21 sen 2018 09:38
Metbuat.az-da “Mətbuat katibləri” layihəsi çərçivəsində hər dəfə dövlət qurumları, özəl təşkilat və müəssisələrdə çalışan mətbuat katibləri ilə sizi yaxından tanış edirik.
Bu dəfə müsahibimiz Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) mətbuat katibi Elnur Niftəliyevdir.
Metbuat.az Elnur Niftəliyevlə olan müsahibəni təqdim edir:
- Elnur Niftəliyevi daha yaxından tanımaq istəyərdik. Uşaqlıq illərinizdən, böyüdüyünüz ailədən danışaq...
- 1983-cü ildə Bakı şəhərində anadan olmuşam. Bu il 35 yaşımı tamamlamağıma baxmayaraq, hələ də özümü gənc hesab edirəm. Ona görə ki, həmişə gənclərlə işləmişəm. Jurnalist ailəsində böyümüşəm, bu, məhz jurnalist kimi formalaşmağımda mühüm rol oynayıb. Çünki həm anam, hə də atam jurnalistika sahəsində fəaliyyət göstərib. Orta məktəbdə peşə seçməklə bağlı tərəddüdlərim var idi. Hüquqşünas, vəkil olmaq istəyirdim. Buna baxmayaraq, jurnalistikaya da marağım böyük idi. Hətta 3-4-cü sinif şagirdi olanda belə hər axşam saat 8-də xəbərlərə baxırdım. Yəni, uşaq vaxtımdan jurnalistikaya, xəbər sahəsinə marağım olub. Tale elə gətirdi ki, mən bu marağı profesional şəkildə davam etdirə bildim.
Qohumlarımız deyir ki, uşaq vaxtı çox sual vermişəm, hər şeylə maraqlanan olmuşam. Bu gün də övladlarım belədir. Hər şeylə maraqlanırlar. Mən də çalışıram ki, övladlarımın bütün suallarını cavablandırım. Çünki bu, onların dünya görüşünə, həyata yanaşmasına çox yaxşı təsir edəcək.
- Hansı məktəbdə oxumusunuz? Məktəb illərinizdən danışaq...
- 9 il Suraxanı rayon Mehdi Mehdiyev adına 280 nömrəli tam orta məktəbdə, 10-11-ci sinifləri isə Nəsimi rayonunda yerləşən 35 nömrəli məktəbdə oxumuşam. Kifayət qədər fəal uşaq olmuşam. Uşaq yaşlarımdan mənə deyirdilər ki, qalstuku və diqqət mərkəzində olmağı çox xoşlayırsan. Tale elə gətirdi ki, fəaliyyətimlə bağlı çox vaxt qalstuk taxmalı və diqqət mərkəzində qalmalı oldum. (Gülür) Yeri gəlmişkən, yaxşı bir qalstuk kolleksiyam da var. Məktəb vaxtı müxtəlif olimpiadalarda iştirak edib, uğurlar qazanmışam. Humanitar fənlərə marağım daha çox olub.
12 yaşımda Azərbaycanı xaricdə təmsil etmişəm. Biz “Cücələrim” ansamblıyla Türkiyəyə yollanmışdıq. Orada keçirilən məşhur 23 aprel Milli Suverenlik və Uşaq Bayramında tarzən kimi iştirak etmişdim. Bakı şəhər Suraxanı rayonu 37 nömrəli uşaq musiqi məktəbinin tar məktəbini bitirmişəm. Çox təəssüf edirəm ki, bu gün tara unutqanlıq etmişəm. Türkiyədən gələndən sonra özümü çox qürurlu hiss edirdim. İlk dəfə idi ki, ailəmi, özümü deyil, vətənimi təmsil edirdim. 12 yaşdan başalayan bu proses sonrakı illərdə daha böyük vüsət aldı. Dəfələrlə xaricdə olmuşam, sənədli filmlər çəkmişəm. Bu filmlər dünyanın bir neçə ölkəsində təqdim olunub. Vətənin, xalqın üçün faydalı olmaq çox gözəl duyğudur.
- Musiqi təhsilinizi niyə davam etdirmədiniz?
- Tar sinfində 5 il təhsil aldım, lakin sonradan davam etdirmədim. Çünki profesional musiqiçi olmaq fikrim yox idi. Amma bütün valideynlərə tövsiyyə edirəm ki, övladlarını müxtəlif məşğələlərə cəlb etsinlər. İdman, şahmat, musiqi fərq etməz. Bunlar insanın nəinki dünya görüşü, həyat tərzinə də təsir edir.
- Tələbəlik illəriniz necə keçib?
- Biz universitetin bakalavr pilləsində təhsil alanda Bakıda hələ tramvaylar vardı. O tramvaylardan istifadə edərək universitetə gedirdim. Jurnalistrika sahəsində 9 il təhsil almışam. 2004-cü ildə Elm Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin jurnalistika fakültəsinin bakalavr, 2006-cı ildə isə Bakı Dövlət Universitenin jurnalistika fakültəsinin magistr təhsil pillələrini fərqlənmə diplomları ilə bitirmişəm. 2006-2009-cu illərdə BDU-nun Jurnalistika fakültəsinin aspirantı olmuşam. Tələbəlik illərində bizə Azərbaycan jurnalistikasında saç ağartmış insanlar dərs deyib. Bizim çox dəyərli müəllimlərimiz olub. Onların arasında dünyasını dəyişənlər də var, yaşayanlar da. Şirməmməd Hüseynov, Akif Rüstəmov, Cahangir Məmmədli, Nəsir Əhmədli, Mahmud Mahmudov, Şamil Vəliyev kimi dəyərli müəllimlərimiz olub. Onlar Azərbaycan jurnlaistikasının qaymaqları sayılırlar. Rəhmətlik Famil Mehdi həmişə bizə deyirdi ki, qəzet rəhbəri olsa, iş üçün müraciət edən şəxslər arasında ali təhsil müddətində 3 alan jurnalisti işə götürər, nəinki 5 alan iqtisadçını. Çünki həmin şəxs ən azı 4 il jurnalist ab-havasının içində olub. 4 il divarlar arsında jurnalistikanın meyarlarını, jurnalistin etik-davranış qaydalarını müəllimlərdən eşidib. Ona görə də, tələbəlik illərimdən zəngin xatirələr var. Jurnalistika fakultəsində tələbə yoldaşlarımın hamısı jurnalist olmadı. Amma onlar arasında bu yola sadiq olanlar da kifayət qədərdir. Mais Ağayev, Günel Şahmalıqızı, Anar Xanlarovu qeyd edə bilərəm. Qrup yoldaşlarımızın arasında jurnalistikadan tamamilə uzaqlaşan insanlar da oldu. Çünki onlar jurnalistikaya təsadüfən düşmüşdülər.
Universitet illərində təhsillə paralel bu sahədə çalışmağım mənə çox şey qazandırdı. Ona görə gənclərə təhsillərinin ilk illərindən proseslərə qoşulmalarını məsləhət görürüəm. İstənilən ixtisas sahiblərinə, xüsusən də jurnalistlərə. Jurnlist proseslərin içərisində bişməlidir. Nəzərəriyyə ilə bərabər, təcürbə də jurnalistikada çox vacibdir. “Universiteti bitirdikdən sonra hansısa bir işə yiyələnərəm”, yaxud da “Valideynlərim mənə iş tapmaqda dəstək olar” - düşüncəsilə uğur qazanmaq mümkün deyil. Gərək insan öz-özünü formalaşdırıb, təkmilləşdirsin. 18 il media sahəsində jurnalist kimi fəaliyyət göstərmişəm. Artıq 3 aya yaxındır Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində şöbə müdri vəzifəsinə təyinat almışam. Gənclərdən ibarət gözəl bir komandayla çalışıram. Bir neçə gün öncə sosial şəbəkədə fəaliyyətimlə bağlı paylaşdığım fikir böyük marağa səbəb oldu. Orada belə qeyd etmişdim: “18 ildir sual verirdim, 2 aydır cavab verirəm”.
- Hansı işlərdə çalışmısınız?
- 2000-ci ildən müxtəlif mətbu orqanlarda və televiziya kanallarında çalışmışam. Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin mətbuat katibi kimi fəaliyyət göstərmişəm. 2004-2006-cı illərdə «Azad Azərbaycan» Teleradio şirkətində “Son Xəbər” proqramında müxbir vəzifəsində işləmişəm. 2006-cı ildən “Lider TV və Radio Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyətində müxbir, aparıcı, prodüser vəzifələrində çalışmışam. 2013-cü ildən 2018-ci ilin iyul ayına kimi həmən televiziyada Xəbərlər Departamentində redaksiya rəhbəri vəzifəsində işləmişəm.
- Televiziyada fəaliyyətinizin ATV, yoxsa Lider dövrü daha yaddaqalan olub?
- Jurnalistika fəaliyyətimin ən yaddaqalan illərinin bir hissəsi Azad Azərbaycan televiziyasında olub. ATV-də bir sıra sosial reportajlarla məşhurlaşdım. Jurnalist üçün 2 məqam çox önəmlidir. Birincisi, onun şansı olmalıdır. İkincisi isə şansı jurnalist özü yaratmalıdır. ATV-də çalışdığım illərdə çox sayda reportajların müəllifi oldum. lakin cəmi bir reportajım məni qısa müddətdə dünyaya tanıtdı. Bu, Bakıda 2005-ci ilin qışında yağan qarla bağlı idi. Çox fərqli bir reportaj hazırlamışdıq. Həmin reportajı bir günün içində Rusiya, Türkiyə və Avropanın bir sıra kanalları yayımlamışdılar. Çünki Bakıda çox güclü qar yağmışdı, avtomobillər dayanmadan bir-birinə dəyirdi. Reportajda yaddaqalan “stand-up” etmişdim. Günorta 14:00 xəbərlərində material efirə gedəndən sonra rəhbərlik məni axtarmağa başlayıb. Sonradan məlum oldu ki, Türkiyə və Rusiya kanlarının Bakı nümayəndəliklərindən material istənilir. Təsəvvür edin, bir gecədə dediyimiz ölkələrin əsas xəbər buraxılışında bizim reportajımız yayımlandı. O reportaj bir komanda işiydi. Hətta sürücünün də orada çox böyük əməyi vardı. 2006-cı ilin yayında müəyyən səbəblərə görə ATV-dən ayrıldım. Bir ay müddətində istirahət etdim. Belə bir deyim var ki, uşaq dünyaya gələndə ruzi, bərəkətini özüylə gətirir. Elə ilk övladım Gülnur anadan olduqdan sonra artıq Lider televiziyasına yola düşdüm və çox uzun bir marafonu qət etdik. Tam 12 il.
- “Lider” televiziyasının həyatınızdakı rolu...
“Lider” televiziyasında əvvəl müxbir, prodüsser və son 5 ildə xəbərlərdə Sosial və mədəniyyət redaksiyasının rəhbəri kimi çalışdım. Burda çox gözəl insanları, peşəkarları tanıdım. Unudulmaz xatirələrim var. 12 ildə yüzlərlə reportaj, bir sıra sənədli filmlərin müəllifi oldum. Bəzən jurnalistin öz şansını yaratmalı olduğu ifadəsini “Lider”də olan zaman yaşadığım bir xatirə ilə bölüşüm. 2013-cü ildə bizim Türkiyəyə 10 günük səfərimiz oldu. Türkiyənin keçmiş prezidenti Süleyman Dəmirəldən müsahibə alacaqdıq, köməkçisi ilə öncədən danışmışdıq. Lakin biz Türkiyəyə gedəndə prezidentin səhhətində ciddi problemlər yaranmışdı. 10 gün müddətində bütün mühasiblərlə işimizi bitirdik, lakin səhətti Süleyman Dəmirəldən müsahibə almağımıza imkan vermədi. Bir neçə aydan sonra Süleyman Dəmirəl Bakıya gəldi. Biz ona sözümüzü çatdıracaq insanlarla əlaqə saxladıq. Səfəri qısamüddətli olsa da, bizə müsahibə verməsini xahiş etdik. Onu da xatırlatmalarını xahiş etdik ki, bu çəkiliş qrupu ilə Ankarada görüşə bilməmişdiniz. Həmin gün axşam Süleyman bəy onun üçün ayrılmış iqamətgahda bizi qarşıladı və özəl reportajımızı gerçəkləşdirdik. Bəli, jurnalist oturub gözləməməlidir, bəzən şansını özü yaratmalıdır. “Lider” televiziyasında jurnalist həyatımın ən maraqlı anları keçib. Həqiqətən, bu kanalın rəhbərliyi fikir və ideyalarımı realizə etməyim üçün mənə çox böyük imkanlar yaratdı. Qoyulan tapşırıqlarla yanaşı, jurnalistin özünün də ideyaları olmalıdır. Onu gerçəkləşməsi isə təkcə səndən yox, təmsil etdiyin qurumdakı münasibətdən asılıdır. Jurnalistika fəaliyyətimi ulu öndər Heydər Əliyevə həsr etdiyim sənədli filmlə yekunlaşdırdım. Bildiyiniz kimi, Heydər Əliyevlə bağlı onlarla film çəkilib, məqalələr yazılıb, reportajlar hazırlanıb, amma onun həyatının qapalı bir səhifəsi vardı. Bu, önun ömrünün Klivlend səhifəsi idi. Yəni, ABŞ-ın Ohayo ştatının Klivlend şəhərində eyniadlı klinikada nələr yaşanıb? “Lider” televiziyasının rəhbərliyinin mənə göstərdiyi etimad nəticəsində Amerikaya getdim. Ulu öndər Heydər Əliyevlə təmasda olmuş, onun ürəyində cərrahiyyə əməliyyatı keçirmiş, onunla ünsiyyətdə olmuş həkimləri danışdırdım. Onların arasında amerikalı və türkiyəli həkimlər vardı. Çox fərqli bir film yarandı – “Unudulmaz”. Bu filmin Bakıda Nizami Kino Mərkəzində, Özbəkistanda, Türkiyədə və Amerikada geniş təqdimatları oldu. Bundan başqa Ümummilli lider Heydər Əlievin 90 illik yubileyi ilə baglı çəkilişləri dünyanın 10-a yaxın ölkəsində aparılmış “Ümumbəşər”, İlk Avropa Oyunlarına həsr edilmiş “Olimpə doğru” filmlərinin də müəllifiyəm. Demək istədiyim odur ki, “Lider” televiziyasında çalışdığım müddətdə jurnalist kimi çox şey qazandım. Az-çox mən də qazandırmışamsa, nə xoş mənə.
- Ailənizdən danışaq. Neçə övladınız var?
- Birinci sinifdən birlikdə təhsil aldığım xanımla ailə həyatı qurmuşam. 2005-ci ildə ATV-də çalışan zaman toyumuz oldu. O ixtisasca həkimdir.Artıq 13 ildir ailə başçısıyam. 3 övladım var. Övladlarımın ikisi məktəbdə oxuyur, birinin isə 2 yaşı var. 3-cü övladım Elcan Üzeyir Hacıbəyovla eyni gündə andan olub. Dostlarım hətta mənə təklif edirdi ki, Mədəniyyət redaksiyasının rəhbəri kimi övladımın adını Üzeyir qoyum. Amma adını bacıları seçdi – Elcan. Dedilər ki, Elnurun canı olsun. Çalışıram ki, övladlarıma çox vaxt ayırım. İnsan yaxşı övlad yetişdirirsə, bu, onun üçün ən böyük uğurlardan biridir. Çalışıram ki, övladlarımın başı hər zaman uca olsun. Bu gün onlar mənə deyirlər ki, səninlə fəxr edirik. İnanın, bundan gözəl qürurlu hiss ola bilməz. Mən də həmişə onlarla fəxr etmək istəyirəm. Düzdür, onların arasında zaman-zaman jurnalist olmaq söhbəti yaranıb. Amma onlara bununla bağlı yönləndirmə etmirəm. Düşünürəm ki, ola bilərlər. Hələ yaşları çox deyil deyə, dəqiq fikrə gələ bilməyiblər.
- Məmurluq həyatı, yoxsa televiziya mühiti?
- Əsas odur ki, silahım dəyişməyib. Silahım yenə qələmdir, müasir dillə desək, klaviyaturadır. Çünki yenə yazır, informasiya paylaşır, xidmətlərimizi insanlara çatdırır, gördüyümüz tədbirləri media ilə bölüşürük. Çalışıram ki, mediayla aramızda sədd olmasın. Media da bu xidmələrin cəmiyyətə çatdırımasında maraqlıdır. Çünki çox vacib bir sahədir. Cənab prezident bu layihəni yaradanda qarşıya qoyulan bir nömrəli məqsəd vətəndaşlara xidmət və vətəndaşların məmnunluğunun təmin olunması idi. Qurum fəaliyyətə başlayan gündən bu məqsədə doğru irəliləyir. Günü-gündən keyfiyyət artır. Məsələn, mərkəzdə sizin Elnur adlı bir tanışa ehtiyacınız yoxdur. Çünki xidmətlərimizlə bağlı istənilən suala asan cavab tapmaq imkanı yaradılıb. İstəyirsiniz, 108 çağrı mərkəzinə zəng edin, yaxud Feysbuk və İnstaqramdan bizimlə əlaqə saxlayın. Digər bir halda isə saytımızın çat bölməsi var, daxil olub, müraciətlərə cavab alın. Yəni, istənilən formada vətəndaş bütün bu xidmətlərdən yararlana bilər. Suala qayıdaq, bunun üçün xüsusi bir seçim etməzdim. Hesab edirəm ki, yenə də məqsəd eynidir.
- Jurnalist fəliyyətiniz dövründə mətbuat katibləri ilə müasibətiniz necə olub? Sullarınızı cavabsız qoyanlar olubmu?
- 15 il öncə bu qədər media qurumu yox idi. Mətbuat xidmətininsuallarını cavablandırdığı konkret 10-15 nəfər vardı. İndi Azərbaycanda mediaya göztərilən qayğının nətəcəsidir ki, kifayət qədər çox media ququmlarımız var. Fəal şəkildə fəaliyyət göstərənlər kifayət qədərdir. Jurnalist fəaliyyətim dövründə çox rahat işlədiyim mətbuat katibləri olub. Keçmişə yox, bu günə baxıram. Bu gün «Heç bir media qurumu ilə aramızda sədd olmamalıdır” prinsipi ilə işləyirik. Niyə? Çünki medianın işi sual ünvanlamaqdırsa, bizim də vəzifəmiz o sualları cavablandırmaqdır. Ümumiyyətlə, jurnalistlərlə yaxşı çalışan qurumların işləri keçirilən rəy sorğularının nəticələrindən də məlumdur.
- Boş vaxtlarınızı necə keçirirsiniz?
- Boş vaxt bu gün çox qəliz məsələdir, amma vaxt tapdıqca ailəmə həsr edirəm. Çünki ailəm mənim üçün ən böyük dəyərdir. Ailəmə ayırdığım vaxt az olsa da, çalışıram ki, o az müddətdə övladlarıma mümkün qədər çox qayğı göstərim.
- İdmanla aranız necədir?
- Məktəbdə oxuduğum illərdə hətta kulturizmlə məşğul olmuşam. Bu idmanın fiziki cəhətdən formalaşmağımda rolu olub. Nadir hallarda dostlarımla futbol oynayır və bir də piyada gəzməyə üstünlük verirəm. Güclü futbol azarkeşiyəm. “Qarabağ” Futbol Klubunun azarkeşiyəm. Hər zaman futbol oyunlarını izləyə bilməsəm də, Qarabağın oyunlarını canlı izləmək şansını qaçırmıram.
- Necə fikirləşirsiniz, bu il “Qarabağ” qrupdan çıxa biləcək?
- Mənim üçün fotbolun özü milli dəyərlərlə bağlıdır. Məsələn, “Neftçi” İtaliyanın “İnter” klubuna uduzanda əlimi stola necə vurmuşdumsa, əlimi sındırmışdım. Baxmayaraq ki, qatı “Qarabağ” azarkeşiyəm. Amerikada yerləşən erməni parkında əlimdə “Qarabağ” şərfiylə olan şəklim bir neçə il öncə sosial şəbəkədə çox paylaşıldı. “Qarabağ” FK bu il yeni oyunçularla formalaşdığına görə, həm azarkeşlər üçün, həm də Qurban Qurbanov üçün çətin oldu. Çünki yenilənmiş komandayla uğur qazanmaq hər dəfə mümkün deyil. Hətta “Qarabağ”ın qrupa düşəcəyini möcüzə kimi qəbul edənlər vardı. Lakin mənim kimi qatı azarkeşlər onun qrupa düşəcəyinə inanırdıq. “Qarabağ”ın qrupu ikinci kimi tərk edəcəyinə inanıram.
- Hansısa bir biznesiniz var?
- Heç vaxt bizneslə məşğul olmamışam. Bu barədə düşünməmişəm belə. Hesab edirəm ki, o sahədə uğur qazana bilməzdim.
- “ASAN xidmət” bu gün hansı uğurlu layihələrə imza atır?
- Bu gün “ASAN xidmət”in fəaliyyəti Avropa İttifaqı, Avropa Parlamenti, Böyük Britaniya Parlamenti, Fransa, Almaniya və digər ölkələrdə yüksək qiymətləndirilir. Özünəməxsus hüquqi strukturu olan bu model bir çox beynəlxalq tərəfdaşlar və ekspertlər tərəfindən təqdirəlayiq hesab olunur. Artıq Əfqanıstanda “ASAN xidmət” (Asan Khedmat) təsis edilib. Bundan başqa İtaliya, Koreya, Fransa, İndoneziya, Monteneqro və ISESCO təşkilatı ilə əməkdaşlığa dair “Anlaşma Memorandumu” imzalanıb. Hazırda bir sıra Afrika ölkələri: Mərakeş, Əlcəzair, Uqanda ilə əməkdaşlığa başlanılıb və bu istiqamətdə işlər davam etdirilir. - “ASAN xidmət” 2015-ci il Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətlərinin göstərilməsi sahəsində “Dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi” kateqoriyasında ən yüksək 1-ci yerə layiq görülərək xüsusi mükafat və diplomla təltif olunub.
- Sonda oxucularımıza nə demək istəyərdiniz?
- Keçmişi dəyişə bilmərik. Bu, reallıqdır. Amma keçmişdə yaşadıqlarımızı təhlil edərək gələcəyi doğru, bildiyimiz kimi formalaşdıra və eyni acıları bir daha yaşamaya bilərik. Odur ki, mənəvi olaraq sizi istismar edən insanları həyatınızdan çıxarmağı bacarmaq lazımdır. Heç kim qüsursuz deyil. Yəqin mən də nə vaxtsa kimisə incitmişəm. Həyat mənə onu da öyrədib ki, eqoist, sizə dəyər verməyən, ehtiyac duyduğun anda yanında olmayan insanları həyatınızdan çıxarın. Sizə dəyər verən insanlarla isə daha yaxın olun. Həqiqətən də qan qohumluğu vacib deyil, qəlb qohumluğunuz olsun, bu, sizə yetər.
Saytınızın adı çox dəyərlidir. Bu dəyəri hər zaman qoruyun. İşləriniz asan olsun. Uğurlar sizə...
Qeyd edək ki, filologiya üzrə fəlsəfə doktoru Elnur Niftəliyev həm də “Azərbaycanda siyasi jurnalistikanın təşəkkülü və inkişafı (1900-1920-ci illər)” adlı kitabın müəllifidir. Kitabın Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik tədbirləri çərçivəsində öncə Bakı Dövlət Universitetində, sonra Ankarada Azərbaycan və Türkiyə rəsmilərinin iştirakı ilə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un baş ofisində təqdimat mərasimləri gerçəkləşib.