9 sen 2021 18:18
Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə Pakistan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bilal Haye arasında iki ölkənin turizm əlaqələrinin genişləndirilməsi məsələsi müzakirə olunub.
Metbuat.az xəbər verir ki, görüşdə Agentlik sədri Pakistanın Azərbaycan üçün hədəf turizm bazarlarından biri olduğunu, 2018-2019-cu illərdə Pakistandan gələn ziyarətçilərin sayının əvvəlki illərə nisbətən dəfələrlə artdığını, ancaq təəssüf ki, pandemiya səbəbindən artım tempinin dayandığı qeyd edib.
Fuad Nağıyev Vətən müharibəsi dövründə dost ölkə tərəfindən Azərbaycana verilən siyasi dəstəyin əhəmiyyətini vurğulayaraq, bunun ölkələrimiz arasında iqtisadi və turizm əlaqələrinin də inkişafına öz töhfəsini verdiyindən bəhs edib.
İşğaldan azad edilmiş ərazilərdə turizmin inkişafı istiqamətində planlaşdırılan layihələr haqqında da məlumat verən Agentlik sədri yaxın gələcəkdə yeni turizm destinasiyası kimi təqdim olunacaq Qarabağa Pakistandan da turist səfərlərinin həyata keçiriləcəyinə inamını ifadə edib.
Səfir Bilal Haye öz növbəsində ölkələrimiz arasında turizm əlaqələrinin inkişafı və qarşılıqlı səfərlərin artması məqsədilə əməkdaşlıq sazişi layihəsinin önəmini vurğulayıb və yaxın gələcəkdə imzalanması planlaşdırılan sazişin qarşılıqlı səfərlərin artmasında və təşviqində rol oynayacağına əminliyini bildirib.
Görüş zamanı birbaşa aviareyslər, viza məsələləri, postpandemiya dövründə birgə tanıtım və təbliğat layihələrinin həyata keçirilməsi haqqında fikir mübadiləsi aparılıb.