5 apr 2019 16:00
Metbuat.az da “1 daşla 9 quş” layihəsi davam edir.
Layihədə 9 fəlsəfi suala 1 cümləlik cavablar veriləcək.
Bu dəfə müsahibimiz tanınmış jurnalist Zahid Nurəliyevdir.
***
- Niyə varsan?
- "İstəməzdim doğulum, mən də bu dünyaya gəlim", amma daha gəlmişəm, üzrlü hesab elə.
- Niyə yox olacaqsan?
- Tural, ümid edirəm ki, üçüncü sualın "niyə ölmürsən?" olmayacaq.
- Niyə yazırsan?
- Yazmağın daşını çoxdan atdım, hazırda işimlə əlaqədar ara-sıra xəbərdən qeyri bir şey yazmıram.
- Yaşamaq nədir?
- Yüz variantda cavab vermək olar, amma mən belə deyirəm: yaşamaq öyrənmək, sevmək və zövq almaqdır.
- Ölüm nədir?
- Reinkarnasiyaya inanıram, ölüm son deyil, transformasiyadır.
- Ədalət nədir?
- Ədalət hər kəsin haqqını tanımaq, ona hörmət etmək, insanlarla, ümumiyyətlə, bütün canlılarla doğru davranmaqdır.
- Azadlıq nədir?
- Maraqlı bir deyim yadıma düşdü: "insan fantaziyasından daha azad nə ola bilər?"
- Yaradıcılıq nədir?
- Yaradıcılıq təqribən odur ki, yüz filosofun cavab tapmadığı suallara kiminsə sinəsinə çöküb bir cümlə ilə cavab istəyəsən.
- İnsan kimdir?
- Düşüncəli, söz anlayan məməli.(Gülür)
Tural İsmayılov/Metbuat.az