METBUAT.AZ

Turizm

Azərbaycanın hava limanlarında sərnişin axını pandemiyadan əvvəlki göstəricilərə yaxınlaşır

13 iyl 2022 16:47

Cari ilin əvvəlindən Azərbaycanın beynəlxalq hava limanlarında ümumi sərnişin axını 2 milyon nəfəri ötüb.

Bu barədə Metbuat.az-a Heydər Əliyev Beynəlxalq Hava Limanının mətbuat xidmətindən xəbər verilib.

Məlumata görə, cari ilin təkcə iyun ayında hava limanlarında 530 min nəfərə xidmət göstərilib ki, bu da pandemiyadan əvvəl 2019-cu ildəki göstəricinin 96 %-ni təşkil edir.

Heydər Əliyev Beynəlxalq Hava Limanında yeri olan “AZAL” və “Buta Airways” aviadaşıyıcıları tərəfindən ilin əvvəlindən müvafiq olaraq 618 min və 201 min sərnişin daşınıb. Bunlardan 457 min nəfəri beynəlxalq reyslərin sərnişinləridir və beynəlxalq daşımaların ümumi həcminin 36 %-ni təşkil edir.

2022-ci ilin iyun ayında Heydər Əliyev Beynəlxalq Aeroportuna 24 xarici aviaşirkət müntəzəm reyslər yerinə yetirilib. Bundan əlavə, qeyd edilən ayda “Salam Air” aviaşirkəti Maskat şəhərindən Bakıya birbaşa reyslər açıb.

İyun ayında Bakıdan ən populyar beynəlxalq istiqamətlər onluğuna İstanbul, Moskva, Dubay, Tbilisi, Antalya, Əbu-Dabi, Ər-Riyad, Ankara, Şərcə və Minsk şəhərləri daxil olub.

Heydər Əliyev Beynəlxalq Hava Limanı (IATA: GYD) — sərnişin və yük daşımalarının, uçuş-enmə əməliyyatlarının həcminə, aerovağzal kompleksinin sahəsinə və yük kompleksinin iş gücünə görə Azərbaycanda və regionda ən böyük hava limanıdır.

2021-ci ildə Heydər Əliyev Beynəlxalq Aeroportu “Skytrax” Beynəlxalq Hava Nəqliyyatı Reytinq Agentliyi tərəfindən COVID-19 pandemiyası dövründə hava limanları üçün epidemioloji təhlükəsizlik üzrə 5 ulduzlu reytinqə layiq görülüb.

Bu mükafat, öz sərnişinlərini və əməkdaşlarını koronavirusun yayılmasından qorumaq üçün Heydər Əliyev Beynəlxalq Hava Limanında tətbiq olunan COVID-19 tədbirlərinin səmərəliliyinin yüksək səviyyədə tanındığını göstərir.


metbuat.az.