METBUAT.AZ

Ölkə

İnformasiya texnologiyalarının kulturoloji əsasları və çağdaş insan modelində iştirakı -

3 yan 2019 21:36

Virtual reallıq texnologiyaları aşağıdakı mənfi nəticələrə səbəb olur. İlk növbədə, virtual texnologiyalar insanın hissiyyatını və hərəkətlərini imitasiya edə, onu nəzarətdə saxlaya bilir. Bu isə individ üçün neqativ psixofizioloji nəticələr yaradır, insanı yorur, əsəbi edir, onun daxili aləmini pozur və nəticədə insan öz əmək fəaliyyətində səhvlərə yol verir. Belə bir nöqteyi-nəzər də mövcuddur ki, internet şəbəkəsindən istifadə edən individlərin sayının artması mənəviyyat haqqında ənənəvi təsəvvürlərin məhv edilməsini, ayrı-ayrı hüquqi normaların effektivsizliyini şərtləndirir. Bundan başqa, kompüter oyunlarına hədsiz maraq şəxsiyyətin destruktiv dəyişikliklərinə səbəb ola bilər. Qeyd etmək lazımdır ki, müasir insanların həyatı hazırda böyük rola malik olan televiziya ilə sıx əlaqəlidir.

Araşdırmaların nəticələri göstərir ki, urbanizasiyalı cəmiyyətdə televiziya verilişlərinə baxılması insanın həyat fəaliyyətində ikinci yeri tutur, insan evdə olduqda isə onun əsas məşğuliyyətinə çevrilir. Kütləvi informasiya vasitələri insanın təfəkkürü və davranışına təsir göstərir. Televiziya ekranlarında biz tez-tez zorlama hadisələrinin şahidi oluruq. Bu cür televiziya verilişlərinə çox baxılması insanda neqativ fəaliyyətə meylliliyi formalaşdırır. İnformasiyalı cəmiyyət üçün xarakterik olan transformasiya proseslərinin nəticələri ikili təbiətə malikdir. Belə ki, onlar yaradıcılıq fəaliyyəti yolu ilə individin özünü reallaşdırması üçün ona yeni imkanlar yaradır, eyni zamanda neqativ mənəviyyatın artmasını şərtləndirir. Neqativ fəaliyyətin yayılmasına informasiya resurslarının bərabər səviyyədə əlçatan olmaması, işsizliyin artması, həyat tempinin yüksək olması, individlərin bir-birinə inamının azalması, ictimai təşkilatların əhəmiyyətinin azalması, həyatdan izolyasiya olunma və cəmiyyətdən təcrid olunma hislərinin artması amilləri təsir edir.

Müasir telekommunikasiya şəbəkələrindən kompüter vasitəsilə individin fiziki məhvinin reallaşdırılması üçün də istifadə edilə bilər. Kompüterdən neqativ fəaliyyətin reallaşdırılması üçün alət kimi istifadə oluna bilər.

Beləliklə, informasiya cəmiyyəti insanın neqativ fəaliyyətinin, məsələn, terrorizmin, vandalizmin yayılmasını xarakterizə edir. Bu əsasən cəmiyyətdən, həyatdan təcrid olunma ilə, dəyər sisteminin transformasiyası ilə əlaqədardır.

Müasir cəmiyyətdə əsasən pulun miqdarı ilə ölçülən karyera qurmağa və müvəffəqiyyətə nail olmağa yönəlmiş müstəqil, muxtar şəxsiyyət ideal hesab olunur. Bu şəraitdə təklik, təcridolma və lazımsızlıq hisləri istənilən üsulla, o cümlədən destruktiv fəaliyyət göstərməklə özünü reallaşdırmağa cəhd etmək daha kəskin şəkildə özünü büruzə verir.

İnformasiyalı cəmiyyətdə insanın neqativ fəaliyyətinin neqativ nəticələrinin kəskin artmasını qeyd etmək lazımdır. Bu, yeni silah növlərinin yaranması ilə əlaqədardır. Terror aktlarının yayılması müşahidə edilir. Ətraf mühitin zəbt edilməsi neqativ hadisədir. Ətraf mühitin dağılmasının miqyası, vandalizm hərəkətləri, memarlıq abidələrinin və incəsənət əsərlərinin məhv edilməsi həqiqi ekoloji qəzanın baş verdiyini isbat edir. Neqativ fəaliyyət ümumi xarakter daşıyır və insanın bioloji varlıq kimi mövcud olmasına təhlükə yaradır.

Fikrimizcə, dünya ictimaiyyətinin olduğu böhran vəziyyətinin mənbələri, insanın və cəmiyyətin mənəvi dəyərlərinin deformasiyası ali dəyərlər sisteminin və sosiumun mədəni ideallarının dəyişməsindən irəli gəlir. Maddi nemətlərin əldə edilməsinə diqqət artır, sivilizasiyanın texnogen aspektlərinin reallaşmasının artımı müşahidə edilir, kütləvi mədəniyyətin virtuallığı yaranır, həyata istehlak münasibəti bəslənilir. Nəticədə, sosiumun mövcudluğunun ümumi vektorunun istiqaməti insan üçün mühüm əhəmiyyət kəsb edən ali mənəvi dəyərlərə əks istiqamət alır. Mənəvi antropososial mövcudluğun ümumi vektoru sivilizasiyanın texnogen mövcudluğunun bütün sferalarında təhrif olunur.

Verilmiş istiqamətə müvafiq olaraq, sivilizasiyanın bir çox strateji istiqamətlərinin müəyyən edilməsi və dünyagörüşlərinin qurulması həyata keçirilir. Bu ideyalardan biri ondan ibarətdir ki, müasir temp və üsullara uyğun olaraq həyata keçirilən elm və texnikanın sonrakı inkişafının nəticəsi cəmiyyətin həyatının sistemli şəkildə təkmilləşdirilməsi və sosiumun həyat səviyyəsinin artırılması, eləcə də bəşəriyyətin qarşılaşdığı qlobal problemlərin həlli olacaqdır. İnformasiyalı sivilizasiyanın planet əhalisinin müəyyən hissəsinin maddi nöqteyi-nəzərdən mövcudluğu üçün yarandığı şərait insanın və sosiumun mövcudluğunu təhlükə qarşısında qoyaraq bəşəriyyətin istehlaka, qərb tipli liberalizmə, həyatın total şəkildə kommersiyalaşdırılmasına meylliliyi ilə xarakterizə edilən bazar iqtisadiyyatı şəraitində özünün sərt qaydalarını diktə edir. Qeyd edək ki, qlobal mövcudluğun formalaşan modeli özünün bir çox təzahürlərində insanın daxili aləmini tənəzzülə uğradır. Bu özünü biosfera, antroposfera, sosial sfera, texnosfera kimi cəmiyyətin həyatının tərkib hissələrində əks etdirir. Bəşəriyyətin həyat fəaliyyətinin dağıdıcı nəticələri dünyanın daha böyük ərazilərini əhatə edir.

Elmi ədəbiyyatda biz “antrop böhran”anlayışının təsdiqini tapırıq. Bu böhran bəşəriyyətin inkişafının müasir mərhələsinin qlobal problemlərinin əsasını təşkil edir. Antrop böhranda insanın təbiəti ilə müasir dövrün tendensiyaları arasındakı disbalans özünü büruzə verir. Antrop böhran klassik rasionalizmin inkişafının qanunauyğun nəticəsi olan müasir həqiqətlərin ziddiyyətlərinin əksidir. Bu nəticələr insanın şəxsi keyfiyyətlərinin əhəmiyyətini şübhə altına qoydu. Hazırkı dövrdə tədqiqatçıların diqqətini daha çox cəlb edən insanın humanistsizləşməsi prosesi onunla nəticələnib ki, rəngarəng potensiala malik olan insan müəyyən bazar qiymətinə malik olan əmtəəyə çevrilmişdir.

İnsan öz şəxsiyyətinin hər hansı bir dominant bacarıq və qabiliyyətini üzə çıxarmaq, bu bacarıq və qabiliyyəti “azad” bazar münasibətləri şəraitində satışa çıxarmaq üçün bütün vasitələrə əl atır. Bu bacarıq və qabiliyyət optimal bazar qiymətinə malikdir. Əksər hallarda alqı – satqı insanın varlığının, mövcudluğunun məqsəd və mahiyyətini təşkil edir. İnsan özünün zəruri sosial statusuna nail ola biləcək şəraiti formalaşdırır. Bu şərait həcmi hər gün artan maddi nemətlər əldə etməyə imkan verir. Qeyd edilən amillər həm şəxsiyyətin sosial və təbii həqiqətlərdən, həm də özündən uzaqlaşması kimi fenomenin yaranmasına səbəb olur. İnsanın özündən uzaqlaşması, onun mənəvi ölçülərdən ayrılması və ali təkmilləşməyə nail olmaq üçün göstərdiyi səylər tam vahid olaraq mənəviyyatın dəyişdirilməsi faktı ilə şərtlənmişdir. Bu halda bütün bunların ətraf mühitə qaçılmaz transliyasiyası, eləcə də daxili münaqişənin həllinə cəhd edilməsi və özü-özündən qaçma baş verir.

Bu zaman informasiyalı cəmiyyətin dominantlıq etdiyi şəraitdə insanın yeni imkanlar əldə etməsi tendensiyası müşahidə olunur. Yeni imkanların nəzərə alınmaması məqsədəuyğun deyil, lakin eyni zamanda bu imkanların reallaşdırılması insanın mənəvi mədəniyyəti ilə həyatı arasındakı sərhəddin artması səbəbindən tam şəkildə həyata keçə bilməz. Bu kontekstə uyğun olaraq, “mənəvi böhran” adlandırılandünya böhran hadisələrinin xüsusi tərkib hissəsini müəyyən etmək mümkündür. Mənəvi böhran antrop böhranın məzmununu təşkil edir. Bu böhran insanda insani keyfiyyətlərin məhv edilməsini nəzərdə tutan antrop qəzanın baş verməsinə səbəb ola bilər. Beləliklə, mənəvi böhran dedikdə insanın həyat fəaliyyətinin və sosiumun bütün sferalarında genişlənməsi müşahidə edilən ziddiyyətlər sistemi başa düşülür. Ziddiyyətlər sisteminin genişlənməsi müxtəlif transformasiya proseslərinin baş verməsi ilə əlaqədardır. Sosiumun mənəvi mədəniyyətinin müxtəlif formalarında özünü büruzə verən ziddiyyətli tendensiyaların əks olunması mənəvi böhranın sosiomədəni aspektilə əlaqədardır.

Hal-hazırda ənənəvi mədəniyyət formalarının simulyakrlarla əvəz edilməsi müşahidə olunur. Bu simulyakrlar həyati mövcudluq fəzasında insanı çaşdırırlar. Bundan başqa, mədəniyyətdə idealların ənənəvi olaraq təsdiq edilməsi faktı şübhə altına alınır, eləcə də bəşəriyyətin ümumi səylərinin strateji istiqamətləri müəyyən edilir. Həyatın dünyəviləşdirilməsi prosesi nəticəsində dini izahat sxemi doqmatik rəylər formasında öz əvvəlki əhəmiyyətini itirir. Mənəvi dəyərlərin və idealların əvvəlki formaları dini tərkibə malik idilər. İnsanın intellektual səviyyəsinin artması ilə əlaqədar o özünün dərin mahiyyətini itirir və bu mahiyyət tədricən silinir. Cəmiyyətin inkişafının müasir mərhələsi şəxsiyyətin mədəni reallaşmasının yeni modellərinin yaranması ilə xarakterizə edilir. Bu yeni modellər insanın yaxşı keyfiyyətlərinin aktiv reallaşması ilə deyil, mənəvi özünüifadənin obrazlarının qeyri-fəal qəbul edilməsi ilə daha çox əlaqəlidir.

Əvvəlki zamanlarda bəzi dini ənənələrdə və cəmiyyətlərdə mənəviyyatın vahid idealının yaradılması baş verirdisə, müasir mərhələdə aydın olur ki, bunlardan heç biri dünya ictimaiyyətinin mənəvi dəyərləri sahəsində birinciliyə namizəd ola bilməz. İnsanın fərdi azad seçimi daha böyük əhəmiyyət kəsb etməyə başlayır. Lakin müasir texnogen mədəniyyət çərçivəsində bunun üzərində düşünmək üçün lazımi şərait yaradılmır. Hazırda müasir sivilizasiya əvvəlki dini nümunələri sıxışdırıb çıxarır, lakin hələ sona qədər bunu etməyib, çünki adekvat əvəzləmə hələ ki, tapılmamışdır. Mədəniyyət özünü reallaşdırma fəzası kimi istehlakın dominantlıq etdiyi, eləcə də kütləvi informasiya və kommunikasiya vasitələrinin süni şəkildə diktə etdiyi dini fəaliyyət formalarının seçildiyi fəzaya çevrilir.

Mədəniyyət insanın bir şəxsiyyət kimi inkişafına deyil, onun öz səviyyəsinə qədər aşağı düşməsinə şərait yaradır. Belə ki, mədəniyyət müasir həqiqətlərin virtual proseslərində hazır surroqat formalar təklif edir. Bu mədəniyyət daxilində özünü reallaşdırma dəbə passiv aludəçiliyi və ya “orijinal” psevdomədəni formaların təsdiqini şərtləndirir. Bu “orijinal” psevdomədəni formalar yaradıcılıq proseslərini deyil, deqradasiyanın güclənməsi prosesini əks etdirirlər.

Deqradasiya məsuliyyət və həyati təşkilatlanma yaradıcılığı ilə əlaqəli olan mexanizmlərin reallaşdırılmasını sadələşdirir. Bundan başqa, insanı öz keçmiş mənəvi ənənələrindən uzaqlaşdıran tendensiyaların güclənməsi müşahidə edilir. Keçmişin mənəvi ənənələri texnogen sosiumun inkişafına maneçilik törədən ölü konservativ strukturlardır. Çoxəsrlik dəyərlər və ideallar sisteminin dağılması baş verir və bu tendensiya modernizasiyaya cəhd edilməsi ilə özünü doğruldur. Bunları kütləvi istehlak mədəniyyəti əvəz edir. Bu mədəniyyətin dəyəri öz məzmununa görə ani olmağa hesablanmışdır və individin mənəvi, əksər hallarda isə fiziki məhvi üzərində kapitalı artırır.

Şəxsiyyətin yaradıcılıq potensialının üzə çıxmasında din, fəlsəfə, elm, incəsənət, ideologiya, təhsil kimi sferalarda neqativ tendensiyaların möhkəmlənməsini qeyd etmək olar. İnanclı vətəndaşların sayının artması tendensiyasını, köhnə məbədlərin bərpası və yenilərinin qurulmasını, dini bayramların milli dövlət statusu almasını, dünya konfessiyalarının geosiyasi və sosiomədəni proseslərə ciddi təsirini qeyd etmək lazımdır. Eyni zamanda insanın mənəvi fəallığının başqa motivasiyası vardır, insanın dünyagörüşünün dərinliyi və əhatə dairəsi azalır.

Bir çox dinlər individin mənəvi təhlükəsizliyini, çünki idrakın və idraksızlığın strukturlaşdırılmasını təmin edə bilmirlər. İnsanın tələbatını ödəməyən ənənəvi dinlərin mürəkkəbləşdirilməsi prosesi ona gətirib çıxarır ki, təkmilləşmiş struktura və kanonlara malik artıq qərarlaşmış dini institutlarla təqdim edilmiş mənəvi dinçiliyi tədricən müxtəlif qeyri-dini sistemlər və təşkilatlar əvəz edir. Bu qeyri-dini sistemlər və təşkilatlar individin mənəvi ölçülərinə müraciətlə əlaqədardırlar.

Bir sıra ənənəvi dinlərdə dini ayinlərə əməl etmək, dinçilik kanonlarını gözləmək sferalarında formalizm tendensiyası kifayət qədər güclüdür. İnsanın eqosentrizmin möhkəmləndirilməsi, eləcə də sosiumun başqa üzvləri üzərində hakimiyyətin saxlanılması məqsədilə müvafiq dini təcrübələrə müraciətilə əlaqədar olan mənəvi materializm fenomeni tədricən daha qabarıq şəkildə özünü büruzə verir. Fəlsəfə sahəsində öz təsir dairəsini genişləndirən postmodernist ideyaların geniş tətbiqi baş verir. Fəlsəfi ideyalara xas olan fundamentallığın və metafiziki dərinliyin itməsi müşahidə edilir. Fəlsəfi ideyalarda dil oyunu və virtual reallıq dünyası kimi təzahürlərə daha çox fikir verilir. Virtual reallıq dünyasında mövcudluğun mahiyyəti ilə əlaqədar olan mürəkkəb problemlərə baxılır.

Belə dünyagörüşü çərçivəsində aksioloji problemlərdən, insanın və bütövlükdə bəşəriyyətin qarşısında duran problemlərə diqqətdən imtina edilməsi baş verir. Bundan başqa, verilmiş istiqamət üzrə fənlər ali məktəblərdə gələcək mütəxəssis hazırlığı sisteminə daxil edilmir, hətta daxil edilirsə də, onların məzmunu əsasən tarixi aspektlərə həsr edilir və birmənalı xarakter daşıyan ayrı-ayrı nəzəri nəticələri özündə birləşdirir. XX əsrdə həmin biliklərin vahid mənbəyi adlandırılmaq hüququna malik olan elm mənəvi mədəniyyətin digər növlərini daha çox əvəz edir və texnogen stsientizmə çevrilir.

Elmi irrasionalizm haqqında tez-tez danışılır. Elmi irrasionalizmin təsviri forması müasir elmin qəbul etdiyindən başqa digər biliklərin istənilən şəkildə apriori inkar edilməsidir. Bütün bunlar elmi-texniki tərəqqi nəticəsində insanların həyatında baş verən pozitiv dəyişikliklərə şübhə ilə yanaşmağa məcbur edir. Müasir incəsənət sahəsində yeni janr və istiqamətlərin yaranması, bədii yaradıcılıq sahəsinə cəlb edilmiş insanların sayının artması müşahidə edilir. Ancaq, eyni zamanda insanların bədii yaradıcılıq sferasında iştirakı əksər hallarda kommersiya istiqaməti alır. Bədii mədəniyyət hal-hazırda bayram keçirmək, əylənmək vasitəsi olub kapital qoyuluşu obyektinə, “artistlik fəaliyyətinə” çevrilir. Mədəniyyətin elitar mədəniyyət, xalq mədəniyyəti və kütləvi mədəniyyət kimi növlərə ayrılması, eləcə də müxtəlif submədəniyyət və əksmədəniyyət insanın daxili aləmi ilə cəmiyyətin bir-birindən daha da uzaqlaşmasına səbəb olur, gözəllik və mənəviyyat kanonlarının itməsinə gətirib çıxarır.

Hazırda sosial-siyasi sistemin fəaliyyətinin mövcud olan ümumi qəbul edilmiş istiqamətləri və standartlarına zidd olan ideologiya formalaşır. Məhz rəsmi ideologiya cəmiyyətin həyat fəaliyyətinin real təşkilini müəyyən edirdi və hal-hazırda da müəyyən edir. Bu zaman ideoloji böhran nəzərdə tutulur, bu böhran ondan ibarətdir ki, XX əsrin reallıqları texnogen cəmiyyətdə yaranan bütün əsas ideoloji sistemlərin və siyasi mədəniyyətlərin utopik olduğunu göstərdi. Bu reallıqlar nəinki dünyada mövcud olan problemləri, hətta siyasətdaxili problemləri həll edə bilmirdi, yeni ziddiyyətlər yaradır və mövcud ziddiyyətləri daha da dərinləşdirirdi. Bir çox ölkələrdə milli dövlət maraqlarını sosiumu şübhəli politoloji eksperimentlər sisteminə cəlb edən oliqarx strukturların maraqlarının xeyrinə qurban verən tendensiyaların aktivləşməsi baş verir. Bu tendensiya seçkilərdəki açıq siyasi farsla, siyasi texnologiyaların gücləndirilməsilə ifadə olunur.

Sosiumun nevrotizasiyası prosesi hər bir konkret individə təsir edir. Bununla əlaqədar olaraq mənəvi böhranın antropomədəni aspekti haqqında danışmaq lazımdır. Bu, insanların mövcudluğunun mənasının itməsi ilə, onların öz təyinatının başa düşülməməsilə, insanların mövcud olduğu fəzada öz yerlərini dərk etməməsilə əlaqəli olan problemləri şərtləndirir. Mədəni müxtəliflik və plüralizmlə xarakterizə edilən sosiumda sosiomədəni özünüidentifikasiya probleminin kəskinləşməsi müşahidə edilir. Antropomədəni aspektin reallaşması mədəni tələbatların fərdiçiliyə transformasiya olunması ilə əlaqədardır. Fərdiçilik hər şeydən və hər kəsdən asılı olmamağı ifadə edir. Humanitar psixologiyada dəfələrlə qeyd edilmişdir ki, dərk edilən həyat insanın şəxsi mövcudluğunun mühüm tərkib hissəsidir.

Dərk edilən həyat insanın mövcudluğunu daha mənalı, qiymətli, sosial nöqteyi-nəzərdən isə daha pozitiv və yaradıcı edir. İnsanın mənasız mövcudluğu boş və əhəmiyyətsizdir. Bu situasiya insan psixikasının və fiziologiyasının patoloji vəziyyətləri üçün əlverişli mühitdir və özünüidentifikasiya və sosiallaşma ilə əlaqəli olan proseslərin mürəkkəbləşməsinə imkan yaradır. Bir sıra psixoloqlar hesab edirlər ki, “eksiztensional vakuum” özünəqəsd, alkoqolizm, narkomaniya, cinayətkarlıq, aqressiya, öz cinsi və başqa tələbatlarını ödəməyə cəhd ilə birbaşa əlaqədardır. Bu zaman nəinki insanın özü, həm də onu əhatə edən reallıq öz mənasını itirir. Faktiki olaraq, insan hal-hazırda öz daxili aləmini, onun təmizliyini və mükəmməlliyini, ürəyinin dünyasını məhv edir, eləcə də öz mövcudluğunun ali başlanğıcından total şəkildə uzaqlaşır.

Müasir şəraitdə şəxsiyyət adamlarla normal insani münasibətlər qura bilmir, bu isə ona səbəb olur ki, cəmiyyətdə tənhalıq hissi güclənir və neqativ əhval-ruhiyyə çoxalır. Bu tendensiya dövlət, din, elm, təhsil, ailə kimi ictimai institutlara olan əvvəlki inamın itirilməsində öz əksini tapır. Bundan başqa, əsasını mənimsəməyə, liderliyə, əylənməyə cəhd təşkil edən münasibətlər sisteminin hiperdəyişməsinin güclənməsi baş verir.

İnsan həyatı əksər hallarda oyun kimi qəbul edilməyə başladı. Bu oyundakı qaydalar öz potensial imkanlarını uydurma problemlər və virtual vəziyyətlər çərçivəsində “reallaşdıran” şəxs tərəfindən qəbul edilir. Nə internet mübadiləsi, nə kommunikativ texnologiyaların və süni treninqlərin tətbiqi canlı insan mübadiləsini əvəz edə bilməz. Təhsilin təsiri altında insanın dünyagörüşü böyük həcmli biliklərlə zənginləşir. Bu biliklərin əsasını elmi rasionalizm təşkil edir. İndivid indi artıq qlobal informasiya sisteminin resurslarından istifadə edə bilir. İnformasiya-texnologiya strukturları informasiya kütlələrinin keyfiyyəti nöqteyi-nəzərindən neytraldırlar. İnformasiya resurslarına müraciətin sərbəstliyi mədəniyyətin kommersiyalaşdırılması tempinin yüksəlməsi səbəbindən psixoloji-mənəvi deqradasiya təhlükəsi ehtimalını artırır.

Bundan başqa, həyatın liberallaşması və kommersiyalaşması səbəbindən imicin müvafiq standartlarının yaranması gətirib ona çıxarır ki, maddi rifah, peşəkar sferadakı müvəffəqiyyətlər, bütövlükdə sosial statusun əldə edilməsi kimi amillərə şəxs daha çox diqqət yetirməli olur. Zahiri sərbəstlik, maliyyə vəziyyətinin yaxşı olması, cəmiyyətin həyatının müxtəlif sferalarındakı sabitsizlikdən qeyri-asılılıq kimi amillərə xüsusi diqqət yetirilir. İlahi ali qüvvələr yaxşı halda müəyyən abstrakt formalarda, pis halda isə praqmatik düşüncəli insanın yaddaşında öz əhəmiyyətlərini itirirlər. İndivid daha harmonik mövcudluğun axtarışında olur, lakin burada mənəvi tələbatların və ali mənəvi sarsıntıların mədəniyyətin rəngarəng virtual reallığı ilə əvəzlənməsi müşahidə edilir. Onların müasir texnogen cəmiyyətə xas olan yerini alkoqol və narkotiklər, mənasız ekstrim, kütləvi şoularda iştirak etmək tutur.

İndividin tədricən gözəlliyə, mükəmməlliyə, harmoniyaya olan şərtsiz məhəbbəti tədricən itir. Buna görə də müasir insanın səhhəti ilə bağlı olan problemlər kəskinləşir. Bu problemlər üçün nəinki psixofiziki, həm də mənəvi tərkib hissə xarakterikdir. Müxtəlif xəstəliklərdən sağalmağa cəhd edilməsi insanı öz mövcudluğunun optimal üsulunu axtarmasına gətirib çıxarır. Səhiyyənin təkmilləşdirilməsi hal-hazırda orqanizmin tam mənada sağlam vəziyyətə gəlməsinə imkan vermir, insanı mövcud vəziyyətin həqiqi səbəblərini axtarmağa istiqamətləndirən yeni patologiyalar yaranır.

Bununla əlaqədar olaraq qeyd etmək lazımdır ki, stsiyentizm prinsipi əsasında qurulmuş reallıq haqqında təsəvvürlər əksər hallarda özünün doğru olmadığını nümayiş etdirir. Bu təsəvvürlər dünyanın dərk edilməsinin epistemoloji əsasları adlandırıla bilər. Hal-hazırda ayrıca götürülmüş individin dünya haqqında təsəvvürləri sosial-təbii həqiqətlərdən, baza dəyərlərindən daha da uzaqlaşır. Bunda başqa, müasir mərhələdə kütləvi informasiya vasitələri tərəfindən individin şüuruna qlobal hücumlar edilir. Bu mərhələ insanın psixikası ilə manipulyasiya edən, insanın bütün altşüuruna təsir edən vasitələrin və “kütləvi stress” fenomeninin yaranması ilə xarakterizə edilir.

Belə tendensiyalar baş verən proseslərdə fəal iştirak edən insanın dərin şüura malik olması şəraitində reallaşırlar. Bununla əlaqədar olaraq bəzən şübhəli məzmunlu mənəvi proseslərə qatılan insanların sayının artması baş verir. Yaranmış böhran vəziyyətindən çıxış kimi gələn yeni təhlükələri həzm etmək deyil, onlardan xilas olmaq üsullarının tapılması nəzərdə tutulur. Bu üsullardan biri aşağıdakı mövqenin tutulmasıdır.

Bu mövqeyə müvafiq olaraq insan təfəkkürünün sonrakı inkişafı, təhsil, elm, texnika kimi sferaların, həyatın təşkilinin köklü şəkildə yenilənməsi nəzərdə tutulur. Mövcud vəziyyətin kompleks qiymətləndirilib bu vəziyyətdən çıxış yolunun sosiomədəni mexanizmlərinin yaradılması zəruridir. Belə mexanizmlər bütöv tam olmalı, onların birliyinin səviyyəsi bütün strukturların birliyi ilə xarakterizə edilməlidir. Qeyd etmək lazımdır ki, bu gün yaradıcı potensial mədəniyyətin mənəvi sahəsində möhkəmlənmiş, həm fərdi, həm kollektiv səviyyədə müşahidə edilən neqativ tendensiyalara görə reallaşa bilmir.

Bu tendensiyaların mövcudluğu müasir mədəniyyət kontekstində individin səhv istiqamət götürməsinə gətirir, eləcə də yeni şəkildə mövcudluğun strateji istiqamətlərinin müəyyən edilməsində sədd rolunu oynayır. Cəmiyyətin bütövlükdə mənəvi deqradasiyası ilə, sosiumun və şəxsiyyətin bir-birindən uzaqlaşması ilə əlaqəli olan tendensiyalar yaranır. Belə ki, bu cür hallarda həyati istiqamətlər ali ideallardan aşağı ideallara doğru, maddiliyə pərəstişin təsdiqi ilə xarakterizə edilən maddi və ya hətta təhrif edilmiş mövcudluğun reallaşmasına doğru istiqamət alırlar.

Mədəniyyat sahəsindəki mənəviyyat tamamilə reallaşa bilməyən, arzu edilən mövcudluğun idealıdır, individin deqradasiyaya uğraması, onun daha əhəmiyyətli xarakteristikalarının itməsi ilə nəticələnən halların aradan qaldırılmasına cəhd etməyə məcbur edir. Mədəniyyət fəzasında mənəviyyatın ifadə formaları ilə yanaşı eyni zamanda ən müxtəlif fenomenlər mövcud olurlar. Bu fenomenlərdən bəziləri mənəviyyat sferasındakı yaradıcı fəaliyyətin nəticələrinə bənzəyir, lakin müxtəlif səbəblərdən bu yaradıcı fəaliyyətin nəticəsi hesab edilə bilməzlər. Onlar mədəniyyətdə kompleks şəkildə psevdomənəviyyat sferası formalaşdırırlar.

Bu halda psevdomənəviyyatı insan mənəviyyatının, mədəniyyətin və həyatın müxtəlif sahələrində məhdud, qeyri-tam, formal reallaşması kimi başa düşmək olar, bu isə mənəvi potensialın lazımi formada ifadə edilməsinə imkan vermir. Psevdomənəvi adlandırıla bilən hallar mükəmməl və tam insan mənəviyyatının təzahürlərinə xarici görünüşünə görə bənzəyir, onların mənəviyyatın əsas xarakteristikalarını təhrif edən qeyri-mükəmməl oxşarlarıdır. Şəxsiyyətin daxili aləminin yaranmasının müəyyən mərhələsində insanın başlanğıc mənəvi vəziyyətinin şəxsiyyətin daha inkişaf etmiş strukturlarına transformasiyası üçün lazım olan bütün zəruri şəraitin formalaşması baş verir. Bu vəziyyət o faktı ifadə edir ki, insanın ruhu mütləq bir varlıq deyil, həyatla dolmağa ehtiyacı olan mənəvi bir varlıqdır. İnsanın ruhu azad seçim halında ruhi tamlığın məzmununun kifayət qədər sərbəst interpretasiyalarının yaranmasına səbəb olur.

Şəxsiyyətin mənəvi varlıq kimi formalaşmasında individin mənəvi inkişafı prosesi individin inkişafının ayrı-ayrı aspektləri ola bilməz. İndividin mənəvi inkişafı prosesi əksər hallarda şəxsiyyətin formalaşmasının başlanğıcı kimi başa düşülür. Mənəvi inkişaf həyatın ali mahiyyətinin və mənasının, dəyərlərin dərk edilməsi əsasında şəxsiyyətin varlığı fəzasının dərk edilməsidir. Bu zaman insan öz ali maraqlarına doğru, eyni zamanda ümumi məqsədə və oriyentirlərə malik olan başqa insanların ali maraqlarına doğru hərəkət edir. İndividin mənəvi sferasının deformasiyasını düzgün olmayan tərbiyə şərtləndirir. Nəticədə, insan mənəviyyatı inkişaf etmir, insanın mənəvi tələbatları ödənilmir.

İndividin təfəkkürü tərbiyənin təsiri altında şəxsiyyətə pozitiv və ya neqativ təsir edən nisbətən avtonom proqramlar hazırlayan dayanıqlı informasiya sistemlərinin yaradılmasını həyata keçirir. Bu sistemlərin qurulmasının ilk mərhələlərində onların ümumi inkişafının və istiqamətinin oriyentirləri yaradılmışdır. Bu oriyentirlər şəxsiyyəti öz inkişafının psixomənəvi mövcudluqla, altruizmlə, məhəbbətlə, mənəviyyatla, məsuliyyətlə əlaqəli prinsip və qanunlara söykənən magistral xəttindən uzaqlaşdırır. Bu oriyentirləri başqa strateji oriyentirlər – maddi nemətlər, karyeradakı müvəffəqiyyətlər, ailənin mövcudluğu əvəz edir. Mənəvi dəyərlərə və ideallara malik olmağa doğru edilən maniakal cəhdlər təhlükəli ola bilər. Bu məqsədlərə nail olmaq nəticəsində şəxsiyyətin özünüizolyasiyası, şəxsi haqlılıq hissinin möhkəmlənməsi, ətrafdakılara biganə münasibət halları baş verir. Bu hallar qeyri-mükəmməldir, artıqdır, individin mənəvi inkişafı yolunda bir səddir. Bu isə qeyri-məmnunluq hissinin, əsəbiliyin, paxıllığın, küsmənin və digər hislərin yaranmasına səbəb olur.

Hazırda insan öz təbii istedadını reallaşdırmağa çalışır və öz bacarıqlarını əmtəəyə çevirir, bu zaman o onların mənəvi tərkibini nəzərə almır. Mənəvi dünyanın transformasiyası prosesində kütləvi informasiya vasitələrinin şüura və altşüura aktiv təsiri, insan psixikasının dərin qatlarına təsir metodlarının modernizasiyası böyük əhəmiyyət kəsb edir. Hal-hazırda insanın daxili aləminin müdafiə sisteminin qurulması haqqında danışmaq lazımdır.

Şəxsiyyətin mənəvi inkişafı yollarında dünyanın, sosiumun, individin real mənzərəsi və onların stsientist, dini – doqmatik, ideya – siyasi, bədii – estetik versiyaları daxilində müxtəlif ziddiyyətlər yaranır. Bu isə əksər hallarda individi çaşdırır və onu informasiya texnologiyalarının köməksiz ünsürünə çevirir. Şəxsiyyətin ali mahiyyətinə inamın azalması və fanatizmin yaranması müşahidə olunur. Nəticədə, psevdomənəviyyat fenomenində insanın ali mənəvi başlanğıcınınonun orqanizminin mənəvi surroqatlı səviyyəsi ilə əvəzlənməsi baş verir. Şəxsiyyətin şüuru müxtəlif psixi və sosiomədəni fenomenlərə xüsusi fikir verir və individin mümkün şərtlilik “yuvasına” bağlanması ilə nəticələnən mexanizmləri formalaşdırır.

Bu asılılıq psixosomatık və intellektual inkişafla müqayisədə nisbətən aşağı sürətlə baş verən mənəvi inkişaf prosesinə mane olur. Bu isə konkret vəziyyətin və şəxsiyyətin mənəvi problemlərinin mahiyyətininin kifayət qədər dərk edilməsilə bağlı olan individin mənəvi cəhətdən inkişaf etməməsinə səbəb olur. Psevdomənəvi adlandırıla bilən fenomenlər mənəviyyat nümunələrinə bənzəyirlər, bəzən individin özünü sərbəst, yaradıcı ifadə etməsi kimi başa düşülürlər, amma onların mənəviyyatla heç bir əlaqəsi yoxdur və mənəviyyatın dərin mahiyyət xarakteristikalarını təhrif edirlər. Psevdomənəviyyatda hislərin ifadə edilməsi ilə əlaqəli olan düzlük, doğruluq, həqiqilik yoxdur, mənəvi qarşıdurma və mənəvi gərginlik qığılcımları da yoxdur. Özünün mənəviyyatlı olmasının nümayiş etdirilməsi arzusu nəzərə çarpır. Qeyd etmək lazımdır ki, əksər hallarda mənəviyyata qarşı iradların mövcud olduğu yerdə, müəyyən “mənəvi” keyfiyyətlərin nümayiş olunduğu hallarda mənəviyyat qurtarır.

Dini və qeyri-konfessional mistisizm və ezoterizm sferalarında onların okkultizm və spiritualizm təcrübələrindən uzaqlaşması müşahidə edilir. Okkultizm və spiritualizmdə real həqiqətlərdən heç bir dəyəri və mənası olmayan psevdoezoterik reallıqlar dünyasına keçmək arzuları əks olunur. Bu psevdomistitizmdə mənəvi rəngarənglik şüurun şüurdankənar vəziyyətlərinə gətirilir. Şüurun bu vəziyyəti daxili aləmə süni təsirin mövcudluğunu, mənəvi təcrübənin texnoloji tərəfinin mütləqləşdirilməsini nəzərdə tutur.

Bu zaman onun ümumi ruhi-mənəvi tərkibi və ilkin sosiomədəni konteksti nəzərə alınmır. Kütləvi informasiya vasitələrində mənəviyyat əvəzinə psevdookkult surroqatların tirajlarla nəşri, primitiv mistitizmin və spiritualizmin, ekstrasensor və ufoloji hadisələrin təbliğatı müşahidə edilir. Yüksək səviyyəli həyat tərzi də psevdomənəviyyatı əks etdirir. Bu zaman özünün fövqəlliyinin reklamı “yüksək zövq” pərdəsi altında aparılır, şübhəli yeniliklər estetik kanonlar kimi təqdim edilir.

Yuxarıda qeyd edilənlər əsasında aşağıdakı nəticələrə gəlmək olar:

1)İnformasiyalı cəmiyyət insanın neqativ fəaliyyətinin, xüsusən, terrorizmin, vandalizmin, qətllərin yayılmasını xarakterizə edir. Bu əsasən dəyərlər sisteminin transformasiyası ilə əlaqədardır. Müasir cəmiyyətdə pul kütləsinin miqdarı ilə ölçülən karyeraya və müvəffəqiyyətə nail olaraq qeyri-asılı şəxs olmaq ideal hesab olunur. Tənhalıq, cəmiyyətdən və həyatdan izolə olunmaq və lazımsızlıq hisləri, istənilən üsulla, o cümlədən neqativ fəaliyyət göstərməklə özünü reallaşdırmağa cəhd daha qabarıq şəkildə özünü büruzə verir. İnformasiyalı cəmiyyətdə insan fəaliyyətinin neqativ nəticələrinin kəskin artımı yeni silah növlərinin yaranması ilə əlaqədardır. Neqativ fəaliyyət ümumi xarakter alır və insanın mövcudluğu üçün təhlükə törədir.

2)İnformasiyalı cəmiyyətdə neqativ hərəkətlərin yayılmasına sosial əlaqələrin anonimliyi təsir edir. Mürəkkəb texnika və texnologiyadan istifadə böyük kollektivlərin yaradılmasına səbəb olur. Bu kollektivlər daxilində şəxslərarası münasibətlər psevdokollektivizm kimi adlandırıla bilər. İri kollektivlərdə bir çox individlər özlərini itirirlər, onlar belə münasibətlərə uyğunlaşa bilmirlər. Daimi rəqabət qarşılıqlı anlaşmanı və köməyi praktiki cəhətdən mümkünsüz edir. İnsanların bir-birindən uzaqlaşması şəxsiyyətin daxili aləmini pozur, o şəxsi “mən” hissini və azadlığını itirir. Vəziyyət informasiyalı cəmiyyət üçün xarakterik olan ailə böhranı ilə daha da pisləşir.

3) Yeni texnologiyalardan istifadə etmək insanın imkanlarının kifayət qədər genişlənməsinə, insanda ixtiraçılıq qabiliyyətinin formalaşmasına, məqsədə nail olmaq üçün məqsədyönlülüyün əmələ gəlməsinə səbəb olur. İnsan sosiumun tənqidlərindən ehtiyat etməyərək və onu əhatə edən insanların ona mənəvi haqq qazandırmasını zəruri hesab etməyərək şüurlu şəkildə neqativ hərəkətlər edə bilər. Müasir telekommunikasiya şəbəkələrindən istifadə edilməsi kompüter vasitəsilə individin fiziki məhvi ilə əlaqədar olan məqsədə nail olmağa imkan verir. Kompüterdən neqativ fəaliyyətin reallaşdırılması zamanı alət kimi istifadə edilə bilər.

4) Mədəniyyət özünüreallaşdırma fəzası kimi istehlakın dominantlıq etdiyi, kütləvi informasiya vasitələri tərəfindən süni şəkildə təsir altına alınan mənəvi fəaliyyət formasının seçildiyi fəzaya çevrilir. Mədəniyyət şəxsiyyətin inkişafına deyil, onun öz səviyyəsinə düşməsinə şərait yaradır. Mədəniyyət müasir həqiqətlərin virtual proseslərində hazır surroqat formalar təklif edir. İnsanın təbiəti özünə ram etməsinə baxmayaraq insan özünün yaratdığı dünyanı istədiyi kimi idarə edə bilmir. Azadlıq, sərbəstlik yalnız nemət deyil, həm də insanlar üçün ağır yükdür. Azad insan öz şəxsi inkişafının üsullarını özü axtarmalıdır. Buna görə də əlverişsiz şərait yarandıqda insan yalnız özünü günahkar bilməlidir. İnsan mövcudluğun, o cümlədən öz mövcudluğunun mənası haqqında suala özü cavab verməlidir.

5) Bu gün insanın mənəvi aktivliyi başqa motivasiyaya malikdir. İnsanın mənəvi fəallığının əhatə dairəsi və dünyagörüşünün dərinliyi kiçilir. Əvvəlki dinlər insanın mənəvi təhlükəsizliyini təmin edə bilmirlər, belə ki, şüurun və dərrakəsizliyin strukturlaşmasını təmin edə bilmirlər. İnsanın tələbatlarını ödəməyən ənənəvi dinlərin rutinləşdirilməsi (mühafizəkarlaşdırılması) prosesi ona gətirib çıxarır ki, inkişaf etmiş struktura və kanonlara malik olan bərqərar olmuş dini institutlarla təqdim edilmiş ənənəvi dinçiliyi tədricən müxtəlif qeyri-dini sistemlər və elitar təşkilatlar əvəz edir. Bu qeyri-dini sistemlər və təşkilatlar individin mənəvi ölçülərə müraciətilə əlaqəlidir.

Elçin Əlibəyli

Sənətşünaslıq üzrə fəlsəfə doktoru


metbuat.az.