1 apr 2021 12:10
- Samir bəy, bildiyiniz kimi Çin İranla 25 illik tarixi müqavilə imzaladı. Müqaviləyə əsasən Çin İran iqtisadiyyatına 400 milyard dollar sərmayə qoymaqla 25 il ərzində İrandan ucuz neft alacaqdır. Çinin Xarici İşlər naziri Van İ və iranlı həmkarı Məhəmməd Cavad Zərif arasında imzalan bu müqavilə əsasən hansı sahələrə əhatə edir?
“Öncə onu qeyd etmək lazımdır ki, Çin və İran arasında uzun illəri əhatə edən qarşılıqlı strateji əməkdaşlıq mövcuddur. Məhz buna görədir ki, zaman-zaman Çin və İran arasında bəzi sahələrdə, xüsusilə də siyasi, iqtisadi, mədəni və hərbi sahədə müəyyən əməkdaşlıq mövcud olub. Bir neçə gün Çin və İran arasında imzalanmış müqavilə də yuxarıda qeyd etdiklərimin cəmini birgə əhatə edir. Nəzərə alsaq ki, Çin İranın iqtisadiyyatına, xüsusilə də neft sektoruna 2015-ci ildə Çin və İran arasında imzalanmış müqaviləyə əsasən 1 trilliyon dollara qədər sərmayə qoymağı öhdəsinə götürüb, o zaman son günlər tərəflər arasında imzalanmış müqavilə əvvəlki müqavilələrin bir az genişləndirilmiş forması kimi qəbul edilə bilər. Onu da qeyd etmək lazımdır ki, Çin İranda hərbi baza yaratmaq istəyir ki, bu da İrana əlavə təhlükəsizlk imkanı yaradır”.
- Uzun müddətdir ABŞ-ın sanksiyalarından iqtisadiyyatı iflic hala düşən İranın bu müqavilə ilə iqtisadiyyatı dirçələ bilərmi?
“İran iqtisadiyyatı artıq 40 ilə yaxındır bu təziqlər və sanksiyalar altındadır. Təbii ki, Çinlə olan əlaqələri İran iqtisadiyyatını tamamilə məhv olmaq təhlükəsindən qorumuş oldu. Hesab edirəm ki, İranın Çinlə əlaqələri genişləndirməsi, bir tərəfdən ABŞ-dan özünü qorumaq siyasətini təmin etsə də, digər tərəfdən Çinin İran üzərində təsir dairəsini artırmış olacaq”.
- 25 illik müqavilən imzalanması Çin və İranın siyasi sularında ABŞ qasırğası yarada bilərmi? Yoxsa tərəflər arasında yeni soyuq müharibə ab havasımı başlayır?
“Çin və ABŞ arasında soyuq müharibə artıq uzun müddətdir ki, başlayıb. Sadəcə son zamanlar tərəflər arasında “Soyuq müharibə” anlayışı daha qabarıq şəkildə görünməyə başlayıb. Xüsusilə də tərəflər arasında regiona gedən mövqe savaşını qeyd etmək olar. ABŞ və Çin arasında son 10 ildə təkcə regional deyil, eyni zamanda qlobal müstəvidə də gedir”.
- Çinin müəllifi olduğu “Bir kəmər, bir yol” layihəsi dünya iqtisadiyyatında hansı dəyişikliklərə səbəb ola bilər? Bu layihənin siyasi əhəmiyyətibarədə düşüncələriniz nədir?
““Bir kəmər, bir yol” layihəsi prinsip etibarı ilə dünya da yalnız iqtisadi deyil, siyasi baxımdan da böyük dəyişikliklər yaratmaq imkanına malik layihə hesab olunur. Əgər Çin bu layihəni reallaşdıra bilsə, o zaman ABŞ-ın nüfuz dairəsində olan dövlətlərin Çinə istiqamət aldığının şahidi ola bilərik ki, bu da gələcəkdə Qlobal güc mərkəzinin Qərbdən Şərqə istiqamətlənməsinə imkan yaradacaq.
Nəzərə alsaq ki, layihə 4 triliyon dollardan artıq olmaqla yanaşı 65 dən çox ölkəni əhatə edir, o zaman Çinin uzun müddətli strategiya qurduğunu demək mümkündür“.
- Azərbaycan tarixi ipək yolunu realllığa qovuşması mümkün ola bilərmi?
“Azərbaycan artıq qoşulub bu layihəyə. Amma Azərbaycanın digər dövlətlərdən fərqi ondadır ki, layihəyə qoyulacaq sərmayənin böyük hissəsini öz hesabına təmin edib. Həmçinin Azərbaycanın layihəyə qoşulması üçün infrastrukturunun böyük hissəsi hazır vəziyyətdədir.
Ələt beynəlxalq limanı, Bakı-Tiflis-Qars dəmir yolu xəttinin hazır olması Azərbaycanın bu məsələdə üstünlüyü kimi qəbul edilə bilər. Bu layhənin hazır olmasından sonra Azərbaycan məhsulları dünya bazarlarına daha rahat şəkildə çıxarıla bilər. Eyni zamanda Azərbaycan burada transit ölkə rolunu oynayır”.
- Türkiyə üçün bu layihədə Çin ilə əməkdaşlığ hansı mövqedədir?
“Türkiyə bütün dünyada regional güc kimi qəbul edilir. Türkiyəni 20 il əvvəlki vəziyyəti ilə müqayisə etsək, fərqləri açıq şəkildə görə bilərik. Fikrimcə iqtisadi baxımdan kifayət qədər güclənmiş Türkiyə üçün Çin-in yaxud ABŞ-ın olması o qədər də önəmli deyil. Əksinə Çinin bu layihəni gerçəkləşdirməsi üçün Türkiyəyə ehtiyacı var”.
- Zəngəzur dəhlizi İran Çin müqaviləsindən sonra hansı qayda şərtlərlə açıla bilər? Mexanizmi necə olacaq?
“Zəngəzur dəhlizi əsasən Azərbaycan və Türkiyə üçün önəmlidir. Yəni digər dövlətlər üçün bu dəhlizin o qədər də önəmi yoxdur. Bəli, bu dəhlizdən İran və digər dövlətlər də faydalana bilər. İran üçün bu dəhlizin faydası ondan ibarət ola bilər ki, dəhliz vasitəsilə İran öz bazarını genişləndirə bilər.
Mexanizim uzun müddətdir ki, işlənirdi. Sadəcə Qarabağ münaqişəsi imkan vermirdi. Fikrimcə qısa zamanda bu məsələ yenidən gündəmə gələ bilər. İran mövcud reallığa uymaqla dəhlizin açılmasına maraqlı olmalıdır”.
Gülbəniz Hüseynli / METBUAT.AZ