16 apr 2019 15:00
Metbuat.az-da "Məchul 5" layihəsi davam edir.
Bu layihə çərçivəsində bir nəfər tanımadığı şəxsə 4 ya 5 sual ünvanlayacaq.
Həmin şəxs də kimdən gəldiyini bilmədiyi suala öz cavabını verəcək.
Arada vasitəçi Metbuat.az saytıdır.
Tanınmış videoblogger Bəxtiyar Məmmədovun suallarını Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova cavablandırır.
Qeyd edək ki, sualı verən də, cavablandıran da kimliklərini oxucularla eyni anda, yazı saytda dərc olunanda bilirlər.
- İnsan olmaq və ya adam olmaq?
- “İyi insan olunmaz, iyi insan doğulur”. Bu fikirlə razilaşmıram heç vaxt. Cünki hər birimiz günahsız, saf insan olaraq dünyaya gəlirik. Daha sonradan edilən əməllər, qazanılan vərdişlər, davranışlar, tutduğun mövqe və bu kimi faktorlar səni ya “pis insan” adlandırmaqlarına gətirib çıxarır və ya “adam kimi adam” ifadəsi deyilir haqqında.
Həm gözəl insan olmaq, həm də insanların işinə yaramaq birlikdə-adam olmaq deməkdir. Heç vaxt pessimist olmağı seçmirəm, ona görə də ətrafımızda insanlıqdan adamlığa keçid edənlərin az olduğunu deməyəcəm. Kifayət qədərdir. Sadəcə görmək lazımdır. Xüsusilə son günlərdə yayılan sarsıdıcı xəbərlərdən sonra ətrafımızda adam olmağı bacarmış şəxslərə çox böyük ehtiyacımız olduğunu görürük.
- Ən böyük çılğınlığın?
- Bəzən şıltaqlıqla çılğınlığı qarışdırırlar. Çox çılğın insanam deyən birinə bu sualı ünvanlayanda sadəcə bəzi şıltaqlıqlarını dilə gətirir. Mən isə çılğın biri deyiləm. Ona görə nə ən böyük, nə də ən kiçik çılğınlığımı təəssüf ki, yaza bilməyəcəm. Çılğın və riskli insanlara əslində qibtə də edirəm. Çılğınlıq sonradan qazanıla bilərmi, bilmirəm, amma,bir az daha riskli olmağa çalışıram.
- Ən böyük fədakarlığın?
- Hər birimiz həyatda müəyyən şeylərdə fədakarlıq edirik. Ailəmiz, dostlarımız, valideynlərimiz üçün. Bəzi məqamlarda öz istəklərimə xətt çəkmək, başqa zamana saxlamaq, əzizlərimin üzündəki təbəssümü görə bilmək üçün hətta istəyimi dilə gətirmədiyim məqamlar olub. Ümumiyyətlə istəklərini tez-tez dilə gətirməyi bacaran biri deyiləm. Çox vaxt qarşımdakı insanın özünün bunu anlamasını gözləyirəm. Əlbəttə ki, bu bəzən çox böyük bir zaman alır və ya heç vaxt reallaşmır. Amma doğrusunu desəm ən böyük fədakarlığımı göstərə biləcəyim çox ciddi seçimlər arasında qalmamışam. Həyatda yaşayırıqsa bəzi fədakarlıqlar da qaçılmazdır. Amma oğlum üçün etməyəcəyim fədakarlıq yoxdur!
- İti qılınc korşalmış qılıncdan daha mərhəmətlidir?
- Biz insanlar müəyyən yaşa gəldikdən sonra ətrafımıza çox inandıqımız, söykənə biləcəyimiz insanları toplayırıq. İllər lazım gəlir gözü yumulu etibar etdiyin insanları bütün mənfiləri və müsbətləri ilə ələkdən keçirib yanında saxlamaq üçün. Bir də hər zaman ehtiyat etdiyin, belə demək olarsa özünü onlardan qorumaq üçün sərhəd çəkdiyin insanlar olur. Hansı ki, daima müdafiə halındasan. Məhz bu insanlardan gələn zərbəni mən iti qılınc kimi görürəm, çünki gözləniləndir və daha az yaralayır. İnandığın birindən aldığın zərbənin yarası daha dərin olur. Mənim də sınaqdan keçməmiş dostlarım olub, bəlkə də olacaq.
- Zəfər üçün etməyəcəyin şey varmı?
- Heç bir zəfər üçün məni mən edən şeylərdən, dəyərlərdən keçmərəm. Hər kəsin doğrusu özünə görədir. Mənim doğrularım da mənim üçün vacibdir və mən inandığım yolda irəlilədikcə özümə inamım artır, öz gözümdəki dəyərim artır. Əks halda qazandığım uğuru həzm edə bilmərəm!
Tural İsmayılov/ Metbuat.az