17 okt 2022 15:18
Avropa İnsan Hüquqları Məhkəməsinin QHT-lərlə əməkdaşlığı
( European Court of Human Rights)
https://echr.coe.int/Pages/home.aspx?p=home
Məhkəmənin missiyası, fəaliyyət istiqamətləri
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 1959-cu ildən fəaliyyətə başlayıb. "İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında" Konvensiyanın (Avropa Konvensiyası) əsasında yaradılmış beynəlxalq statuslu məhkəmədir. İnzibati binası Fransanın Strasburq şəhərində yerləşir.
Məhkəmənin vəzifəsi Avropa Şurasına üzv olan dövlətlərin “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında" Konvensiyada əks olunan hüquqlara hörmət etməsini təmin etməkdir. 1950-ci ildə qəbul edilmiş Avropa Konvensiyası xüsusilə aşağıdakıları qadağan edir:
Bu iş fərdi şəxslər, bəzən isə dövlətlər tərəfindən təqdim edilən şikayətlərə (onlara “şikayət ərizəsi” də deyilir) baxılması yolu ilə həyata keçirilir. Əgər Məhkəmə Avropa Şurasına üzv olan dövlətin qeyd olunan hüquqlardan birini və yaxud bir neçəsini pozduğunu müəyyən edirsə, bu halda qətnamə çıxarır. Qətnamələrin icrası məcburidir: Konvensiyanı pozan müvafiq dövlətlər onlara əməl etməlidirlər.
Strukturu və əməkdaşlıq meyarları
AİHM Avropa Şurasına üzv olmuş, Avropa Konvensiyasını ratifikasiya etmiş dövlətlərdən göndərilmiş hakimlərdən ibarətdir. Hazırda məhkəmə hakimlərinin sayı 461 nəfərə çatır. Məhkəmə hakimləri AŞ-yə üzv olmuş dövlətlərdən göndərilsələr də, müstəqil hakimlər kimi fəaliyyət göstərirlər və heç bir dövlətin maraqlarını təmsil etmirlər. Şikayət ərizələrinin baxılmasına Məhkəməyə Katibliyi yardım edir. Katibliyin əməkdaşları əsasən Avropa Şurasına üzv olan bütün dövlətlərdən gələn hüquqşünaslardan ibarətdirlər. Onları hüquq işləri üzrə katiblər də adlandırırlar. Katiblikdə işləyən hüquqşünaslar vətəndaşı olduqları dövlət qarşısında heç bir öhdəlik daşımırlar və tam müstəqildirlər. Onlar məhkəmədə nə şikayətçiləri, nə də vətəndaşı olduqları ölkələrin hökumətlərini təmsil etmirlər (Mənbə : https://www.echr.coe.int/Documents/Questions_Answers_AZE.pdf).
AİHM aşağıdakı məzmunda müraciətləri qəbul edir
Yaşamaq hüququ; Mülki və cinayət işlərində ədalətli mühakimə olunmaq hüququ; Şəxsi və ailə həyatınana hörmət hüququ; Sərbəst fikir ifadə etmək azadlığı; Fikir, vicdan və din azadlığı; Səmərəli hüquq müdafiə vasitəsiləri hüququ; Mülkiyyət hüquqlarına hörmət olunması; Seçkilərdə səs vermək və seçilmək hüququ.
İnsanlar Konvensiya və ya onun Protokolları ilə təmin olunan hüquqlarının pozulduğunu yəqin edərlərsə, AİHM-ə müraciət edə bilərlər. Əgər bu hüquq pozuntuları Konvensiyaya qoşulan dövlətlərdən biri tərəfindən törədilmişdirsə, AİHM həmin şikayəti qəbul edəcək.
Şikayətlərə baxılma prinsipləri və prosedurları
Məhkəmə istənilən fiziki və ya hüquqi şəxsdən - şirkət və ya assosiasiyalardan şikayətlər qəbul edə bilər. Şikayət verən şəxs Konvensiyaya qoşulan dövlətlərin vətəndaşı olmaya da bilər. Lakin vacibdir ki, şikayətə səbəb olan qanun pozuntusu Konvensiyaya qoşulmuş dövlətlərdən birinin “yurisdiksiyası” çərçivəsində, yəni onun ərazisi daxilində baş versin. Şikayətçi şəxs sübuta yetirməyə çalışdığı qanun pozuntusunun şəxsən və bilavasitə qurbanı olmalıdır.
AİHM-ə müraciət etməmişdən əvvəl milli məhkəmələrdə yerinə yetirilməsi vacib sayılan tələblər vardır. Şikayətçi şikayət etdiyi məsələ ilə bağlı müvafiq dövlətdə həmin pozuntunu aradan qaldıra bilən bütün hüquq müdafiə vasitələrindən istifadə etməlidir. Yəni, şikayətçi ilkin instansiya sayılan hər hansı müvafiq məhkəməyə müraciət etməlidir. Daha sonra müvafiq qaydada apellyasiya məhkəməsinə və cavabdeh dövlətdə mövcud ola bilən digər yuxarı instansiya məhkəməsinə müraciət etməli, qərarlar əldə etməlidir. Amma daxili hüquq müdafiə vasitələrindən sadəcə istfadə etmək kifayət deyildir. Bu instansiyalara müraciət edən zaman şikayətçi öz şikayətinin mahiyyətinin Konvensiyada əks olunan hüququn pozuntusuna müvafiq olduğunu isbatlamalıdır. Ölkə daxilində son instansiya məhkəməsində qərar çıxarıldıqdan sonra həmin qərarın çıxarıldığı tarixdən etibarən dörd ay ərzində Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmək olar. Dörd aylıq müddət bitərsə, şikayət AİHM tərəfindən qəbul edilməyə bilər.
AİHM-ə müraciət edilməsinin formaları
Məhkəməyə şəxs tərəfindən doldurulmuş və imzalanmış ərizə forması göndərilir. Ərizə Məhkəmənin rəsmi dillərindən birində (ingilis və ya fransız dilində) və yaxud Konvensiyanı ratifikasiya etmiş dövlətlərdən birinin rəsmi dilində hazırlanır. Ərizə forması Məhkəmənin internet saytından yükləməli, imzalamalı və Məhkəməyə mümkün qədər tez bir zamanda göndərməlidir. Əgər şikayətçinin ərizəsi qəbul olunan elan edilibsə, Məhkəmə tərəfləri (şikayətçini və cavabdeh Dövləti) məsələni dostcasına həll etməyə sövq etdirir. Tərəflər məsələnin dostcasına həll edilməsi barədə razılığa gəlməsələr, Məhkəmə şikayətə mahiyyəti üzrə baxır və Konvensiyanın pozulub pozulmadığını müəyyənləşdirir.
Məhkəmənin iş yükünün ağırlığını nəzərə alaraq ərizənizin ilkin baxışını bir ilə qədər gözləməyə məcbur ola bilərlər. Məhkəmə bəzi ərizələrə, xüsusilə ərizəçilərin qaçılmaz fiziki təhlükə altında olduğunu iddia edən ərizələrə üstünlük verərək onlara təcili baxa bilər.
Məhkəmə şikayətə səbəb olmuş prosesdə Avropa Konvensiyasının pozulduğunu müəyyən edərsə, dəymiş zərərə görə şikayətçiyə müəyyən məbləğdə maddi kompensasiya ödənilməsini qərara ala bilər.
Bununla yanaşı, Məhkəmənin ölkədaxili qərarları və ya qanunları dəyişmək və ya ləğv etmək səlahiyyəti yoxdur. Məhkəmə öz qətnamələrinin icrası ilə əlaqədar heç bir məsuliyyət daşımır. Qətnamə çıxarıldıqdan sonra onun icrası üzrə məsuliyyət Avropa Şurasının Nazirlər Komitəsinə keçir. Nazirlər Komitəsi qətnamələrin icrasına nəzarət edir.
QHT-lərin AİHM-də rolu
Son illərdə QHT-lərin beynəlxalq təşkilatlar üzərində və daxilində artan təsiri vardır. Bu təsir xüsusilə insan hüquqlarının müdafiəsi sistemində böyük ölçüdədir. Avropa Şurasının nəzdində olan Avropa Hüquq və Ədalət Mərkəzi (AHƏM) 2019-cu ildə Avaropa İnsan Haqları Məhkəməsinin fəaliyyətini araşdırıb. Strasburqda mənzillənən AHƏM-in araşdırması Avropa İnsan Haqları Məhkəməsinin (AHİM) hakimləri ilə QHT-lər arasında sistemli şəkildə maraq uzlaşmasının olduğunu müəyyən edib. Tədqiqat 2009-2019-cu illər arasında Avropa İnsan Haqları Məhkəməsində çalışmış 100 hakimdən dörddə birinin (22 hakimin) QHT-lərlə sıx əlaqələrini müəyyən edib. Tədqiqat müəyyən edib ki, bu QHT-lərlə AİHM hakimləri arasında dərin münasibətlər mövcuddur. Hesabatda göstərilirdi ki, AİHM hakimləri əvvəllər işlədikləri QHT-lər tərəfindən məhkəməyə təqdim edilmiş 88 işdə müsbət qərarlar veriblər. 2018-ci ildə AİHM-nin müsbət qərar verdiyi işlər üzrə kommunikasiya rolunu 14 QHT-lər oynayıblar ( https://eclj.org/ngos-and-the-judges-of-the-echr?lng=en)
QHT-lərin AİHM-in işində iştirakı 2012-ci ildən sonra xüsusilə intensivləşib. Çünki məhz bu ildən etibarən tətbiq edilən yeni prosedurlara görə, AİHM-də hakimlərin seçilməsi prosedurunda QHT-lərin iştirakı təmin edilib. QHT-lərin namizədlər irəli sürmək, onların seçilməsi üçün lobbiçilik etmək statusları yaranıb. Yeni prosedurlara görə AİHM-ə hakim təyin edilmiş şəxslərin məhkəmə təcrübəsinin olması tələbi aradan qaldırılıb. Nəticədə AİHM-də oturan 100 hakimdən təxminən 51-i əvvəllər heç vaxt hakim işləməyən, yaxud, hakim köməkçi qismində çalışmış şəxslərdən ibarət oldu. Qeyd edilən 51 nəfərin əksəriyyəti QHT-lərdə hüquq müdafiəçiləri kimi fəaliyyət göstəriblər.
Nəsimi
Hazırladığımız məqalələr söz və ifadə azadlığının, insan haqlarının durumunu monitorinq edən, hesabatlar dərc edən beynəlxalq statuslu təşkilatlar haqqında məlumat bazası formalaşdırmaq məqsədi daşıyır. Fəaliyyət Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB) tərəfindən icra olunan “Milli QHT-lərin beynəlxalq təşkilatlarla əməkdaşlıq imkanlarının artırılmasına dəstək” adlı layihə çərçivəsində icra edilir. Layihənin maliyyə dəstəkçisi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.
Hazırlanan məqalələr məlumatlandırıcı xarakterlidir. Söz və ifadə azadlığının, insan haqlarının durumunu monitorinq edən, hesabatlar yayan, ictimai rəyə təsir göstərən beynəlxalq statuslu təşkilatların fəaliyyət istiqamətləri, iş prinsipləri, hesabat hazırlamaq metodologiyaları, Azərbaycana münasibətləri, əməkdaşlıq formaları barədə informativ xarakterli bilgiləri əks etdirir. Məqsədi milli QHT və KİV-lərin beynəlxalq təşkilatlar barədə informasiyalılığını artırmaqdan, onların beynəlxalq təşkilatlarla əməkdaşlıq meyllərini stimullaşdırmaqdan, inteqrasiyasına nail olmaqdan, nəticə olaraq, bu təşkilatlarda Azərbaycan reallıqları barədə obyektiv rəy formalaşdırmaqdan ibarətdir.
Ümumi sayı 20 olacaq məqalələr beynəlxalq statuslu QHT-lərlə yanaşı, dövlətlərarası təşkilatların mövzu üzrə uyğun departamentlərini də əhatə edəcək.
AZƏRBAYCAN RESPUBLİKASININ
QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARINA
DÖVLƏT DƏSTƏYİ AGENTLİYİ
Məqalələrin məzmununa görə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi məsuliyyət daşımır.