3 okt 2018 10:16
Metbuat.az-da “Medianın üzü” adlı layihəmizin məqsədi jurnalistikanı, medianı öz çiyinləri üzərində daşıyan insanları daha yaxından tanımaq və tanıtdırmaqdır. Media nümayəndələrini jurnalistlər yaxşı tanısa da, cəmiyyətdə heç də hamı yaxından tanımır. “Medianın üzü” layihəmizdə məhz medianın üzü olan şəxsləri daha yaxından tanıyacağıq.
Layihəmizin budəfəki qonağı “Trend” İnformasiya Agentliyinin Baş direktorunun müavini, politoloq Arzu Nağıyevdir. Arzu müəllim eyni zamanda uzun müddət təhlükəsizlik orqanlarında çalışıb. Vətəni, milləti üçün daima çalışan, mübarizə aparan, işinin peşəkarı və jurnalistlərin dostu olan Arzu müəllim bu il 55 illik yubileyini qeyd edib.
- Arzu müəllim, sizin haqqında məlumatları oxuyanda gördüm ki, Tovuz rayonunda həkim ailəsində doğulmusuz, eləmi?
- Doğrudur, həkim ailəsində doğulmuşam. Atamla-anam Tibb Universitetində bir yerdə oxuyublar, ancaq onların təyinatı Oğuz rayonuna verilib. Mən də Oğuzda, Baş Layısqı kəndində doğulmuşam. 1-2 yaşımdan sonra isə yenidən Tovuza qayıtmışıq. Özümü tovuzlu hiss edirəm, başqa yerdə anadan olsam da. Orta məktəbi də Tovuzda oxumuşam, Yusif Sadıqov adına Bozalqanlı kənd orta məktəbində. 1970-ci ildə məktəbə getmişəm, 1980-ci ildə isə həmin məktəbi qızıl medalla bitirmişəm. Dəqiq elmlərə, riyaziyyat, fizika, kimyaya çox maraq göstərmişəm. Demək olar ki, Respublika fənn olimpiadalarında həmişə ən yüksək yerləri tutmuşam, dünya olimpiadasında iştirak etmişəm. Kvantın olimpiadalarında da iştirak etmişəm, yaxşı oxuyan olmuşam. Biz evdə belə tərbiyə olmuşuq ki, hər birimizyaxşı oxumalı, idmanın bir növü ilə məşğul olmalı, musiqi alətlərindən birində ifa etməyi bacarmalı, mütləq sağlamlığımızın qeydinə qalmalı və heç olmasa bir xarici dil bilməliyik. Mən də idmanla məşğul olmuşam, dərslərimi yaxşı oxumuşam, pianoya getmişəm, rus dilini öyrənmişəm. Ailədə 7 nəfər olmuşuq, anam-atam, 3 qardaş, 2 bacı.
- Bəs, ali təhsilinizi harada almısız?
- Moskva İdarəetmə İnstitutununda Tikinti və şəhər təsərrüfatının idarə edilməsinin təşkilini bitirmişəm, mühəndis-iqtisad fakültəsində oxumuşam. İnstitutu bitirdikdən sonra tikinti trestində işə başlamışam. Sonra ictimai işlərlə məşğul olmuşam, Komsomolda da çalışmışam. 1989-cu ildə isə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin ali kurslarına daxil olmuşam və 1991-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişəm.
- Seçimlərinizdə ailənizin təsiri olub, yoxsa hamısı öz istəyinizlə olub?
- Biz elə bir ailədə böyümüşük ki, heç kimə deyilmirdi ki, konkret olaraq bu sənəti seç. Heç təsəvvürümə də gətirməzdim ki, nə zamansa Milli Təhlükəsizlik orqanının əməkdaşı olacam. SSRİ dövrü bir az başqa cür idi. Çox maraqlıdır ki, anam-atam həkim olsalar da, mənim həkim olmağımı istəməyiblər. Heç mən də istəməmişəm, çünki o hövsələ məndə olmayıb. Biz görmüşük ki, atam-anam doğrudan da necə çətinliklər çəkiblər, həqiqi həkim olublar. Ona görə mən təsəvvür eləmirdim ki, məndən həkim olar.
- Bəs, ailədə ana-atanızın sənətini davam etdirən varmı?
- Hə, bacım həkimdi.
- Fərqli iş yerlərində çalışmısız, ona görə karyeranız bizə maraqlıdır
- Dövlət Təhlükəsizlik Komitəsinin kurslarını bitirdikdən sonra Bakıya gəlmişəm. 1989-cu ildən başlayaraq 2011-ci ilə qədər Milli Təhlükəsizlik sistemində işləmişəm, əməliyyat müvəkkilindən şöbə rəisinə qədər işlərdə çalışmışam, oradan da təqaüdə çıxmışam. İşlədiyim müddətdə ən aktual sahələrdə, istər narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə, istər qeyri-leqal miqrasiya, kütləvi qırğın silahlarının komponentlərilə mübarizə idarəsi və ərazi orqanlarında xətlər üzrə əks-kəşfiyyat fəaliyyəti həyata keçirmişəm. Konkret olaraq nə işlərdə çalışdığım isə yəqin ki, o qədər də əhəmiyyət kəsb eləmir.
- Zabitsiz eləmi?
- Bəli, mən Milli Təhlükəsizlik Nazirliyinin zabitiyəm, təqaüdə də polkovnik kimi çıxmışam. Buna görə də təqaüd alıram.
- Sizin haqqınızda məlumatlara baxanda gördüm ki, həm də Azərbaycan Yazıçılar Birliyinin üzvüsüz. Bu haqda məlumatım yox idi, ona görə maraqlı gəldi
- Bəli, 2001-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüyəm, 7 kitabım çap olunub. Onlardan eləsi var şeirlər, hekayələr, təmsillərdir. Narkotik vasitələrin qanunsuz dövriyyəsilə bağlı “Qara kabus” adlanan kitabım var ki, indi də gömrük orqanlarında, daxili işlər orqanlarında istifadə olunur. Bundan əlavə isə verdiyim açıqlamalarla bağlı “1001 günün siyasəti” adlı kitabım da var. Bu geniş auditoriya üçün də nəzərdə tutulub, qapalı auditoriya üçün də. Yəni, bacardıqlarımı yazmışam.
- Amma bədii yazılarınızı paylaşmırsız, görmürük heç
- Bilirsiz necədir, qarşıma məqsəd qoymuşam ki, mən əgər siyasətlə məşğul oluramsa, bununla bağlı paylaşmalıyam. Yəqin ki, hər şeyin bir uyğun vaxtı var. Ədəbiyyata, bədii məsələlərə çox getməmişəm, daha çox siyasi məsələlərə getmişəm. Şairlik, yazıçılıq Allah vergisidir, amma bu mənim peşəm deyil.
- Sizin bölgədə doğulanlar daha çox yaradıcılığa meylli olur
- Ola bilsin bölgənin də təsiri olub, ancaq dediyim kimi, şair və yazıçı olmaq gələn təbdən asılıdır, eyni zamanda gendən də asılıdır. Elə məsələlər var ki, o, doğrudan da bir vergidir. Heç bir kitab-dəftər oxumaqla o fikirlər gəlmir, sadəcə misralar naminə sözləri bir-birinə qoşub şeir yazmaq isə inandırıcı olmaz.
- Arzu müəllim, bizim sahəyə, mediaya gəlişiniz necə oldu?
- 2011-ci ildə təqaüdə çıxanda “Trend” İnformasiya Agentliyinin rəhbərliyi məni işə dəvət etdi. Rəhbərliklə hər zaman çox mühüm əlaqələrim olub. Vaxtilə bir yerdə işləmişik, Dağlıq Qarabağda gedən mübarizədə, müharibələrin ilkin döyüşlərində tanış olmuşuq. Hər ikimiz veteran olmuşuq. Dostluğumuzun, yoldaşlığımızın davam etməyinə baxmayaraq, o mənim rəhbərimdir. Təbii ki, təxminən il yarım mənə bir az çətin olub. O mənada ki, əməliyyatçılar əsasən yazmağı yaxşı bacarırlar, amma yaxşı danışğamı bacarmır. İl yarım mən bu istiqamətdə öz üzərimdə demək olar ki, yeni bir universitet keçmişəm. Spesifikasına uyğun olaraq hər iki sahənin bir az yaxınlığı da var. O sahədə də gərək informasiyanı almaq üçün mənbən ola, bu sahədə də. Sadəcə olaraq, orada leqallaşdırmaq başqa cürdür, bu sahədə isə o mənbələri leqallaşdırmaq tamam başqa cürdür. Ancaq hər ikisinin konfedensiallaşması üçün əlindən gələni etməlisən.
- Mediaya gəlişinizə peşman olmadınız ki?
- Xoşbəxt o insandır ki, evdən işə tələsir, işdən də evə. Düzdür, mən o qədər də ev kişisi də olmamışam ki, həmişə evə tələsim (gülür). Ancaq doğrudan da sevdiyim işlə məşğulam. Gözəl kollektivimiz var, həm kollektivin özü çox savadlıdır, həm də peşəkarlıq baxımından həqiqətədən də seçilən kollektivdir. Mən də çalışıram ki, kollektivimiz üçün əlimdən gələni edəm. Bəzən alınır, bəzən alınmır, ancaq çalışırıq ki, markamızı saxlayaq.
- Bəs, siyasi açıqlamalar verməyə nə zamandan başlamısız?
- Media sahəsinə gələndən təxminən 1 il sonra əvvəlcə Orta Asiya ilə bağlı açıqlamalar verməyə başladım. Təbii ki, keçdiyim məktəb buna imkan verib ki, mən bu açıqlamaları verə bilim. Sadəcə olaraq bunu oxucuya, çatdırılacaq dilə çevirmək lazımdır. Gərək elə səhv etməyəsən ki, sənə gülələr. Həm də ki, müasir tələblərə uyğun olaraq bacardığım qədər çalışmışam ki, lakonik şəkildə danışım və ekranın digər tərəfindəki adam məni başa düşsün.
- Politoloq kimi illərdir jurnalistlərlə çalışırsız. Mən özüm də daima sizinlə çalışıram, sizinlə çalışan digər jurnalistlərdən də hər zaman eşitmişəm ki, Arzu Nağıyev kimi politoloqla işləməkdən çox razıdılar. Bəs, siz bizdən narazı deyilsiniz ki, bezmirsiniz?
- Mən bilirəm ki, bu sizin işinizdir. Bu məlumat kimdənsə alınmalıdır, yəni, bu sizin həyat tərzinizdir. Hər bir insan öz işini öz həyat tərzinə çevirir. Başa düşürəm ki, mənim verəcəyim açıqlama ilə bağlı ya həmin jurnalist qonorar alacaq, ya maaş alacaq, verilən tapşırığı yerinə yetirəcək. Mən özüm jurnalist kollektivində çalışdığım üçün onların hansı çətinliklərinin olduğunu çox yaxşı başa düşürəm. Açıqlama olmasa, mənbə olmasa, bu fikirləri çatdıran bir şəxs olmasa, jurnalistlər üçün çox çətin olar. Ancaq elələri var ki, qeyri-peşəkar olduqlarına görə, çalışıram ki, heç onlarla təmas qurmayam. Onlara da cavab verirəm, ancaq hiss olunur ki, qeyri-peşəkar olanda verdiyi sual hər şeyi əhatə etmir. Məsələn, tez-tez çalışırlar ki, mənim keçmiş peşəmlə bağlı suallar versinlər, amma bəlkə də heç onun özünün o məsələlərdən xəbəri yoxdur. Heç bilmir ki, soruşduğu nə məsələdir. Sadəcə olaraq desinlər ki, Arzu Nağıyevə bu sualı verdik, cavab verdi, bundan nəsə bir şey yaradaq. Hiss edirəm ki, o sualı verən jurnalist bunu sensassiya üçün edir. Belə məsələlər də var. Ancaq ümumi olaraq jurnalistlərlə işləməkdən yorulmuram, onlarla işləmək mənə xoşdur.
- Arzu müəllim, çox gərgin iş həyatınız var. Hər zaman verilişlərə qatılırsız, tədbirlərdə iştirak edirsiz, bütün günü zənglərə cavab verirsiniz, açıqlamalar verirsiniz, media işi, bütün bunlar sizi yormur ki?
- Bu artıq mənim həyat tərzimə çevrilib. Ola bilsin əvvəllər yorulurdum, artıq bu mənim həyat tərzimdir. Ümumiyyətlə həyatı plana uyğun qurmağa çalışmışam. Səhər işə gələndə artıq bu gün nə edəcəm, sabah nə edəcəm bilirəm. Yəni, təxmini bu gün və yaxın gələcəkdə nə edəcəyimlə bağlı planlarımdan xəbərim olur. Ola bilsin bu mənim oxuduğum institutla bağlıdır. Dediyim kimi, Moskva İdarəetmə İnstitutunda oxumuşam, bu SSRİ vaxtı biznes menecerlər, idarəedənlər hazırlayan bir universitet olub. Bəlkə də oradan artıq belə öyrəşmişəm ki, həyat planlı və sənədli şəkildə olmalıdır. Təbii ki, gözlənilməyən fors-major hallar da olur, lakin çalışıram ki, həyatımı plana uyğun quram. Çətin zəmanədir, hər insanın öz nəbzini tutmaq lazımdır, hər bir şəxslə də söhbət edəndə fikirləşmək lazımdır ki, nə danışırsan, necə danışırsan, sənə böyük bir auditoriya baxır. Bəlkə də 100-ü sənin danışmağını istəyirsə, 500-ü bunu istəmir. Çalışmışam ki, bunu öz həyat tərzimə çevirəm.
- Bilirəm ki, çox həyatsevər insansınız və zaman da sizin üçün çox dəyərlidir. Ona görə mənə maraqlıdır ki, boş zamanınız olanda onu necə dəyərləndirirsiniz?
- Düzünü deyim ki, elə çox boş zamanım olmur. Təsəvvür edin ki, spesifik qaydamız budur ki, hər səhər 09:00-dan iş başlayır. Bəlkə də keçmiş işimdən elə adət etmişik ki, bütün ailəmiz saat 07:00-dan artıq ayaqda olurlar. Hamımız tezdən oyanırıq, hamının öz işi-gücü, hazırlaşmağı və s. Cavan olanda fikirləşirdim ki, vaxt nə gec gedir. Amma indi o qədər sürətlə gedir ki, özün də bilmirsən. Uşaq olanda deyirdilər ki, nə qədər ki, uşaqsınız, cavansınız vaxt gec gedir, yaşa dolduqca sürətli olacaq. İndi doğrudan da zaman o qədər sürətlə gedir ki, artıq aktiv ömrünün nə qədər qaldığını da düşünürsən ki, bunu nəyə həsr edim. Şükür ki, həyatımdan narazılığım olmayıb.Həyatdan, güldən-çiçəkdən, ümumiyyətlə bütün gözəlliklərdən çalışmışam ki, zövq alam. 55 yaşım tamam olanda haqqımda yazı yazılmışdı, adı “Yaxşılıq etmək üçün yaşayan insan” idi. Həmişə fikirləşirəm ki, qarşımdakı insana yaxşılıq edə bilmirəmsə, heç pislik də etməyim.
Təbii ki, yaxşı kişi olmaq, hələ yaxşı işçi olmaq demək deyil, bunlar çətin məfhumlardır. Hamıya eyni gözlə, eyni yanaşma ilə baxmaq da çətindir. Amma çox şükür ki, yaxşı dostlarım olub, yaxşı rəhbərlərim olub, məni başa düşən ailəm olub. Sağ olsunlar ki, mənə bugünkü şəraiti yaradıblar. Elə bilməyin ki, orqanlardan təqaüdə çıxan hər bir şəxsə belə bir iş təklifi olunur. Bu məsələlərin hamısına görə çox sağ ol deməyi, təşəkkür etməyi bacaran insanam və çalışıram ki, həmişə də elə olsun. Eyni zamanda, özümün rəhbər olduğum təşkilatlarda da çalışıram ki hər bir görülən işə görə işçilərə təşəkkür eləməyi, bacaram. Kiminsə xətrinə dəyəndə də elə dəyməlisən ki, o adam bilsin ki, bu söz ona niyə deyildi?
- 55 yaşdan danışdıq Arzu müəllim, bu 55 illik ömrə hər şeyi sığdıra bilmisiz?
- Mən bu misalı tez-tez çəkirəm, Şimon Peres təxminən 90 yaşı olanda belə İsralin prezidenti olub, o, İsrail prezidenti olanda soruşublar ki, siz özünüzü qocalmış, yaşlı hiss edirsiz? O isə deyirdi ki, “əgər arzularımla həyata keçirdiyim işlərin arasında fərq varsa, bunu gərək müqayisə edək”. Yəni, bu gün mənim hələ həyata keçirmək istədiyim arzularım var, onları həyata keçirməliyəm. Mən bəlkə özümü heç 55 yaşımda hiss eləmirəm, hələ qocalığı boynuma almıram (gülür). Qarşıda görüləcək işlər çoxdur.
Görmək istədiyim işlər çoxdur, həm Qarabağda, həm burada çox əziyyətlər çəkmişəm, hələ o qələbə xəbərini eşitmək istəyirəm. Təbii ki, bir valideyn kimi övladlarımın övladlarını görmək istəyirəm. Ona görə də 55 yaş hələ elə böyük yaş deyil. Ancaq bu yaxınlarda ad günü olan məşhur insanlardan biri belə söz dedi ki, elə bilirəm 200 il ömür yaşamışam. Mən də düşünürəm ki, doğrudan da elə bil 100-150 il ömür yaşamışam.
Ömrümün əsas çiçəkliyən vaxtında, Qarabağ müharibələri başlayan zamandan, 1988-ci ildən 2018-ci ilə qədər 30 il vaxt keçib. Bu 30 ildə sanki ibtidai icma quruluşundan kapitalizmin ən acı pik nöqtəsinə qədər bütün formasiyaları keçmişəm, bu hər insana qismət olmur. Bu, bizim yaşadığımız dövrə qismət olub. Ona görə də bu gün desəmdə ki, 55 yaşım var, amma bəlkə çoxunun 100 ilə görmədiklərini 55 ildə görmüşəm.
- Ürəyinizdə qalan, görə bilmədiyiniz bir iş olubmu bu illər ərzində?
- Bir dəfə mənə sual verdilər ki, “xoşbəxtsinizmi?”. Dedim ki, o insan deyirsə ki, “xoşbəxtəm”, demək onun ümumiyyətlə psixikasında, psixologiyasında çatışmazlıq var. Xoşbəxt anlar yaşamaq olar, hansısa xoşbəxt gün yaşamaq olar. Desəm ki, bütün arzularımı həyata keçirmişəm, təbii ki, bu, qeyri-mümkündür.
Hər bir insan bilir ki, sonu ölümdür, axirətdir. Təbii ki, bunun nə vaxt olacağını heç kim bilmir. İnsan ölümünün vaxtını bilsə, təsəvvür edin ki, kainat nə günə düşə bilər? Arzular çoxdur, həyata keçiriləcək məsələlər çoxdur. Bunlar içərisində Vətən üçün, ailəm üçün, özüm üçü, xalqım üçün də var. Desəm ki, bütün işlərimi görmüşəm, bitirmişəm, bu inandırıcı olmaz.
- Qarabağda keçirdiyiniz günlər, orada apardığınız mübarizə, bütün bunlar bizə maraqlıdır...
- Bu təxminən 1990-cı ildən başlayıb. O vaxt ordu yox idi, çox xaotik vəziyyət idi. Təsəvvür edin ki, Milli Təhlükəsizlik Nazirliyinin zabitləri əllərində silah o kəndləri qoruyurdu. Təbii ki, orada polis də varidi, xüsusi xidmət dəstələri də var idi, amma ordu formalaşmamışdı. Biz bilirdik ki, Dağlıq Qarabağ ərazisində, ona bitişik rayonlarda, sərhədlərdə bizim arxamızda yalnız vətəndir və bizdən başqa heç kim yox idi, orada olan analarımızın, bacılarımızın qeyrətini biz qorumalıydıq. Ona görə də bu, bizim üçün şərəf idi. Alnımda gəzdirdiyim Azərbaycanın gerbini,çiynimdəki mələk kimi olan Azərbaycanın bayrağı rəngində olan paqonumdan həmişə fəxr etmişəm. Bu şişirdilmiş sözlər deyil. Mən həmişə Vətən üçün, torpaq üçün nəsə edəndə bununla fəxr eləmişəm.
Qarabağ və ətrafındakı rayonlar elə yerlərdir ki, kiminsə intriqalarına, siyasi oyunlarına qurban gedib. İndi də başda dövlət başçısı olmaqla hamı nə qədər çalışsa da, diplomatik sahədə də, digər sahələrdə də müəyyən qədər irəliləyiş əldə olunsa da, ümumilikdə çox çətin prosesdir. Bunun başlanğıcında nə qədər acınacaqlı məsələləri görsək də, amma şərəfli günlərimizi də yaşamışıq. O dövrdə günlərlə evdə olmamışam, uşaqlar balaca olub, çox vaxt heç bilməyiblər biz hardayıq, şükürlər olsun ki, heç kimin yanında üzü qara olmamışıq. Qarşımıza qoyduğumuz məsələlərin hamısını yerinə yetirmişik. Artıq ordu formalaşanda biz ordunun həyata keçirəcəyi funksiyadan geri çəkilmişik və o ərazilərdə xüsusi xidmət orqanı kimi fəaliyyət göstərmişik.
- O günlərin fiziki olaraq ağrısı qalmayıb canınızda?
- Həm fiziki, həm də mənəvi ağrıları qalıb. Hətta politoloq kimi çıxış edəndə, siyasi şərhlər də verəndə deyirəm ki, mənim onlarla öz haqq-hesabım var.
- Bəs, həm o yerlərdə mübarizə aparan zabit kimi, həm politoloq kimi bu məsələnin həllini necə görürsüz?
- Bilirsiz, təbii ki, müharibə təkcə səngərdə getmir. Diplomatik sahədə gedir, xüsusi xidmət orqanları səviyyəsində gedir, bütün regional və qlobal oyunçular burada rol oynayır. Acınacaqlı vəziyyətdir ki, çox vaxt beynəlxalq təşkilatlar bu məsələyə ikili standartla yanaşır. Təsəvvür edin ki, Birləşmiş Millətlər Təşkilatının 4 qətnaməsi var, amma bunun icra mexanizmi yoxdur. Necə ola bilər ki, bu qətnamələr yerinə yetirilməsin? ATƏT-in Minsk qrupunun həmsədrləri BMT Təhlükəsizlik Şurasında təmsil olunan 3 dövlətdir, onların birbaşa Ermənistana sanksiyalar tətbiq etmək hüququ da var, təsiretmə hüququ da. Bunlar hamısı ikili standartla yanaşmalardır. Bu o vaxt olacaq ki, indi də elə ona doğru gedilir, regional aktorlarla bizim münasibətlərimiz düzəlir və Ermənistanı onlar istəsə də, istəməsə də istər güclə, istərsə də digər vasitələrlə danışıqlar masasına əyləşdirmək lazımdır. Məlum məsələdir ki, 2016-cı ildə bir dəfəyə hansı reallıq oldu.
2016-cı il hadisəsi Paşinyanı hakimiyyətə gətirdi, Sarkisyanın dairəsini darmadağın elədi. Bunun ilk səbəbi bəlkə də bizim 3-4 gün etdiyimiz müharibədir. Bunu ermənilər də başa düşür, bütün dünya da. Başa düşür ki, Azərbaycan istənilən vaxt öz ərazisində anti-terror əməliyyatı keçirəcək, keçirmək hüququ da var. Sadəcə olaraq ən pis sülh ən yaxşı müharibədən yaxşıdır. Mən heç vaxt istəmərəm ki, kiminsə ailəsində şəhid olsun. Şəhidin qədrini şəhid verən bilər, Vətənin qədrini Vətəni itirən bilər. Bunlar elə məsələlərdir ki, birbaşa biz müharibə ilə belə edəcəyik deməklə olmur, onda gərək ancaq müharibə qanunları ilə hərəkət edək, onda gərək bütün inkişaf dayana, hamı müharibə üçün, torpaq üçün çalışa. Bu da elə müharibəyə çevrilər ki, bütün region yanar. Ən yaxşısı güc naminə, digər istiqamətlərdə erməniləri danışıq masasına əyləşdirməkdir.
- Arzu müəllim, bu söhbət açıldığı vaxt istərdim buna da aydınlıq gətirəsiz. Nəyə görə, ölkəmiz bu qədər təzyiqlərlə üzləşir?
- Heç bir xarici siyasətdə dost məfhumu yoxdur. Bir tək Türkiyədir ki, biz onlarla 99% ümumi maraqdan çıxış edə bilirik. Dünyada bunun analoqu yoxdur. Ümumi maraqlardan çıxış edən az-az dövlətlər var. Təsəvvür edin ki, müsəlman olaraq daha çox şiə cərəyanına uyğun olan bir dövlət eyni anda İsraillə də dostluq edə bilir, İranla da. Yəhudi icması burada çox rahat yaşayır. Bunlar təbii ki, spesifik misallardır. Yəni, bizdə milli və dini, etnik baxımdan heç bir müharibə yoxdur. Təbii ki, bunu istəməyən çoxdur. Dəfələrlə dünya səviyyəsində çox böyük rəhbərlər Azərbaycanı bir etalon kimi göstərmək istəyiblər ki, görün maarrifçi dinlə necə olur. Azərbaycan elmə söykənmiş, heç bir dini radikalizmin olmadığı ölkədir. Bu baxımdan aranı qarışdıran, dava salmaq istəyənlər çoxdur. Bizim nə qədər cavan uşaqlarımızı internet və digər vasitələrlə cəlb edib Suriyada döyüşə apardılar, hətta çalışırlar sünni-şiə məsələsini yaratsınlar.
Biz həm də neft ölkəsiyik, bu da əsas məfhumdur. Eyni zamanda biz Avropanın və Asiyanın qovuşduğu elə bir yerdə yerləşmişik ki, həm Asiyanın təsiri var, həm də Avropanın. Mən səmimi deyirəm ki, nə yaxşı ki, bizim ölkənin bütün bunları dərk edən prezidenti var. İlham Əliyev demək olar ki, bütün bu istiqamətlərdə öz işini çox mükəmməl qurub. Məlumdur ki, Dağlıq Qarabağ məsələsinin həllində Rusiya amili çox mühümdür. Ona görə bizim Rusiya ilə münasibətlərimiz elə bir səviyyədə qurulmalıdır ki, bu məsələlərə təsir imkanı olsun, eləcə də İranla, Türkiyə ilə, Pakistanla, digər dövlətlərlə. Bütün bunların hamısı fikrimcə, elə bir səviyyədə qurulur ki, ölkəni bu vəziyyətdən çıxarsın.
İqtisadi islahatlara baxanda, bu gün Azərbaycan, böyük bir keçmiş dillə desək karvansaraya çevrilib. Tranzit yolların burdan keçməsi, İpək yolunun bərpası, Dəniz Limanının bərpası, neft-qaz müqavilələrinin dünya səviyyəsində qəbul edilməsi, bütün bunlar çox çətin məsələlərdir. Bunlar son 20-25 ilin qələbələridir. Bundan əlavə, ölkənin hərbi baxımdan qüdrətlənməsi də rol oynayır. Dediyim kimi, 1990-1991-ci illərdə avtomatı əlində tuta bilməyən, eyni zamanda hər bir mərmi üçün kimdənsə xahiş edənin bu gün özünün hərbi potensialı var, ən müasir silahlarla silahlanmış ordusu var, eyni zamanda, çox mühüm əhəmiyyət kəsb edən kadr potensialı var. Bu bizimkidir, çox çətinliklə əldə olunmuş zəhmət hesabınadır. Ölkənin suverenliyini, ərazi bütövlüyünü qorumaq, milli təhlükəsizliyə, dövlət təhlükəsizliyinə təhdidin qarşısını almaq, bir də insanların rifahı, bu məsələləri birləşdirəndə bu dövləti yaşatmaq mümkündür, başqa cür çətin məsələdir.
- Ölkəmizə təhdid çoxdurmu?
- Mən sizə bir peşəkar kimi deyim bu təhdid məsələsi nədir? Təsəvvür edin ki, Amerika Birləşmiş Ştatlarında 11 sentyabr hadisəsi olana qədər ABŞ dini radikal məsələlərdən doğan terroru təhdid saymırdı. O hadisə baş verəndən sonra bunu da təhdid saydılar. Hər bir dövlətə istər iqtisadi, istər siyasi, istər təbii fəlakət, istərsə də digər istiqamətlərdə təhdidlər ola bilər. Azərbaycanda da məlum məsələdir ki, bunsuz mümkün deyil. Yəni, iqtisadi təhdid, siyasi təhdidlərin qarşısını almaq üçün tam şəkildə əməliyyat şəraitinə nəzarət eləmək lazımdır ki, harda o təhdidlər varsa, onun qarşısını almaq üçün addımlar atmaq lazımdır. Heç bir dövlət terrordan sığortalanmayıb. Həmin istiqamətdə, bunun qarşısını almaq üçün addımlar atmaq lazımdır. Heç bir dövlət təbii fəlakət təhdidindən sığortalanmayıb, buna da hazır olmaq lazımdır. Bu hazırlıqların da hamısı iqtisadi inkişafdan, siyasi sözünü demək bacarığından asılıdır ki, səni bir dövlət kimi tanımalıdılar. Baxın, Azərbaycan heç bir hərbi blokda yoxdur, öz siyasətini yürütdüyünə görə, çoxları bizimlə razılaşır. Ona görə bu gün Azərbaycanın yürütdüyü siyasət çox çətin, ağır və düzgün siyasətdir.
- Arzu müəllim, medianın içində olan adamsız, sizcə, mediamızın bu gün hansı problemləri var?
- Medianın əsas problemi kadr məsələsi, kadr potensialı və kadra veriləcək qiymətdir. Azərbaycanda şükürlər olsun ki, dövlət başçısı bütün media işçilərini dostu elan edib, deyib ki, “jurnalistlər mənim dostumdur”. Media da çalışır, əlindən gələni edir ki, Azərbaycan reallıqlarını dünyaya çatdırsın. Media işçilərinin sosial məsələləri, onların mənzillə təmin olunması məsələləri həll olunur, bu, dünyada analoqu olmayan işdir. Təbii ki, hamı razı ola bilməz, razısı da var, narazısı da, amma mənim aləmimdə kadr potensialı güclü olmalıdır.
Eyni zamanda sən mediasansa, sənə istinad edilən yazılar olmalıdır, xarici ölkələrdə Azərbaycanın naminə yazılar çap olunmalıdır və sənə istinad olunmalıdır, peşəkar olmalısan. Bunlar olandan sonra mediada problemlər olmur. Təbii ki, problem yaradan qüvvələr daima olacaq. Media rəhbərindən də çox şey asılıdır ki, işçiyə elə qiymət verməlidir ki, onun işçisinin adı hansısa səbəbə görə gələcəkdə reket kimi hallanmasın.
- Yenidən sizə qayıdaq, gəncliyinizi ürəyinizcə yaşaya bilmisiz, yoxsa?
- Gəncliyim 1980-ci illərə düşüb, Moskvada tələbə olmuşam. İnstitutu bitirəndən sonra 1985-ci ildən tikinti trestində işləmişəm. SSRİ-nin məktəb tərbiyəsi daima qalıb. Mənə həm də normal yol göstərən ətrafım, böyüklərim olub. Yaxşı dostlarım olub. Ona görə də narazılıq etsəm ki, pis gəncliyim olub, inandırıcı olmaz. Bir gəncə lazım olan mənəvi dəyərlərin hamısından özüm üçün nəsə götürmüşəm.
- Arzu müəllim, torpağa bağlı adamsız, bunu elə “Facebook”dakı paylaşımlarınızdan da görmək olur
- Mən Tovuzda böyümüşəm, orta məktəbi orada oxumuşam. Orda mənim yadıma düşən elə məfhumlar var ki, onsuz yaşaya bilmərəm. Bir istiqamət var, onsuz da hamı rəhmətə gedəcək, ya Tovuz oldu, ya Bakı fərq eləməz. Orada mənim anamın ruhu var, babalarımın ruhu var, babalarımdan da öncə yaşamış ulu babalarımın ruhu var. Mən bunları necə unuda bilərəm? Vətən təbii ki, anadan olduğun, böyüdüyün yerdən başlayır və böyüyə-böyüyə də gedir. Azərbaycan mənim üçün ən gözəl Vətəndir. Mənə desələr ki, “get xaricdə yaşa”, yaşaya bilmərəm. Çünki mənim burda etdiyim zarafatlar, dostlar orada yoxdur. Hansı xarici ölkəyə getsən, orada ikinci dərəcəli adam olursan. Amma mən özümü Azərbaycanda elə hesab edirəm ki, kimə nə desəm xəyrinə dəyməz, o da mənə nə desə, mənim də xətrimə dəyməz. Ona görə də mən torpağa, Vətənə, elə-obaya çox bağlıyam.
- Bəs, özünüzü yerlipərəst adam hesab etmirsiz ki?
- Mənim üçün pis və yaxşı var, fərqi yoxdur o kimdir, nəçidir, hardan gəlib, harada doğulub, məramı-məqsədi nədir. Həmişə deyirəm ki, kənarda doğulan yaxşıya can da qurbandır, nəinki yerlin olan pis adama. Mənim üçün o yerlimdir, kimdir, bu cür məsələlər ikinci dərəcəlidir. Mən babalarımla necə fəxr edirəmsə, istəyirəm gələcəkdə nəvələrim də mənimlə o cür fəxr eləsin. Yəni, bir qalib kimi, qələbə çalmış Vətən oğlu kimi. O dövrdə faşizm üzərində babalarımız qələbə çalıb, qəhrəman olub. Mən də istərdim ki, Qarabağda qələbə çalaq ki, mənim də nəvələrim gələcəkdə desin ki, “babam qəhrəman olub”.
- Müəllim, keçmiş işinizə uyğun olaraq xarakterinizdə sərtlik qalmayıb və ailəniz bu sərtlikdən narahat olmayıb?
- Düşünmürəm ki, indi elə bir sərtlik qalıb, artıq mənim yaşım o yaş deyil ki, sərtlik edəm. Vaxtında olub, indi isə çalışıram ki, həmin o məsələlərə başqa gözlə, başqa rakursdan baxam. Əslində elə bir sərtliyim də olmayıb, sadəcə olaraq mən işimi yerinə yetirmişəm. Belə bir söz var, mən də ona uyğun olaraq deyim ki, 20 yaşında gözəl, 30-da güclü, 40-da imkanlı, 50-də ağıllı olmayan kişi kişi deyil (gülür). 20 yaşında gözəlliklə fəxr eləmək olur, 30 yaşında güclə, 40 yaşında imkanla, 50-də isə ağılla. Yəni, bu yaşın spesifikasıdır. Ona görə də artıq mən fikirləşməliyəm ki, yerdə qalan aktiv həyatımı necə yaşayım.
- Həyatda uğur qazanmağı bacaran adam kimi, sonda oxucularımıza nə məsləhətiniz olardı?
- Oxucularımıza demək istəyirəm ki, həyatda iki şeyin dəyərini mütləq bilsinlər – sağlamlığın və vaxtın. Sağlamlıq və vaxtdan başqa yerdə qalan məsələləri həll eləmək olur. Daima öz üzərlərində çalışsınlar ki, sonradan peşman olmasınlar.
Günay Elşadqızı / METBUAT.AZ