METBUAT.AZ

Turizm

Azərbaycan və Meksika arasında turizm əlaqələrinin perspektivləri müzakirə edilib

29 avq 2022 14:22

Azərbaycanla Meksika arasında turizm sahəsində təcrübə mübadiləsinin ikitərəfli münasibətlərə töhfə verməsi və pandemiyadan sonra turizmin bərpası istiqamətində atılan addımlar avqustun 29-da Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Xuan Rodriqo Labardini Flores arasında keçirilən görüşdə müzakirə edilib.

Metbuat.az-a Turizm Agentliyini mətbuat xidmətindən verilən xəbərə görə, görüş çərçivəsində, həmçinin 2022-ci ildə Qətərdə təşkil ediləcək Futbol üzrə Dünya Çempionatının keçirildiyi tarixlərdə Meksikadan olan azarkeşlərin Azərbaycana səfərlərinin təşkilinin təşviq edilməsi və aidiyyəti strukturlarla əlaqələrin qurulması məsələsi diqqətə çatdırılıb.

Səfir Rodriqo Labardini Meksikanın turizm ölkəsi kimi təcrübəsi və Kankun turizm bölgəsinin imkanları haqqında danışaraq bərpa olunması planlaşdırılan və “Türk Hava Yolları” aviaşirkəti vasitəsilə həyata keçirilən İstanbul-Mexiko-Kankun-İstanbul uçuşlarının qarşılıqlı olaraq turist səfərlərinin daha əlçatan edilməsinə töhfə verə biləcəyini qeyd edib.

Görüşdə ölkələrimiz arasında iqtisadi əlaqələrin və ticarət dövriyyəsinin artan xətt üzrə inkişafının işgüzar turizm əlaqələrinin genişlənməsinə təsiri, qarşılıqlı tanıtım və turizm əlaqələrinin inkişafı üçün turizm şirkətlərinin və media nümayəndələrinin səfərlərinin təşkilinə dəstək verilməsi haqqında fikir mübadiləsi aparılıb.


metbuat.az.