METBUAT.AZ

Müsahibə

“Mətbuatın, sözün gücünə inanmadığım vaxtlar olub”

13 iyl 2018 10:09

Metbuat.az-da “Medianın üzü” adlı layihəmizin məqsədi jurnalistikanı, medianı öz çiyinləri üzərində daşıyan insanları daha yaxından tanımaq və tanıtdırmaqdır. Media nümayəndələrini jurnalistlər yaxşı tanısa da, cəmiyyətdə heç də hamı yaxından tanımır. “Medianın üzü” layihəmizdə məhz medianın üzü olan şəxsləri daha yaxından tanıyacağıq.

Layihəmizin budəfəki qonağı yazıçı, jurnalist, "525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi, Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Rəşad Məciddir.

Rəşad Məcid 1988-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 1985-ci ildən "Elm və həyat" jurnalında korrektor kimi əmək fəaliyyətinə başlayıb, sonra 1990-cı ilədək həmin jurnalın müxbiri işləyib. 1990-1991-ci illərdə Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində sədr müavini vəzifəsində çalışıb. 1991-1992-ci illərdə əvvəlcə "Ədalət" qəzetində, sonra isə "Azərbaycan" qəzetində baş redaktorun birinci müavini olub.

1992-ci ildə "525-ci qəzet"i təsis edib. 1993-cü ildə "Azərmətbuatyayımı" İstehsalat Birliyinin rəisi olub. 1994-1995-ci illərdə Azərbaycan Tərcümə Mərkəzində məsul katib vəzifəsində çalışıb. 1995-ci ildən "525-ci qəzet"in baş redaktorudur. Azərbaycan Jurnalistlər Birliyinin Həsən bəy Zərdabi adına mükafatına layiq görülüb. 2004-cü ildə Azərbaycan Yazıçılarının XI qurultayında Birliyin gənclərlə iş üzrə katibi seçilib. Bakı Mətbuat Klubunun həmtəsisçisi, Dünya Qəzetçilər Assosiasiyasının və Dünya Redaktorlar Forumunun icraçı üzvüdür.

- Rəşad müəllim, Ağcabədidə doğulub, daha sonra Ağdamda yaşamısız eləmi?

- Mən əslində 1964-cü il avqustun 21-də Laçın rayonunun Ağoğlan kəndində ana babamın evində doğulmuşam. İndi o yerlər işğal altındadır. Tez-tez xatırlayıram, uşaqlığımın çoxu orada keçib. Doğulandan təxminən 10 gün sonra Ağcabədiyə, ata-baba evimə gətirilmişəm. Ona görə elə sənədlərimdə də Ağcabədi yazılıb. Babam-atam Ağcabədidə yaşayıb. Daha sonra atamın işilə əlaqədar Ağdama köçmüşük, 8 il Ağdamda oxumuşam.

- Bəs, jurnalistikada oxumaq öz həvəsiniz olub, yoxsa valideynlərinizin istəyilə bu sənəti seçmisiz?

- Jurnalistikaya gəlməyimin səbəbləri var. Orta məktəbdə oxuyandan başlamışdım şeir yazmağa, ədəbiyyata meylli idim. Baxmayaraq ki, IX-X sinfi Bakıda Riyaziyyat təmayüllü liseydə oxumuşam, riyaziyyatı yaxşı bilirdim. Amma yenə də ədəbiyyata həvəsim var və bir gün atamın bir dostu məni Hüseyn Arifin yanına apardı. Hüseyn Arif mənim şeirlərimə uğurlu yol yazdı və o vaxtki “Azərbaycan gəncləri” qəzetində çap olundu. Özümü ədəbiyyat sahəsinə bağlı hesab edirdim və Filologiya fakültəsinə daxil olmaq istəyirdim. Amma iş elə gətirdi ki, növbəti il Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin qiyabi şöbəsinə daxil oldum. Qiyabi oxuduğum üçün eyni zamanda “Elm və Həyat” jurnalında işə girdim. O vaxt o jurnal 110 min tirajla çıxırdı və jurnalda korrektor kimi işə başladım.

- Sizin haqqınızda məlumatı oxuyanda Aqil Abbası xatırladım. O da Ağcabədidən olsa da Ağdamda yaşayıb, ədəbiyyatçıdı, mətbuatda olan adamdır...

- Aqil Abbasın həyatımda böyük rolu olub. İlk dəfə Aqil Abbasla Ağdamda orta məktəbdə oxuyanda görüşmüşdüm. Eyni zamanda Dram Teatrı var idi, Teatrın direktoru Məmməd Əmirov idi, yazıçı Əli Əmirli onun dayısı idi. O, mənim atamla dost idi, orta məktəbdə oxuyanda bizi tamaşaya ictimai baxışa aparmışdı. O zaman Aqil Abbas səhnəyə çıxıb çox gözəl çıxış eləmişdi. Ondan sonra Aqil həmişə mənim yadımda parlaq qalıb. Sonra 1983-cü ildə biz Aqillə tanış olduq. Onunla “Elm və Həyat” jurnalında uzun illər bir yerdə işləmişik. Həyatda demək olar ki, ən yaxın dostlarımdan biridir. Mənim ədəbiyyat, jurnalistika aləminə gəlməyimdə Aqil Abbasın misilsiz rolu var. Hələ bir dəfə rəhmətlik Məmməd Aslan bizə demişdi ki, “sizi o qədər bir yerdə görürəm ki, bir yerdə o qədər olursuz ki, getdikcə bir-birinizə oxşayırsız”. Sonra Aqil “Ədalət” qəzetini açdı, bir müddət orada bir yerdə çalışmışıq. Həyatımda Aqilin böyük rolu, təsiri olub. Ona görə də Aqil mənim üçün ən əziz, ən doğma adama çevrilib. Aqillə mənim atalarımız, babalarımız da dost olublar.

- Aqil müəllimdən danışmışkən deyim ki, ona da bu sualı vermişdim və sualım Aqil müəllimi kövrəltmişdi, istərdim siz də bu sualı cavablandırasız. Ağdam işğaldan azad olunsa, ilk görmək istədiyiniz yer haradır?

- Bəzi insanlar yaşlananda Altsheymer xəstəliyinə tutulur. Bu xəstəliyi yaradan səbəblərdən biri odur ki, sənə uşaqlıqda doğma olan maddi məkanları görə bilmirsən. Doğulduğun, ilk dəfə yaşadığın evi görə bilmirsən, ilk dəfə I sinfə getdiyin məktəbi görə bilmirsən... Mən Ağdamda 1 nömrəli orta məktəbdə oxumuşam. Həmin məktəbin yanında 4 mərtəbəli binanın 2-ci mərtəbəsində yaşamışıq. Həmin o 1 nömrəli məktəb mənim həyatımda unudulmaz izlər buraxıb. İndi də çox ağrı ilə xatırlayıram o yerləri, təəssüf ki, görə bilmirəm. 10 yaşım olanda Ağdamda evimizi dəyişib həyət evinə köçdük, ora Hamam Məhləsi adlanırdı. Orada artıq başqa dostlarım oldu. Ağdam barədə çox danışmışam, çıxışlar eləmişəm, təsirləndirici çıxışlarım da çox olub.

Mən Ağdamı həmişə qeyri-adi şəhər hesab eləmişəm. Ağdamda müxtəlif baxışları, dünyagörüşü olan insanlar var idi.Ağdam həm iqtisadi cəhətdən inkişaf etmiş yer idi, həm mədəni səviyyəsi çox yüksək idi. Dediyim kimi, Ağdamda Dram Teatrı da fəaliyyət göstərirdi yüksək səviyyədə. Ağdam kinoteatrı öz qəribəliyi ilə seçilirdi. Həmin kinoteatrı Orxan Pamukun “Məsumiyyət muzeyi”ndə 70-ci illər Türkiyə kinoteatrları barəsində yazısında xatırladım, onun direktoru yazıçı Əlif Qasımovun qardaşı kino Fazil idi, həm də bizim qonşumuz idi. Əlbəttə, məhz Ağdama getsəm, evlərimizi, oxuduğum məktəbi görmək istəyərəm. Ümumiyyətlə, dediyim kimi Ağdam mənim üçün çox doğma yerdir.

- BDU-nun Jurnalistika fakültəsini bitirmisiz. Amma bu gün mətbuatda olan kifayət qədər tanınmış jurnalist və baş redaktor var ki, Jurnalistika fakültəsini bitirməyib. Necə düşünürsüz, jurnalist olmaq üçün məhz bu fakültəni oxumaq mütləqdir?

- Jurnalistika fakültəsini həmişə çox yüksək səviyyəli fakültə hesab eləmişəm. Jurnalistika fakültəsində o vaxt bizə dərs deyən müəllimlər var idi. Rəhmətlik Nəsir İmanquliyev, Nurəddin Babayev, Qulu Xəlilov, indi Allah canlarını sağ eləsin Şirməmməd Hüseynov, Famil Mehdi, Cahangir Məmmədli yüksək intellektuallığı ilə seçilən insanlar idilər, mühazirələrini oxumaq, fikirlərini dinləmək çox böyük işi idi, onların özləri elə bir universitet idi. Hesab edirəm ki, Jurnalistika fakültəsi misilsiz və əvəzsiz idi. Bu gün də o ənənə qismən davam etdirilir, yeni gənclər gəlir. Amma mənim ümumiyyətlə təməl fikrim odur ki, jurnalistika üçün yaradıcılıq qabiliyyəti, istedad lazımdır.

Düzdür, hamı jurnalist ola bilər fikrində olanlar da var, amma mən hesab edirəm ki, jurnalist üçün məhz yazmaq qabiliyyəti xüsusi bir istedad, Allah vergisidir. Bu baxımdan bir çoxları var ki, başqa fakültələrdə oxuyublar, başqa ixtisasın sahibidilər, amma onlarda yazmaq qabiliyyəti, jurnalist üçün lazım olan keyfiyyətlər, intuisiya, müşahidə qabiliyyəti, savadlılıq və s. var. Ona görə də mütləq deyil ki, jurnalist Jurnalistika fakültəsində oxusun. Amma Jurnalistika fakültəsinin özündəki o mühit aparıcı, qabaqcıl mühit idi, insanın formalaşmasında, dünyagörüşünün inkişafında mühüm rol oynayırdı. Uzun müddət hesab eləmişəm ki, jurnalistikadan böyük, güclü sənət yoxdur, jurnalist olmağımla həmişə fəxr eləmişəm. Bu sahədə sevgilə, zövq alaraq çalışmışam və indi də gənclərə bunu aşılayıram.

- Bir-birinə çox yaxın olsa da, ancaq özünüzü daha çox jurnalist hesab edirsiz, yoxsa ədəbiyyat adamı?

- İndi paralel gedir. Ən əvvəl dediyim kimi şeirlər yazmağa başlayanda şübhəsiz ki, bir dəfə də kitabımın ön sözündə yazmışdım ki, özümü ən güclü, buludların üstündə hiss etdiyim vaxt sevdiyim bir şeirin, ürəyimcə olan yazının nöqtəsini qoymaqdır. Amma iş elə gətirdi ki, bizdə olan ədəbiyyat 1980-ci illərdən ikinci plana keçdi. Çünki proseslər başladı, ölkəmizdə müharibə, Ermənistanın başladığı işğalçılıq niyyətləri, eyni zamanda böyük bir dövlətin, imperiyanın parçalanması oldu. Ona görə də istər-istəməz publisistika, jurnalistika önə keçdi.

Hesab edirəm ki, mənim əsas birinci işim desələr, şübhəsiz ki, “525-ci qəzet”, bu qəzetin baş redaktoru olmaq, qəzeti yönləndirmək olub. Amma sonrakı illərdə əlbəttə ki, ara-sıra müsahibələrimdə, yazılarımda ictimai proseslərə, mətbuatla bağlı məsələlərə münasibət bildirmişəm. Mətbuat Şurasının, mətbuatla bağlı digər qurumların formalaşmasında çalışmışam, indi onlar hamısı tarixə çevrilib. Eyni zamanda son 14 ildə Azərbaycan Yazıçılar Birliyinin gənclər üzrə katibiyəm. Bu işdən də uzun müddət zövq almışam. Hansısa bir istedadlı gəncin tapıb üzə çıxarılması, onda özünə güvənin yaranmasında, tanıdılmasında rolum olub və mən bundan zövq almışam.

- 30 ilə yaxındır jurnalistikadasız və bunun 20 ildən çoxu məhz “525-ci qəzet”də keçib. Bu qəzetin həyatınızdakı rolu necədir? Bu gün qəzetinizə olan maraqdan, oxucu sayından razısınız?

- “525-ci qəzet” indi fəaliyyətinin 26-cı ilindədir. Ötən il noyabrın 25-də “525-ci qəzet”in 25 illiyini qeyd elədik. Bakı Dövlət Universitetində böyük yubileyimiz keçirildi. Bunun da öz mənası var idi, bu mənə çox xoş idi. BDU mənim ali təhsil aldığım məktəbdir, hər zaman öz səviyyəsilə seçilib. Müstəqil bir qəzetin orada yubileyinin keçirilməsi hesab edirəm ki, tarixdə yaşayacaq bir hadisə idi. Bu münasibətlə hörmətli Cahangir Məmmədli “525-ci qəzet”lə bağlı bir kitab yazdı. O kitabda Azərbaycanın böyük ədəbiyyat, mədəniyyət, jurnalistika xadimlərinin qəzetimiz haqqında fikirlərilə bağlı yazılar var. İsa Həbibbəyli ““525-ci qəzet” məktəbi” ifadəsini işlədir, qəzetimizi Azərbaycanın klassik “Molla Nəsrəddin” məktəbilə bir sıralara qoyur. Düşünürəm ki, “525-ci qəzet”, bizim gördüyümüz iş öz nəticəsini verib, böyük rol oynayıb. Azərbaycan jurnalistikasının çox həssas dövründə “525-ci qəzet”i dayanmağa qoymamışıq, qorumuşuq, saxlamışıq.

Bu gün yeni media yaranıb. Yeni medianın da müəyyən bəyənmədiyimiz, qəbul etmədiyimiz klassik qəzetçilikdən fərqli baxışları var. Amma indi “525-ci qəzet” yenə öz sambalını qoruyub saxlayır. Artıq şübhəsiz ki, qəzetlərin kağız variantı getdikcə sıradan çıxacaq. “525-ci qəzet”in elektron variantı Azərbaycanda ən qədimlərdən biridir. Hələ mənim yadımdadır ki, 1990-cı illərin axırı 2000-ci illərdən “525-ci qəzet”in saytı fəaliyyət göstərib. Sadəcə olaraq biz yüksək qəzetçilik ənənələrinə sadiqik. Bir sıra saytın yazdığı informasiya var ki, onu bəh-bəhlə və şok informasiya kimi təqdim edirlər. Biz onları qəzetdə və saytımızda verməmişik və verməyəcəyik də. O cür informasiyaları heç informasiya kimi qəbul etmirik. Ola bilsin ki, bizim baxışlarımızda fərq var, amma hesab edirəm ki, Azərbaycanın dəyər verdiyi qələm adamları bizi bəyənirlərsə, “525-ci qəzet”i məktəb adlandırırlarsa, ürək dolusu xoş sözlər deyirlərsə, deməli gördüyümüz iş düzdür, biz düz yoldayıq və bu yolu da davam etdirəcəyik.


- Yusif Rzayev və Seyfəddin Hüseynli kimi işinin peşəkarı olan, dəyərli redaktorlarla çalışırsız. Heç fikir ayrılıqlarınız olurmu?

- Dərin fikir ayrılığı yoxdur. Mən daha əvvəl “525-ci qəzet”də çalışan redaktorlar barədə də danışa bilərəm. Xarakterimdə bir məqam var - işlədiyim insanlara sonacan inanmaq. Yusif “525”in ilk sayından burada işləyib, Azərbaycanın tanınmış qəzetçilərindəndir, hamı ona hörmət edir. Seyfəddin Hüseynli də çox savadlı, zəngin biliyi olan ədəbiyyat adamıdır. Bundan əvvəl də “525”-də çox istedadlı insanlar çalışıb. Hətta mən birdən fikirləşirəm ki, bizim “525-ci qəzet” elə bir relsə düşüb ki, bəlkə də heç kim işə gəlməsə də qəzet çıxacaq, bunu zarafatyana deyirəm. Burada hər bir kəs işini elə diqqətlə bilir ki, qəzetin işıq üzü görməsində heç bir problem yoxdur.

Digər məsələlərlə bağlı da müzakirələrimiz olur. Məqamlar olub ki, mən hansısa çox sərt yazının verilməsinin tərəfdarı olmuşam, Yusif də, əvvəl müavin var idi bizdə Yaşar o da, Seyfəddin də gəliblər, təkid ediblər ki, bu yazını verməyək, qəzetə ziyan edər. Mənim təbiətimdə olan ola bilsin ki, bir sıra üsyankarlıq məqamları, onların qarşısının alınmasında redaktorların, müavinlərimin təsirləri olub. Hər halda düşünürəm ki, qəzet üçün həmişə çalışmışam. Eyni zamanda pessimist vaxtlarım da olub, mətbuatın, sözün gücünə inanmadığım vaxtlar da olub. Amma “525-ci qəzet”dən, bu işdə çalışmaqdan hər zaman zövq almışam.

- Bəs, indi necə, sözün, mətbuatın gücünə inanırsınız, yoxsa yenə pessimist yanaşırsız?

- Dediyim kimi, müxtəlif dövrlərdə olur ki, ovqatım pessimist olur və sözün, mətbuatın gücünə inamım zəifləyir. Bu təzadlı ovqatla, hallarla bağlıdır. Bu gün o təzadlı məqamlar davam edir. Bəzən jurnalist və baş redaktor olmağımdan böyük güc alıram, bəzən də əksinə, özümü çox zəif hiss edirəm.

- Bir zamanlar tez-tez redaksiyanızın bir qonağı olurdu, Tofiq Abdin. Onu necə xatırlayırsız?

- Tofiq Abdini çox işıqlı xatırlayıram. O, uzun müddət bizim qəzetə yazıb, hələ Türkiyədə yaşayanda biz onun yazılarını çap edirdik. Tofiq müəllimlə zarafatımız da var idi, bir dəfə də narazılığını bildirdi ki, “mənim 80 yazım qəzetinizdə çap olunmayıb”. Dedim bəs, neçə yazınız çap olunub? Dedi 290-dan çox. Sonra gəldi bir yerdə Tərcümə Mərkəzində işləyəndə bizim ofis də orada yerləşirdi. Çox nikbin, enerji dolu adam idi. Burda işləyən hər kəs fikirləşirdi ki, Tofiq müəllim 90-95 il yaşayacaq, ancaq çox təəssüf ki, Tofiq müəllim qəfildən bizi tərk etdi. Onun işıqlı xatirəsini, onunla bağlı zarafatları indi də xoş duyğularla yada salırıq. Allah ona rəhmət eləsin.

- Gənc şairlərə, yazıçılara baxanda ədəbiyyatımızın gələcəyini necə görürsüz?

- Mən gənc yazıçılara, şairlərə dəstək olmaqdan həmişə zövq almışam. 2000-ci illərdə Yazıçılar Birliyinin əleyhinə olanlar var idi. Əslində Yazıçılar Birliyinə katib gəlməyimi Anar müəllim özü təklif elədi, mənim üçün də böyük sürpriz oldu. Mən uşaqlıqdan Anarı çox sevmişəm, yaradıcılığı ilə böyümüşəm, mənim formalaşmağımda Anarın və o dövrün yazıçılarının böyük rolu olub. Dünyagörüşümüzün, baxışımızın formalaşmasında hesab edirəm ki, Anarın böyük rolu olub. AYB-yə gəlməmiş də Anara qarşı olan haqsız hücumlar məni narahat edirdi. Sonra da gəldim Yazıçılar Birliyinə, mümkün qədər barış yaratmağa, gəncləri inandırmağa çalışdım, onları Anarla görüşdürdüm, tanış elədim və düşünürəm ki, gənclərlə yaşlılar arasında körpü qurmağı bacardım. Mənim xarakterimdə var ki, birinə inanırsansa, onun istedadına inanırsansa, bu istəyi sonacan etmək lazımdır. Bəzən Anar müəllim, Fikrət Qoca kiminsə haqqında deyirlər ki, çox tərifləmə, yazıqdır, korlanmasın, mən düşünürəm ki, niyə korlanır ki? Amma sonra görürəm ki, doğrudan da bəziləri “ulduz xəstəliyi”nə tutulur. Düşünürəm ki, dəstək olduğum, çap edib tanıtdığım nə qədər gənclər varsa, hamısı həyatımın müsbət bir hadisəsidir və bununla qürur duyuram.

- Bir zamanlar universitetdə də dərs deyirdiz. Bir söz demişdiniz ki, 90 dəqiqə siqaretsiz qalmaq çətindir, həm də tələbələr sizi ruhdan salır. Yenə bu fikirdəsiz?

- (Gülür) Düzü ilk dərs məndə çətin olmuşdu, uşaqlar da əsəbləşdirmişdi məni. III kurs tələbələri idilər, soruşuram hansı qəzetləri tanıyırsız, 1-2 qəzet adı çəkib sonra saya bilmədilər. Bu gün doğrudan da Azərbaycanda elə mühit var ki, bacarıqlı, istedadlı, zəhmətkeş gənclər mütləq uğur qazanır. Həmişə demişəm ki, hansı dövr olursa-olsun, bir işlə mütəmadi, uzun müddətli, davamlı məşğul olursansa, əziyyət çəkirsənsə, istedadın varsa, mütləq öz qiymətini alacaqsan. Həmin ilk dərsin sonunda dedim ki, anonim şəkildə mənim haqqımda fikirlərinizi yazın ki, görüm bundan sonra bu dərslərə gəlməyin əhəmiyyəti var, ya yox, ümumiyyətlə məndən müəllim olarmı, ya yox? Həm də tələbələrin müşahidə qabiliyyətlərini, jurnalist üçün lazım olan keyfiyyətləri yoxlayırdım. Həmin o anonim kağızları bu günə qədər də saxlayıram.

Bəziləri yazmışdı ki, qalstkunuzun rəngi ilə köynəyinizin rəngi uyğun gəlmir, ayaqqabınız elədir, kostyumunuz belədir və s. Amma içərilərində bir neçəsi var idi ki, gördüm onlarda həqiqətən də jurnalistika üçün lazım olan keyfiyyətlər var. Bundan sonra müəllimlik fəaliyyətimi davam etdirdim. Növbəti illərdə artıq 1050-ci qrup var idi, qəzetimizdə onların 1050 adlı səhifələri çıxdı. Bu günlərdə də yeni Jurnalistika fakültəsinin “Jurnalist” qəzetini çap eləmişdik. Mən yenə getmişdim və orada həmin hadisələri danışdım. Tələbələrlə bir yerdə olmaq çox xoşdur, amma eyni zamanda tələbələrdən bir az tənbəlliyi, savadsızlığı, biganəliyi görəndə adam pessimist olur. Amma çox istedadlı, bacarıqlı tələbələr də var. Ona görə də nə ədəbiyyat sahəsindəki, nə də jurnalistika sahəsindəki gənclərdən tam pessimistəm. Düşünürəm ki, gələcəkdə bizim həm ədəbiyyatı, həm də jurnalistikanı layiqincə təmsil edə bilən gənclər formalaşacaq.

- Bəs, necə oldu müəllimlikdən uzaqlaşdınız?

- Sonradan mən Yazıçılar Birliyinin katibi oldum, digər işlərlə məşğul oldum, işlərim çoxaldı. 3-4 il getdim auditoriyaya, sonra tələbələr artıq redaksiyaya gəlməyə başladılar. İşlərim çoxaldığından artıq müəllimlik etməyə çatdırmırdım. Zamanımın çox hissəsi tədbirlərdə keçir. Bir gündə 4-5 tədbir olur, onun bəlkə də ikisində, üçündə çıxış edirəm. Hətta eyni gündə 2-3 tədbirin aparıcılığını edirəm, bəzən qəzetə belə vaxt qalmır. Bu dinamik həyatla artıq müəllimlik uyğun gəlmirdi. Ona görə də xahiş elədim ki, hansısa başqa tədbirlər olar, tələbələrlə görüşlər olar gələrəm, amma mütəmadi dərs keçmək xüsusi istedad tələb edir.

- İctimai yerlərdə siqaret çəkilməsinin qadağan olunması məsələsi müzakirə olunanda “Tütünlə işiniz olmasın” adlı bir yazı yazmışdınız. Ancaq o Qanun qəbul olundu...

- Mənim bir şeirim də var “Xilaskarım” adlı, düzdür, demək olmaz ki, o şeir tamamilə siqaretə aiddir. Amma o vaxt saytlarda ilk dəfə yayılanda deyirdilər ki, “bəxtəvər başına siqaretin, gör ona necə gözəl şeir yazıblar”. Ümumiyyətlə siqaret yaradıcı adam üçün çox vacib bir şeydir. Yaradıcı adamlar yazdıqları vaxt çox siqaret çəkirlər. Bizim Türkiyədən fərqliliyimizin üstünlüyü o idi ki, bizdə siqaret çəkmək daha rahat idi, qapalı yerlərdə də çəkirdik. Türkiyədə bu xeyli dərəcədə məhdudlaşıb.

O vaxt o Qanun Türkiyədə çıxanda bizdə də millət vəkili Qənirə Paşayeva bu Qanunun qəbulu üçün çalışırdı, hələ 10-15 il bundan qabaq. Onda saytlar yox idi. Bizim də Parlament müxbirimiz Kamil Həmzəoğlu idi. Ona dedim ki, sən bir də Qənirə xanımın siqaretlə bağlı fikirlərini qəzetdə yazsan, səni işdən çıxaracam (gülür). Qənirə xanım da panikayla zəng vurmuşdu mənə ki, “nə olub?” Dedim heç nə, sən məni 30 illik dostumdan ayırmaq istəyirsən. Həyəcanla dedi “mən elə deyiləm, səni dostundan ayırmaram”. Dedim necə ayırmırsan, bu siqaretin əleyhinə az danış da (gülür). Ondan sonra Qənirə xanımla siqaretlə bağlı tez-tez zarafatlar edirik. Mənim o şeirimdə Qənirə xanımın dediyi Qanun layihəsinin adı da keçir. Bir dəfə də millət vəkillərinə zarafatla şeiri çap eləmişdim. Onda Parlamentin spikeri bir söz dedi ki, “siqaret çəkənlərin də hüquqları var”. Belə başa düşürəm ki, bizim Parlamentin spikeri də siqaret çəkəndir, ona görə də hüquqlarımızı müdafiə elədi (gülür). Oqtay Əsədovun da dediyi kimi doğrudan da siqaret çəkənlərin də hüquqları var, hər halda sayğı ilə yanaşmaq lazımdır.

- Qanun layihələrindən danışdıq, bəs, özünüz hansısa qanun layihələrinin müzakirəsində, qəbulunda iştirak etmək, millət vəkili olmaq istəmisizmi?

- Parlamentə namizədliyimi bir neçə dəfə vermişəm. Namizədliyimi Ağcabədidən vermişəm, bir dəfə axıra qədər mübarizə apardım, bir dəfə situasiyaya baxıb namizədliyi geri götürdüm. Əvvəllər ürəyimdən keçirdi, arzulayırdım millət vəkili olum. Son illərdə isə o qədər də ürəyimcə deyil, can atmıram da. Axırıncı seçkilərdə heç namizədliyimi verməmişdim. Hesab edirəm ki, elə mənim öz işim, statusum heç də millət vəkilindən geri qalmır.

- Siz həm də Əfv Komissiyasının üzvüsüz. Sizə tanıdığınız və ya tanımadığınız adamlar tərəfindən çox müraciətlər olurmu ki, hansısa yaxın adamlarının əfv edilməyinə köməklik göstərəsiz?

- Əfv Komissiyası haqqında tez-tez danışıram, bir dəfə də demişdim ki, bu Komissiyanın iclaslarından sonra yata bilmirəm. Ümumiyyətlə mən ictimaiyyətə daha çox açıq olduğuma görə, Əfv Komissiyası ilə bağlı müraciətlər çox gəlir. O insanları dinləmək, o məktubları oxumaq insana ağrı, əziyyət verir. Əfv Komissiyasının iclasları keçiriləndə hər dəfə 120 nəfərin taleyinə baxırsan, fikir bildirirsən. Bəzən quyunun dibinə düşürsən, bəzən kömək etmək istəyirsən gücün çatmır, o talelərə yanırsan. Mənə müraciət edənlər çox olur, çalışdığım qədər, gücüm çatdığı qədər kömək etməyə çalışıram. Yəni, o məktubların ünvanlandırılması, Əfv sektorunda onları müzakirəyə çıxarmaq və s. Onları müzakirəyə çıxarmaq həddindən artıq demokratik şəraitdə həyata keçirilir, orada dünyagörüşlü adamlar var, hüquq-mühafizə orqanlarının rəhbərləri var. Ona görə də ümumi yekdil bir qərarla nəticələr olur. Bu il məsələn, çox gərgin işlədik, xeyli məhbusun azad olunması ilə nə qədər adam sevindi.

- Bir kitabınız da var, adı belədir “Hələ ki, vaxt var”. İndi də düşünürsüz ki, hələ vaxta var?

- O baxır sənin ovqatına. Bu mənim gənclikdə yazdığım şeirdi, kitabıma da o şeirin adını vermişdim. O zaman çoxlu arzularım var idi. Gənc olan, dünyanı dəyişməyə çalışan Rəşad və onun arzuları var idi. Bəzən deyirəm ki, uşaqlıqdakı arzularım nə olardı? Bəlkə də jurnalist kimi baş redaktor olmaq, yazıçı kimi Yazıçılar Birliyinin katibi olmaq, indi bunlara çatmışam. Dünən Livanellinin bir essesini oxuyurdum, hərdən onun “Orta Zəkalılar Cənnəti” kitabını vərəqləyirəm, orada yaşamaqla bağlı bir fikir deyir ki, “yaşamaq dirənməkdir, dirəşməkdir, daima mübarizədir”. Mən ümumiyyətlə həyatda, gördüyüm işdə bir məna axtaran adamam. Hər halda olmayanda da nəsə qoşub çıxarıb, illuziyalara, xəyallara üstünlük verib nəsə quru yerdə də fırtına yaratmağı bacarıram. Ona görə də hesab edirəm ki, hələ həyat davam edir.

- Öz həyatınıza həsr etdiyiniz şeiriniz olubmu ki, o şeir sizin üçün daha doğmadır?

-Şeirlərimin hamısı mənim həyatımdı, yaşadığım hisslərdir. Bir dəfə də demişdim ki, şeirdə bölmələr var, diqqətli oxucu bilir ki, bu şeir 3 nəfərə yazılıb. Mən şeirlərdə əlbəttə öz içimi, duyğularımı ən səmimi şəkildə təsvir eləmişəm və şeir barədə demişəm ki, şeir təbiət hadisəsidir. Arada elə dövr olub ki, heç 15 il şeir yazmamışam. Amma birdən də 1-2 il ərzində xeyli şeir yazmışam, kitablarda da çap olunub. Son illərdə şeirlərimə mahnılar da bəstələnir.Xoş olub, insanlar da bəyəniblər.

- Rəşad müəllim, sosial şəbəkə istifadəçisiz, xoşunuza gəlirmi virtual həyat?

- Mən “Facebook”-un ən qədim istifadəçilərindən biriyəm. Əvvəllər tez-tez deyirdim ki, “Facebook” vaxtın ən sürətlə getdiyi yerdir. Mənim üçün insanları tanımaq baxımından xeyli maraqlıydı, xüsusilə də gəncləri, çünki onlarla işləyirəm. Onları müşahidə etmək mənə maraqlıdır. Kommunikasiya, əlaqə yaratmaq baxımından hədsiz əlverişlidir, axtardığın insanı 5 dəqiqənin içində tapırsan. Ona görə də fikirləşirəm ki, axtarış verilişləri nəyə lazımdır ki, onsuz da sosial şəbəkələr var. Ancaq son vaxtlar sosial şəbəkələrin səviyyəsi xeyli aşağı düşüb. Daha çox insan, aşağı səviyyəli adamlar istifadə etməyə başlayır, hamısının hansısa iddiaları olur. Görürsən ki, sosial şəbəkələr çox primitivləşib.

- Rəşad müəllim, sizin haqqınızda AYB-də gənc yazarlara Prezident təqaüdünün ayrılmasında xüsusi rolunuz olduğu və sizə yaxın olan gənclərin həmin təqaüd siyahısına salınması ilə bağlı iddialar var. Bu iddialarla bağlı nə deyə bilərsiz?

-Yox elə şeylər çox olmayıb. Bir neçə gənc yazarımız var idi, təkid edirdim ki, gəlib Yazıçılar Birliyinin üzvü olun, təqaüd alın. Qayda belə idi ki, təqaüd almaq üçün Yazıçılar Birliyinin üzvü olmalısan. Ancaq bəzi gənc yazıçılarımız üzv olmaq istəmirdilər kənar rəylərə görə. Bu günə qədər 200 nəfərə yaxın gənc o təqaüdü alıb. Mən istəyirdim ki, istedadlılara təqaüd təkrar verilsin. Hər il fərqli adamlara veriləndə onların içərisində bəzən istedadsızlar da olur.

- Oğlunuz da sizin yolunuzu davam etdirir. Bu sizin istəyiniz olub, yoxsa öz seçimidir?

- O biri oğlanlarım başqa sahələrdə çalışır, Mirhacib isə Slavyan Universitetində oxuyurdu, çex dili öyrənirdi. Düzü heç mən bilmirdim ki, o, jurnalistikaya gələcək. Orta məktəb vaxtı bacım oğlu Səməd rəsmlər çəkmişdi, Mirhacib də hekayələr yazmışdı. Onda VI sinifdə oxuyardılar. Onları həvəsləndirmək üçün həmin rəsmləri və hekayələri götürüb o vaxtki müavinim Yaşara verdim. Yaşar da elə redaktor idi ki, ona hətta Anarın, Əkrəm Əylislinin də yazılarını verəndə az qalırdı oturub redaktə edə, mən də deyirdim ki, o cür adamların yazılarını redaktə eləmə. Mirhacibin hekayələrini verdim Yaşara ki, bir balaca əl gəzdir bu yazılara sonra “Günəş” jurnalında çıxsın.

Bir müddət sonra həmin rəsmlər də, hekayələr də jurnalda çap olundu. Mən də düzü oxumamışdım ki, Yaşar necə redaktə edib. Jurnalı sevinə-sevinə göndərmişəm Mirhacibə ki, baxıb çox sevinəcək. Oxudu hekayələrini, kefi pozuldu, mənə dedi ki, “ata, mənim hekayələrimi kim bu günə qoyub?” (gülür). Yaşara gəlib dedim ki, bu uşağın yazmaq həvəsini öldürdün (gülür). Ondan sonra da düşünürdüm ki, Mirhacib heç vaxt yazmayacaq. Amma iş elə gətirdi ki, bir gün gördüm qol.az saytını açdılar, ardınca axsam.az saytını açdılar, “5 Media” şirkətini qurdular. Bir ara hətta axsam.az saytını açmamışdan əvvəl deyirdi ki, sayt açım. Mən də dedim ki, “525-ci qəzet”-in saytı var, gəl işlə. Sonra gördüm ki, onların elədikləri “525”-də olmayıb və icazə də vermədim. O müğənni ərindən boşandı, bu müğənni dava elədi, biz heç vaxt belə məlumatlar verməmişik. Bunu heç jurnalistika hesab eləmirəm. Ona görə də oğlum sonra axsam.az saytını açdı və indi də davam edir.

- Oğlunuzla fikir ayrılıqlarınız çox olur yəqin ki?

- Əlbəttə, fikir ayrılıqlarımız olur. Onunla da, ümumiyyətlə yeni jurnalistikanın bir çox nümayəndələri var ki, onlarla da fikir ayrılığım olur. Amma sevinirəm ki, yeni jurnalistikada yeni nəsil var. Onlar mənim çoxdan tanıdığım Elbrus Ərud, Elşad Eyvazlı, bir zamanlar bizdə çalışan Elçin Zahiroğlu, digər bir neçə sayt sahibi var ki, hesab edirəm ki, onlara etibar eləmək olar, onlar mətbuatın daha da bozlaşmasına imkan verməzlər.


- Deyirsiz ki, gün ərzində bir çox tədbirlərdə iştirak edirsiz, baş redaktorluq, digər işlər, hamısı yorğunluq yaradır. Heç düşünürsüz ki, başqa sahəyə gedərdim, sakit həyatım olardı?

-Arada elə arzum olur. Amma məsələ orasındadır ki, bir neçə günlük istirahət edəndə, ya bir az kənara çəkiləndə görürəm ki, bu artıq mənim həyat tərzimdir, buna öyrəşmişəm, olmayanda darıxıram. İnformasiyasız, hərəkətsiz, tədbirsiz olsam, həyat mənim üçün sıxıntılı olardı. Ona görə də hesab edirəm ki, elə həyat özü bir dinamikadır, hərəkətdir və bundan da narazı deyiləm.

- Bütün bu işlərlə yanaşı siz həm də babasız. Baba olmaq necə hissdir, nəvələrinizə zaman ayıra bilirsizmi?

- 3 oğlum var 3 nəvəm. Nəvələrimin üçü də qızdı və üçü də tamam başqa xarakterlidi. Onların naz-qəmzələri, bir-birilə rəqabəti var. Böyük nəvəmin adı Mehindi, 4 yaşı var. Mənimlə bir az məsafəlidi, məndən çəkinir. Bu yaxınlarda onu ilk dəfə Bulvara aparıb gəzdirdim, çox sevinirdi, xoşbəxt idi. İnsan nəvə ilə münasibətdən xüsusi zövq alır. Atalar sözümüz də var ki, övladda nəvə, dövlətdə dəvə.

- Sonda oxuculuramıza nə demək istərdiniz?

- Yeni medianı əvvəllər tez-tez tənqid edirdim. İndi həddindən artıq çox, rəngarəng və kəskin rəqabətdə olan yeni media var. Əvvəllər qəzetdə də belə rəqabət olurdu, amma indiki kimi deyildi. Eyni zamanda biz bütün o rəqabətlərin içərisində çalışırdıq ki, öz sambalımızı, ciddiyətimizi qoruyaq. Yeni media üçün arzum budur ki, əvvəla jurnalistikanın prinsiplərini, Azərbaycan dilinin qayda-qanunlarını gözləsinlər. Çox olur ki, yeni mediada görürsən ki, dil və ya redaktə qüsurları olur. Bir də şübhəsiz ki, yüngül informasiyaların ictimai fikrə gətirilməsi, gündəmə çevrilməsinin əleyhinəyəm. Dəfələrlə olub ki, buna müqavimət göstərməyə çalışmışam. Amma yenə deyirəm, inanıram ki, bizim səviyyəli, istedadlı jurnalistlərimiz yeni mediada da onun ciddiliyini qoruyub saxlayacaqlar.

Günay Elşadqızı / METBUAT.AZ

“Qədir Rüstəmovla indi də dərdləşirəm...” – Aqil Abbasla MÜSAHİBƏ / FOTOLAR

““İki sahil” qəzetini təsis edəndə təzyiqlərlə üzləşmişik” - Vüqar Rəhimzadə ilə müsahibə - FOTOLAR

“Heydər Əliyevin mənə verdiyi həmin qəzeti...” – Aydın Quliyevlə müsahibə

"Jurnalistlərə meydan vermək lazımdır ki, özlərini göstərsinlər" – Bəhruz Quliyevlə müsahibə/ FOTOLAR

“Mediada təsadüfi adamlar çoxdur” – Emin Musəvi ilə MÜSAHİBƏ/ FOTOLAR

“Deyirlər, söz azadlığı olsun, amma fikrini azad deyəni öldürməyə hazırdılar” - Vüsal Məmmədovla müsahibə


metbuat.az.