METBUAT.AZ

Siyasət

Beynəlxalq Böhran Qrupu

25 okt 2022 12:14

Beynəlxalq Böhran Qrupu
The International Crisis Group
https://www.crisisgroup.org/

Təşkilatın missiyası, fəaliyyət istiqamətləri

Beynəlxalq Böhran Qrupu (BBQ) 1995-ci ildə ABŞ-da yaradılıb. Məqsədi həmin dövrdə Somali, Ruanda və Bosniyada yaşanan münaqişlərin qarşısının alınması üçün töhvə verə biləcək qüvvələrin işini koordinasiya etmək olub. İdeyanı həmin dövrdə beynəlxalq səviyyədə tanınan məşhur siyasətçilər Morton Abramowitz və Mark Malloch-Brown irəli sürüblər. Onlar öz dövrlərinin tanınmış dövlət xadimləri və siyasətçiləri kimi məşhur idilər. Morton Abramowitz ABŞ-ın Türkiyə və Tailandda keçmiş səfiri, sonra isə Beynəlxalq Sülh Naminə Karnegi Fondunun prezidenti olub. Mark Malloch-Brown isə BMT İnkişaf Proqramının keçmiş rəhbəri, sonra isə BMT Baş katibinin müavini kimi fəaliyyət göstərib. BBQ-nin ilk sədri də tanınmış sima olub. Corc Mitçel ABŞ-da senator kimi məşhurluq qazanıb.

Beynəlxalq Böhran Qrupunu yaratmaq ideyasını irəli sürənlər, bu yöndə ilkin təşkilatçılıq edənlər inanırdılar ki, Somali, Ruanda və Bosniyada həyata keçirəcəkləri işlər uğurla tamamlansa, BBQ dünyanın ən məşhur təşkilatlarından birinə çevriləcək. O, nəinki cari münaqişələrin həlində rol alacaq, həm də qarşıdan gələn, proqnozlaşdırılan münaqişələrin önlənməsində iştirak edəcək.

Politoloq Yeganə Hacıyeva deyir ki,onların ümidləri özünü doğruldub. BBQ-nin Bosniya və Herseqovinada həyata keçirdiyi işləri uğurlu alınır.Abramowitz Avstraliyanın keçmiş baş naziri Malkolm Freyzeri, “Sərhədsiz Həkimlər” Təşkilatının qurucusu, sonralar Fransanın xarici işlər naziri olmuş Bernard Kuşneri, Hindistan sənayeçisi Ratanı, Kanadanın keçmiş Dövlət Katibi Allan MacEacheni, Nigeriyanın prezidenti olmuş Olusegun Obasanjonu və digər məşhur simaları bir araya gətirir. Onların yardımı ilə Bosniya münaqişəsinin həllinə dair təkliflər paketi hazırlayır və təqdim edir. Bosniya missiyasını tamamlmaq üçün BBQ təqribən 1 milyon dollarlıq büdcə,75 ştatlı işçi və ekspert qrupu ilə çalışır. Qrup Bosniyada 1996-cı ilin oktyabrına planlaşdırılan seçkilərin təxirə salınmasını ehtiva edən hesabat hazırlayır. Bu hesabat “Bosniya Seçkiləri Nə üçün Təxirə salınmalıdır?” başlığı ilə dərc edilir. Hesabat beynəlxalq ictimaiyyətdə ciddi rezonans doğurur vəBöhran Qrupunu diqqət mərkəzinə gətirir. BBQ öz hesabatında iddia edirdi ki, əgər seçkilər təxirə salınmasa, Bosniyada radikal millətçilər təşəbbüsü ələ alacaq və bu, faciələri daha da dərinləşdirəcək.

Bosniyadakı uğurlu fəaliyyəti Beynəlxalq Böhran Qrupunu dünyada tanınmış bir təşkilata çevrir. Təşkilat ABŞ-da vergidən azad edilmiş qeyri-kommersiya təşkilatı kimi rəsmi qeydiyyata alınır. Bundan sonra BBQ rəhbərliyi qərar verir ki, təşkilat bütün dünyada-münaqişələrin mövcud olduğu və ya proqnozlaşdırıldığı bütün bölgələrdə fəaliyyət göstərməlidir.

Strukturu və əməkdaşlıq meyarları

1997-ci ilin yanvarında Böhran Qrupunun prezidenti Nicholas Hinton Balkanlarda sahə komandasına baş çəkərkən, infarkt keçirib dünyasını dəyişir. Ondan sonra Belçikalı senator, “Sərhədsiz Həkimlər Təşkilatı”nın keçmiş baş katibi Alain Destexhe BBQ-nin növbəti prezident təyin edilir. Bununla da London ofisi bağlanır və təşkilatın qərargahı Brüsselə köçürülür. Hazırda Beynəlxalq Böhran Qrupunu baş qərargahı Brüsseldə yerləşir. Bununla yanaşı, onun qitələr və ya ölkələr üzrə ofisləri, yerli filialları mövcuddur.

Əvvəllər Barak Obama administrasiyasında baş məsləhətçi vəzifəsində çalışmış Robert Malley 2018-ci ildən etibarən BBQ-nin prezidenti və baş direktoru postunu tutub. Həmin ildə Təşkilatın Qəyyumlar Şurasının sədri postuna Birləşmiş Millətlər Təşkilatının Baş Katibinin keçmiş müavini, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Administratoru olmuş Mark Malloch Braun gətirilib. Bu təyinatlardan sonra BBQ öz fəaliyyətini daha da genişləndirib.

Regional ofisləri və layihələri

1990-cı illərin sonlarından etibarən, BBQ Balkanlarla yanaşı, Mərkəzi Afrikada, Əlcəzairdə və Kambocada yeni layihələr başladır. Kosovo, Makedoniya və Albaniyada öz fəaliyyətini genişləndirir. Bununla yanaşı, Beynəlxalq Böhran Qrupunun təmsilçiləri insan faciələrinə yol açan bütün bölgələrə səfərlər edir, canlı araşdırmalar aparır, səbəbləri təhlil edir, münaqişəyə səbəb olan amillərin aradan qaldırılması üçün təkliflər hazırlayırlar. Avstraliyanın keçmiş xarici işlər naziri Qaret Evansın BBQ-də prezident təyin edilməsindən sonra - 2000-ci ilin əvvəlindən etibarən təşkilat bütün dünya miqyasında nüfuz edir. Evans Böhran Qrupunun xarici ofislərlə təmin edilməsində əhəmiyyətli rol oynayıb. Onun prezidentliyi dövrü Beynəlxalq Böhran Qrupunun “qloballaşdığı”, Balkanlar və Mərkəzi Afrikadan kənara çıxdığı illərdir. O, Nyu-York və Parisdə vəkillik ofisləri, Afrika və Asiyada yeni layihələr açıb, sürətli genişlənmə proqramını həyata keçirib. Növbəti beş il ərzində təşkilatın işçilərinin sayı və büdcəsi təqribən beş dəfədən çox artır, 8 milyon dolları keçir. BBQ-nin Kolumbiyanın Boqota şəhərində, Dakar, Seneqal; İstanbul,Nayrobi, Keniyada ofisləri mövcuddur. 2018-ci ilin iyun ayından etibarən Böhran Qrupunun Abu Dabi, Abuja, Banqkok, Beyrut, Karakas, Qəzza şəhəri, Qvatemala, Honq-Konq, Qüds, Yohannesburq, Juba, Kabil, Kiyev, Mexiko, Moqadişu, Rabat, Tbilisi, Toronto, Tunis və Yanqon mərkəzləri vardır. 2017-ci ildə BBQ-nin büdcəsi 17 milyon dollara çatır.

Postsovet coğrafiyasında təşkilatın üç nümayəndəliyi fəaliyyət göstərir.

- Şimali Qafqaz üzrə layihə Moskvada;

- Cənubi Qafqaz üzrə layihə Tiflisdə;

- Mərkəzi Asiya üzrə layihə Bişkekdən idarə olunur.

Bu dövrdən başlayaraq, BBQ münaqişəli bölgələrinə səfər edib təhlillər, təkiflər hazırlmaqlaparalel olaraq, proqnozlar verir, gələcək münaqişələri proqnozlaşdırır.

Metodologiyası

Təşkilatın metodologiyası birbaşa münaqişə zonalarında tədqiqatların aparılmasına əsaslanır. Ciddi münaqişə riski olan ölkələrdə fəaliyyət göstərən tədqiqatçılar müxtəlif mənbələrdən məlumat toplayırlar. Yerlərdə vəziyyəti qiymətləndirir, praktiki tövsiyələrdən ibarət analitik hesabatlar yazırlar. Hazırda təşkilatın 70-dan çox böhran bölgəsində fəaliyyət göstərən 140-dan çox işçisi çalışır. Qrup öz hesabatlarını rəsmi şəxslər, nazirliklər, idarələr və beynəlxalq təşkilatlar arasında yayır. Bu materiallar, həmiçinin təşkilatın internet saytında da yerləşdirilir, dünya ictimaiyyətinə təqdim olunur.

Beynəlxalq Böhran Qrupu planetin mövcud münaqişə və proqnozlaşdırılan münaqişə zonalarında son hadisələrin xülasəsini özündə əks etdirən aylıq, 12 səhifəlik bülletenini dərc edir. CrisisWatch adlanan dərgi hər kəs üçün əlçatandır. BBQ iddia edir ki, CrisisWatch qlobal münaqişə izləyicilərini eskalasiya riskləri barədə xəbərdar edir.

Beynəlxalq Böhran Qrupunun idarə heyətinə tanınmış siyasi xadimlərin, diplomatların, iş adamlarının, media mənsublarının adları daxildir. Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə keçmiş Ali Komissarı Luiza Arburdun 2009-cu ildən Beynəlxalq Böhran Qrupunun prezidenti seçilməsindən sonra, təşkilatın qlobal imkanları daha da artıb.

Sülh Mükafatı : Böhran Qrupunun “SülhMükafatı” 2005-ci ildə Nyu-Yorkda keçirilən baş məclisdə təsis edilib. ABŞ prezidentləri olmuş Bill Klinton, Corc Buş, həmçinin, Hillari Klinton; Braziliyanın keçmiş prezidenti Lula da Silva, “Nobel Sülh Mükafatı” laureatları Marty Ahtisaari və Ellen Conson-Sirleaf, maliyyəçi və xeyriyyəçi Corc Soros bu mükafata layiq görülüblər.

Maliyyə Qaynağı: BBQ-nun investoru, əsas donoru rolunda Corc Soros çıxış edir. O, özünün 200.000 dollarlıq ilkin ianəsi ilə BBQ-nin yaradılışını təmin edib. BBQ-yə hökumət təmsilçisi qismində ilk dəstəyi isə Finlandiya prezidenti Marti Ahtisaari, ardınca isə Avstraliyanın Xarici İşlər Naziri Qaret Evans göstərib. O, BBQ-yə 500.000 dollarlıq ianə təşkil edib.

Qrupun maliyyəçiləri sırasında Avropa Kommisiyası da əhəmiyyətli paya malikdir.

1996-1999-cu illərdə Böhran Qrupunun təqribən 2 milyon ABŞ dolları həcmində illik büdcəsi, 20-yə yaxın tam ştatlı işçisi var idisə, 2017-ci ildə onun büdcəsi 17 milyon dollara çatmışdı.

Böhran Qrupu hökumətlərdən, xeyriyyə fondlarından, özəl şirkətlərdən və fərdi donorlardan qrant maliyyəsi alıb. 2019-cu ildə BBQ öz büdcəsinin 43%-ni hökumətlərdən, 31%-ni fondlardan, 22%-ni özəl sektordan, 2% -ni isə fərdlərdən aldığı ianələrlə formalaşdırıb.

Azərbaycana qarşı münasibəti

Böyük işlər görməsinə baxmayaraq, Beynəlxalq Böhran Qrupunun maliyyə qaynağında “Soros” Fondunun adının hallanması onun nüfuzuna ciddi təsir edir. Politoloq Yeganə Hacıyeva deyir ki,əslində Corc Sorosun təsiri BBQ-nin fəaliyyətində, ayrı-ayrı ölkələrə qarşı münasibətində özünü büruzə verir. Beynəlxalq Böhran Qrupu Qarabağ münaqişəsi ilə bağlı obyektiv münasibət sərgiləməyib. 2021-2022-ci illərdə isə birmənalı olaraq Azərbaycan və Türkiyə əleyhinə təbliğat aparıb. 2022-ci il sentyabrın 13-14 tarixlərində yaşanan sərhəd insidentlərində də qeyri-obyektiv davranıb, Ermənistanın tərəfini tutub. Faktiki olaraq Azərbaycanı Ermənistana qarşı müdaxilə etməkdə günahlandırıb.

Yuxarıda təşkilatın strukturundan bəhs edərkən qeyd olunub ki, onun prezidenti, sədri ilə yanaşı “Qəyyumlar Şurası” da mövcuddur. Təşkilatın Qəyyumlar Şurasının sədri postuna Birləşmiş Millətlər Təşkilatının Baş Katibinin keçmiş müavini, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Administratoru olmuş Mark Malloch Braun gətirilib. Corc Sorosu isə BBQ-nin “ideoloji qəyyum” adlandırırlar. BBQ AC fondunun bütün dünyadakı imkanlarından faydalanır.

Məqalə Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tərəfindən hazırlanıb.


Hazırladığımız məqalələr söz və ifadə azadlığının, insan haqlarının durumunu monitorinq edən, hesabatlar dərc edən beynəlxalq statuslu təşkilatlar haqqında məlumat bazası formalaşdırmaq məqsədi daşıyır. Fəaliyyət Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB) tərəfindən icra olunan “Milli QHT-lərin beynəlxalq təşkilatlarla əməkdaşlıq imkanlarının artırılmasına dəstək” adlı layihə çərçivəsində icra edilir.

Layihənin maliyyə dəstəkçisi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Hazırlanan məqalələr məlumatlandırıcı xarakterlidir. Söz və ifadə azadlığının, insan haqlarının durumunu monitorinq edən, hesabatlar yayan, ictimai rəyə təsir göstərən beynəlxalq statuslu təşkilatların fəaliyyət istiqamətləri, iş prinsipləri, hesabat hazırlamaq metodologiyaları, Azərbaycana münasibətləri, əməkdaşlıq formaları barədə informativ xarakterli bilgiləri əks etdirir. Məqsədi milli QHT və KİV-lərin beynəlxalq təşkilatlar barədə informasiyalılığını artırmaqdan, onların beynəlxalq təşkilatlarla əməkdaşlıq meyllərini stimullaşdırmaqdan, inteqrasiyasına nail olmaqdan, nəticə olaraq, bu təşkilatlarda Azərbaycan reallıqları barədə obyektiv rəy formalaşdırmaqdan ibarətdir.

Ümumi sayı 20 olacaq məqalələr beynəlxalq statuslu QHT-lərlə yanaşı, dövlətlərarası təşkilatların mövzu üzrə uyğun departamentlərini də əhatə edəcək.


AZƏRBAYCAN RESPUBLİKASININ
QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARINA
DÖVLƏT DƏSTƏYİ AGENTLİYİ

Məqalələrin məzmununa görə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi məsuliyyət daşımır.


metbuat.az.