METBUAT.AZ

Ölkə

SERDAR

12 dek 2018 11:11

Metbuat.az saytında "Sərdarla İDMAN VAXTI" layihəsinin növbəti müsahibi Kikboksinq üzrə əməkdar idman ustası, əməkdar məşqçi, 23 qat dünya, 7 qat avropa çempionu, polis polkovnik-leytenantı Eduard Məmmədovdur:

Həmin maraqlı müsahibəni təqdim edirik:

- Ölkəmizdə ən titullu idmançılardansınız. Sizi daha yaxından tanıyaq...

- 1978-ci ildə Bakı şəhərində anadan olmuşam. Ailədə tək övladam. Uşaqlıqdan idmana həvəsim olub. Ailəm isə ali təhsil almağımı istəyirdi. Çünki, fiziki baxımdan çox zəif idim. 6 yaşında orta məktəbə getmişəm. Dərslərimi çox yaxşı oxuyurdum.

- İdmana marağınız necə yaranıb?

- İdman çətin sahə olduğundan ailəm idmançı olmağımı yox, oxumağımı istəyirdi. Düzdü, oxumaq öz yerində, ancaq idmana həvəsim çox böyük idi. Bütün günü ancaq idman fikirləşirdim. Bir növ kinolara baxaraq gəlmişəm idmana. Jan Klod Van Damm, Brüs Linin kinolarına baxıb, onları izləyib idmanla məşğul olurdum. Sonradan başa düşdüm ki, onlar adi bir akyordurlar. Hal-hazırda öz tələbələrimə də deyirəm ki, özünüzə doğru kumir seçin, aktyorlardan yox.

- Məktəb illərinizlə bağlı hansı xatirələriniz var?

- Məktəbə bir il tez-6 yaşımda getmişəm. Fiziki baxımdan çox zəif idim, davakar deyildim. Döyüldüyüm vaxtlar da olub. Belə ki, sinifdə öz güclərini göstərmək istəyən uşaqlar var idi. Hiss edirdim ki, məndən güclü olanlar da var aralarında. Onda özümə dedim ki, mən də gedib hazırlaşım bunlar kimi güclü olum və hamısını döyüm. Amma başa düşmürdüm ki, onlar məndən yaşca böyükdürlər. Ancaq idmana gedəndən sonra anladım ki, heç kimi vurmaq olmaz. İdmançı öz gücünü, sözünü ancaq rinqdə göstərməlidir.

- Ailənizin istəyinə baxmayaraq idman sahəsini seçdiz. Dərslərinizlə necə məşğul olurduz bəs?

- Məktəbdə dərslərimi çox yaxşı oxumuşam. Bunu həmişə tələbələrimə də deyirəm ki, idman öz yerində, ancaq təhsil çox önəmlidir. Uşaqlıqdan dərslərini oxumayan idmançıda həmişə nəsə boşluq olur, nəsə çatmır. Savadlı idmançı təkcə fiziki güc hesabına deyil, ağıl gücü ilə də döyüşür. Özüm də buna əməl etmişəm, təhsilimə çox ciddi yanaşmışam. Bunun bariz nəticəsi kimi, 1999-2004- cü illərdə İdman Akademiyasında, 2004-2008-ci illərdə Polis Akademiyasında təhsil almışam. Eyni zamanda Polis Akademiyası nəzdində İdarəetmə və ixtisasartırmanı oxumuşam. Təhsilimin nəticəsi olaraq da hazırda, Daxili İşlər Nazirliyində (Polis polkovnik-leytenant) işləyirəm.

- Peşəkar şəkildə idmana gəlişiniz necə oldu?

- İdmana marağım böyük idi. Ona görə özümü bir çox idman növlərində sınayırdım. Bir müddət üzgüçülüyə, futbola, karateyə getdim. Ancaq özümü tuta bilmirdim. Görürdüm ki, nəsə çatmır. 1990-ci ildən kikboks idman növü ilə məşğul olmağa başladım və özümü bu idman növündə tapdım. Əməkdar məşqçi Çingiz Eyvazovla tanış olandan sonra isə peşəkar şəkildə kikboksla məşğul olmağa başladım. Çingiz Eyvazov həm məşqçim, həm yaxın dostum, həm də böyüyümdür. Həyatımda Çingiz müəllimin çox böyük rolu olub. Neçə illərdir bütün yarışlara çiyin-çiyinə hazırlaşırıq. Həm məşqçi, həm də dost kimi tələbələrinə dəyər verir, yarışlara yüksək motivasiya ilə hazırlaşdırır.

Bilirsiz ki, Kikboksinq idman növü 1970-ci ildə Amerikada yaranıb. Qısa müddət ərzində dünyada tanınıb. Azərbaycana isə kikboks idman növü gec gəlib. 1995-ci ildə Azərbaycanda Kikboksinq Federasiyası yaranıb. Gec gəlməsinə baxmayaraq ölkəmizdə bu idman növü geniş yayılıb. Kikboksinq Federasiyanın prezidenti, Millət vəkili Adil Əliyev, vitse-prezident Güloğlan Cabbarov federasiya yarandığı ildən bəri idmançılara çox böyük diqqət və qayğı göstərirlər. Bu insanların federasiyanın inkişafında böyük rolları olub. İdmançılara dəstək olduqlarına görə onlara təşəkkür edirəm.

- Saysız-hesabsız yarışlarda iştirak etmisiniz, uğurlar qazanmısınız. Bu uğurlarınız barəsində danışaq...

- Umumilikdə kikboks üzrə 23 dəfə dünya (IKBO, WAKO, World Profi və IAKSA növləri üzrə ), 7 dəfə avropa çempionu (WAKO, World Profi and IAKSA növləri üzrə), 15 dəfə isə Azərbaycan çempionu olmuşam.

1997-ci ildə Azərbaycan Respublikası, 1999-cu ildə isə beynəlxalq idman ustası adını almışam.

2007-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin fərmanı ilə "Vətən uğrunda" medalı ilə mükafatlandırılmışam. 2013-cü ildə Azərbaycan Respublikasının əməkdar məşqçisi adına layiq görülmüşəm.

- Ən yaddaqalan döyüşünüz hansı olub?

- Ümumiyyətlə asan döyüş yoxdur.Hər bir döyüşə ən azı psixoloji baxımdan da yüksək səviyyədə hazırlaşmaq lazımdır. Mənim üçün hamısı çətin, yaddaqalan olub. Bir dəfə çempion olmaq olar, ancaq həmin titulu saxlamaq çox çətindir. Əsas odu öz üzərində işləyəsən.

Bu döyüşlər arasında 2000-ci ildə Yunanıstanda və 2009-cu ildə İtaliyada keçirilən Dünya çempionatlarının xüsusi yeri var. 2000-ci ildə Yunanıstanda yarımfinal döyüşündə "Lo Kontakt" nözü üzrə erməni idmançı Zurab Farayanla qarşılaşdım və 15 saniyəyə onu nokauta salaraq qalib gəldim. Bu ən tez qeydə alınan qələbə idi. Döyüş başlayan kimi rəqibin üstünə yeridim, iki-üç ardıcıl zərbə endirdim. Rəqib yerə yıxıldı, ayağa dura bilmirdi. Artıq məşqçisi kənardan qışqırırdı ki, "dur vuruş", Farayan isə məşqçisinə "vuruşa bilmirəm, gəl özün vuruş"-deyə cavab qaytardı. Qalib elan olunduğum vaxt, rəqib hələ də dizləri üstündə oturmuşdu. Həmin vəziyyətdə dərhal üçrəngli bayrağımızı götürdüm və havada dalğalandırdım. Bütün dünyaya göstərdim ki, Azərbaycan idmançıları çox güclüdürlər.

2009-cu ildə İtaliyada keçirilən Dünya çempionatında həmin Farayanla yenidən qarşılaşdım. Final döyüşündə "Ful kontakt"da, onun növündə Farayanı məğlub etdim.






metbuat.az.