18 iyl 2022 11:16
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Suraxanı” gəmi-muzeyinin və “Chagh Art Platform”un təşkilatçılığı ilə “Dənizə doğru” adlı qrup sərgisi keçirilib.
Metbuat.az xəbər verir ki, bu barədə ASCO məlumat yayıb.
Bildirilir ki, Xəzər dənizinə, onun gözəlliklərinə, eyni zamanda Xəzərin qoynunda üzən gəmilər və dənizdə çalışan zəhmətkeş insanlara həsr olunmuş sərgidə 40-dan çox əsər nümayiş olunub. Burada Azərbaycanın tanınmış rəssamları Eldar Qurbanov, İntiqam Ağayev, Rafail Əliyev, Vüqar Əli, Rəşad Cabarov, Mir Azər Abdullayev, Anar Hüseynzadə, Elşən Karaca, Leyla Altunay, Milena Nəbiyeva, Emin Qəhrəmanov, Elçin Hüseyn, Məmməd Rəşidov, Günel Ravilova, Abbas Məmmədov, Diana Əliyeva, Səbinə Səfərova, Aqil Həşimov, Rəşad Rzayev, Sahib Yaqubov və sair kimi rəssamlar marina janrında təsvir etdikləri əsərləri təqdim ediblər.
Dünyanın ilk tanker muzeyində baş tutan və iki gün davam edən sərgiyə böyük maraq olub.
Qeyd edək ki, ASCO korporativ sosial məsuliyyəti çərçivəsində mədəniyyətimizin inkişafı, təbliği, eləcə də yaradıcı gənclərin dəstəklənməsi istiqamətində mütəmadi olaraq mühüm layihələr gerçəkləşdirir. Bundan əvvəl, şirkət 160 illik yubileyi münasibətilə gənc rəssamlar arasında təsviri incəsənət müsabiqəsi təşkil etmişdi. Daha sonra isə həmin müsabiqəyə təqdim olunan 100-dən çox əsərin Muzey Mərkəzinin Sərgi Qalereyasında sərgisi keçirilmişdi.
Bu cür layihələrin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.