mübarizə aparıram. Buna görə də depressiyaya düşürəm. Çox qəribədi ki, stressə düşəndə yeyirəm. Sonra da çox yediyimə görə dərd çəkirəm. Bunlar hamısı mənim dadlı qidaları sevdiyimə görədir. Mən qurmanam. Gecə ürəyim istəsə, harda olsa, gedib istədiyimi alıb yeyərəm. Narkoman narkotiki necə sevirsə, mən də yeməyi elə sevirəm. Ancaq çəkim də ona görə azdır ki, işlərin çoxluğuna başım qarışır, yeməyi unuduram. İndi, bu dəqiqə acından ölürəm. Bundan sonra bir iş görüşməm var, ora gedəcəm. İmkan yoxdur yeməyə. Ancaq axşam saat 9-10-da nəyi var, yeyəcəm. Çəkiliş günüm olanda heç su da içə bilmirəm. Həmin günlər yediklərimi yandırıram.
- Su da adamı arıqladır. Bu üsuldan istifadə edirsən?
- Demək olar ki, günə bir litr su içirəm. Ancaq arıqlamağımın səbəbi normal qidalanmamağımdır. Əslində bu düzgün deyil, ancaq nə etmək olar, məcburam. Bu səhər iki stəkan kofe, su içmişəm, şokolad yemişəm.
- Bilirəm ki, tez-tez depressiyaya düşənsən, həmçinin psixologiya ilə bağlı da çox mütaliə edirsən. Depressiyaya düşdüyün anlarda nələr edirsən, özünü bu durumdan necə çıxarırsan?
- Bir dəfə psixiatra müraciət etdim. Onu mənə çox təriflədilər. Doğrudan da tərifə layiq idi. Bir-iki dəfə getdim yanına. Sonra bir gün gördüm, psixiatr gecə saat 12 ərəfəsi mənə yazıb ki, səninlə danışmalıyam. Sonra anladım ki, bunun məqsədi ayrıdı, çox içkili idi. Həmin ərəfədə çox gərgin günlər keçirirdim və bu durumdan qurtulmaq üçün gedib ürəyimi açdığım adamın gecə zəng edib, elə sözlər deməsi məni daha çox gərginləşdirdi. Bu uğursuz təcrübədən sonra qərara gəldim ki, özüm-özümə kömək edim. Hamı kimi oturub qəmgin mahnılara qulaq asmıram. Bu nə qədər çətin olsa da, əksini edirəm. Belə olanda daha çox gəzməyə başlayıram. Dostlarımla görüşürəm, çox əylənməyə çalışıram. Həmçinin yutubda çox faydalı, insan həyatı ilə bağlı qısa videolar var, onlara baxıb, özüm üçün örnəklər götürürəm. Bir də iş məni xilas edir. Bax, deyirsən niyə bu qədər işdən yapışmısan. Boş qalsam, ölərəm.
- Bəs dərinə nələr edirsən?
- (Gülür) Ancaq gülmək. Necə deyərlər, gülərək C vitaminimi artırıb, immun sistemimi gücləndirirəm. Güldükcə içimdəki bütün mikroblar ölür. Problemlərin hamısı əsəbdən yaranır. Gülün ki, bu problemlərdən qurtulasınız. İnsan üzünə çox şey edə bilər. Özünü içdən təmizlə. Təmizləməsən, o içindəkilər səni yeyib parçalayacaq.
Tahirə Əlirzayeva \\ Metbuat.az