METBUAT.AZ

Siyasət

Rusiyanın gözündən düşən Paşinyan çarə axtarır

9 iyn 2021 10:45

Metbuat.az və “Atlas” Araşdırmalar Mərkəzi birlikdə hazırlanan layihəmizin bu dəfə ki, mövzusu "Ermənistanda keçirilən prezident seçkilərinə baxış"dır.

“Atlas” Araşdırmalar Mərkəzinin Asiya və Sakit Okean ölkələri üzrə siyasi ekperti Samir Hümbətovun Metbuat.az-a özəl şərhini oxuya bilərsiniz.

Dünyanın və regionun aparıcı dövlətlərinin diqqəti 20 iyun 2021-ci ildə Ermənistanda keçriləcək parlament seçkilərinə yönəldiyi dövrdə Ermənistan baş naziri Nikol Paşinyan Fransaya və Belçikaya səfərlər etdi və bu səfərlər çərçivəsində Avropada yaşayan və diaspora fəaliyyəti ilə məşğul olan bəzi şəxslərlə görüşlər keçirdi.

Ermənistanda baş nazir səlahiyyətlərini müvəqqəti icra edən Nikol Paşinyanın ilk səfəri 1 iyun 2021-ci ildə Fransaya baş tutdu. Bu səfər çərçivəsində Nikol Paşinyan öncə Fransa prezidenti Emmanuel Makronla görüşdü. Emmanuel Makrondan sonra isə Nikol Paşinyan Fransa Milli Assanbleyasının sədri Rişar Feran və Fransa Senatının sədri Jerar Lapşe ilə görüşüb. Tərədlər arasında baş tutmuş bu görüş bağlı qapılar arxasında keçrilib.

Verilən məlumatlara əsasən demək olar ki, Ermənistan baş naziri səlahiyyətlərini müvəqqəti icra edən Nikol Paşinyan və başda prezident Emmanuel Makron olmaqla Fransa rəsmiləri arasında baş tutan görüşlərdə müzakirə olunan əsas mövzuları sırasında Ermənistan və Fransa arasında ikitərəfli siyasi-iqtisadi münasibətləri, Ermənistan-Azərbaycan sərhəddində baş verən insidentlər, Dağlıq Qarabağ münaqişəsinin yekun həllinin gələcək istiqamətləri və s. məsələlər vardı.

Ermənistan baş naziri səlahiyyətlərini müvəqqəti icra edən Nikol Paşinyan Fransa rəsmiləri ilə görüşlər keçirdikdən sonra Ermənistanın Parisdəki səfirliyinin binasında Fransanın Erməni Təşkilatları Koordinasiya Şurasının həmsədri Ara Toranyan və Qəyyumlar Şurasının üzvü Petros Terzyan ilə ayrıca bir görüş keçirib. Nikol Paşinyan diaspora nümayəndələri ilə görüş zamanı Prezident Emmanuel Makronla danışıqların nəticələri, 44 günlük II Qarabağ müharibəsi, Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət, ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həlli üçün danışıqlar prosesinin bərpa edilməsi və s. məsələləri müzakirə edib.


Nikol Paşinyanın Fransada keçrilən görüşləri başa çatdıqdan sonra iyun ayının 2-də Belçikaya səfəri başlayıb. Ermənistan baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan Belçikada Avropa Şurasının sədri Şarl Mişel ilə görüşü baş tutub. Nikol Paşinyan daha sonra Belçika Krallığının Baş naziri Aleksandr De Krolya ilə də görüşüb.

Verilən məlumatlara əsasən, Nikol Paşinyanın keçirdiyi bu görüşlərdə də əsas müzakirə olunan məsələlər sırasında Avropa İttifaqı-Ermənistan siyasi və iqtisadi münasibətləri, II Qarabağ müharibəsi, Ermənistan-Azərbaycan sərhəddində baş verən insidentlər, ATƏT-in Minsk Qrupunun münaqişənin yekun həllində iştirakı və s. məsələlər müzakirə edilmişdir.

Ermənistanda 20 iyun 2021-ci ildə keçrilməsi nəzərdə tutulan parlament seçkilərinə 20 gün qalmış Ermənistan baş naziri səlahiyyətlərini icra edən edən Nikol Paşinyanın Fransaya və Belçikaya səfərlərinin arxasında hansı məsələlər dayanır? Nikol Paşinyan öz doğum günündə Parisdə kimi və nəyi axtarırdı?

Görünən odur ki, Nikol Paşinyanın bu səfərinin arxasında çox gizli məqamlar dayanır ki, biz də bunları təhlil etməyə çalışacağıq. Öncə ondan başlayaq ki, Ermənistanda keçrilməsi nəzərdə tutulan parlament seçkilərinə 20 gün qalmış baş nazir səlahiyyətlərini müvəqqəti icra edən Nikol Paşinyanın Fransaya və Belçikaya səfər etməsi onu göstərir ki, Ermənistandakı mövcud hakimiyyət Rusiyanın ona verdiyi bütün dəstəklərə baxmayaraq istiqamətini Qərbə yönəltməyə çalışır və çox güman ki, Nikol Paşinyan yenidən hakimiyyətə gələrsə, Ermənistanın daha çox qərbə inteqrasiyasına çalışacaq. Bu da uzun illər Ermənistana bu və ya digər şəkildə dəstək vermiş Rusiya üçün heç də xoş olan hal deyil. Digər tərəfdən Nikol Paşinyan Fransa prezidenti Emmanuel Makronla görüşü zamanı işlətdiyi bəzi ifadələr diqqətdən kənarda qalmadı. Nikol Paşinyan görüş zamanı bildirdiyi “bəzi dövlətlər ikibaşlı bəyanatlar verirlər” ifadəsinin birbaşa Rusiyaya yönəlmişdir. Baxmayaraq ki, 10 noyabr 2020-ci ildə Ermənistan ordusunu Azərbaycan ordusundan xilas edən də məhz Rusiya oldu.


Nikol Paşinyan yaxşı başa düşür ki, Rusiya üçün onun hakimiyyətdə qalmağı o qədər də məqbul hesab edilmir və ona görə Rusiya əl atdan özünə sadiq namizədi dəstəkləməyə çalışır. Təsadüfi deyil ki, eks prezidenti Robert Koçaryan bir neçə gün öncə mediaya verdiyi müsahibə zamanı açıq şəkildə bildirdi ki, Ermənistan üçün əsas dost və tərəfdaş dövlət Rusiyadır. Nikol Paşinyanın II Qarabağ müharibəsindən sonra istər Rusiyaya, istərsə də Rusiya ilə birgə bir hərbi blokda olduğu KTMT-yə qarşı dəfələrlə səsləndirdiyi ittihamların arxasında da məhz Qərbdən özünə qarşı dəstəyi daha da artırmaq niyyətinin olduğunu düşünmək mümkündür. Paşinyan yaxşı başa düşür ki, istər seçkiyə qədər, istərsə də seçkidən sonra qalib gələrsə hakimiyyətdə qalması üçün dəstək alacağı əsas istiqamət məhz qərb dövlətləridir. Nəzərə alsaq ki, erməni lobbisinin güclü olduğu dövlətlərdən biri də məhz Fransadır, o zaman məsələ tam aydın olur.

Nikol Paşinyanın başda Emmanuel Makron olmaqla görüşdüyü Fransa rəsmiləri ilə müzakirələr zamanı ATƏT-in və BMT-nin yenidən, amma bu dəfə Ermənistan-Azərbaycan arasındakı sərhəd insidentinə cəlb edilməsi fikirlərini səsləndirməklə onları münaqişəyə cəlb edilmək fikirləri onu göstərir ki, Nikol Rusiyanın Cənubi Qafqazda, xüsusilə də Ermənistanda dominant mövqedə olmasını istəmir və fürsət düşən kimi Rusiyanı Ermənistandan sıxışdırıb çıxarmağa çalışacaq.

Nikol Paşinyanın Fransadan sonra növbəti səfərinin Belçikaya olması, Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Belçika Krallığının Baş naziri Aleksandr De Krolya keçirdiyi görüşlər zamanı aparılmış müzakirələr də onun göstərir ki, Nikol üçün əsas istiqamət qərbə doğrudur. Nikol seçki öncəsi həm fərdi şəkildə, həm də təşkilatlar çərçivəsində qərb dövlətlərin dəstəyini almaq niyyətində olduğunu göstərməyə çalışır.

Nikol Paşinyanla Brüsseldə görüşən Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə zəng etməsi və bu telefon danışığı zamanı ikitərəfli əlaqələrin inkişaf etdirilməsi, Cənub Qaz dəhlizi layihəsinin uğurla icrasından əlavə həm də Ermənistan-Azərbaycan sərhəddində baş verən insidentlər, 10 noyabr 2020-ci ildə üçtərəfli formatda imzalanmış bəyanatın icrası, minaların xəritələrinin verilməsi, saxlanılan şəxslərin qaytarılması və sair məsələlərin müzakirə onu göstərdi ki, Avropa İttifaqı üçün Ermənistan prioritet hesab edilmir. Nikol Paşinyanın Avropa qapılarını gəzib özünə dəstək axtarmasına baxmayaraq avropalılar onun niyyətini yaxşı başa düşürlər. Məhz buna görə də, Avropa İttifaqı Ermənistanın bu qədər təkidlərinə baxmayaraq Azərbaycanla münasibətlərin korlanmasını istəmir, əksinə ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsinin tərəfdarı olduğunu göstərməyə çalışır.


Hesab edirəm ki, Nikol Paşinyanın atdığı bu addımlar və verdiyi bəyanatlar Rusiya tərəfindən diqqətlə izlənilir və parlament seçkilərində Paşinyana qarşı ciddi problemlər yaratmağa kifayət qədər əsas verir. Nikol Paşinyanın Fransa səfəri zamanı orada fəaliyyət göstərən erməni lobbi təşkilatlarının, xüsusilə də “Daşnaksütun” nun nümayəndələrinin Paşinyana qarşı etiraz nümayişləri keçirməsi və onunla görüşlərdən imtina etməsi onu göstərir ki, II Qarabağ savaşında Ermənistanın biabırçı şəkildə məğlub olmasını Nikolun belinə yazmağa çalışırlar.

Budan sonrakı mərhələdə Nikol Paşinyanın hakimiyyətdə qalacağ təqdirdə Ermənistan-Rusiya və Ermənistan Qərb münasibətlərinin nədən ibarət olacağı indidən açıq şəkildə görünməkdədir. Hesab edirəm ki, bizim üçün ən məqbul variant Ermənistanın hər iki tərəfdən etimadını itirməsi və ortada qalmasıdır. Nikol Paşinyan isə istəklərimizi gerçəkləşdirməyə doğru iri addımlarla gedir.

Hazırladı: Gülbəniz Hüseynli


metbuat.az.