12 İyun 2018 12:51
“Metbuat.az-da mətbuat katibləri” layihəsi çərçivəsində hər dəfə dövlət qurumları, özəl təşkilat və müəssisələrdə çalışan mətbuat katibləri ilə sizi yaxından tanış edirik.
Budəfəki müsahibimiz Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Esmira Əkbərovadır.
Metbuat.az Esmira Əkbərovayla olan müsahibəni təqdim edir:
- Oxucularımıza özünüz haqqında məlumat verin...
- 1984-cü il avqustun 13-də Bakıda anadan olmuşam. Azərbaycan Dillər Universitetinin Beynəlxalq Münasibətlər fakültəsinin həm bakalavr, həm də magistr pilləsini bitirmişəm. Magistraturanı bitirəndən sonra universitetdə qalıb işləməyə başladım. Fikirləşdim ki, bir qədər burada işədikdən sonra profilimi dəyişərəm. Universitetdə 8 ilə yaxın dərs demişəm. Sonra şans elə gətirdi ki, yolum Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən keçdi. Vakansiya olduğu üçün sənədlərimi bura verdim, müsabiqələrdən keçdim və qəbul olundum. İnanıram ki, axıra kimi etimadı doğruldacam. Özünüzü şanslı sayıram. Çünki həytımda mənə yol göstərə biləcək, kömək olacaq insanlar çox olub. O insanlardan da biri hazırda çalışdığım idarənin rəhbərliyidir.
- Uşaqlıq illərinizi necə xatırlayırsınız?
- Ailədə 3 uşağıq, məndən kiçik iki qardaşım var. Valideynlərimə çox borcluyam. Belə valideynlərim olduğu üçün Allaha təşəkkür edirəm. İnsanlar ailəsini seçə bilmir. Ona görə, çox şükür edirəm. Bu gün hansısa bir nailiyyətim varsa, nəyəsə görə ruhdan düşmürəmsə, valideynlərim sayəsindədir. Atam uzun illər hərbçi işləyib, son 3 ildir təqaüdə çıxıb. Polkovnik-leytnant rütbəsi var. Anam isə Xarici Dillər Universitetində dossentdir. İngilis dilində filologiya üzə dərs deyir. Qardaşlarımdan biri məndən 2, digəri isə 8 yaş balacadır. Belə...
- Hansı məktəbdə oxumusunuz?
- Xətai rayonu 249 saylı orta məktəbdə oxumuşam. Bizə Azərbaycan dilindən dərs deyən Lalə Rəfiyevanı xatırayıram. Onun adını çox böyük fəxrlə vurğulamaq istəyirəm. Çünki bizim çox qayğımıza qalıb. İndiyə qədər o müəllimə ilə əlaqəm var.
- Universitet illərinizdən danışaq...
- Universitet illərim daha çox yadımdadır, nəinki məktəb. Aktiv tələbə olmuşam, dərslərimi yaxşı oxumuşam. Həm universitet, həm də magistraturanı qırmızı diplomla bitirmişəm. Bilmirəm niyə, amma hələ də universitet illərdən dərsdən qaçmamağımın peşmançılığın çəkirəm. Həqiqətən, universitetdə heç bir dəfə də olsun dərsdən qaçmamışıq. Amma düşünürəm ki, o da lazım idi. Tələbəlik illərinin ən maraqlı məqamı dərsdən qaçmaqdır, amma biz qaçmamışıq. Dərsə çox alüdə olmuşuq. Universitet vaxtı keçilən bəzi fənnlərin lazımsız olduğunu düşünürdük. Amma indi görürəm ki, müəyyən məqamlarda insan hamısı lazım olur. Gənclərə məsləhət görərdim ki, öz şanslarını xarici təhsillə də sınasınlar. Xaricdə təhsil aldıqdan sonra isə ölkəmizə qayıdıb, davam etdirib, gələcək nəsillərə yol göstərsinlər. Bəzən görürsən ki, çox savadlı bir tələbədir. Lakin ona yol göstərən olmadığı üçün nə edəcəyini bilmir. Ona görə, bu məsələ olduqca vacibdir.
- Hansi işlərdə çalışmısınız?
- Azərbaycan Dillər Universitetinin Beynəlxalq Münasibətlər fakultəsinin Regionşünaslıq kafedrası ilk iş yerim olub. Burada Sevdagül Əliyeva bizim müəlliməmiz olub. Ona çox böyük təşəkkürümü bildirirəm. Bəzən ola bilər ki, insan nədənsə inciyir, küsür. Amma bu gün ona çox təşəkkür edirəm. Bu gün müəyyən bir vərdişlər varsa, ona görədir. Necə deyərlər, bizi “rəndələyib” (gülür). Pedaqoji fəaliyyətim bu işə uyunlaşmağım üçün mənə çox böyük köməyi olub.
- Övladınıza vaxt ayıra bilirsiniz?
- Bir qız övladım var. Çalışıram ki ona vaxt ayırım. Həftə sonları onunla bərabər nə isə etməyə çalışırıq. Sərbəst olmasını istəyirəm. Təkcə maddi çəhətdən yox, mənəvi cəhətdən də ona qayğı göstəririk. Lakin istəyirik ki, ərköyn olmasın. Gələcəkdə görəcəyik.
- Bəs, özünüzə necə?
- Musiqi həyatımın bir hissəsidir. Lirik musiqilərə çox az qulaq asıram. Əhval-ruhiyyəmi düzəltmək istəyirəmsə, mütləq şux bir musiqiyə qulaq asmalıyam. Atam hərbçi olsa da, çox yaxşı əl qabiliyyəti var. Çox gözəl rəsmlər çəkir. Ona görə, məndə də rəsmə maraq var. Lakin mən çəkməkdən daha çox rəngləməyi sevirəm (gülür). Zehni yorğunluğu fiziki yorğunluq kimi dincəlməklə çıxarmaq olmur. Rəsmləri rəngləmək əqli yorğunluğumun aradan qaldırılmasında mənə çox kömək olur. Həmçinin, filmə baxmağı sevirəm. Həyati, pozitiv kinolara baxmaq insanı ruhlandıra bilir. Onsuz da qayğılarımız çoxdur, gündəlik internetdə qarşımıza onlarla neqativ xəbər çıxır. Ona görə, pozitivə yüklənmək lazımdır.
- Sizcə neqativliyə meyillilik nə ilə bağlıdır?
- Bəzən reytinq xatirinə hansısa bir məsələni şişirdirlər. Məsələn, xəbərin oxunması üçün dərmanlarla bağlı olan hansısa bir məlumatı yalan başlıqla verirlər. Nəticədə əhali arasında ajiotaj yaranır. Bəzən olur ki, bizim verdiyimiz məlumatın izah hissəsini çıxarıb, birbaşa siyahını verirlər. Bu da əhali arasında çaşqınlıq yaradır. Hamının ailəsində xəstə insan var. Dərman çox həssas bir mövzudur. Jurnalistlərə xahiş edirəm ki, belə mövzulara həssas yanaşın. Dərman Milli Təhlükəsizlik Konsepsiyasında yer alan strateji məhsullardan biridir. Ona görə, nəyi, necə yazmalı olduqlarını öncədən düşünsünlər.
- Azərbaycanda dərmanların qiymətləri dövlət tərəfindən tənzimləndikdən sonra cəmiyyətdə qiymətlərin bahalaşması ilə bağlı iddialar yarandı. Bu, doğrudurmu?
- Bu, iqtisadiyyatla bağlı olan bir şeydir. Dərmanı gətirən şirkətin müəyyən məsrəfləri və mənafeləri olur. Hər bir dərman şirkətinin özünün planlaşması var. Sözün düzü, qiymətlər bizə aid deyil, Tarif Şurasının səlahiyyətindədir. Bizə əsasən dərmanın qeydiyyatdan keçməsi, keyfiyyət analizlərinin yoxlanılması və idxalla bağlı məsələlər aiddir.
- Həkimlərin firma dərmanları yazmasına qarşı aparılan mübarizə bu gün hansı vəziyyətdədir?
- Bu gün isanların xəstəliyindən sui istifadə edən həkimlər var. Bununla bağlı artıq bir çox həkim cəzalandırılıb. Səhiyyə Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti, Baş Gömrük İdarəsinin əməkdaşlığı nəticəsində bu işlər görülür. Bu işlər nəticəsində bir çox həkim nəzarətə götürüb, vəzifədən kənarlaşdırmalar olub, həmçinin qeydiyyatsız dərmanlar üzə çıxarılıb. Bunlar hamısı mübarizənin nəticəsidir. Lakin hər şeyə nəzarət etmək mümkün deyil. Bu işdə əhalinin nəzarəti önəmlidir. Vətəndaşlar dərmanların keyfiyyəti, qablaşdırılması ilə bağlı problemlə qarşılaşarsa, qaynar xəttlərimizə müraciət edə bilərlər. Əməkdaşlıq bərabər olmalıdır. (Qaynar xəttlər: 012-596-07-12, 012-594-57-27, 012-594-57-37)
- Bahalı dərmanları ucuz təsirediciləri ilə əvəz etmək olarmı?
- Resept yazarkən həkimdən dərmanın beynəlxalq patentləşdirilmiş adını yox, onun tərkibində olan əsas təsiredici maddənin adını yazmalıdır. Təsiredici maddə müxtəlif adlarda ola bilər. Dərmanın qiyməti onu istehsal edən ökədən asılıdır. Məsələn, Rusiyadan Azərbaycana dərman ixracı daha ucuz başa gəlir. Çünki qonşu ölkədir. Yol, saxlanma məsələsi dərmanın qiymətinə təsir edən faktorlardır. Dərmanın təsiredici maddəsinin yazılması alıcıya seçim imkanı verir. Təbii ki, orada həm istehsalçı, həm də qiymət fərqlənəcək. Ona görə də, Səhiyyə Nazirliyi tərəfindən reseptə dərmanın beynəlxalq patetləşidirilmiş adı yox, təsiredici maddəsinin yazılması qərarı qəbul olunub.
- İş vaxtı bitdikdən sonra telefonunu söndürən mətbuat katiblərinə münasibətiniz necədir?
- Mən elə deyiləm. İş telefonumu həftə sonları da özümlə aparıram. Gələn zənglərə səlahiyyətim çərçivəsində cavab verirəm. Mətbuat katibi işləyiriksə, bunu nəzərə almalıyıq. Ümumiyyətlə, bu sahə üzrə işləmək üçün xüsusi bacarıq tələb edir. Mətbuat katibi siyasətçil olmalıdır. Çünki hər bir sözün hökmü var.
- Ev işləri, mətbəxlə aranız necədir?
- Mətbəxdə olmağı çox xoşlayıram. Ora mənim dincələ biləcəyim bir yerdir. Yemək bişirməyi çox sevirəm. O, mənə musiqiyə qulaq asmaq, rəsm rəngləmək qədər xoş təsir edir. Ev və çöl işlərini birlikdə idarə etmək çətindir, amma çalışıram ki çatdıram.
- Qadının işləməsi sizcə vacibdir?
- Fikrimcə, cinsiyyətindən asılı olmayaraq hər bir şəxsin işi olmalıdır. Belə bir deyim var: “Xoşbəxt o insandır ki, səhər işə, axşam evə tələsir”. Bu fikrə qatılıram.
- Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi bu günə kimi hansı uğurlu işlərə imza atıb?
- Direktorumuz Murad Süleymanovun gəlişindən sonra idarənin strukturunda “Bir pəncərə” xidmətinin yaradıldı, Bioloji Aktiv Əlavələrin (BAƏ) ekspertizasının aparılması baş verdi, həmçinin dərman vasitələri ilə bağlı qanunvericilikdə bir çox dəyişikliklər edildi. Hazırda dərmanların GMP standartlarına uyğunluğu ilə bağlı işlər aparılır. Dərmanlarını ölkəmizdə qeydiyyata salmaq istəyən firmalara inspektorlar göndərilir. Həmin inspektorlar sözügedən firmalara gedir, dərman istehsalına birbaşa nəzarət edir, onu qiymətləndirirlər. Hər şey qaydasındadırsa, dərmanların qeydiyyat məsələsi baş tutur.
Mərkəzdə hənçinin Farmoko Nəzarət sistemi yaradılıb. Bu sistem dərmanların əlavə təsirlərini öyrənir. Dərmanlar istehsal olunan zaman onun əlavə təsirləri bilinmir. Bunun üçün on illər lazımdır. Yaradılan bu sistem vasitəsilə qısa zamanda çox işlər görülüb. Ümumiyyətlə, Murad Süleymanovun gəlişindən sonra yeni istiqamətlər inkişaf etdi. Əlbəttə nazirimizin dəstəyi ilə. Oqtay müəllim yenilikləri, inkişafa aparan tendensiyaları həmişə dəstəkləyir.
- Sonda oxucularımıza nə demək istəyərdiniz?
- İlk növbədə təşəkkürümü bildirirəm. İnsan hər şeyə qadirdir, onun əlindən hər şey gəlir. Lakin bəzən nəyisə bəhanə edib tənbəllik edirik. Belə bir deyim var: “Oxumaq istəyən kitab tapır, oxumaq istəməyən isə bəhanə”. İnsanlar əsas özlərinə əmin olsunlar. Məsləhət görərdim ki, insanlar yaxınları, doğmaları ilə daha çox vaxt keçirsinlər. Bir də ruhdan düşməsinlər əsas. Çünki hər bir əziyyətin mükafatı var.
Xəyalə Məmmədova
Fotolar: Sərvan Şəldiyev