29 mar 2019 11:10
Metbuat.az-da yeni "Məchul 5" layihəsi davam edir.
Bu layihə çərçivəsində bir nəfər tanımadığı şəxsə 4 ya 5 sual ünvanlayacaq.
Həmin şəxs də kimdən gəldiyini bilmədiyi suala öz cavabını verəcək.
Arada vasitəçi Metbuat.az saytıdır.
"Azxəbər" portalının baş redaktoru Hacıbəy Heydərlinin suallarını politoloq Nəzakət Məmmədova cavablandırır.
Qeyd edək ki, sualı verən də, cavablandıran da kimliklərini oxucularla eyni anda, yazı saytda dərc olunanda bilirlər.
- Həyatda ən böyük səhvin nə olub?
- Səhvsiz insan yoxdur heç şübhəsiz ki. Hamının səhvi var əlbəttə. Həyatda ən böyük səhvim onu hesab edirəm ki, indiki məşğul olduğum sahəyə daha tez gəlməli idim. Bunu daha erkən edə bilərdim və o zaman indi əldə etdiyim uğurlarımın sayı daha da çox olardı. Lakin bundan əvvəlki fəaliyyət illərim də səmərəli olub, ancaq mən özümü bu sahədə tapmışam, potensialımı daha azad şəkildə reallaşdıra bilirəm, sevdiyim işlə məşğul oluram.
- Ən çox nəyə peşmansan?
- Həyatda bəzən insanlara layiq olmadığı dəyəri verməyimdən, onlara çox inanmağımdan, dəfələrlə mənə qarşı edilmiş səhvləri bağışlayıb sonra buna peşman olmuşam.
- Sevdiyin insana nəyi etiraf etməmisən?
- Bütün gözəl hisslərimi, düşüncələrimi etiraf etmişəm. Etiraf etmədiyim önəmli nəsə bir şey qaldığını düşünmürəm. Məncə insanlar səmimi, dürüst, açıq olmalı, bir-biriləri haqda fikirlərini vaxtında səmimi şəkildə etiraf etməkdən çəkinməməlidirlər.
- Azərbaycanda ən çox nəyi bəyənirsən?
- İnsanlarımızın yardımsevərliyini, qonaqpərvərliyini, müdrikliyini və bizi başqa xalqlardan yaxşı mənada fərqləndirən digər gözəl xüsusiyyətlərini.
- Ölümü necə təsəvvür edirsən?
- Ölümü qorxulu bir şey kimi təsəvvür etmirəm. Bu, məncə müvəqqəti qonaq olduğumuz bu dünyadan əbədiyyət karvanına qoşulmaqdır. Mən ölümə fəlsəfi yanaşıram, yaranmış hər bir canlı bir gün bioloji məhvə məhkumdur. Bu, həyatın qanunauyğunluğudur və hamı onu qaçılmaz son, mütləq reallıq kimi qəbul etməlidir.
Tural İsmayılov/ Metbuat.az