19 dek 2018 09:41
Metbuat.az-da “X Paraqraf” layihəsində növbəti reportajımız Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Azərbaycan İlahiyyat İnstitutundan oldu.
Azərbaycan İlahiyyat İnstitutu prezident İlham Əliyevin 9 fevral 2018-ci il Sərəncamı ilə yaradılıb. İnstitutun yaradılmasında əsas məqsədlərdən biri Azərbaycanda tarixən formalaşmış yüksək mənəvi-dini mühitin qorunması, eyni zamanda dini fəaliyyət sahəsində mütəxəssislərin, kadrların yetişdirilməsidir.
Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov deyir ki, mayın 31-də İnstituta rəhbər təyin olunduqdan sonra təhsil standartları, tədris planları işlənilib, müəllim heyəti seçilib:
“Bildiyiniz kimi, qarşımıza hədəf qoyulmuşdu ki, bu il İnstitut artıq tam fəaliyyət göstərməlidir və müddət kifayət qədər qısa idi. Müddətin qısa olmasına baxmayaraq, yay dövründə gücümüzü səfərbər etdik, müəllim heyəti formalaşdırıldı. Bildiyiniz kimi, bura Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin bazasında yaradılıb və orada çalışan peşəkar mütəxəssislər İnstitutun fəaliyyətinə cəlb olunub. Eyni zamanda Azərbaycanın digər təhsil müəssisələrində, akademiyada çalışan mütəxəssislər də bura cəlb olundu və biz artıq prosesə başladıq. İnstituta 60 nəfərin qəbul olunması nəzərdə tutulmuşdu, 35 nəfər İslamşünaslıq, 25 nəfər isə Dinşünaslıq üzrə. Bu il həmin 60 nəfərlik yer tamamilə doldu, bu bizim üçün çox vacib məsələ idi. Eyni zamanda da BDU-nun İlahiyyat fakültəsindən də 40 tələbə bizim İnstituta qəbul olunub.
İnstituta qəbul III qrup üzrə Dövlət İmtahan Mərkəzi tərəfindən aparılır, ötən il üçün minimum 150 bal götürülüb. Çünki İnstitut yeni yaradılıb, hələ ki, tanınmağına ehtiyac var. Ona görə də birinci dövrdə ballar nisbətən aşağı götürülüb. Ancaq 150 bal götürülsə də, qəbul olunan tələbələrimizin orta balı 177-dir. Tələbələrin səviyyəsi də kifayət qədər qaneedicidir. İnstituta maraq çox böyükdür, bizə müraciət edənlər həddindən artıq çoxdur. Tələbələrlə tez-tez danışırıq, onlar çox razıdır, yüksək nizam-intizam var. Eyni zamanda bizə davamlı müraciətlər olur, növbəti illərdə bizim İnstitutda təhsillərini davam etdirməklə bağlı.
Azərbaycan İlahiyyat İnstitutu fəaliyyətini bir neçə istiqamət üzrə qurub. Əsas ana xətt təbii ki, tədris, gənclərin yetişdirilməsi, onlara yüksək dini biliklərin verilməsidir. Məqsədimiz savadlı, həm dini, həm də dünyəvi biliklərə malik, vətənpərvərlik ruhunda, yüksək intellekti olan zəngin dünyagörüşlü gənclərin yetişdirilməsidir. Tədris prosesi tam qaydasında gedir. Önəm verdiyimiz məsələlərdən biri də maarifləndirmə tədbirləridir ki, davamlı olaraq İnstitutda müxtəlif seminarlar, dəyirmi masalar, konfranslar, tanınmış şəxslərlə tələbələrin görüşləri keçirilir. Biz eyni zamanda tələbələrin asudə vaxtlarının səmərəli təşkili ilə bağlı da müxtəlif layihələr üzərində işləyirik ki, gənclər mükəmməl şəkildə yetişdirilsin, onların vaxtı səmərəli keçsin. Xarici universitetlərləəlaqə, beynəlxalq təcrübənin öyrənilməsilə bağlı işlər gedir. Hazırda gələcək planların üzərində işləyirik.
Azərbaycan İlahiyyat İnstitutu yeni fəaliyyətə başladığı üçün ümumi qərarla bir fakültə yaradılıb. Bir dekanlıq və 3 kafedra fəaliyyət göstərir. Bundan əlavə magistratura və doktorantura şöbəmiz də var. Biz həm dinşünaslar, həm də islamşünaslar yetişdirəcəyik ki, onlar da gələcəkdə müxtəlif dövlət qurumları və dini qurumlarda çalışa biləcəklər. Qarşımızda duran ən önəmli məsələlərdən də biri gələcəkdə gənclərin işlə təmin olunması məsələsidir. Bildiyiniz kimi, Azərbaycanda son illərdə din sahəsinə çox böyük qayğı var və bu sahədə ardıcıl tədbirlər görülür, məscidlər, sinaqoqlar təmir etdirilir. Ötən il Mənəvi Dəyərlərin Təbliği Fondu, bu il isə Azərbaycan İlahiyyat İnstitutu yaradıldı”.
Rektor deyir ki, dövlətin qayğısını göstərən ən əsas məqamlardan biri də budur ki, Azərbaycan İlahiyyat İnstitutunda təhsil tam ödənişsizdir: “Tələbələr heç bir ödəniş etmir, tam dövlət hesabına təhsil alırlar, onlara bütün dərs vəsaitləri ödənişsiz təqdim olunur. Tələbələr təqaüd almaqdan əlavə, onların yemək pulu ilə, eyni zamanda da yataqxana ilə, paltarla təmin olunması ilə bağlı da işlər görülür. Bir məsələni də xüsusilə vurğulamaq istəyirəm ki, Azərbaycanda tətbiq olunan bu model dünyada mövcud olan bir modeldir. Bəzən sual olunur ki, nəyə görə bu sahəyə bu qədər diqqət, qayğı var? Çünki bu çox strateji, həssas sahədir. Bu səbəbdən dövlətin bu sahəyə nəzarət etməsi, diqqət göstərməsi xüsusi önəm daşıyır. Bir çox müsəlman ölkələrində dini təhsil bu cür qurulur, bu sahədə oxuyanların bütün xərcləri dövlət tərəfindən təmin olunur və dövlət qayğısı iləəhatələnirlər. Bizim İnstitutda da tələbələrə lazım olan bütün şərait yaradılıb”.
İnstitutun gələcək fəaliyyətlə bağlı planlarından danışan rektor bildirib ki, bölgələrdən gələn tələbələr də var: “Nəzərdə tutulub ki, gələcəkdə İnstitut üçün bir kampus tikilsin, orada tələbələrə kompleks xidmət göstərilsin. Hazırki mərhələdə yataqxana ilə bağlı işlər gedir. Hazırda bu layihənin üzərində işləyirik ki, birinci mərhələdə şəhid övladları, valideynini itirən və maddi imkanı zəif, çətinlikləri olan tələbələrimizi yataqxana ilə təmin edək. Artıq proses yekunlaşmaq üzrədir. Gələcəkdə isə bütün tələbələrin yataqxana ilə təmin olunması məsələsi gündəmdədir və bu sahədə də işlər gedir.
Eyni zamanda hazırda dərsliklər üzərində çox ciddi işlər gedir. İnstitutun öz kitablarının çap olunması istiqamətində iş gedir. İnstitutun saytının yaradılması və elmi jurnalının çapını da nəzərdə tuturuq. İnstitutun fəaliyyətini əks etdirən qəzetin çapı ilə bağlı da işlər gedir. Yeni savadlı, bilikli kadrların İnstituta cəlb edilməsi istiqamətində də iş aparırıq. Gələcəkdə İnstitutun fəaliyyətinin daha da genişləndirilməsi və müxtəlif layihələrin həyata keçirilməsi qarşımızda duran əsas məqsədlərdəndir”.
Azərbaycan İlahiyyat İnstitutunun Elm və İnnovasiyalar üzrə prorektoru, İlahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov deyir ki, İnstitut cənab prezidentin Sərəncamı ilə ölkədəki tolerant dini mühitin qorunub saxlanması və dinləəlaqəli yüksək səviyyəli mütəxəssislərin yetişdirilməsi üçün yaradılıb: “Tədris prosesimiz modern standartlara uyğun şəkildə həyata keçirilir. Əsas iki ixtisas üzrə - Dinşünaslıq və İslamşünaslıq üzrə mütəxəssis hazırlayırıq. Tək İslam dini üzrə deyil, burada eyni zamanda xristianlıq, yəhudilik və digər dinlər də tədris olunur. Həmçinin tələbələrimizin gələcəkdə dövlət dairələrində dinləəlaqəli sahələrdə də çalışmaları nəzərdə tutulur. Tədris prosesimiz dediyim kimi dünyanın qabaqcıl ölkələrinin proqramları nəzərə alınaraq həyata keçirilir. Təhsil standartlarımızı bu istiqamət üzrə hazırlamışıq.
Konkret olaram elmi işlərə gəlincə İnstitutumuzda çox böyük elmi potensial var. Burada olan bütün müəllimlər ali dərəcəli mütəxəssislərdilər, elmi dərəcələrə malikdilər. Dünyanın bir çox ölkələrində fəaliyyət göstərən indeksli dərgilərdə məqalələrimiz nəşr olunur. Müəllimlərimizin əksəriyyəti ingilis vəərəb dillərində sərbəst şəkildə mühazirə oxuya bilirlər, beynəlxalq simpoziumlarda, konfranslarda iştirak edirlər. Bu baxımdan deyərdim ki, Azərbaycan İlahiyyat İnstitutunda yüksək səviyyəli mütəxəssislər fəaliyyət göstərir.
Müsbət haldır ki, tələbələrimizin marağı çox yüksəkdir. Bunun da bir neçə səbəbi var. Birincisi, tələbələr bizim İnstitutumuzu şüurlu şəkildə seçirlər və onlar dini sahədə ixtisaslaşmaq istəyən tələbələrdir.İkincisi isə müəllimlərimizin keyfiyyətidir.Onların tədris prosesini çox keyfiyyətli şəkildə həyata keçirdiklərini görürük, dərslərini, leksiyalarını müasir standartlara uyğun keçirlər. Tədris prosesindəmüxtəliftexniki avadanlıqlardan da istifadə olunur. Bununla da tələbələrin marağını cəlb etməyi bacarırlar.Eyni zamanda deyərdim ki, bizdə müəllimlər elmi baxımdan xarici dillərdəki ədəbiyyata hakim olduqlarına görə, öz tədris proseslərində xarici dilli ədəbiyyatdan da istifadə edirlər.Bu da təhsilin daha da keyfiyyətli olmasına gətirib çıxarır və tələbələrin marağını daha da artırır”.
Azərbaycan İlahiyyat İnstitutunun İlahiyyat fakültəsinin dekanı, fəlsəfə üzrə fəlsəfə doktoru, Mirniyaz Mürsəlov da deyir ki, İnstitutun müəllimləri xüsusi qaydada seçilib, onların həm ixtisas, həm xarici dil bilikləri yüksək səviyyədədir: “Nəzərdə tutmuşuq ki, yeni ingilis dilli, ərəb dilli, rus dilli qruplar açaq. Ümumiyyətlə, fakültəmizdə 6 magistr olmaqla, 103 tələbə oxuyur. Hazırda tələbələrimizin dil bilgisi səviyyəsini artırmaq üçün həm ingilis, həm ərəb, həm fars dili öyrədilir. Bunun xaricində biz xüsusi kurslar təşkil etmişik. Tələbələr fəal şəkildə həmin kurslara qatılırlar. Amma irəliyə doğru nəzərdə tutulan plandır ki, digər universitetlərdə olduğu kimi məhz İslamşünaslıq və Dinşünaslıq üzrə xarici dildə qruplar açaq. Bu təcrübə digər universitetlərdə tətbiq olunub.Gələcəkdə ölkəmizin kadr ehtiyacını nəzərə alaraq Dinşünas pedaqoq ixtisası açmağı nəzərdə tutmuşuq. Bu barədə də Nazirliyə məktub yazmışıq”.
Dekan deyir ki, ölkəmizdə savadlı dinşünas və islamşünaslara böyük ehtiyac var: “Yad ünsürlərin, radikal sayılan cərəyanların ölkədə fəal şəkildə təbliğatlarının qarşısını almaq üçün xalq maariflənməlidir. Bunun üçün də yüksək ixtisaslı dinşünas və islamşünaslara ehtiyac var. Bu barədə ölkə rəhbərliyi üzərimizə böyük məsuliyyət qoyub.Biz də bu məsuliyyəti dərk edirik. Bunun üçün tələbələrimizin bu sahədə yetişməsilə bağlı tədbirlər həyata keçiririk. Tələbələrimizin nizam-intizamı ciddi şəkildə nəzarətdə saxlanılır, onların rəyləri nəzərə alınır ki, dərsləri hansı şəkildə görmək istəyirlər. Eyni zamanda dekanlıq tərəfindən müəllimlərin tədrisi də nəzarətdə saxlanılır. Ehtiyac olan kadrları yetişdirməyə qadir olan İnstitutuq. Bunun üçün kifayət qədər potensialımız, bazamız var. Buna doğru da addımlayırıq”.
Fəlsəfə üzrə fəlsəfə doktoru, Azərbaycan İlahiyyat İnstitutunun Dillər və İctimai fənlər kafedrasının müdiri İlkin Əlimuradov deyir ki, kafedramız adından da göründüyü kimi dillər və ictimai fənlərlə bağlı dərsləri əhatə edir: “Kafedramızda 15 müəllim var və ingilis dili, ərəb dili, fars və ibri dilləri tədris olunur. Bundan əlavə, digər ictimai fənlər – Azərbaycan tarixi, Azərbaycan dili və nitq mədəniyyəti, Multikulturalizmə giriş, Fəlsəfə tarixi və s. fənlər də bizim kafedramız tərəfindən tədris olunur. Bütün bu fənləri müasir üsul və metodlara uyğun tədris etməyə çalışırıq. Bununla əlaqədar olaraq auditoriyalarımız müasir avadanlıqlarla təchiz olunub və müəllimlərimiz də qabaqcadan hazırladıqları fənləri bütün tələblərə uyğun şəkildə aşılamağa, tədris etməyə böyük səylə çalışırlar”.
Dinşünaslıq kafedrasının müdiri ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Elnurə Əzizova deyir ki, Dinşünaslıq kafedrası Azərbaycan İlahiyyat İnstitutunun iki ixtisas kafedrasından biridir və din elmləriləəlaqəli prosesi həyata keçirir: “Bura müxtəlif dinlərin tədrisi və bununla əlaqəli sosial fənlərin tədrisi daxildir. Dinşünaslıq ixtisasının əsas aparıcı kafedra rolunu oynayır. Kafedramızın ştatında hazırda 5 müəllim var. Burada biz dünya dinlərindən xristianlıq, yəhudilik, hinduizm, buddizm, yeni ortaya çıxmış dini hərəkatlar, bunların zəminində ibadət, inanc, əxlaq sistemləri və yaxud ictimai strukturları araşdırırıq. Din sosiologiyası, Din psixologiyası, Din fəlsəfəsi kimi fənlər bu kafedranın müəllimləri tərəfindən tədris olunur. Müəllim heyətimiz Azərbaycanda və xaricdə beynəlxalq təcrübə qazanmış, eyni zamanda təhsil sisteminin kifayət qədər yüksək mərhələlərinə çatmış mütəxəssislərdir. Hər biri həm Azərbaycanda, həm də xaricdə nəşrlərilə tanınmış mütəxəssislərdir. Bu sahədə Azərbaycanda və yenə də beynəlxalq səviyyədə yazılmış məqalələrin müəllifləridir. Bu nöqteyi-nəzərdən həm bir tədqiqatçı, həm də müəllim kimi təcrübəli kadr potensialına sahibik. Düşünürəm ki, bütün bu xüsusiyyətlər Azərbaycan İlahiyyat İnstitutunun Dinşünaslıq fakültəsinin gələcəkdə bəhrələrində özünü göstərəcək”.
İslamşünaslıq fakültəsinin müdiri, İlahiyyat elmləri üzrə fəlsəfə doktoru Əhməd Niyazov isə deyir ki, İlahiyyat İnstitutunun ən önəmli kafedralarından biri də məhz İslamşünaslıq fakültəsidir: “Kafedramızda İslamın qaynaqları ilə bağlı elmlərə yiyələnmiş, tədqiqat fəaliyyətinə malik tələbələr yetişdirmək məqsəd və hədəfimizdir. Bu kafedranın əsas məqsədlərindən biri də yetişdirdiyimiz kadrların cəmiyyətdəki fəaliyyətinə daha çox qayğı göstərməkdir. Çünki dini cəhətdən məlumatlanmanın xalqın tələbatı olduğunu görürük. İctimaiyyətdə Qurani-Kərimin sülh təşəbbüsünü bərqərar edəcək layiqli kadrlar yetişdirmək əsas vəzifələrimizdəndir. Həmçinin Quranın ümumi prinsiplərindən biri də budur ki, bir insan hansı əqidəyə sahib olursa-olsun başqa dinin, başqa inancların mənsublarına qarşı hörmətlə yanaşmalıdır. Bizim yetişdirəcəyimiz kadrlar hər nə qədər İslamı təmsil edən nümayəndələr olsa da, çalışacağıq onları başqa din, başqa inanc sahiblərinə hörmətlə yanaşan, öz missiyasını yerinə yetirən kadrlar kimi yetişdirək.Hazırda kafedramızda 8 müəllim fəaliyyət göstərir. Onlar peşəkar və öz sahələri üzrə yetişmiş mütəxəssislərdir. Yəni kafedrada yetişən kadrların hər cəhətdən hazırlanması üçün layiqli kadr potensialımız var”.
Azərbaycan İlahiyyat İnstitutunun ərəb dili müəllimi, fəlsəfə doktoru Elvüsal Məmmədov deyir ki, tələbələrə bir az motivasiya vermək, onları həyata hazırlamaq və ümid vermək lazımdır: “Əgər müəllim bunu bacarırsa, onun tələbəsi yaxşı oxuyacaq. Yox əgər müəllim pedaqoji fəaliyyətlə məşğuldursa, tələbələrlə əlahiddə işləyə bilmirsə, tələbələrə həm də həyatı öyrətmirsə, təbii ki, o zaman müəllim ancaq informasiya daşıyıcısı rolunu oynayır. Müəllim bununla kifayətlənməməlidir, tələbəyə hər hansı biliyi ötürdüyü kimi, həm də ona həyatı öyrətməlidir. Bu baxımdan mən öz tələbələrimdə dərsə, xüsusilə tədris elədiyim fənnə maraq görürəm. Həm Dinşünaslıq, həm də İslamşünaslıq ixtisasının tələbələrinə dərs deyirəm. O qruplarda mənim müvəffəqiyyətim 90-95%-dir. Tələbələrin 85%-i çox yüksək nəticə göstərirlər. Təbii ki, yerdə qalan faiz göstəricisinin isə bu cür olması normaldır. Çünki insanlar heç də qavrama baxımından, intellektuallıq baxımından eyni deyillər”.
Azərbaycan İlahiyyat İnstitutunun İnformatika müəllimi Dürdanə Abdullayeva da deyir ki, fənninə maraq çox yaxşıdır: “Ümumiyyətlə tələbələrimiz müasir zamanın tələblərinə uyğun hərəkət edirlər. İndiki gənclər daha çox informatika ilə, kompüterləmaraqlandıqları üçün onların dərsə marağı çoxdur. Həm də burada kitablarla təmin olunublar”.
Tədris prosesi ilə tanış olduqdan sonra İnstitutun kitabxanası ilə də tanış olmaq istədik. Kitabxanaçı Emin Orucovun sözlərinə görə, orada 14 minə yaxın kitab var: “Kitabların əksəriyyəti Azərbaycan, ərəb, rus, türk və ingilis dillərindədir. Qaynaq əsərlər əsasən ərəb dilindədir. Kitablarımızın böyük əksəriyyəti dini ədəbiyyat olmaqla yanaşı dünyəvi ədəbiyyatdan sosiologiya, psixologiya, tarix və s. kimi fənlərə aid kitablar da var. Tələbərimiz çox aktivdir, imtahan ərəfəsində tələbələrin daha çox gəlməsinin şahidi oluruq. Semestrlərdə fərdi işlər, kurs işləri və ilin sonunda buraxılış imtahanı olanda və ya diplom işi yazmaq ərəfəsində tələbələr gəlib kompüterlərdən istifadə edərək yaza bilirlər”.
Kitabxananın digər əməkdaşı, biblioqraf Könül Quliyeva deyir ki, o, kitabların texniki cəhətdən işlənməsilə məşğul olur: “Fəaliyyətim ondan ibarətdir ki, yeni daxil olan hər bir ədəbiyyat haqqında yazıram ki, onlar hansı şöbəyə məxsusdur, əlifba sırasına uyğun yerləşdirirəm. Kataloq və kartateka sistemini mən təyin edirəm, dövri mətbuat da bura daxildir, ədəbiyyat nüsxələri də. Fikrimiz odur ki, gələcəkdə yeni texnika ilə, yəni irbis 64 proqramı ilə işləyək. Hələ ki, ənənəvi üsula sadiq qalaraq işləyirik”.
Sonda isə İnstitutun tələbələri ilə danışdıq və onların aldıqları təhsildən razı olub-olmadıqlarını öyrəndik. İnstitutun I kurs tələbəsi Fidan İsmayılova deyir ki,əvvəl bu İnstitut istəklərim arasında olsa da, ilk seçimim deyildi: “Ancaq əvvəldən buradakı abu-havanı bilsəydim, elə ilk yerdə buranı yazardım. Çünki müəllimlərimiz bizə səmimi şəkildə övladları kimi yanaşırlar. Maddi imkanı yaxşı olmayan tələbələrin yataqxana ilə təminatına kömək edirlər. Gələn il İnstitutumuzun yeni binaya köçəcəyi, gözlənilir. Tədris çox güclüdür, elə müəllimlərimiz var ki, bunun üçün özümüzü şanslı hesab edirik. Onlar elmi dərəcə almış, xarici dillərdə rahat şəkildə dərs keçə bilən müəllimlərdir”.
İnstitutun digər tələbəsi Fərid Qasımzadə isə deyir ki, hər bir insanın arzuları olur, onun da ürəyində ilahiyyatçı olmaq arzusu var idi: “Burada təhsil almağa başlayandan sonra necə arzulayırdımsa, onunla da qarşılaşdım. İnstitutun çox peşəkar kollektivi var. Bizim üçün hərtərəfli şərait yaradılıb. Gələcəklə bağlı fikrimiz budur ki, ixtisaslı kadra çevrilək vəmövhumat, cəhalətin qarşısını ala bilək, din sahəsində yaranmış boşluğu doldura bilək. Belə müəllimlərin əhatəsindəyiksə, inanırıq ki, istəyimizə çata bilərik. Üzərimizdə böyük məsuliyyət var, çünki bizim üçün hər şərait yaradılıb. Ümid edirik ki, yüksək ixtisaslı kadr kimi gələcəkdə dövlətimizə xidmət edərək bunun qarşılığını verə bilərik”.
Günay Elşadqızı / METBUAT.AZ
FOTO: Müzəffər İsmayılov