4 sen 2018 14:25
İnsanları müşahidə etməyi sevirəm.
Metroda, avtobusda, yolda bəzən dəqiqələrlə dayanıb, gizli-gizli kiməsə baxıram. Görəsən, bu qadının baxımsız hala düşməsinin səbəbi nədir? Görəsən, bu dayı niyə bu qədər aqressivdir? Yaxud da, görəsən, bu qız makiyyajını etmək üçün səhər neçədə oyanıb? Apardığım bu müşahidələr hər dəfə beynimdə yeni insan tipi formalaşdırır. Bu yazımda həmin insanların bir neçəsindən söhbət açacağam.
Qara geyimli xalalar
Avtobusa tez minmək üçün sərnişinlərlə yarışa girən, yer üstündə gözü heç kimi görməyən, günün hər saatında yorğun görünən qara geyimli xalalar. Bu qadınların taleləri sanki üstlərindəki qiyafənin rənginə əks olunub. Qabarıq əlləri, üzlərindəki dərin qırışlar sanki insanla danışır. Aqressivlikləri yaşadıqları çətinliklərdəndir, bəlkə də. Həyat onları çox yorub, bari avtobusda 5-10 dəqiqə oturmaqla dincəlsinlər. Avtobusa minəndə, hərdən onlara fikir verin. Nə demək istədiyimi anlayacaqsınız...
Narazı dayılar
Bu insanları iş vaxtı parkda, yaxud da nərd masalarının arxasında görmək mümkündür. Jurnalistlərin “dostu” olan bu dayılara mikrofon uzatdınızsa, vay halınıza. Ay indiki cavanlar elə, belə. Sizin aldığınız təhsili, gödüyünüz işi yere vurub, “De, indi get”- deyə yola salırlar. Bu da sənin cavabın. Sorğuya gedən həmkarlarıma onlardan uzaq durmalarını tövsiyyə edirəm.
Qaqaş tiplər
Topuqdan yuxarı şalvar, butalı köynək, qulaqlıq və uzun saçlar. Sözün açığı, o tip insanları görəndə qeyri-ixtiyari olaraq narahatlıq hissi keçirirəm. Çünki geyindikləri şalvar kənardam hər an yerə düşəcəkmiş görüntüsü yaradır. Özlərini avtobusda daşıyıcı şirkətin, küçədə isə bələdiyyə sədrinin sevimli oğlu kimi aparırlar. Hərdən onları kənardan müşahidə edin. Dəvənin qanadının niyə olmadığını anlayacaqsınız.
Avtobus “qəhrəman”ları
Evdəki quzuların marşrutda canavara çevrildiyi tiplər. Hər cins və yaş kateqoriyasında müşahidə olunur. Bu insanlara daha çox günün pik saatlarında şəhərətrafı ərazilərdə fəaliyyət göstərən avtobuslarda rast gəlmək olur. Hər şey deyinməklə başlayır. Bu deyingənlik bir müddətdən sonra ətrafdakıların reaksiyası ilə cəsarətə çevrilir. Yaxşı halda isə qulağınız “gözəl” sözlər eşidir...
Görəsən, bizi özümüzə yadlaşdıran səbəblər nələrdir? Gələn yazımda bu mövzunu araşdıracam. Sevgilərlə...
Xəyalə Məmmədova