METBUAT.AZ

Maraqlı

"Özüm daha heç nəyə, heç kimə güvənmirəm"

22 may 2019 11:30

Metbuat.az-da "Məchul 5" layihəsi davam edir.

Bu layihə çərçivəsində bir nəfər tanımadığı şəxsə 4 ya 5 sual ünvanlayacaq.

Həmin şəxs də kimdən gəldiyini bilmədiyi suala öz cavabını verəcək.

Arada vasitəçi Metbuat.az saytıdır.

"Redaktor.az" saytının əməkdaşı, jurnalist Gülşən Şərifin suallarını tanınmış telejurnalist İlham Tumas cavablandırır.

Qeyd edək ki, sualı verən də, cavablandıran da kimliklərini oxucularla eyni anda, yazı saytda dərc olunanda bilirlər.

- Hansı hadisə həyatınızı və həyata baxışınızı bütünlüklə dəyişib?

- Tələbə kimi 19 yaşımda Qarabağ döyüşlərində iştirakım bütün həyatımı dəyişdi. Bu dəyişmə həm dünyaya və insanlara baxışımda, həm də gələcək həyat yolumda, məşğul olacağım işlərlə bağlı hər şeyə təsir elədi. Bakı Dövlət Universitetinin fizika fakltəsində təhsil alan gənc, birdən fəlsəfə ixtisası üzrə təhsil almaq qərarına gəldi və bu keçid baş tutdu. Düşünürəm, müharibə qədər insan həyatına təsir eləyən, onun xarakterini formalaşdıran ikinci bir hadisə yoxdu.


- Peşənizlə bağlı elə bir hallar olubmu ki, başqa bir peşəyə keçmək fikrinə düşəsiniz?

- Bəzi istisnaları çıxmaq şərtilə, sevmədiyim işlə heç vaxt məşğul olmadım. Ona görə də məşğul olduğum işləri sevərək, ürəkdən yerinə yetirdim.


- Hansı insanlar diqqətinizi daha çox çəkir?

- Mən bir az da yox, kifayət qədər surətpərəstəm. Öncə diqqətimi gözəl sima çəkir. Sonradan artıq intellekt, dünyagörüşü, xarakter, insani keyfiyyətlərə uyğun bu sima gözümdə ya gözəlləşər, ya kifirləşər.


- Güvənmək və güvənilmək. Hansına daha çox ehtiyacınız var?

- Nə güvənməyə, nə də güvənilməyə ehtiyacım var. Ancaq ümumiyyətlə götürəndə güvənilməyə daha çox üstünlük verirəm. Özüm daha heç nəyə, heç kimə güvənmirəm…


- Əgər əlinizdə xüsusi imkan olsaydı, mətbuat sahəsində hansı dəyişiklikləri etmək istərdiniz?

- Düşünürəm, artıq mətbuat özünün xəbərçilik missiyasını getdikcə daha çox sosial şəbəkələrə, müasir audio-vizual texnologiyanın imkanlarına uduzur və bu proses durmadan davam edəcək. “Əlimdəki xüsusi imkan” ifadəsi “əlimdə “rıçaq” var” deməkdi. İstənilən “rıçaq” isə azad mətbuatı zorakı yolla hansısa arzuladığın istiqamətə yönəltməyə çəhddir. Ancaq sənin arzuladığın istiqamət başqalarının ürəyincə olmaya bilır. Ona görə, düşünürəm, mətbuat canlı orqanizmdir, ona müdaxilə eləmək, onun genini dəyişməyə cəhd eybəcər metamorfoza gətirib çıxaracaq. Mətbuat özü-özünü tənzimləməli, təbii yolla inkişaf eləməli, sonra da sakitcə başını yerə qoyub sonunun çatdığını elan eləməlidir. Açığı, mətbuatla bağlı elə də nikbin fikirdə olmadığımdan, əlimdə xüsusi imkan olsaydı belə, bu məsələdə baş sındırmaq fikrində olmazdım. Xüsusi imkanlarımı daha vacib və dəyərli işlərə tətbiq edərdim, özü də sərt şəkildə.




metbuat.az.