10 dek 2018 10:30
"Metbuat.az-da Mətbuat katibləri" layihəsi çərçivəsində hər dəfə dövlət qurumları, özəl təşkilat və müəssisələrdə çalışan mətbuat katibləri ilə sizi yaxından tanış edirik.
Bu dəfə müsahibimiz Bakı Beynəlxalq Mulltikulturalizm Mərkəzinin İnformasiya Təminatı və Sənədlərlə İş şöbəsinin müdiri, Mətbuat xidmətinin rəhbəri Yadigar Məmmədlidir.
Metbuat.az Yadigar Məmmədliylə olan müsahibəni təqdim edir:
- İstərdik ki, oxucularımız Yadigar müəllimi yaxından tanısınlar...
- Sadə bir ailədə böyümüşəm, 10 uşaq olmuşuq, evin ən böyüyü mənəm. Atam və anam aqronom olub, yəni dövlət qulluğunda işləməyiblər. Atam Cənubi Azərbaycanda doğulub, tək uşaq olub. Ailəmizin böyük olmasının səbəbi, bəlkə də budur. Atam özü oxumasa da bizim oxumağımızı çox istəyib. Evin böyüyü olduğum üçün daim məsuliyyətli olmuşam. Atam həmişə deyərdi ki, digər bacı və qardaşlarım üçün nümunə olmalıyam, yaxşı oxumalı, digər bacı və qardaşlarımı da arxamca çəkməliyəm. Bu baxımdan, uşaqlıq dövrüm oxumaqla keçib.
- Orta məktəb illərinizi necə xatırlayırsınız?
- Məktəbi çox yaxşı oxumuşam. Bilik və bacarıqlarımın əsası orta məktəbdə formalaşıb. Bizim dövrümüzdə təhsil sistemi çox yaxşı idi. Biz qiymətə görə oxumurduq. Həmin dövrdə qiymət önəmli deyildi, oxumalı idin. Bugünkü sistemi tənqid etmirəm. Bu gün bir çox sahədə bilikli olmaqdansa, bir sahəni yaxşı bilmək tələb olunur. Bu, Qərbdən gələn ənənədir, amma mənfi cəhəti də var. Belə olan halda insanın ümumi bilik və bacarığı az olur. Bizim dövrümüzdə hər bir sahədən məlumatımız vardı. Jurnalsitika fəaliyyətiylə bağlı biliklərim universitet illərindən daha çox orta məktəb dövründə formalaşıb. Çünki daha çox ədəbiyyat oxuyurduq, kitablara qarşı sanki acgözlüyümüz vardı. O dövrdə oxumaq brend idi. Yeni çıxan kitabları mütləq hamımız oxuyur, sonra onu müzakirə edərdik. Çox maraqlı idi...
- O vaxtkı gənclərlə müasir dövr gənclərinin fərqləri nələrdir?
- Öz övladlarımla müqayisə etmək istəyirəm. Məsələn, oğlum sırf özünün maraqlandığı sahəylə məşğul olmaq istəyir. Onun sahəsi iqtisadiyyat olduğuna görə, ədəbiyyatla maraqlanmaq istəmir, daha çox oxumağa meyilli deyil. Düşünür ki, öz sahəsini bilmək ona bəs edir. Mənə elə gəlir ki, bu, yaxşı hal deyil. Lakin təəssüf, bu, dövrün tələbidir. İnsanlar öz ixtisaslarıyla bağlı daha dərinə getmək istəyir. Müsair dövr gənclərinə bu gün sosial şəbəkə çox təsir edir. Gənclər üçün həyat onsuz mümkün deyil. Hər kəs öz telefonunda virtual dünyasını yaşayır. Onlar informasiyaya çox açıqdırlar. Nə baş verirsə, anında bilirlər. Həyat onlar üçün informasiyadan ibarətdir, amma normalda elə olmalı deyil. Həyat daha çox düşüncəylə bağlı olmalıdır. Düşüncəni qurmaq üçün kitab oxumaq, filmlərə baxmaq lazımdır. Müasir dövr gəncləri oxumasalar da filmlərə baxırlar, amma yeni çıxan filmlər də əvvəlki filmlər kimi deyil. Filmlər çox dəyişilib, onlar gündəlik tələbat kimidir. Əvvələr günü, həftəni, ayı müəyyənləşdirən gündəm olurdu, indi anın gündəmi var. O baxımdan, filmlər də həmin missiyanı daşıyır. Təəssüf ki, oxumaq arxa plana keçib. Tələbələr də çox dəyişilib. Əvvəllər onlar ixtisaslarını sevdikləri üçün dərsə gələrdilər. Bizim zamanımızda istədikləri ixtisasa daxil olmaq üçün 8-10 il ard-arda imtahan verən insanlar vardı. Onlar öz mövqeyin dəyişmirdilər, amma indi bu cür hadisələr çox nadir hallarda baş verir. Dərs dediyim Bakı Dövlət Universitetində Jurnalistika fakültəsinə daxil olan zaman ilk sualım belə olur: Hansınız bu ixtisasa sevərək gəlmisiniz? Təəssüf ki, onlardan çoxu təsadüfən düşdüklərini bildirirlər. Lakin son illərə kimi belə idi. İndi jurnalist olmaq istəyənlər bu fakültəyə daxil olmaq üçün qabiliyyət imtahanı verirlər. Bu da özlüyündə müəyyən məsələləri ortaya çıxarır. Əvvəllər fakültədəki bütün yerlər dolurdu. Qabiliyyət imtahanından sonra bu rəqəm 2 dəfədən çox azaldı. Fikrimcə, hazırda sistem qənaətbəxş deyil. Jurnalistika fakültəsində çox sayda insan təhsil ala bilərlər. Bütövlükdə yeni təhsil sisteminə - Kurikulum, Baloniya sistemlərinə keçirik. Dünyada bu sistemlərin üstünlüyü ondan ibarətdir ki, qəbul çox rahat, lakin bitirmək çətin olur. Azərbaycanda isə unversitetə daxil olmaq çox çətin, oxumaq asandır. Fikrimcə, təhsilin qapısı hamının üzünə açıq olmalıdır. Harvard Universiteti ilə Bakı Dövlət Universitetinin fərqi ondan ibarətdir ki, Harvard Universitetinə 500 nəfər daxil olur, 50 nəfər bitirir. Amma Bakı Dövlət Universitetinə 100 nəfər qəbul olur, 500 nəfər bitirir. Yəqin ki, bu da zamanla bağlı məsələlərdir. Sovetdən qalma, orturuşmuş problemləri yaxın müddətdə həll etmək çətindir. Təhsil dedikdə, ancaq ali təhsil ocaqları nəzərdə tutulmur, təhsil bağçadan başlayır. Nəticəsi isə universitetdə görülür. Təhsil sistemimizi qaydaya salıb, bütövlükdə təhsilimizin səviyyəsini qaldırsaq, bütün Azərbaycan vətəndaşlarının bilik səviyyəsini qaldırmış oluruq. Faktdır ki, bu gün Azərbaycan vətəndaşlarının bilik səviyyəsi başqa millətlərlə müqayisədə yüksəkdir. Bu, o deməkdir ki, xalqımız oxumağa meyillidir. Sadəcə təhsillə bağlı bəzi işlər həyata keçiriləndən sonra hər şey yerinə oturacaq.
- Jurnalist olacağınıza neçə yaşında qərar vermisiniz?
- Orta məktəbin sonlarında jurnalist olacağıma qərar verdim. Əslinə qalsa, 9-cu sinfə qədər şərqşünas olacağımı düşünürdüm. Ərəb dili üzrə mütəxəssis olmaq mənə maraqlı gəlirdi. Oxuduğum kitablar zamanla fikrimin dəyişməsinə səbəb oldu. Sovet dönəmində jurnalist olmaq istəyirdinsə, bəlli çərçivələrimiz vardı. Hər halda, digər sahələrlə müqayisədə jurnalist daha sərbəst idi. Kiminsə dərdini, problemini ictimailəşdirə bilirdin. O dövürdə çərçivələrin dar olmasına baxmayaraq, başqa sənət sahiblərindən sərbəst idik. Bu, məni cəlb etdi. Orta məktəbi bitirəndən sonra 1978-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul oldum.
- Tələbəlik illərinizi necə xatırlayırsınız? Bakı Dövlət Universitetinin ab-havası necə idi?
- O vaxt bizim fakültə Baksovetdəki binada yerləşirdi. Çox maraqlıdır ki, həmin binada cəmi iki fakültə - Jurnalistika və Şərşünaslıq fakültələri fəaliyyət göstərirdi. Sovet dövründə Jurnalistika fakültəsi yalnız Bakı Dövlət Universitetində vardı. İldə 50 nəfər – 25 nəfər əyani, 25 nəfər isə qiyabi təhsil üzrə universiteti bitirirdi. Jurnalistika fakültəsi çox prestijli sayılırdı. Sayımız az olduğuna görə, fakultənin bütün kurs tələbələriylə dost idik. Universitetdə oxuduğumuz zaman Sövet hökumətində Brejnevin hakimiyyət dövrü idi. Bizim tələbəlik illərimiz Sovet hökumətinin durğunluq dövrünə təsadüf edib.
Həyatımda silinməz izlər buraxan tələbəlik dövrüm olub. O vaxt birinci kursu bitirəndə bizi 2 aylıq qəzetlərdən birinə praktikaya göndərmişdilər. Mən də Qazax rayonuna düşmüş, orada rayonun özüylə, insanlarıyla tanış olmuşdum. Hər kursu bitirəndə bu cür praktikalar təşkil olunurdu. İndiki dövr Jurnalistika fakültəsindən fərqli olaraq, o vaxt 6 gün dərs sistemi vardı. Həftənin 5 günü dərsə, 1 günü isə praktikaya gedirdik. Mən telejurnalistikanı seçdiyim üçün həftədə bir dəfə televiziyaya praktikaya gedirdim. O vaxt “Günün xəbərləri” verilişi vardı. Zeynal müəllim, Qulu müəllim, rəhmətlik Alı Mustafayev orada işləyirdi. Azərbaycanda televiziya məkanında xəbərin gündəmini yaradan insanlarla birlikdə işləmək çox yaxşı idi. Onlar məni çəkilişlərə göndərirdilər. Universitet vaxtı praktikaya gedən, öyrənən tələbə dostlarımız zamanla peşəkar jurnalistlər oldular. Çünki auditoriyada öyrəndiklərini iş yerində tədbiq etmiş olurdular. Düzdür, indiki tələbələrin belə imkanı yoxdur. Bu gün tələbələrimə deyirəm ki, ikinci kursdan sonra mütləq seçdiyiniz sahə üzrə -telviziya, radio, qəzetdə işləməyə başlayın. Öyrəndiklərinizi elə tələbəlik zamanında praktikayla birləşdirin. Belə olan halda universiteti bitirdikdən sonra sizə iş tapmaq çox asan olacaq. Düzdür, tələbə kimi pul almayacaqsan, amma öyrənəcəksən, onlar da səni tanıyacaqlar. Bu, gələcək iş yeri deməkdir. İndi əksər gənc universiteti bitirdikdən sonra əlində diplomla iş axtarır. Onlar vaxtında praktikalara, könüllü olaraq işlərə qatılsaydılar, belə olmazdı. Mən və digər jurnalist dostlarımız qurum olaraq yanımıza tələbələrin gəlib, təcrübə keçməsini niyə istəmirik? Jurnalistika axıcı bir sahədir, kadrlar həmişə axıb, gedir. Jurnalist kimi kariyeralarına başlayıb, başqa sahələrə gedən insanlar çoxdur. Bu baxımdan, yeniliyə daim ehtiyac var. Bu gün redaksiyaların hamısının künüllü olaraq işləmək istəyən şəxslərə şərait yaratmağa imkanı yoxdur. Ona görə, bu gün ən yaxşı yol tələbə vaxtı özünü sınamaqdır. Belə etdiyin halda konkret olaraq hansı sahədə daha uğurlu olduğun müəyyənləşir. Bu da kariyerada irəliləmək baxımından olduqca yüksəkdir.
-Hərbi xidmət dövrünüz necə keçib?
- Bizdə hərbi kafedra olduğuna görə, əsgərliyə getmədik. O vaxt bakalavr və magistraturanı əvəz edən bir sistem olduğu üçün 5 il ali təhsil almalı idin. 2-ci kursdan sonra həftədə bir gün hərbi hazırlıq dərsi keçirilirdi. Bu dərsi keçmək üçün universitetin müharibə korpusu vardı. Universiteti bitirəndən sonra bizə Leytnant rütbəsi verdilər. Bu rütbəni verməzdən qabaq 3 aylıq hərbi toplanış olundu. Hərbi toplanışdan keçə bilməyən tələbələrə diplom verilmirdi. Bizim dövrün bütün tələbələri kimi mən də o yolu keçmişəm. Biz 3 aylıq müddətdə hərbi kazarmada olmuşuq, bütün hərbi hazırlıqları keçmişik, imtahan vermişik. Hərbi deyəndə, toplanışla bağlı hadisələr yadıma gəlir. Deyirlər ki, tələbəlik və əsgərlik illəri heç vaxt unudulmur. Bizim birlikdə oxuduğumuz tələbələr isə əsgər dostlarımız idi. Mülki həyatda insanın gizli qalan bir çox keyfiyətləri hərbi toplanışda üzə çıxır. Bizdə də elə oldu. 4-5 il tələbəlik dövründə gizli qalan keyfiyyətlər 3 aylıq müddətdə üzə çıxırdı. Bunu “mini əsgərlik” adlandırmaq olar.
- Hansı işlərdə çalışmısınız?
- O dövrdə həkim və müəllimlər universiteti bitirdikdən sonra təyinat alırdılar. Jurnalistikada isə əlavə olaraq azad təyinat vardı. Yəni, özünə iş tapıb, işləyə bilərdin. Bizim sahəmizdə azad təyinat alanlardan idim. O vaxt sənədlərimizi yaşadığımız yerin rayon katibliyinə verərdik, harada boş yer vardısa, ora istiqamətləndirərdilər. İlk iş yerim Sumqayıt şəhərində fəaliyyət göstərən Kimya Sənayesi Zavodunun tərkibində olan Radio verilişləri redaksiyasında redaktor olub. Onun həm də “Kimyaçı” adlı qəzetində də fəaliyyət göstərmişəm. Buradakı fəaliyyətim 1985-1990-cı illəri əhatə edir. O vaxt Sovet cəmiyyəti öz ideologiyasını təbliğ etmək üçün Bilik Cəmiyyətləri yaradırdı. Bu cəmiyyətlər ölkəboyu bütün yerlərdə, həmçinin kiçik müəssələrdə də fəaliyyət göstərirdi. 5 min işçisi olan çalışdığım zavodun da belə bir cəmiyyəti vardı. Həmin cəmiyyətin sədri idim. Sovet ideologiyasını təbiğ etmək üçün həftədə bir dəfə mühazirələr təşkil olunurdu. Mən də o vaxt daha çox tariximizlə bağlı olan məsələləri mühazirələrdə qaldırardım.
1990-cı ildə məlum hadisələrdən sonra partiya biletindən imtina etdim. Ondan sonra sərbəst jurnalist kimi işləməyə başladım. 1980-ci illərin sonu, 90-cı illərin əvvəllərində Sovet hökumətinin dağıldığı bir dövürdə qeydiyyatdan keçməyən, “Haray” adında qəzet nəşr etdirdim. Həmin qəzeti evimizdə “maşinka”da yığır, daha sonra kompüterdə ölçüsünü kiçildir, kağız üzərində yerləşdirir, sanki rəssam işi görürdük. Bu qəzeti gizli şəkildə çıxarmışam. “Haray” qəzetindən sonra 1992-ci ildən Azərbaycan Xalq Cəbhəsinin İnformasiya mərkəzində işləmişəm, daha sonra oranın direktoru olmuşam.
1993-cü ildə Cumhuriyyət qəzeti təsis olundu. Orada əvvəl baş redaktorun müavini, daha sonra isə baş redaktor oldum. Cumhuriyyət qəzeti Xalq Cəbhəsinin partiyaya çevrilmədən əvvəlki orqanı idi. Daha sonra qəzet sərbəstləşdirildi. Deməli, partiya öz orqanını qəzetin işçi heyətinə həvalə etdi. Bu hadisədən sonra Cumhuriyyət qəzetinin təsisçisi oldum.
1998-ci ildə jurnalistlər bir araya yığışıb “Demokratik Jurnalistlər Liqası” qurumunu yaratdıq. Mən də həmin qurumun təsisçilərindən biri idim. 2001-ci ildən həmin qurumun sədri seçildim, bu günə kimi də sədriyəm. Həmçinin, qurumun sədri kimi Mətbuat Şurasının İdarə Heyətinin üzvüyəm. 4 il bundan öncə Cənab Prezidentin Fərmanıyla Bakı Beynəlxalq Mulltikulturalizm Mərkəzi yaradıldı. Bilirsiniz, Akdemik Kamal Abdullanın ukrasiyasında olan bir məsələ idi. Kamal müəllimin dəvəti ilə Mərkəzin İnformasiya Təminatı və Sənədlərlə İş şöbəsinin müdiri, Mətbuat xidmətinin rəhbəri vəzifəsinə dəvət aldım. Son iş yerim də oradır. Digər işlərim isə ictimai işlərdir.
1990-cı illərdə yaradılan jurnalistika təşkilatlarının 2000-ci illərin əvvələrində Azərbaycanda çox böyük rolu vardı. Bu təşkilatlar həmin dövr birləşib Mətbuat Şurasını yaratdı. Mətbuat Şurası özü də daha sonra KİVDF-ni yaratdı. O dövrlərdə həmin təşkilatların mətbuata təsiri böyük idi. Həyata keçirdiyimiz çoxlu sayda layihələr vardı. Bizim seçkilərlə bağlı iki “Seçki və media” kitabımız var. Bilirsiniz ki, 1990-cı illərin sonu, 2000-ci illərin əvvəllərində mətbuatda Sovetdən qalma ənənə vardı. Mətbuat müstəqil deyildi, daha çox təbliğat xarakterli, müəyyən partiyaların orqanı idi. O dövrdə bizim təşkilat mənim rəhbərliyim ilə “KİV-in iqtisadi əsasları və menecment problemləri” layihəsini həyata keçirdi. Bununla bağlı kitabımız da çap olundu. Bu, o dövr üçün yeni bir şey idi. Həmin kitab sonradan dərs vəsaiti kimi istifadə olundu.
- Bu gün mediada hansı tip xəbərlər sizdə təəssüf hissi doğurur?
- Daha az xəbər növü məndə fərəh hissi doğurur. Bu, çox acınacaqlı haldır. Ona görə ki, bu gün keyfiyyətli xəbərə az rast gəlirik. Xəbərin keyfiyyətli olması ilk növbədə onun özəl olmasındadır. Bir xəbər tutuquşu kimi bütün xəbər portallarında, telekanallarda gedirsə, bu, artıq xəbər deyil, hadisədir. Xəbər isə hər bir xəbər qurumunun, portalının özəl materialıdır. Bu, çox azdır. Məni ən çox narahat edən məsələ budur. Xəbər portalları bu gün “Copy paste” ilə məşğuldur. Hətta utanmadan saniyə söhbəti də edirlər. Kökünə gedəndə, xəbər özəl deyilsə, 5-10 saniyə nəyi dəyişir ki?! Bu, çox utanvericidir.
Azərbaycanda olan şou-proqram və serilları kənardan götürüb. Kobud bir müqayisə edim. Hansısa bir yazının sürətinin sürəti dəfələrlə çıxarılan zaman sonda görünməyən bir yazı ortaya çıxır. Bizim şou-proqram və seriallarımız əslinin sürətinin sürətidir. Halbuki, elə olmalı deyil. Məsələn, bizə yaxın olan ölkələrin – Türkiyə və Rusiyanın mətbuatını nümunə kimi götürək. Orada axı belə deyil?! Onların serillarında keyfiyyət var. İnsanlar şou-proqranlarda doğrudan da əylənir, serialda isə ağlayırlar. Kriminal xəbərlərdə müəyyən çərçivələr var. Bizim kodekslər orada pozulmayıb. Bizim mediada peşəkarlıq olsa, bunlara yol vermərik. Hamı elə bilir ki, jurnalistikanı qurtardınsa, iş bitir. Bizdə təəssüf ki, jurnalistikanı bitirməyən adamların sayı çoxdur. Jurnalistikanı bitirib, bitirməmək problem deyil. Söhbət ondan sonra tələb olunan qanunlara əməl etməkdir. Ona görə, dünyanın hər yerində kurslar var. Hətta jurnalistikanı bitirən insan belə texniki biliklərini yeniləmək üçün kursdan keçməlidir. Mətbuat sahəsi daim irəliləyir. Etik kodeksləri bizim dövrümüzdə olduğu kimi qalmayıb, jurnalistikanın xeyrinə dəyişib. Dünyada özəl həyat, işgüzar nüfuz məsələləri öz sərhədlərini kiçildir, jurnalistin fəaliyyəti genişlənir. Bunun üçün kurslara getmək lazımdır. Gedilmədikdə, profesionallıq aşağı düşür.
- Sosial mediada aktivsiniz?
- Təbii. Dərs dediyim üçün gərək mütləq biləm. Sosial şəbəkələr 10 il bundan əvvəl indiki formada qəbul olunmurdu. Orada ancaq boş söhbətlərin olduğunu deyirdilər, amma zamanla hər şey dəyişdi. Bu gün bizim həyatımız sosial aləmə keçir. Bu işdə mən istəsəm də, istəməsəm də jurnalistikanın fəaliyyəti olacaq. Bu gün hətta ölkə başçılarının mesajları, fikirləri sosial şəbəkə üzərindən ötürülür. Sosial şəbəkənin həm də mənfilikləri var, amma bilərəkdən ondan uzaqlaşmaq olar. Bu gün elə insanlar tanıyıram ki, bütün həyatları sosial şəbəkəylə bağlıdır. Onlar real həyatdan tamam uzaqdır. Dostları, yaşamı sosial şəbəkədə qurulub. Belə olmaz! Dünyada da bununla bağlı ciddi mesajlar var. Sosial şəbəkələr insanlarda ciddi asılılıq yarada bilir. Artıq sübut olunub ki, sosial şəbəkə alışqanlığı narkotik və digər zərərli alışqanlıqlardan çoxdur.
Yaxın zamanlara kimi deyirdik ki, jurnalistlərin bir çox funksiyası var, amma əsas funksiyası cəmiyyəti maraqlı xəbərlə təmin etməkdir. İndi isə deyirik ki, cəmiyyət üçün əhəmiyyət kəsb edən xəbər lazımdır. Əhəmiyyətli sözünün insanlar müxtəlif şəkildə yoza bilərlər, amma jurnalistin biliyi əsl əhəmiyyəti bilməldidir. Cəmiyyəti irəli aparan, informasiya ilə təmin edən, problemlərdən qoruyan məlumatlar əhəmiyyətlidir. Sosial şəbəkənin üstünlü isə ondan ibarətdir ki, həmin məlumatı daha tez əldə edə bilirik.
- Mətbuat Şurasına ötən ay bir çox media qurumu üzv oldu. Bununla bağlı fikirlərinizi bilmək istərdik...
- Yeni yaranan portallar, media qurumlarının Mətbuat Şurasına üzv olmasını istəyirdik. Ona görə ki, jurnalistika formatını dəyişib. Jurnalistika əvvəllər qəzet, radio, televiziya jurnalistikası olub. İndi isə onlayn media jurnalistikasıdır. Yeni yaranan media formatı niyə də Mətbuat Şurasına üzv olmasın? Ona görə də, həmin qurumları Şuraya qəbul edirik. Yağışdan sonrakı göbələk kimi, onların sayı bu gün çoxdur. Həqiqətən mediaya xidmət edən, mətbuata sadiq olan, jurnalistikanın prinsiplərini bilən və tədbiq edən portallar olmalıdır. Ona görə də buna ehtiyatla yanaşır, baxır və seçirik. Çoxlu sayda müraciətlər var. Onların fəaliyyətini izləyirik. Burada meyar medianın özüdür. Bizim simpatiyamız onun fəaliyyətiylə bağlıdır, bunu da onların özləri yaradırlar. Bu baxımdan, ötən ay yeni yaranan bir çox portalları öz sıralarımıza qəbul etdik. Onları təbrik edirəm. Sizin Metbuat.az saytı da üzv olan həmin portallar sırasındadır. Düşünürəm ki, işini layiqlə edən portallardan biri də sizsiniz. Başınızı aşağı salıb, işinizi görməklə məşğulsunuz. Əslində, elə də olmalıdır, hər kəs bir sahəni götürməlidir. Jurnalistika çox genişdir. Əsas odur ki, ixtisaslaşma olsun, konkret sahə götürülüb, inkişaf etdirilsin. Sizin saytınızda özəl müsahibələr uğur qazanıb. Bunun özü də bir formatdır. Ona görə də, bu kimi məsələyə diqqət var. Jurnalsitika ülvi sahədir, dövlət, millət qarşısında xidmətləri böyükdür. Mətbuatın bu yolunda irəliləyən bütün qurumlara, həmçinin sizə uğurlar arzu edirəm.
Xəyalə Məmmədova
Fotolar: Müzəffər İsmayılov