METBUAT.AZ

Siyasət

“Beynəlxalq Əfv” Təşkilatı

29 okt 2022 19:01

“Beynəlxalq Əfv” Təşkilatı
Amnesty International
https://www.amnesty.org/

Missiyası, fəaliyyət istiqamətləri

“Amnesty International” (Beynəlxalq əfv Təşkilatı) 1961-ci ildə yaradılıb. Təsisçisi İngiltərəli hüquqşünas Peter Benenson olub. Mərkəzi qərargahı Londona yerləşir.

Hüquqşünas Peter bu təşkilatı yaratmaq ideyasını iki nəfər Portuqaliyalı tələbənin azadlıq mübarizəsi fəalı olduqları üçün həbs edimələrindən götürüb. Tələbələrin azadlığı uğrunda mübarizəyə başlayan hüquqşünas əlavə dəstək qazanmaq üçün təşkilatlanmağa zərurət duyub. “The Observer” qəzetində tələbələrin həbsinə etiraz ruhlu “Unudulmuş Məhbuslar " adlı məqalə yazıb. Onların sıradan bir məhbus olmadıqlarını, siyasi azadlıqlar, insan haqları uğrunda mübarizə apardıqlarını, bu səbəbdən həbsə atıldıqlarını əsaslandırıb. Məqalə ciddi reaksiya doğurub və tələbələrin azadlığı uğrunda qlobal kampaniyanın başlanmasını stimullaşdırıb. Məqalə dünyaca məşhur olan əksər trans-Milli KİV-lərdə təkrarən çap edilib. İnsanları ədalət və azadlıq uğrunda mübarizədə həmrəy olmağa sövq edib. Bu andan başlayaraq “Amnesty International” siyasi azadlıqlar uğrunda mübarizə aparan, bu yolda problemlərlə üzləşən, siyasi məhbusa çevrilən insanların hüquqlarının müdafiəsini təşkil edən təşkilat kimi məşhurlaşıb.

“Amnesty International”ı insan haqlarının müdafiəsi yönündə ixtisaslaşmış digər beynəlxalq təşkilatlardan fərqləndirən spesifik xüsusiyyəti budur ki, o, məhz vicdan məhbuslarının və siyasi məhbusların azadlığı uğrunda mübarizə aparmağı özünün təməl prinsipi elan edib.

Təcrübə topladıqca, məşhurlaşdıqca təşkilat özünün hədəflərinin siyahısını da genişləndirib. Yalnızsiyasi məhbusları müdafiə edən təşkilat qlafında qalmayıb, insan hüquqlarının bütün spektrini əhatə etməyə çalışan beynəlxalq təşkilata çevrilib. “Bizim işimiz siyasi məhbusların azadlığı üçün çalışmaqla yanaşı, ölüm cəzasının ləğvi, cinsi hüquqların qorunması, ayrı-seçkiliyə son qoyulması, qaçqın və miqrantların hüquqlarının təmin edilməsinə qədər ən müxtəlif spektrləri əhatə edir” - deyə, Təşkilatın mövcud məramnaməsində qeyd edilir.

“Amnesty International” İnsan haqlarının müdafiəsi yolunda uğurlu fəaliyyətinə görə 1977-ci ildə “Nobel Sülh Mükafatı”na layiq görülüb.

Təşkilatın yaradılış bəyannaməsində deyilir: “Dünyada sonuncu vicdan məhbusu azad ediləndə, sonuncu işgəncə palatası bağlananda, bütün ölkələrdə ölüm hökmü ləğv ediləndə, “toxunulmaz görünən diktatorlar” məsuliyyətə cəlb ediləndə, Ümumdünya İnsan Hüquqları Bəyannaməsi dünya xalqları üçün reallığa çevriləndə bizim işimiz tamamlanmış sayılacaq”. Haqsız həbslər, işgəncə, siyasi hüquqların vəinsan haqlarının məhdudlaşdırılmasına qarşı mübarizə aparmaq , vicdan məhbuslarının, siyasi məhbusların hüquqlarını qorumaq “Amnesty International”ın əsas fəaliyyət istiqamətidir. Təşkilat bu hallar üzrə fasiləsiz monitorinqlər aparır, təhlükə hiss edilən yerlərə faktaraşdırıcı missiyalar yönəldir. Hökumətləri demokratiya və insan halqarı sahəsində üzərlərinə götürdükləri öhdəlikləri reallaşdırmağa təşviq edir.

Strukturu, metodologiyası

“Amnesty International” öz kampaniyalarını təsirli etmək üçün kütləvi hərəkatlara müraciət etməkdən çəkinmir. Təşkilatın bu yöndə xüsusi şüarı vardır: “Min nəfərin qaranlığa lənət deməsindənsə, bir bir nəfərin qaranlıq yerdə bir işıq yandırması daha faydalıdır”. “Amnesty International” dünyada milyonlarla insanı bir amal uğrunda, eyni kampaniyada birləşdirməyi bacaran nadir təşkilatlardandır. Spesifik xüsusiyyətlərindən biri də məhz budur ki, kütləvi auditoriya ilə işləyir. İnsanların öz hüquqlarını tələb etmələri yönündə bacarıqlarını artırmaq üçün təlimatlandırır, tədrislə təmin edir. Rəsmi açıqlamalarında bildirir ki, bu günədək10 milyondan çox insanı ədalətsizliyə qarşı mübarizə yönündə kampaniyalarda birləşdirməyi bacarıb. Saytında “Üzvümüz ol” xanası yaradıb. Təşkilatın prinsiplərini qəbul edən hər kəs onlayn qeydiyatdan keçib, onunla əməkdaşlıq edə bilər.

“Amnesty international” ianələr qəbul edir. Üzvlərinin və təəssübkeşlərinin verdikləri ianələr hesabına özünün rəsmi maliyyə qaynaqlarını təmin edir. Saytında “İanə et” xanası yaradıb, ianə qəbulu mexanizmini sadələşdirib. Təşkilat dini, siyasi ideologiyası olan, iqtisadi maraqları uğrunda savaş aparan qruplardan maliyyə qəbul etmədiyini bildirir. Siyasi, hüquqi haqlar, vicdan azadlığı uğrunda mübarizənin əhəmiyyətini qəbul edən şəxslər və qruplar isə ianəçisi ola bilərlər.

Özünün 60 illik fəaliyyəti dövründə “Amnesty İnternational” ciddi nailiyyətlərə imza atıb. Bu illər ərzində o, London sərhədlərini aşaraqAfrika, Asiya-Sakit okean, Mərkəzi və Şərqi Avropa, Latın Amerikası, Yaxın Şərq ərazilərində regional ofislərini açıb. Bu ofislər Təşkilatın araşdırmaları, kampaniyaları, icmalarla kommunikasiyaları üçün əsas mərkəzlərdir.

“Amnesty İnternational” hüquq pzuntuları üzrə operativ informasiyalar almaq üçün bir sıra metodlardan istifadə edir. O cümlədən yeni-rəqəmsal texnologiyaların imkanlarından istifadə edir. Gündəlik həbs olunanlar və ya həbs edilmə riski olan siyasi aktivistlər üçün şəxsi “qaynar xətt düyməsi ” rolunu oynayan mobil telefon proqramı hazırlanıb. Təşkilat mütəxəssisləri fasiləsiz monitorinqlər keçirirlər, dünyanın bütün nöqtələrini izləyirlər. Mərkəzi ofisdə Amerika, Şərqi və Cənub-Şərqi Asiya, Sakit Okean-Tailand, Cənubi-Qərbi-Mərkəzi Afrika və digər regionlar üzrə ixtisaslaşmış departamentlər fəaliyyətlər göstərir. Müşahidəçilər regionlar üzrə qruplaşdırılıb, təsnifatlaşdırılıblar.

70-dən çox ölkə üzrə işləyən sektorları mövcuddur. “Biz indi hadisələrin baş verdiyi istənilən yerdə operativ reaksiya göstəməyi bacaran təşkilatlanmış qüvvəyik. Dünyanın hər yerində hər bir ictimai-siyasi fəalın yanında dayanıbmış kimi nələrin baş verəcəyini izləyirik. Daha neçə şəxs həbsə atılacaq? Neçə məhbusun qapısı açılacaq? Daha neçə işgəncə verən şəxs məsuliyyətə cəlb olunacaq? Hər birini fərdi qaydada izləyə bilirik” - deyilir, Təşkilatın şüarlarında.

Fəaliyyətində siyasi tendensiyalılıq

Bütün bunlarla yanaşı, “Amnesty İnternational”ın fəaliyyətində siyasi tendensiyalılıq, böyük güclərə bağlı maraqların xidmətçisi olmaq xətti də özünü büruzə verir. 2016-cı il Təşkilatın gizlinlərinin açılması baxımındanönəmli olub. Hindistan xüsusi xidmət orqanları həmin il müəyyən etmişdilər ki, insan hüquqlarının müdafiəsi adı altında fəaliyyət göstərən bu təşkilatın təmsilçiləri, əslində ölkənin Cammu və Kəşmir ştatlarında separatizmin alovlanmasına dəstək verirlər. Paralel olaraq, Pakistanla münasibətlərin kəskinləşməsinə, atəşkəsin pozulmasına çalışırlar. Hindistan xüsusi xidmətlərinin bu informasiyası faktlarla təsdiqini tapdıqdan sonra , “Amnesty İnternational”ın Hindistanda fəaliyyət göstərən ofisi qapadılmış, təşkilat əməkdaşlarının ölkə ərazisinə girişinə qadağa tətbiq edilmişdi ( https://www.aznews.az/news/political_debate/224932.html )

“Amnesty İnternational”a qarşı belə sərt tədbir görmək məcburiyyətində qalan ölkə təkcə Hindistan deyil. Bənzər olay 2012-ci ildə İsraildə də yaşanıb. İsrail Xarici İşlər Nazirliyi, ardınca da İsrailin Londondakı səfirliyi bəyanat yayaraq “Amnesty İnternational”ı “qeyri-ciddi”, “gülünc” təşkilat adlandırmışdılar. Səbəb, təşkilatın 2012-ci il üzrə hesabatında İsrailin birtərəfli qaydada tənqid olunması, müharibə şəraitində olan bölgələrə “sülh dövrünün standartları” ilə qiymət verməsi idi. Qarşılıqlı ittihamların sonucu olaraq İsrailin dövlət qurumları dərin araşdırma aparmış, “Amnesty İnternational”ın hesabatının təsadüfi olaraq “qeyri-ciddi” hazırlanmadığı faktını ortaya qoymuşdu. Məlum olmuşdu ki, “Amnesty İnternational”ın humanitar missiyasının” tərkibində “terrorist təşkilatlarla sövdələşmələr aparmaq”, onların informasiyalarına istinad etmək dəvarmış. Şübhəli fəaliyyətini nəzərə alaraq,təşkilatın fəaliyyətinə məhdudiyyətlər tətbiq olunmuşdu.

“Amnesty İnternational”ın fəaliyyəti dövründə yol verdiyi şübhəli məqamların siyahısı Hindistan və İsraillə məhdudlaşmır. Şri-lanka, Venesuela, Rusiya, Çin, Kongo Demokratik Respublikası və digər ölkələr də ayrı-ayrı zamanlarda “Amnesty İnternational”la insidentlər yaşamış, təşkilata qarşı sərt tədbirlər görmək məcburiyyətində qalmışdılar.

Ötən dövrün təcrübəsi göstərir ki, “Amnesty İnternational” dünyada nüfuz sahibi olmağa can atan güc mərkəzləri ilə uyğunluq nümayiş etdirib. Araşdırmaların nəticəsi olaraq belə bir fakt da ortaya çıxıb ki, “Amnesty İnternational”ın hədəf seçdiyi ölkələr, bir qayda olaraq, təbii sərvətlərlə, xüsusən, karbohidrogen resursları ilə zəngin ölkələr olurlar. Tədqiqatçılar təşkilatın hədəfinə məruz qalmış Konqo Demokratik Respublikasının təcrübəsində bunu isbat ediblər. Afrikanın 54 dövləti arasından yalnız Konqonun fərqləndirilərək “Amnesty İnternational”ın hesabatlarında daimi hədəf seçilməsi onunla əlaqələndirilir ki, bu dövlətin ərazisi kobaltın ehtiyatları ilə zəngindir. Yer kürəsinin kobaltin ehtiyatının tam yarısı Kongonun payına düşür. Kobaltin isə 21-ci əsrdə dünyanın ehtiyac duyacağı ən strateji məhsuldur.

“Amnesty İnternational” zaman-zaman Azərbaycana qarşı da bənzər münasibəti sərgiləyib. Azərbacanın müəlliflik və ya həm müəlliflik etdiyi enerji layihələrinin icrasına başlamasını elan edildiyi illərə nəzər salanda, məhz həmin illər üzrə “Amnesty İnternational”ın hesabatları təhlil olunanda, hər şey bariz şəkildə ortaya çıxır. Təkcə 2015-2016-cı illərdə, Azərbaycanın “Cənub Qaz Dəhlizi” layihəsinin icrasına başladığı dönəmdə “Amnesty İnternational” müxtəlif bəhanələrlə Azərbaycana qarşı bir neçə kampaniya təşkil edib.

Məqalə Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tərəfindən hazırlanıb.


Hazırladığımız məqalələr söz və ifadə azadlığının, insan haqlarının durumunu monitorinq edən, hesabatlar dərc edən beynəlxalq statuslu təşkilatlar haqqında məlumat bazası formalaşdırmaq məqsədi daşıyır. Fəaliyyət Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB) tərəfindən icra olunan “Milli QHT-lərin beynəlxalq təşkilatlarla əməkdaşlıq imkanlarının artırılmasına dəstək” adlı layihə çərçivəsində icra edilir.

Layihənin müəllifi Müşfiq Ələsgərli, maliyyə dəstəkçisi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Hazırlanan məqalələr məlumatlandırıcı xarakterlidir. Söz və ifadə azadlığının, insan haqlarının durumunu monitorinq edən, hesabatlar yayan, ictimai rəyə təsir göstərən beynəlxalq statuslu təşkilatların fəaliyyət istiqamətləri, iş prinsipləri, hesabat hazırlamaq metodologiyaları, Azərbaycana münasibətləri, əməkdaşlıq formaları barədə informativ xarakterli bilgiləri əks etdirir. Məqsədi milli QHT və KİV-lərin beynəlxalq təşkilatlar barədə informasiyalılığını artırmaqdan, onların beynəlxalq təşkilatlarla əməkdaşlıq meyllərini stimullaşdırmaqdan, inteqrasiyasına nail olmaqdan, nəticə olaraq, bu təşkilatlarda Azərbaycan reallıqları barədə obyektiv rəy formalaşdırmaqdan ibarətdir.

Ümumi sayı 20 olacaq məqalələr beynəlxalq statuslu QHT-lərlə yanaşı, dövlətlərarası təşkilatların mövzu üzrə uyğun departamentlərini də əhatə edəcək.


AZƏRBAYCAN RESPUBLİKASININ
QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARINA
DÖVLƏT DƏSTƏYİ AGENTLİYİ

Məqalələrin məzmununa görə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi məsuliyyət daşımır.


metbuat.az.