METBUAT.AZ

Ölkə

​“Zavodda 4 çilingər işləmişəm”

9 okt 2018 10:02

Metbuat.az-da “Mətbuat katibləri” layihəsi çərçivəsində hər dəfə dövlət qurumları, özəl təşkilat və müəssisələrdə çalışan mətbuat katibləri ilə sizi yaxından tanış edirik.

Bu dəfə müsahibimiz Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədovdur.

Metbuat.az Vaqif Əsədovla olan müsahibəni təqdim edir:

- Vaqif müəllim, sizi daha yaxından tanımaq istərdik. Neçənci ildə, harada dünyaya gəlmisiniz?

- Valideynlərimin dediyinə görə, Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olmuşam. Onları itirmişəm, bir bacım var. Düzü, kövrəlirəm. Kaş anam yanımda olardı. O olanda dərdim-sərim yox idi, sonra problemlər başladı. Artıq 16 ildir... O vaxt yaşım 40-dan artıq idi, özüm də valideyn idim, amma o yaşayanda evdəki problemlərin 90%-nı həll edirdi. Anamızı itirdikdən sonra bacımla birlikdə yaşamağa qərar verdik. 16 ildir bacı-qardaş 4 divar arasında, sərhəd olmadan birlikdə yaşayırıq. 11 sot böyüklüyündə həyətimiz var. O da, mən də öz ailəmizdə bir evdə yaşayırıq. Eyni qapıdan həyətə daxil olub, eyni mətbəxdə yemək yeyirik. Bir yerdə yaşamaq, nəfəs almaq xoşbəxtlikdir.

- Məktəb illərinizdən danışaq. Necə şagird olmusunuz?

- Birinci sinfə Əkbər Ağayev adına 3 nömrəli orta məktəbdə başlamışam. Daha sonra Məhəmməd Füzuli adına Ordubad İnternat məktəbində oxumuşam. O dövrdə əsl oxumaq vardı, təhsil indiki kimi texnologiya hesabına asan deyildi. Dərsdən qalmaq, getməmək, müəllimlərin bir sözünü iki etmək, onların dediklərinə qarşı çıxmaq təsəvvürümüzə belə gəlməzdi. Ümumiyyətlə, məktəb bizim ikinci ailəmiz idi. Günümüz elə məktəbdə keçirdi. Dərsdən sonra boş da qalmırdım. Həm musiqiyə, həm də rəssamlığa gedirdim, idmanla məşğul olurdum. Təsəvvür edin, o dövrdə sərbəst şəkildə qarmonda ifa edirdim, şəkil çəkirdim. Tennis üzrə Naxçıvan Muxtar Respublikası üzrə üçüncülüyüm var. Orta məktəbdə oxuduğum illər təhsilimizin hesabına seçilirdik. Sanki vaxt darlığı vardı. Gecənin tez gəlməsini istəməzdik. Vaxt tapıb arada mahnı da oxuyardıq. Nadincliklərimiz olurdu, amma buna baxmayaraq bir-birimizi başa düşürdük. Müəllimlərimizin bizi hanısa səhvimizə görə cəzalandırması bizim üçün ayıb olardı. İndi yaşamaq çox sadə və yüksək səviyyədə təşkil olunub.

Rəsmə, rəsmxəttə olan marağım indi də əlimdən tutur. O vaxt şagird, tələbə dövrünü yaşayırdımsa, indi valideyn dövrünü yaşayıram. Mənə elə gəlir ki, o dövrdə valideyn olmaq daha çətin idi. İndiki dövrdə uğur qazanmaq çox asandır. Hər şey texniki vasitələrin hesabına öz həllini tapır. Biz oxumaq üçün kitabxanada növbə tutardıq. O vaxt kserokopya olmadığından, kitabdakı məlumatları qısaldıb, dəftərə yazardıq.

- Gənclik illərinizdən danışaq...

- Məktəbi ildə bitirib, elə həmin il Azərbaycan Texniki Universitetə daxil oldum. O dövrdə “şəhər qiyabisi” deyilən təhsil istemi tədbiq edilirdi. Həyat tərzimizi düzgün qura bilmək üçün axşamlar oxuyur, səhərlər isə işləyirdik. Leytenant Şmidt adına zavodda çilingər vəzifəsində işləmişəm. 1980-1982-ci illərdə Leninqrad, Moskva və Kareliya adlanan ərazilərdə hərbi xidmətdə olmuşam. Hərbi fəaliyyətim bitəndən sonra Bakı Dövlət Universitetində rəssam olaraq fəaliyyətə başlamışam.

Zavodda işlədiyim vaxt bir dəfə yarış keçirilmişdi. Mən də Leytenant Şmidt zavodunun fəhləsi və Texniki Universitetin tələbəsi kimi çıxış etmiş, birinci yeri tutmuşdum. O vaxt rektorlar şurasının sədri Kamran Bağırovun qardaşı Faiq Bağırzadə idi. O, məni Bakı Dövlət Universitetinə dəvət etdi və bir müddətdən sonra orada işə başladım. Orada Murtuz Ələsgərov, Misir Mərdanov, Səfiyar Musayev, Abuzər Xələfov, Vaqif Axundov, Vasif Babazadə, Vaqif Əliyev kimi tanınmış şəxslərlə işlədim. İndi də universitet mənim üçün doğmadır. Rəssam kimi fəaliyyət göstərsəm də, tale elə gətiridi ki, öz ixtisasım üzrə çalışa bildim. Bu günə qədər polis polkovniki rütbəsinə gəlib çatmışam. Zeynəb xanım Xanlarovanın ifasındakı mahnıda deyildiyi kimi: “Dünyanın xöşbəxti mənəm dünyada”. Sevinirəm ki, bu gün Daxili İşlər Nazirliyinin polis polkovnikiyəm. Bu günə kimi qazandığım uğurlar rəhbərliyimizin fəaliyyətimə olan diqqəti, qayğısı və tələbkarlığının nəticəsidir. Bu, qiymətləndirilirsə, yuxarıda Allahıma, yerdə isə rəhbərliyim, jurnalistika sahəsində çalışanlar və cəmiyyətimizə borcluyam.

- Çilingər işləmək ağır deyildi?

- 4 il bu işdə çalışmışam. Çətin idi... Səhər saat 7-də evdən çıxırdıq. Biz neftçıxarma sahəsində istifadə olunan detalları hazırlayırdıq. İşimiz ağır idi, güc tələb edirdi. Bütün günü bolt sıxırdıq. Təsəvvür edin, nahar fasiləsini çıxmaq şərtilə səhər saat 07:00-dan 16:00-a kimi işləyirdik. Bizdə iş günəmuzd idi. Nə qədər detal hazırlayırdıqsa, o detalların qiymətinə uyğun maaş alırdıq. Burada işlədiyim vaxtlar 250-300 manat maaş alırdım. Çox maaş almaq üçün çox işləyirdim. Qazandığım puldan evə göndərir, dərsə gedib-gəlir, üstəlik özümə də yaxşı baxırdım. Xatırlayıram, əsgərliyə getməzdən öncə 120 manat verib, cins şalvar almışdım.

Zavodun yataqxanasında qalırdım. O dövrləri xatırlayıram, çox mehriban idik. Bizim yataqxananın Nizami adlı bir komendantı vardı. İndi də onunla görüşürəm, ciddi adam idi. Onun dövründə yataqxanaya gecikmək, oranı təmiz saxlamamaqdan söhbət gedə bilməzdi. Heç kim yüksək səslə danışıb, kimisə narahat edə bilməzdi. Bir otaqda 4 nəfər qaldığımız günlərimiz olub. O dövrü xatırlayanda düşünürdüm ki, heç kimin dərdi yoxdur. Çünki insanların hamısı bir-biririnin üzünə gülürdü. Müqayisə edəndə, bu günümüzə şükür. Yaşasın, müstəqil Azərbaycanımız, yaşasın bu günümüz, müasirliyimiz. Sevinirəm ki, 26 yaşlı müstəqil Azərbaycanımızın bu cür inkişaf prosesinin şahidi oldum.

- Hansı işlərdə çalışmısınız?

- Əmək fəaliyyətimdə çilingərlik, rəssamlıq və polislik olub. Üst-üst toplasaq, 40 ilə yaxındır əmək fəaliyyətiylə məşğulam. Mənə hər zaman uğur gətirən sahə rəssamlıq olub. Məsələn, hərbi xidmət zamanı Leninqrada düşmüşdüm. Rəssamlığım orada mənim əlimdən tutdu. Bir gün hərbi hissədə koridorda 8-9 yaşlı qız uşağı gördüm. Sən demə bu uşaq hərbi hissə komandirinin nəvəsi imiş. Onun şəklini çəkib, özünə verdim. Uşaq qaça-qaça gedib, şəkli babasına göstərdi. Komandir məni yanına çağırıb, əl işimi bəyəndiyini, buna görə ondan nə istədiyimi soruşdu. Mən də sanki həmin vaxt polis olcağımı hiss edirdim. Dedim ki, hərbi rütbə almağımda mənə kömək edin. O da məni Moskva Odinçova deyilən ərazidə serjant məktəbinə göndərdi. 6 ay orada oxudum, lakin təhsilim yekunlaşdıqdan sonra məni Koreliyanın Sortavala şəhərinə komandir kimi hərbi xidmətə göndərdilər. Xatırlayıram, çox göz əl qabiliyyətim vardı.

Bir gün işimlərim çox olduğuna görə dərsə gedə bilməmişdim, imtahanda 2 almışdım. O dövrdə 2 almaq universitetdən qovulmaq demək idi. Mən məsələnin həlli üçün o vaxt Ali-orta ixtisas naziri Qurban Əliyevin şəklini çəkməyə qərar verdim. Rəngli boya ilə 1 həftə müddətində onun rəsmini çəkdim və idiki Hökümət evinə getdim. Nazirlik o dövrdə həmin binada fəaliyyət göstərirdi. Şəkli gördükdən sonra məni nazirin yanına göndərdilər. O, şəkli çox bəyəndi və məndən nə istədiyimi soruşdu. Dedim ki, imtahandan 2 almışam, ona kömək edin. Tapşırıq verdi və kursdan kursa keçdim. Rəssamlığın mənə verdiyi uğurlar çox olub. Dəfələrlə Heydər Əliyev portretinin çəkilməsiylə bağlı mənə mükafatlar verilib. Lakin son 10 ildir şəkil çəkə bilmirəm.

- Meidada sizi hansı tip xəbərlər qıcıqlandırır?

- Yol polisi ilə bağlı heç bir informasiya almadan, özlərinəməxsus tərzdə, sensasiya yaratmaq adıyla birtərəfli yazılan yazılar mənə təsir edir. Artıq 15 ildir mediadayam, telefonlarım da həmişə açıq olub. Bu illər ərzində jurnalist həmkarlarımla heç bir maraq olmadan ünsiyyət qurmuşam. Xoşbəxtəm, ona görə ki, bu səmimiyyəti təmənnasız, məqsədsiz yarada bilmişəm. Hər halda jurnalistika səhəsində olmaq, onu deməyə əsas verir ki, sən artıq əvvəlki kimi sərbəst deyilsən, nəzarətdəsən, əli qələm tutan vətəndaşların arasındasan. Atdığın addım səhv olsa, onlar səni bağışlamaz, informasiya yaymaq xətrinə onlar qarşılarındakı insana baxmazlar. Necə ki, bir neçə dəfə yazıblar. Dəfələrlə buna reaksiya verməmişəm. Hesab edirəm ki, cəmiyyətimizin gözü tərəzidir. İnsanlar kimin kim olduğuna özləri qiymət verir. Hər zamankı kimi, indi də sensasiya yaratmaq istəyənlər var. Biz narazı olsaq da, olmasaq da, onlar bildiyini edir. Məsələn, adi bir fakt deyirəm. Məsələn, təhlükəsizlik kəmərini vurmamaq inzibati xətadır. Bu, dünyada belədir. Lakin 1 apreldə bir xəbər yayıldı. Həmkarlarınızdan biri həmin gün “Təhlükəsizlik kəmərindən istifadəyə qadağa qoyuldu” başlığı ilə xəbər paylaşıb, açıqlamanın isə mənim verdiyim vurğuladı. Qəzet rəhbərliyimizin əlinə keçdi, 1 aprel zarafatına görə məni cəzalandırdılar. Sonra qəzet vəziyyəti bilib, zarafat etdiyi barədə yazı paylaşsa da, artıq gec idi.

Yol nəqliyyat hadisələrindən danışarkən tam məsuliyyətimlə deyirəm. Bu gün ölkə üzrə qeydə alınan yol-nəqliyyat hadisələrinin 75%-i sırf avtomobili idarə edərkən diqqətin idarəetmədən yayınmasıyla bağlıdır. Bu gün funsional vəzifəm “Yol hərəkəti haqqında” Qanunun təbliğatını yaymaq və baş vermiş yol-nəqliyyat hadisələri şəh etməklə hər kəsə qəzadan qorunmağı öyrətməkdir. Təəssüf olsun ki, 15 ildə qazandığım uğurlarla yanaşı, fəaliyyətimə kölgə salanlar da oldu. “1 milyon 200 min dolları batdı”, o oldu, bu oldu... Çox güman ki informasiya qıtlığı var, kimdən və nədən yazsınlar. Hərdən kövrəlirəm. Niyə? Çünki daim ünsiyyətdə olduğum, təmənnasız münasibət yaratdığım insanlar, yaxud onların ətrafındakılar hərdən haqqımda xoşagəlməz, şit yazılar yazırlar. Bu yazılar mənə təsir edir.

- Jurnalistlərdən gələn hansı sual sizdə gülüşə səbəb olub?

- Bir gün televiziya kanallarının birində səs siqnallarıyla bağlı veriliş çəkirdik. Operator qarşıda dayanıb, aparıcı isə yanımda məni danışdırırdı. Həmin vaxt hiss etdim ki, bir nəfər məni arxadan çəkir. Çevrilib dedim ki, daldan niyə çəkirsən, ay bala. Gəl, qabaqdan çək (gülür). Bu, o zaman gülüşüə səbəb oldu.

- Boş vaxtlarınızda bəs nə edirsiniz, Vaqif müəllim?

- Ümumiyyətlə mənim boş vaxtım olmur. 24 saat belə mənə azlıq edir. Hesab edirəm ki, bu gün tutduğum vəzifə kabinetdə oturmaqla təbliğat aparmağa layiq deyil. Söhbət yol hərəkətində təhlükəsizlik təbliğatının aparılmasından gedirsə, kabinetdə oturub, təbliğat aparmağın əleyhinəyəm. İnanırsınız, gecə saat 11-də belə mənə zənglər gəlir. Bu zənglər işdən sonra olmasına baxmayaraq, məni heç də narahat etmir.

- O zaman idmanla da məşğul olmursunuz?

- Son 1 ildir idmanla məşğul ola bilmirəm. Əslində, həmişə məşğul olmuşam. Səhər və axşam saatlarında idman etmişəm, amma indi vaxtım yoxdur.

- Verilişlərə tez-tez qatılırsınız?

- Bacardığım qədər bütün verilişlərə qatılıram. Düzü, mənim üçün bir az çətindir, çatdıra bilmirəm. Bəzən də məndən inciyirlər. Təəssüf edirəm buna görə. Mən təkəm, sizin sayınız axı çoxdur?!

- Bakı Şəhər Dövlət Yol Polis İdarəsi fəaliyyətiniz dövründə hansı işlər görüb?

- Bu gün ölkə üzrə yol-nəqliyyat hadisələrinin sayının aşağı düşməsi, nəticədə ölüm faktlarının sayının azalması, xəsarət dərəcələrinin yüngülləşməsi Dövlət Yol Polisinin məqsədli və davamlı keçirdiyi tədbirlər hesabınadır. Nəzərə alsaq ki, hər il avtomobil və sürücülərin sayı çoxalır, yolların uzunluğu artır, körpülər, avtomobil qovşaqları, keçidlər istifadəyə verilir. Bunlar hadisələrin artımına səbəb olan amillərdir. Lakin bizim sayımız isə artmayıb. Həmçinin paytaxtımızda ölkə və dünyaəhəmiyyətli, möhtəşəm tədbirlər həyata keçirilir. Ən azından ilin 365 gününün 250-dən çoxu sırf əhəmiyyətli tədbirlərlə bağlıdır. Onların uğurla baş tutmasının səbəbi elə bütün polislərimizin gördüyü işlərdir. Ölkəyə gələn turistlərin sayı milyondan artıqdır. Onların rahat gəlib-getməyi polis fəaliyyətinin nəticəsidir. Bu gün rahat evinizə gedib-gəlirsinizsə, dünyadan bundan gözəl heç nə ola bilməz. Söhbət yol hərəkətində avtomobil sıxlığından gedirsə, bu, artıq qəbulediləndir. Ölkəmizdə 1milyon 400 mindən çox avtomobil var. Onun 72%-i Bakıda idarə olunur. Hər 8 nəfərdən birinin avtomobili var. Bu, yüksək göstəricidir. Reallığı qəbul etmək lazımdır. Sıxlıq olmasını istəmirsinizsə, polissiz hərəkət etməyi öyrənmək lazımdır. Əslində bilirik, lakin mentalitetimizdəki təhlükəli vərdişlər sizi də, bizi də narazı salır. Dünyanın ən gözəl milləti bizik, ən gözəl adət-ənənələr bizdədir. Bu gün ən təhlükəsiz ölkə də bizik. Azad, demokratik ölkənin vətəndaşıyıq, hər bir göstəricimiz göz qabağındadır. Lakin mentatlitetlə bağlı müəyyən keyfiyyətimiz bu tarazılığın aradan qalxmasına imkan vermir.

Bu gün bizi 4 amil narahat edir. Birincisi, avtomobillərin dayanma-durma və parklanma hərəkəti polisin nəzarəti olmadan düzgün yerinə yetirilməlidir. İkincisi, piyadaların hərəkəti onlar üçün ayrımış ərazidən olmalıdır. Onlar piyada keçidlərindən istifadə etməli, polisin müdaxiləsi olmadan yolu keçməlidirlər. Üçüncüsü, ictimai nəqliyyat vasitələrindən düzgün istifadə etmək lazımdır. Avtobusların hərəkət zolağı boş olmalıdır, onlar öz zolaqları ilə sərbəst gedib-gəlməli, sərnişinlər də duracaqlarda düşüb-münməlidirlər. Dördüncüsü isə zolaqlar üzrə avtomobillərin cərgələnməsi və gedilən istiqaməti əvvəlcədən təyin etməklə, həmin zolaq üzrə hərəkətə üstünlük verilməlidir. Bir də ki, səs siqnallarından istifadə sanki bizim adətimizə çevrilib. Səs siqnalı verib salamlaşır, sağollaşırıq, səs siqnalı verib sevinirik, səs siqnalı verib hətta ailə qururuq. Qanun isə deyir ki, səs siqnalının verilməsi inzibati xətadır. Biz belə düşünürük ki, qarşıda gedən sürücü yatıb. Onu siqnalla ayıtlmağa çalışırıq, lakin sadaladığımız vərdişlərdən getdikcə uzaqlaşırıq. 5 il bundan əvvəlki dövrlə indiki dövrü müqayisə etsəniz, çox böyük fərqin olduğunu görərsiniz. Konkret cəza tədbiq edildikdən sonra yol nəqliyyat xətalarının sayı azalıb. İndi ictimai qınaq yoxdu, hər kəs özü üçün çalışır. Bu gün hər kəs öz-özünə hesabat versə, başqasını düşünsə, bizə yol polisi lazım olmaz.

Bu gün təhülkəsizlik kəmərlərini daha çox xanımlar istifadə edir, amma dayanma-durma hərəkətlərini də onlar pozur. Düzdür, xanımlarla kişilər müqayisə olunacaq dərəcədə deyillər. 1 miyon 400 minə yaxın sürücüdən təxmini 50 mini xanımlardır. Mobil telefonla danışmaq, güzgüyə baxaraq avtombil idarə etmək də xanımlara xas olan xüsusiyyətdir. Bəzən sükan arxasında olan xanımlarla belə proeblemlər qarşılaşırıq. Burada təbii ki, insan özünü yığışdırmağa çalışır. Çünki mentalitetimiz var. Düşünür ki, o xanım kiminsə həyat yoldaşı, anası, bacısıdır. Kim olursan ol, sükan arxasındasansa, konkret sürücüsən. Xanımlığın yadından çıxamalıdır. Sürücüləri kateqoriyaya bölmək “Yol hərəkəti haqqında” Qanunun pozulmasıdır.

Etiraf edirəm ki, bu gün hərəkətin təhlekəsizliyinin təmin edilməsində yol polisləri olmasa, bəzi ərköyünlər hərəkəti iflic edər. 100 metrdən bir polis əməkdaşının xidmət etməsi mümkün deyil. Dünyada qəbul edilmiş standart var. Bir inspektor 3-7 km əraziyə nəzarət edə bilər.İndiki standarta görə, bir avtopatrul avtomobilinin iki əməkdaşı 15 km əraziyə nəzarət edir. Görün, nə qədər gərginlik yaşanır. Daha bir fakt deyim. Saat 22:00-dan sonra 20 Yanvar dairəsi adlanan ərazidə, “Koroğlu” stansiyasına, Neftçilər, Qara Qarayev, Xalqlar Dostluğu, Əhmədli metrosunun çıxışında polis olmasa, “çörək pulu qazanmaq” adıyla yolu kəsən sürücülərə rast gələcəksiniz. “1 dəqiqə”, “Aadam gözləyirəm”, “Görmədim”, “Müəllim, gedirəm” kimi hallar bizi yol hərəkətinin formalaşmasında geri salır.

- Sonda Metbuat.az-ın oxucularına, eləcə də sürücülərə nə demək istərdiniz?

- Birinci növbədə sürücü-piyada münasibətləriylə bağlı bu gün yaşadığımız problemi aradan qaldırmaq üçün hər iki kateqoriyada olan insanlara səslənirəm. Bir-birinizə hörmətlə yanaşın, qoruyun. Utmayın ki, bu gün yol qəzalarında həlak olan şəxs ən azı bu ölkənin vətəndaşıdır, cəmyyətimizin üzvüdür, bizdən biridir. Hər kəs öz məsuliyyətn artırmalıdır. Polis əməkdaşının ərazidə olub-olmamasından asılı olmayaraq, hər kəs öz vicdanı qarşısında hesabat verməli, başqasının hərəkətinə mane yaratmamalıdır. Sürücüləri buna səsləyirəm. Çünki bu gün sürücü-piyada münasibətlərində xeyli gərginlik var. Vaxtilə sürücülər piyadalara yol vermirdi, piyadalar şikayətlənirdilər. Texnik vasitələrin tədbiq edilməsi, eyn zamanda sürücülərin vaxtlı-vaxtında cəzalandırılması problemi həll edib. Demək olar ki, bu gün 90% sürücü piyadalara yol verir. İndi o problem piyadalarla bağlıdır. Piyada elə hesab edir ki, sürücü istənilən yerdə ona yol verəcək. piyadalar başaqasının hərəkətinə mane olur, onların bilərəkdən dayanmasına səbəb olur. Bu gün piyadaların vurulması ümumi hadisələrin 65%-ni təşkil edir ki, bu da çox ciddi narahatlıq doğurur. Hansı vəziifədə olmağından asılı olmayaq, bu gün hər kəs “Yol hərəkəti haqqında” Qanunu bilməlidir. Çünki sən daim hərəkətdəsən...

Xəyalə Məmmədova

Fotolar: Müzəffər İsmayılov


metbuat.az.