20 iyn 2019 16:01
Öncə salam. Məni oxuyanlara, oxumayanlara, oxuyub da özünü oxumamazlığa vuranlara və sözlərimi eşitmək istəməyənlərə. Qısaca hamıya bol-bol salam olsun.
Uzun müddətdir ki, futbolumuz haqqında heç nə yazmırdım. Bəlkə, bəziləriniz mənimlə öncəki cümlədə “futbolumuz” sözünə görə razılaşmayacaqsız da. Bir məsəl var “Futbol İngiltərədə doğulub, Azərbaycanda…” Nəsə… Artıq anladınız. Ancaq bizim 8 komandalı çempionatımız və bu 8 komandanın tən yarısının Avropaya yollandığı birinciliyimiz var axı. İnanmıram ki, dünyanın harasındasa çempionatda iştirak edən komandaların yarısı qitə miqyaslı turnirlərə qatılsın. Nəsə…
2019-2020 futbol mövsümündə bizi Avropada “Qarabağ” çempion “Neftçi” və“Səbail” uyğun olaraq 2 və 3-cü yerlərin sahibi, “Qəbələ”nin isə kubokun qalibi kimi təmsil edəcəklərindən yəqin ki, xəbərdarsız.
Məhz bir neçə gün öncə İsveçrənin Nyon şəhərində bizim və Avropanın digər ölkələrinin komandaları üçün püşkatma mərasimi baş tutdu. Gəlin biz öz klublarımızdan danışaq. Belə ki, başlayaq təhlilə. Öncə təbii ki, çempion “Qarabağ”dan…
“Qarabağ”ın ehtimal rəqibləri arasında “Valetta” (Malta), “Sarayevo” (Bosniya), “Sutyeska” (Çernoqoriya), “Saburtalo” (Gürcüstan), “Partizani” (Albaniya) təmsilçiləri var idi ki, kağız üzərində çempionumuz bu komandların hamısından güclü görünür və ağdamlıların tam da “dişinə görədirlər”.“Qarabağ”ı bu mənada bəxtli komanda saymaq olar. Çünki onun potensial rəqibləri arasında daha güclü və daha səviyyəli komandalar var idi ki, ən azı bir neçə turluq ağdamlılar onlardan canını qurtara bildi. Ancaq unutmayaq ki, ilk növbədə “Qarabağ” Albaniya çempionunu məğlub etməlidir. Kimlərsə “Partizani”yə zəif və çıxış etdiyi çempionata cılız baxa bilər. Lakin ilk öncə üzümüzü digər ölkələrə döndərmədən qabaq Topaz Premyer Liqasına nəzər yetirib onun ildən-ilə hansı səviyyə və sürətlə “irəli getməyinə” diqqət edək. Alban komandalarının birbaşa nəticəyə oynadığını, nəticəni qoruyub saxlamağı bacardığını və əsasən fiziki güclərinə arxayın olaraq oyunu apardıqlarını nəzərə alsaq bu görüşlər “Qarabağ” üçün heç də asan keçməyəcək. Lakin hər halda fikrimcə bizimkilərin heyətdən bəzi futboçularını itirdiklərini nəzərə alsaq və onu da göz önünə gətirsək ki, hələ oyun gününə kimi bəzi transferlərin də reallaşması gündəmdədir, bax o zaman çempiondan ən azı bu mərhələni keçməyi gözləyə bilərik. Böyük proqnozlar vermək olmur. Ki, “Qarabağ”ı bu il harada görürük və ya digərərini. Çünki bu sözləri deməyə bizə çemponatın səviyyəsi imkan vermir. Çempion hələ albanları üstələsin sonrasına baxarıq…
Püşkatmaya əsasən “Neftçi”nin də potensial rəqibləri “Qarabağ”ın ehtimal rəqibləri qədər rahat və asan görünürdü. “Hibernians” (Malta), “Rujemberok” (Slovakiya), "Pandev Akademiyası” (Makedoniya), “Zeta” (Monteneqro), “Speranta” (Moldova). Asan, rahat və “dişə dəyən” rəqiblər. Və bunların fonunda flaqmana pay düşən Moldova “Speranta”sı. “Neftçi” azarkeşlərə ötən ilin gözlənilməz və adına yaraşmayan məğlubiyyətini unutdurmaq üçün əlinə düşən fürsətdən maksimum istifadə edib moldovanları bacardığı qədər “topa tutmalı” və aman verməməlidir. Bilmək olmaz bəlkə növbəti mərhələlərdə bakılıların qarşısına elə rəqib çıxar ki…Yox.. Ancaq mənim fikrimcə “Neftçi” birinci mərhələni rahat adlayacaq və adlamalıdır. Axı o, “Neftçi”dir.
Və məndə “pullu atanın ərköyün balası” obrazını doğuran “Səbail”. Əslində “dənizçilərin” Avropada təcrübəsinin olmadığını nəzərə alsaq onlar üçün kiçik bir təcrübəli komanda da baş ağrısı ola bilərdi. Ki, təmsilçilərimiz Avropaya ayaq açar-açmaz bəxtlərinin gətirmədiyini əminliklə deyə bilərik. Belə ki, onlara ehtimal edilən “Balzan” (Malta), “Laçi” (Albaniya), “Şkupi” (Makedoniya), “Petrokub” (Moldova), “Trans Narva” (Estoniya) kimi rəqilərin arasından arzu olunmaz Rumıniya “Krayova”sı rəqib seçildi. Bax burada deyirlər ki, “qorxan gözə çöp düşər”. Demək olar ki, mövsüm boyu komandanı çiyinlərində daşıyan və medallara çatdıran legioner futbolçuları bir qocalıb-qartımış Esiyenə qurban vermək, onlarla vidalaşıb, heyətində yalnız qoca afrikalını saxlayan komandanın rəqibi yəqin ki, İlahi ədalətin nəticəsidir. Doğrusu mən keyfiyyətli oyunçularının çoxunu itirmiş və ya bada vermiş, əvəzində isə gedənlərin yerini heç də doldura bilməyən “Səbail”dən elə də ciddi uğur gözləmirəm. Özü də belə adlı-sanlı rumın “Krayova”sı ilə. “Səbail” böyük ehtimalla bu mərhələdəcə büdrəyib, AL-ı tərk edəcək. Gəlin özümüzə bununla təsəlli verək ki, bu oyunlar “dənizçilərin” gənc futbolçuları və Esiyenə böyük təcrübə olacaq. Axı onlar futbola hələ yeni başlayır…
Bu və digər məsələlər haqda daha çox yaza bilərəm. Ancaq sözümün hamısını indi yazsam, sonra yazmağa söz qalmaz. Xalq nağılımızda necə deyir “ay bala, yat , gecdi daha, nağılın hamısını indi desəm, nağıl qalmaz sabaha”.