METBUAT.AZ

Maraqlı

"İndiki zamanda kişi olmaq deyil, yaxşı kişi olmaq çətindi"

15 may 2019 15:00

Metbuat.az-da "Məchul 5" layihəsi davam edir.

Bu layihə çərçivəsində bir nəfər tanımadığı şəxsə 4 ya 5 sual ünvanlayacaq.

Həmin şəxs də kimdən gəldiyini bilmədiyi suala öz cavabını verəcək.

Arada vasitəçi Metbuat.az saytıdır.

"Baku.ws" saytının baş redaktoru Azad Əliyevin suallarını əməkdar jurnalist Elnarə Dərziyeva cavablandırır.

Qeyd edək ki, sualı verən də, cavablandıran da kimliklərini oxucularla eyni anda, yazı saytda dərc olunanda bilirlər.


- Azərbaycanda qadın olmaq çətindir, yoxsa kişi olmaq?

- İndi “qadın olmaq çətindir” desəm yəqin ki, adımı feminist qoyacaqız. (Gülür) Amma indiki zamanda kişi olmaq deyil, yaxşı kişi olmaq çətindi. Çünki qadınların hər nazına, hərbə-zorbasına dözə biləcək kişilər artıq qırmızı kitaba düşəcək saydadı. Allah köməyiniz olsun!


- Xarici ölkəyə köçüb yaşamaq imkanınız olsaydı haranı seçərdiniz?

- Avstraliyanı. Mənə elə gəlir ki, kenqurularla dil tapmaq indiki zamanda bəzi adamlarla dil tapıb danışmaqdan daha asan olacaq. Məncə artıq nəinki hansısa ölkəyə, materikə, hətta planetlərə köç etməyin zamanıdı. Yenilik, dəyişiklik olsun deyə.


- Yaradana inanırsınızmı, əgər inanırsınızsa o məhz sizi nə səbəbə yaradıb?

- Məni hansı səbəbə yaratdığını isə Yaradan özü bilər. Kim bilir... Hansı səbəbə yaradılmağımızdan asılı olmayaraq real olan budu ki, əbədi deyilik. Çalışıb dedi-qodu, paxıllıq, nifrət, neqativ fikirləri özümüzdən kənarlaşdırıb, bizə ayrılan “ezamiyyət” vaxtını yaxşı dəyərləndirə bilməliyik.

- Tarixi şəxsiyyətlərlə görüşmək şansınız olsaydı kimi seçərdiniz və ona nə sualı ünvanlayardınız?

- İmadəddin Nəsimi ilə görüşmək istərdim. Ona “Bu il sənin ilindi. Nə istərsən dilə bizdən" deyərdim.


- Nifrət etdiyiniz musiqi janrı varmı?

- Nifrət etdiyim musiqi janrı yoxdu. Hər janrın zövq oxşayan və oxşamayan musiqiləri var.


- Daha çox pul qazanmaq üçün əvvəllər etmərəm dediyiniz hansı işi indi görərdiniz?

- Biznesdə bir vaxtlar yarımçıq qoyduğum işimi davam etdirmək istərdim. Allah nəsib etsin!


Tural İsmayılov/ Metbuat.az


metbuat.az.