METBUAT.AZ

İdman

İki ermənini məğlub edərək "Qafqaz" çempionu olan

26 noy 2018 12:38

Metbuat.az saytında "Sərdarla İDMAN VAXTI" layihəsinin ilk müsahibi iki ermənini məğlub edərək "Qafqaz" çempionu olan 10 yaşlı Nəzrin Hacıyevadır.

Həmin maraqlı müsahibəni təqdim edirik:

Özün haqqında danışaq...

2008-ci ildə Bakı şəhərində anadan olmuşam. 10 yaşım var. Ailəmiz 4 nəfərdən ibarətdir.4 yaşında balaca bacım var. Atam bakılı ( Hüquqşünas ), anam isə naxçıvanlıdır (Həkim ).

Oxuduğun məktəblə bağlı hansı xatirələrin var?

269 saylı orta məktəbin 5-ci sinifində gedirəm. Dərslərimi yaxşı oxuyuram. Müəllimlərim də məndən razıdırlar. Sinif yoldaşlarımla da aramız yaxşıdı. İdmanla məşğul olmağıma baxmayaraq, dərslərimə də vaxtlı-vaxtında hazırlaşıram. Çətinliklər olmasına baxmayaraq çalışıram ki, müəllimlərim daim məndən razı qalsınlar.

İdmana marağın necə yarandı?

Əvvəlcə Gimnastika ilə maraqlanırdım. Onun məşqlərinə gedirdim. Sonra isə müəyyən çətinliklər oldu və gedə bilmədim. Uşaqlıqdan atam mənim karate ilə məşğul olmağımı istəyirdi. Gimnastika məşqlərini dayandırdıqdan sonra isə 5 yaşımda atam məni karate kursuna yazdırdı (“Kyokushin” növü üzrə). Karateyə gedəndən sonra bu idmanı çox sevdim və qərara aldım ki, daim məşğul olum.

Karatenin “Kyokushin” növü ilə bağlı məlumat versən...

“Kyokushin” karatenin ən ağır növlərindən biridir. Burada belə desəm, qorunma yoxdur. Daha açıq şəkildə mübarizə aparırıq. Nə bədənimiz qorunur, nə də əllərimizdə əlcək olur. Sadəcə 11-12 yaşa qədər əlcək taxmağa icazə verilir. Travmalar çox olur. Bu idman növündə birbaşa məqsəd rəqibə ağır zərbə endirərək onu yerə otuzdurmaq, Nakauta, Naqdauna salmaqdır.


Ağır zədə almısanmı?

Hə çox olub. Gözümdən, qarın nahiyəmdən çox zədə almışam. Amma, bu idman növündə elədir ki, zədələrini çox bildirməməlisən. Hətta bir dəfə yarışda ağır zərbə almağıma baxmayaraq bunu bildirmədim. Sonradan isə öz qüvvəmi toplayaraq rəqibimə qalib gəldim və birinci oldum.

Bu idmandə gərək çox dözümlü olasan. Ağırdı deyə çox vaxt əsasən də, qız idmançılar bu idmandan tez uzaqlaşırlar.

Bu yaşda həm idmanla məşğul olursan, həm də məktəb dərslərinlə. Necə planlayırsan bunu?

Əslində çox çətin olur. Amma atam daim mənə kömək edir. Həftədə 3 dəfə 1,3,5 -ci günlər idman məşqlərinə gedirəm. Məktəbdəgönorta rejimində oxuyuram. Dərsdən evə gedib yemək yeyirəm, sonra da məşqə gedirəm. Məşqim 1,5 saat olur. Çətinliklərə baxmayaraq həm dərslərimi, həm də idman məşqlərini heç axsatmıram.

İndiyədək hansı uğurların olub?

İlk gündən etibarən karatenin Kiokşin növü ilə məşğul olmuşam. İndiyə qədər bu idman növü üzrə keçirilən demək olar ki, bütün yarışlarda iştirak etmişəm. 7 dəfə Bakı çemionu, 3 dəfə ölkə çempionu və 1 dəfə də Qafqaz çempionu olmuşam. Bununla yanaşı, beynəlxalq səviyyəli bir neçə turnirdə iştirak etmişəm, Xocalı ilə bağlı keçirilən yarışda qalib olmuşam.Ən böyük uğurum isə təbii ki, Qafqaz çempionluğudur.

Karatedə bir müdafiə olunanlar, bir də Kattaya ( Karatedə müxtəlif hərəkət texnikalarının göstərilməsi ) meylli olanlar var. Mən də buların hər ikisi alınır. Ona görə də bu idman növündə daha üstün çıxış edə bilirəm.

Qafqaz çempionluğu barəsində daha ətraflı məlumat versən...

Qafqaz çempionatında Azərbaycan, Gürcüstan və Ermənistan idmançıları yarışırdı: İki erməni, bir gürcü idmançı və mən. İlk görüşümdə mən erməni ilə ilə qarşılaşdım və onu məğlub etdim. Gürcü idmançı isə digər erməni idmançı ilə qarşılaşdı. Mən gözləyirdim ki, finaldakı rəqibim gürcü olacaq. Amma o gözlənilmədən rəqibinə məğlub oldu. Beləliklə mən, finalda da erməni idmançı mübarizə apardım və onu da məğlub etdim.

Çempion olarkən hansı hissləri keçirdin?

İştirak etdiyim bütün yarışlarda, eyni zamanda da Gürcüstanda keçirilən “Qafqaz” çempionatında əsas məqsədim Azərbaycan bayrağını yüksəklərə qaldırmaq idi. Mən əvvəlcədən yarışda iştirak edən ümumi idmançıların siyahısınında kimlərin olduğunu bilirdim. Və finalda da erməni idmançı ilə qarşılaşma ehtimalım çox idi. Ona görə çox ciddi hazırlaşmışdım. Əsas hədəfim də çempion olmaq idi. Buna da nail oldum. Çox həyəcanlı idim. Belə desək, çox qarışıq hisslər keçirdim (Gülür).

Çempion olmağına oradakı ermənilər ( İdmançı və iştirakçı kimi gələnlər) necə reaksiya verdilər?

Hələ yarış başlamazdan əvvəl, erməni lər mənə tərs-tərs baxırdılar.Mənsə öz cavabımı onları rinqdə məğlub edərək və Azərbaycan bayrağını yükləklərə qaldıraraq cavab verdim.

Hətta, mən döyüşə çıxanda erməni idmançının anası mənim müəllimimə mane olurdu. Və müəllimimin fikrini yayındırmaq istəyirdi. Bilirsiz ki, bu idman növündə məşqçilər tribunanın kənarından idmançıya dəstək ola və müxtəlif hərəkətləri etməsi ilə bağlı yönləndirə bilər. Erməni idmançının məşqçisi bunu edirdi, amma idmançının anası isə müəllimimin mənə kənardan dəstək olmasına mane olurdu, hətta əli ilə məşqçimi dartırdı ki, heç nə deməsin ( rusca ). Məşqçim isə bununqaydaya uyğun olduğunu və mane olmamasını bildirirdi. Əgər bir neçə dəqiqə də aralarındakı mübahisə davam etsəydi, bəlkə də ara qarışa və xoşagəlməz hadisələr yaşana bilərdi.

“Qafqaz” çempionluğundan sonra ailə üzvlərin, yaxınların məktəbdə müəllimlərin və sinif yoldaşların səni necə qarşıladılar?

Ailə üzvlərim, qohumlarım bu qələbəmə görə çox sevindilər. Hamı məni təbrik etdi. Mən bilirdim ki, məktəbə gedəndə hamı sevinəcək və məni təbrik edəcək. Amma, bundan artığını etddilər. Sinif yoldaşlarım mənə çox gözəl bir hədiyyə almışdılar, əl çalaraq da məni təbrik etdilər. Müəllimlərimin də hamısı məni təbrik etdi. Hədiyyəyə və məni elə qarşılamalarına görə onlara çox təşəkkür edirəm.

Bundan əlavə məktəbimizlə bir tədbirə qatılmışdıq. Orada tanınmış yazıçımız Zahid Xəlil də iştirak edirdi. O mənim uğurlarım haqqında biləndə məni təbrik etdi və xüsusi hədiyyə də verdi. Çox sevindim. Zahid Xəlil kimi bir yazıçının mənə hədiyyə verməsi çox qürurverici oldu.

Gələcək planların, hədəfin nədir?

Planlarım çoxdur. Hədəfim bu idman növü üzrə dünyada birincilərdən olmaqdır. Üzərimdə daha çox işləyərək, bildiklərimi getdikcə daha da artıraraq böyük nailiyyətlər qazanmaq və Azərbaycan bayrağını daim yüksələrə qaldırmaq istəyirəm.

Sonda ürək sözlərin...

Ölkəmizdə idmanın inkişaf etdirilməsinə görə Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm.

Mənim bu idman növündə inkişaf etməyimə, uğurlar qazanmağıma görə dəstək olan Azərbaycan Kyokuşin Karate Federasiyasının prezidenti Natiq Heydərova, federasiyanın vitse-prezidenti Allahverdi Rüstəmova, federasiyanın idarə heyətinin üzvlərindən biri olan Qabil Sayadova, uşaqların və yeniyetmələrin baş məşqçisi Oruc Səfərova və öz məşqçim beynəlxalq dərəcəli qara kəmər ustası Vüsal Məmmədova minnətdarlığımı bildirirəm.

Dəyərli müsahibə üçün Metbuat.az-a təşəkkürümü bildirirəm.


metbuat.az.