30 apr 2021 20:23
“Qədr gecəsinin fəziləti o qədər böyükdür ki, bu gecədə edilən ibadət min ayın ibadətindən üstündür”.
İllahiyyatçı Hacı İlham Məhərrəmli Metbuat.az-a müsahibəsində Qədr gecəsinin fəzilətləri barədə danışdı. İlahiyyatçı deyir ki, Qədr gecəsi barədə Qurani-Kərimdə surə mövcuddur. Quranın “Qədr” surəsində bu gecə barəsində danışarkən, Allah iki məsələyə diqqət yetirir.
“Birincisi, Quranın bu gecədə nazil olmasına, ikincisi isə, insanların gələn ilə kimi qədər-qismətlərinin yazılmasına. Bu gecədə insanların yaxşı və pis əməllərinin miqdarının təyin olunur. Qədr gecəsində Allah bəndələrinə fürsət verir ki, keçmişlərinin əsirliyidən qurtarsınlar və müqəddəratlarını dəyişsinlər. Ona görə, Qədr gecəsinin necə keçirilməsi taleyüklü məsələdir”.
Bəs Qədr gecəsinin dəqiq vaxtı nə vaxtdır?. Hacı İlham Məhərrəmli deyir ki, Peyğəmbər(s) və imamlar(ə) həmin gecənin dəqiq vaxtını bizə söyləməyiblər. Bundan məqsəd daha çox əhya saxlamaq və Allaha ibadət etməkdir.
“Qədr gecəsi mübarək Ramazan ayının 19-cu, 21-ci və 23-cü gecələrindən birinə təsadüf edir. Qədr gecəsində əhya saxlanılıdğından (oyaq qalmaq) bu üç gecəyə həm də “əhya gecələri” deyilir. Bu gecənin fəziləti o qədər böyükdür ki, bu gecədə edilən ibadət min ayın ibadətindən üstündür. Lakin, bununla belə Qədr gecələrinin əməlləri vacib deyil, müsəthəbdir. Bacardığınız qədər bu gecə Allaha xatir ibadət edilməlidir”.
Qədr gecəsi həmin gecələrdəndir ki, o gün Qurani-Kərim nazil olub. Həmin gecə mələklər yer üzünə gəlirlər. Hər üç gecə üçün müştərək olan əməllər aşağıdakılardır:
1. Gün batarkən Qədr gecəsinin qüslunu almaq, şam və xiftən namazlarını həmin qüsuldan sonra qılmaq
2. Əhya saxlamaq (şam azanından sübh azanına qədər oyaq qalmaq)
3. Quran oxumaq
4. Peyğəmbər(s) və onun Əhlibeytinə(ə) salavat göndərmək
5. Qədr gecəsinin namazını qılmaq.
Hacı İlham Məhərrəmli qeyd etdi ki, həmin namaz iki rükətlidir, hər rükətdə “Fatihə” surəsindən sonra yeddi dəfə “İxlas” surəsi oxunulur. Namaz bitdikdən sonra dərhal səcdəyə gedib yetmiş dəfə “Əstəğfirullahə və ətubu ileyh” (Allahdan günah və xətalarıma görə üzr diləyir və ona tərəf qayıdıram) deyilməlidir.
“Bundan başqa həmin günlər ərəfəsində100 rükət “Qədr gecəsinin namazı” niyyəti ilə başqa namaz qılmaq (50 dəfə iki rikətli namaz) lazımdır. Qəza namazları olanlara tövsiyə olunur ki, bu namazı qılmaq əvəzinə 6 günün qəza namazlarını qılsınlar. Yaxşı olar ki, dualara keçməmişdən öncə sədəqə verilsin, yaxud ən azından fikirdə sədəqə ayrılsın. Habelə, Allahdan çoxlu əfv dilənsin.Yaxşı olar ki, bu gecə hamıya haqqınızı halal edəsiz, sizə pislik edən hər kəsi bağışlayasız ki, Allah da sizə rəhmət nəzəri ilə baxsın.
Peyğəmbər s.a buyurub ki, “Bədbəxt o şəxsdir ki, Qədr gecəsində Tanrıya dua edib bağışlanması üçün rica etmir’’. Bu gecənin fəzilətindən bəhs edən hədislər Qədir gecəsini ibadətlə keçirənlərin keçmiş günahlarının əfv ediləcəyini xəbər vermişdir. Bununla yanaşı, Qədir gecəsinin gündüzü tutulan orucun bütün ili tutulan oruca tən olduğu bildirilmişdir”.
Qeyd edək ki, bu il ehtimal edilən əhya (Qədr) gecələri Ramazan ayının 19, 21 və 23-ü gecələridir. 2021-ci ildə bu gecələr mayın 1-dən 2-nə, 3-dan 4-nə və 5-dən 6-na 9dan 10-10 a keçən gecələrdir.
Gülbəniz Hüseynli / METBUAT.AZ