METBUAT.AZ

Müsahibə

BAŞLIQ. MÜSAHİBƏ

13 iyl 2018 17:52

Metbuat.az-da mətbuat katibləri” layihəsi çərçivəsində hər dəfə dövlət qurumları, özəl təşkilat və müəssisələrdə çalışan mətbuat katibləri ilə sizi yaxından tanış edirik.

Budəfəki müsahibimiz “Azər Türk Bank”ın mətbuat katibi Rauf Ağayevdir.

Metbuat.az Rauf Ağayevlə olan müsahibəni təqdim edir:

- Oxucularımıza özünüz haqqında məlumat verin...

- 1958-ci il sentyabr ayının 2-də Şabranın Dəvəçi rayonunda doğulmuşam. Orta məktəbi bitirdikdən sonra musiqi məktəbənə daxil olmuşam. 1974-cü ildən 1976-cı ilə kimi fortepiano müəllimi işləmişəm. 1976-cı ildə Bakı Dövlət Universitetinin Jurnaistika fakültəsinə daxil olmuşam. Universitetdə diplom rəhbərim “Bakı Баку” qəzetinin baş redaktoru, ictimai xadim Nəsir İmanquliyev idi. Nəsir müəllim o vaxt xaricdə ayaşan azərbaycanlılar üçün çıxan “Vətən səsi” və çoxsəhifəli reklam qəzetinə də rəhbərlik edirdi. O, jurnalistika aləmində əvəzsiz işlər görüb. Nəsir müəllim işgüzar, qəzetçiliyi çox yaxşı bilən insan idi. O, bizim fakültədə müəllim, həm də mənim diplom rəhbərim idi.

Universiteti bitirdikdən sonra jurnalistika fakultəsi üçün təyinat olmadığından dostumla birlikdə Ağacabədiyə getmək qərarına gəldik. Cavan uşaq idim, özüm üçün sanki macəra axtarırdım. Nəsir müəllimin diplomçusu olduğum üçün evlərinə tez-tez gedib gəlirdim. Demək olar ki, hər həftə onlarda idim. Nəsir müəllimin çox gözəl xanımı var idi – Gövhər xanım. (Nəsir müəllimlə Gövhər xanım Mehriban Əliyevanın ana tərəfdən babası və nənəsidir). Gövhər xanım xətrimi çox istəyirdi. Onlara gələn kimi mənə yemək, çay gətirirdi. Bilirdi ki, tələbəyəm, ac ola bilərəm.

Bir gün yenə onlara gəlmişəm, mətbəxdə oturub yemək yeyirəm. Həmin vaxt Nəsir müəllim gəldi. Gövhər xanıma zarafatla dedi ki, sən gələn kimi uşağa yemək verirsən, qoy, bir yazısın oxuyum, bəlkə ona yemək düşməyəcək? (gülür). Ağcabədiyə getmək məsələsi ortaya çıxanda Gövhər xanımla görüşməyə getdim. O, Ağcabədiyə getmək istəməyimin səbəbini soruşdu.Dedi ki, müəlliminlə görüşmüsən? Nəsir müəllimi nəzərdə tuturdu. Dedim ki, işə düzələndən sonra gəlib görüşəcəm. Dedi ki, indi get, görüş. Mən də getdim “Bakı Баку” qəzetinə. O vaxt qəzetlər çox az idi. Amma hamısı da hörmətli məkanlar idi. Gövhər xanım mən getməzdən əvvəl Nəsir müəllimlə danışmışdı. İçəri daxil olanda Nəsir müəllim dedi ki, eşitdim Ağcabədiyə gedirsən. Dedim ki, bəli. Dostumla bilrikdə gedirəm. Dedi ki, Cəhənnəmə gedən özüylə yoldaş axtarır. Burada hansı şöbədə işləmək istəyərsən? Təəccüblü şəkildə dedim ki, ədəbiyyat və incəsənət şöbəsi. Ədəbiyyat və İncəsənət şöbəsinin rəhbərini çağırdı və mənə ofisdə stol vermələrini bildirdi. Həmin dəqiqə bildim ki, Gövhər xanım məni tapşırıb. Allah hər ikisinə rəhmət etsin. O gündən “Bakı Баку”qəzetində işləməyə başladım. Bir ildən artıq ştatdankənar işlədim. Sonra ştatda olan qeydiyyatçı bölməsinə yer açıldı, keçdim ora. 90 manata qədər maaşım olurdu. Maaşdan kənar, ştatdankənar çalışdığım müddət ərzində qonorar da alırdım. Qəzetdə rubrika açmışdım. Bakı kəndlərini gəzir, onların mədəniyyət evləri bağlı problemlərini işıqlandırır, tənqidi yazılar hazırlayırdım. Nəsir müəllim tənqidi yazıları sevirdi. Çünki tənqid olduğu üçün rüşvət almadığımızı bilirdi. Problemləri işıqlandırdığımıza görə Bakı Şəhər Partiya Komitəsindən, Bakı Şəhər Sovetindən Nəsir müəllimə zənglər gəlirdi, iclaslara çağırılırdı. Ona görə, Nəsir müəllimin xoşu gəlirdi. 1981-ci ildən 1988-ci ilə qədər bu qəzetdə çalışdım. Nəsir müəllim pensiyaya çıxandan sonra mən də daxil olmaqla 9 müxbir işdən çıxdıq. Gördük ki, təzə gələn rəhbərin başqa bir idarəetmə sistemi var. Nəsir müəllim nəhəng bir insan idi. Təsəvvür edin, qəzetdə 60-dan çox insan işləyirdi. İki qəzetin tirajı birlikdə 90 mindən artıq idi. Bu cür böyük kollektivi Nəsir müəllim çox ustalıqla idarə edirdi. Ora heç kim təsadüf nəticəsində gəlməmişdi. Nəsir müəllim işçilərin hər birini özü seçir, onların da istədikləri vaxt işdən çıxamalarına imkan vermirdi. Fikirləşdirdi ki, kimsə əsəbiləşib işdən çıxar, sonra da küçədə qalar. Bizə ata kimi idi. İndi fikirləşirəm, elə rəhbər nadir hallarda tapılar.

- “Bakı Баку” qəzetindən sonra hansı işlərdə çalışmısınız?

- Qəzetdən çıxdıqdan sonra dostumla bir moda jurnalı yaratdıq. Azərbaycanda qadın jurnalı “Azərbaycan qadını” idi. O da sırf qadınlara aid deyildi, onu hər kəs oxuya bilərdi. Fikirləşdik ki, bu boşluqdan istifadə edib, məhz qadınlar üçün jurnal yaradaq. Qadınlar onu yanında gəzdirsin, həvəslə oxusun. Onun içində moda, qədimi yeməklər, uşağa baxmaq kimi maraqlı mövzular, ümumiyyətlə qadına aid nə varsa, hamısı olsun. O zaman qəzet, jurnal təsis etməyə icazə yox idi. Ona görə də, onu toplu şəklində təqdim etdik. Ulyanovskda çap etdirib, çox çətinliklə gətirə bildik. O jurnal çox yaxşı qarşılandı. Azərbaycanda ilk qadın jurnalı idi. Adını da “Arzu” qoyduq. Bu, həm bizim arzumuz idi, həm də Arzu yaxın dostumun qızının adı idi. Jurnalın bir nömrəsini buraxdıq, ikinci nömrəsini hazırlayırdıq. O vaxt Azərbaycanda cəmi bir jurnalistlər təşkilatı vardı. Cavanlar nəinki ora daxil olmaq, yanından belə keçə bilmirdilər. Bu səbəblə 1991-ci ildə Gənc Jurnalistlər Cəmiyyətini yaratdım və Ədliyyə Nazirliyinin qeydiyyatından keçirdim. Bu cəmiyyətdə müəyyən işlər gördük. Orada Alı Mustafayev təqaüdünü təsis etdim. Azərbaycanın Milli Qəhrəmanı, jurnalist, qrup yoldaşım Alı Mustafayev həlak olandan sonra, onun üçün təqaüdü təsis etdim. O zaman bir jurnalistika fakultəsi vardı. O da Bakı Dövlət Universitetində idi. Universitetdə əlaçı yox, ictimai həyatda aktiv birini müəyyənləşdirdik. 2 il təqüdü verdik.

Cəmiyyətdən sonra “Xalq” qəzetinə dəvət aldım, 4 il orada işlədim. Daha sonra “Xalq” qəzetinin bazar əlavəsini təsis etdik. Adından göründüyü kimi qəzet bazar günləri çıxırdı. Daha sonra onu cümə günləri də nəşr etməyə başladıq. Qəzet A3 formatında çıxırdı, sonra dedilər ki, A2 formatında olsun. 16 səhifəlik, oynaq bir qəzet idi. Yəni, orada siyasi materiallar yox idi. Qəzetin məsul redaktoru mən idim, 4 nəfər də əlavə işçisi vardı.

Daha sonra “Təmas” adında qəzet yaratdıq. O qəzeti məktəblilər formalaşdırırdı. Qəzetin baş redaktoru 11-ci sinif, baş redaktorun köməkçisi isə 10-cu sinif qız şagirdləri idi. O qəzetdə 6-cı sinifdən 11-ci sinfə qədər hər yaşda olan uşaqlar işləyirdi. Bu uşaqları bir araya gətirmək üçün məktəbləri gəzib 20 şagird toplamış, daha sonra onların arasından da 7 şagird seçmişdik. Qəzetin ilk nəşri böyük səs-küyə səbəb oldu. Uşaqlar problemi özlərinin gördükləri şəkildə işıqlandırdıqları üçün çox maraqlı idi. “Təmas” Azərbaycanda ilk uşaq qəzeti olub. 1992-ci ildə nəşr olunmuşdu.

Həmin vaxt qəzet satışında çətinlik yaranmışdı, qəzetlər özlərini dolandıra bilmirdilər. Bu vəziyyətdən çıxmaq barəsində fikirləşməyə başladım və “Reklam, elan, xəbər” qəzetini yaratdım. Qəzet iki rəngdə, 3 dildə və pulsuz nəşr olunurdu. Bir neçə nəfər poçtalyona əl haqqı verib, qəzeti evlərə payladırdım. Küçədə paylamaq qəzeti məhv eləmək deməkdir. Qəzet pulsuz olduğu üçün yaxşı reklamlar gəlirdi. Bu, Azərbaycanda ilk pulsuz qəzet idi.

Sonra eşitdim ki, Beynəlxalq və Mərkəzi Bank mətbuat katibi axtarır. Beynəlxalq Bankı seçdim. Çünki Mərkəzi Bank nazirlik kimidir, orada sükunətdir. Beynəlxalq Bank kommersiya bankı olduğu üçün orada hərəkət vardı. 2001-ci ildən orada mətbuat xidmətinin rəhbəri vəzifəsində işləməyə başladım. 14 il burada fəaliyyət göstərdim. O illər ərzində İqtisadiyyat Universitetinin Maliyyə fakultəsini bitirdim. Aldığım təhsil bir növ formal xarakter daşıyırdı. Artıq işləyə-işləyə bank işini öyrənmişdim. Çünki hər bir sual mənə yönlənirdi. İstər kredit, istər əmanət, istər kartların ödənişi, istərsə də digər əməliyyatlarla bağlı suallar. Bu müddət ərzində 32 dəfə canlı efirdə oldum. Efirdə hansısa suala cavab verməmək bankın imicinə zərbədir. Bu səbəblə, daim stolumun üstündə kitab olurdu.

Beynəlxalq Bankdan ayrılandan sonra “Bakı Баку”qəzetinin elektron versiyasını yaratdım. Oradan öz ərizəmlə çıxdım. Çünki bankda müəyyən dəyişikliklər olmuşdu. Dedim ki, jurnalistika ilə məşğul olsam, daha yaxşı olar. Həm də yorulmuşdum. Beynəlxalq Bank böyük bir təşkilat idi. Orada 10 ildən çox tək mətbuat katibi işlədim. Bankdan ayrılandan sonra bank mütəxəssisi kimi fəaliyyət göstərdim. Bir il ərzində müxtəlif televiziya kanallarına 15-dən çox müsahibə, həmçinin sayt və qəzetlərə açıqlamalar verdim.

2017-ci ilin yanvar ayından sonra isə “Azər Türk Bank” mətbuat katibi vəzifəsində çalışıram. Jurnlaist olduğum üçün daim jurnalistləri özümə iş yoldaşı bilmişəm. Sağ olsun, jurnalistlər də hörmət qoyurlar. Heç bir sualı cavabsız qoymamışam. Çünki özüm də jurnalaist olduğum üçün onlara bir köynək yaxınam. Çox sevindirici haldır ki, bu gün mətbuat katiblərinin əksəriyyəti jurnalistikadan gəlib. Əvvəllər belə hallar çox az olurdu. O vaxt mətbuat katibi olan jurnalistlərdən biri Aqşin Babayev, digəri isə Aqşin Əlizadə idi.

- Bu gün mətbuata qapalı olan mətbuat katiblərinə münasibətiniz necədir?

- Mətbuat xidməti adından da göründüyü kimi mətbuata xidmət etməlidir. Mətbuat ximəti aid olduğu təşkilatın sözçüsüdür. Onun dilindən çıxan hər bir söz həmin qurumun rəsmi mövqeyidir. Bu səbəblə, birinci növbədə həmin təşkilatın tərəfində olmalı, onun maraqlarından çıxış etməlidir. İşini elə qurmalıdır ki, həmin təşkilatın mətbuatda imici daha yüksək olsun. Mətbuatda çıxan yazı ictimai rəyi formalaşıdırır. Mətbuat katibi bunu bilməli, qarşısında dayanan ilk məsələ elə bu olmalıdır.

- Müasir dövr junralistikasında sizi nə təəssüfləndirir?

- İnsanlara getdikcə qəzet açmaq şansının verilməsi bizi çox sevindirirdi. Çünki jurnalistikanı bitirib, qəzetdə çalışmaq istəyən gənclərə imkan yaranırdı. Bu da inkişafa dəlalət edən bir şeydir. Sonra gördük ki, jurnalistikaya aid olmayanlar, bu mühitə təsadüfi düşən adamlar küçədə necə danışırlarsa, elə də yazırlar. Burada söhbət məhz Jurnalistika fakultəsini oxuyan şəxslərdən getmir. Danışdığımız kimi yazacaqdıqsa, niyə oxuduq?! Mətbuat katibi olduğum üçün bu gün bir çox saytlara baxmağa məcburam. Amma olmasaydım, daim 5-6 saytı oxuyardım. Hərənin öz dairəsi var. Mənim də bir oxucu, jurnalist, mətbuat katibi kimi öz dairəm var.

- Ailənizdən danışaq...

- Bir qız və oğul övladım var. Oğlum jurnalistdir. Kommersant.az saytında redaktordur. Onun birinci kursda yazdığı yazını mən heç axrıncı kursda yazmamışdım. Oğlum ikinci kursda oxuyanda “Student times” adlı bir qəzet yaratdı. Qəzet 4 dildə - Türk, Rus, İngilis və Azərbaycan dilində, A2 formatda nəşr olunurdu. Qəzetin nəşr olunduğu yer xaricilərin idi. Onların tələbələrə dəstək olmaq üçün qəzetin qiymətində 50% emdirim etmişdilər. Təbii ki, bu işində oğluma mən də dəstək oldum. Universiteti bitirənə qədər qəzet nəşr edildi. Qızım isə Qərb Universitetinin İqtisad fakültəsini bitirib. O, universiteti bitirdikdən sonra İstanbul Bilgi Universitetində magistraturaya daxil oldu. 3 il ingilis dilində təhsil aldı. İndi Türkiyədə işləyir, məzuniyyətdə Bakıya gəlir. Biz isə yoldaşımla 30 illik dostluq edirik.

- Məktəb illərinizi nece xatırlayırsınız?

- Məktəbdə bütün fənlərdən 5 almamışam. Hətta ədəbiyyatdan yazdığım inşaya müəllimlər güclə 4 yazardı. Çünki sərbəst mövzu seçmirdim. Köçürmə qabiliyyətim də yəqin ki, zəif olub (gülür). 3-cü sinifdən 5-ci sinfə birbaşa keçmişəm. Bizim sinfimiz eksperimental idi. Kitablarımız Bakıda çap oldunduqdan sonra gətirilirdi. Elə bil nəyinsə eksperimentin aparırdılar. 3-cü sinifdə oxuyanda bizə çox ağır proqramla dərs keçildi. O proqramı bəzi uşaqlar qavraya bilmədi. Amma mən də daxil olmaqla, onu qavrayan sinif yoldaşlarım oldu. O prqramı keçəndən sonra 4-cü sinif dərsliyi bizə çox sadə görünürdü. 3 cü sinifdə oxuyanda hətta 5-ci sinifdən sonra materialları da bilirdik. Ona görə, 3-cü sinifdən birbaşa 5-ci sinfə keçdik. 5-ci sinifdən sonra adi qayda ilə getdi. Bu səbəblə, məktəbi 1 il tez bitirdim. Məktəbi bitirəndən sonra universitetə girə bilmədim. Ona görə Dəvəçidə 7 illik uşaq müsuqi məktəbinə daxil oldum. 2 il fortepiano müəllimi işlədim. Orda işləyəndə divar qəzeti buraxır, yazılar yazırdım. İş yoldaşlarımın hamısı məndən böyük idi. Onlar mənə jurnalistikaya getməyimi tövsiyyə edirdilər. Onların təkidindən sonra jurnlaistikaya getdim. İndi heç də peşiman deyiləm.

- Necə tələbə olmusunuz?

- Məktəb illərində olduğu kimi tələbəlik illərində idmanla məşğul olur, daha çox kitab oxuyurdum. Lakin kitab tapmaq həmin dövrdə çox çətin idi. Çoxlu kitab oxuyurdum. Jurnalistika fakültəsində təhsil alırdınızsa, imtahanlardan keçmək üçün çox oxumaq lazım idi. Bununla bərabər, idmanla ciddi şəkildə məşğul olurdum. Velisoped üzrə çempionatlarda iştirak edir, orada yer tuturdum. Universitetin yığma komandasının kapitanı idim. Universitetdi bitirdikdən sonra bu sahə üzrə işləmək çox çətin idi. Böyük qəzetlərin kandarından belə bizi heç içəri buraxmırdılar.

- Tələbəlik illərinizdə çətinlikləriniz olub?

- Ola bilər mənim üçün də çətinliklər olub, amma hiss eləməmişəm. Yəqin ki, cavan olmuşuq, ona görə. Daim qaçaqaçda olmuşam. Dərsdən çıxıb kitabxanaya, kitabxanadan çıxıb məşqə gedirdim. Yəni, bir dəqiqə boş vaxtımız olmurdu.

- Bəs indi, boş vaxtlarınız olanda velisoped sürürsünüz?

- Bizdə velisoped niyə inkişaf etməyib? Çünki Bakı şəhəri və ətrafında velisoped üçün yollar yoxdur. Həmçinin velisoped üçün Bakının landşafı uyğun deyil. Avropa ölkələrində pullu, kartla olan velisopedlər var. Bununla bərabər velisoped yolları. Bizdə bu yollar olmadığı üçün velisoped sürmək çox təhlükəlidir. Dəfələrlə qəzalar olub. Ona görə, bu gün velisoped sürmürəm, amma çox istəyərdim. Çünki çox yaxşı velisopedçi olmuşam.

- Əhalinin bu gün yaralı yerlərindən biri də kredit fazilərinin yüksək olmasıdır. Bununla bağlı münasibətinizi bilmək istəyərdik. Gələcəkdə bu faizlərin aşağı salınması ilə bağlı hansısa plan nəzərdə tutulurmu?

- Əlbəttə ki, bankların bu gün gəlir yeri kredit faziləri və əməliyyatlar üzrə komissiyalardır. Ona görə də, banklar dayanaqlığını təmin etmək, xüsusilə də manatla verilən uzunmüdddətli kreditlərdə müştərini təmin etmək üçün bu addımı atırlar. Hazırda “Azər Türk Bank”da yanaşma fərqlidir. Fikirləşirik ki, müxtəlif gəlir səviyyəli insanlar var. İstər korperativ müştərilər arasında, istər sahibkar, istərsə də fərdi şəxslər. Ona görə də, ucundan tutub bahalığa getmək düz siyasət deyil. Bu səbələ 19%-dan başlayaraq müştərilərə kreditlər təklif etməyə başladıq. Bank sektorunda hazırda ən aşağı faiz bizdədir. Bundan başqa müxtəlif kompaniyalar həyata keçiririk. “Azər Türk Bank” son müddət ərzində ən çox kompaniya keçirən banklardan biridir. Müxtəlif kompaniyalar çərçivəsində əmanətlərin fazilərini artırmışıq. 200 manat rəsmi maaş alan şəxs bu gün bizdən zaminsiz, tək şəxsiyyət vəsiqəsi ilə kredit götürə bilər. Bu, insanlar üçün avantajdır. Hətta 200 manat pensiyası olanlar üçün də bu imkanlar yaradılıb. Ümumiyyətlə, müştəriyə fərdi yanaşmaq, onun imkanlarını nəzərə almaq lazımdır. Biz bunu edirik. Bu səbəblə, bizə müraciət edənlərin sayı çoxdur. Əvvəllər banklara gələnlər az olurdu. İndi isə çatdırmaq olmur. Deməli, müştərinin güvənini qazana bilmişik. Burada həm müştəri qazanır, həm bank.

- İpoteka kreditlərinin verilməsi üçün hazırda “Azər Türk Bank”da şərtlər necədir?

- Şərtlər hər yerdə ümumidir, 7%-lə verilir. Onun tələbləri İpoteka Fondunun tələbləridir. Biz, sadəcə olaraq İpoteka Fondunun digər banklar kimi müvəkkil bankıyıq.

- Problemli kreditlərlə bağlı hazırda vəziyyət necədir? Hansı işlər görülür?

- Bizdə son iki il ərzində problemli kreditlərin səviyyəsi aşağı düşüb. Yəni, bu sahədə intensiv işlər gedib. Əvvəllər bu işdə müəyyən boşluqlar olub, indi o boşluqları doldurub, ödənilməyən kreditləri cəlb etmişik. Bu fərdi qaydada, sivil yolla həyta keçirilib. Hazırda “Azər Türk Bank” ölkədə bəlkə də ən az problemli krediti olan bankdır.

- Bəzi banklarda problemli kreditlərin həlli üçün xüsusi şöbələr olur. İnsanlardan ödənişləri tələb etmək üçün həmin şöbələrdə loru dildə desək, “Qoçu dəstələr” formalaşdırılır. Bu məsələyə münsaibətinizi bilmək istəyərdik...

- Əlbəttə ki, bu, bizə aid olan bir məsələ deyil. Bu, tamamilə sivil bir yol deyil. Bank bank kimi çıxış etməlidir. Sözsüz ki, belə bir şeylər bizə yaddır və buna heç vaxt yol vermərik.

- “Azər Türk Bank” siz fəaliyyətdə olduğunuz müddət ərzində hansı uğurlu layihələrə imza atıb?

- “Azər Türk Bank” 1995-ci ildə yaradılıb. Artıq 23 ildir fəaliyyət göstərir. Səhmlərinin 75%-i Azərbaycan dövlətinə, 13%-dan çoxu Türkiyənin dövlət bankı olan “Ziraat Bank”a, qalanı isə iki yerli hüquqi şəxsə aiddir. Bankda çalışdığım son iki il ərzində struktur dəyişikliyi olub, departamentlər yaranıb, bəziləri ləğv olunub. Bunların hamısı uğurdur. Müştərilərin sayı artır. Hər bir rübü mənfəətlə başa vururuq. Çalışırıq ki, hər rübdə daha çox mənfəət əldə edək. Hesablarımıza baxsanız, orada gözəl rəqəmlər görə bilərsiniz. Daim inkişafdayıq. Bu templə daha çox uğurları əldə edəcək, daha tez hədəflərimizə çatacağıq. Bank olaraq strateji planlarımız var. Bunlara nail olmağa üçün də mütəmadi olaraq işlər görülür.

- Son olaraq, oxucularımıza nə demək istərdiniz?

- Yaşlı jurnalistikanın nümayəndəsi kimi gənc jurnalistlərə 1 sözüm var-tənbəl olmasınlar. Həm işdə, həm ictimaiyyətdə, həm yazı-pozuda, həm öz üzərində çalışmalarında tənbəllik eləməsinlər. Dediklərimə əməl etsələr, gözəl yazılar olacaq.

Xəyalə Məmmədova

Fotolar: Sərvan Şəldiyev



metbuat.az.