METBUAT.AZ

Siyasət

“İnsan Haqlarını Müşahidə” Təşkilatı

29 okt 2022 21:04

Human Rights Watch
“İnsan Haqlarını Müşahidə” Təşkilatı
https://www.hrw.org/

Missiyası, fəaliyyət istiqamətləri

Human Rights Watch( HRW ) təşkilatı 1978-ci ildə ABŞ-da ilk olaraq “Helsinki Watch” adı ilə yaradılıb. Qeyri-hökumət təşkilatı statusunda formalaşdırılan “Helsinki Watch”un yaradılmasında məqsəd o vaxtkı Sovet İttifaqının “Helsinki Yekun Aktı”nıntələblərinə riayət etməsi dərəcəsini monitorinq etmək, nəzarətdə saxlamaq olub.

Qeyd edək ki, “ Helsinki Yekun Aktı”— 1975-ci il avqustun 1-də Finlandiyanın paytaxtı Helsinki şəhərində Avropanın 33 dövlətinin, həmçinin, ABŞ və Kanadanın hökumət başçılarının imzası ilə qəbul edilib. Qısa adı “ Helsinki Yekun Aktı” olan bu sənəd “Avropada təhlükəsizlik və əməkdaşlıq haqqında Zirvə aktı”dır. Aktın qəbul edilməsində məqsəd sosialist və kapitalist sistemli ölkələr arasında münasibətlərin yaxşılaşdırılması, NATO ilə Varşava Müqaviləsi Təşkilatı arasında hərbi-strateji tarazlığın yaradılması, beynəlxalq aləmdə "soyuq müharibə"adlandırılan gərginliyin zəiflədilməsi olub.

“Helsinki Yekun Aktı”na görə, müşavirə iştirakçıları öz fəaliyyətlərində 10 əsas prinsipi rəhbər tutmalı idilər: “Suveren bərabərlik prinsipi; Zor işlətməmək prinsipi; Sərhədlərin toxunulmazlığı prinipi; Dövlətlərin ərazi bütövlüyü prinsipi; Mübahisələrin dinc yolla həll olunması prinsipi; Bir-birinin daxili işlərinə qarışmamaq prinsipi; İnsan hüquqlarına və əsas azadlıqlara hörmət prinsipi; Bərabərlik və xalqların öz müqəddəratını təyin etmək hüququ prinsipi; Dövlətlər arasında əməkdaşlıq prinsipi; Beynəlxalq müqavilə öhdəliklərinin vicdanla yerinə yetirilməsi prinsipi”. “Helsinki Watch” beynəlxalq ictimaiyyətin diqqətini Sovet İttifaqında və onun avropalı tərəfdaşlarında insan hüquqlarının pozulmasına, “Helsinki Yekun Aktı”nın müddəalarına nə dərəcədə əməl olunmasına cəlb etməli idi.

Sonrakı dövrlərdə ABŞ digərdövlətləri və fərqli mövzuları nəzarətdə saxlamaq üçün “Helsinki Watch” modelində başqa qurumlar da yaradıb. 1981-ci ildə “America Watch”, 1985-ci ildə “Asia Watch”, 1988-ci ildə “Africa Watch”, “Middle East Watch”kimi tanınan komitələr bu sıraya əlavə edilib. 1988-ci ildə isə bütün bu komitələrin hamısı bir çətir altında birləşdirilib. Birləşmiş təşkilat “Human Rights Watch” adlandırılıb.

Təşkilatın baş ofisi Nyu-Yorkda yerləşir.

Strukturu, metodologiyası

Human Rights Watch sələflərindən fərqli olaraq, insan haqları və azadlıqları üzrə ayrı-ayrı elementləri deyil, bütövlükdə Ümumdünya İnsan Hüquqları Bəyannaməsi çərçivəsində yer tutan əsas insan hüquqlarının qorunmasını müşahidə edir. HRW gender bərabərliyi, dil, din, ifadə və mətbuat azadlığı kimi fundamental insan haqları ilə bağlı hüquqları müdafiə edir. Hökumətlərə və siyasətçilərə insan hüquqları pozuntularının qarşısını almaq üçün açıq təsir göstərir. Daha güclü dövlətləri sövq edir ki, insan hüquqlarını pozan hökumətlərə təzyiq etsinlər.

Human Rights Watch dünya dövlətlərində Ümumdünya İnsan Hüquqları Bəyannaməsində təsbit edilən insan hüquqları normalarının pozulması halları üzrə tədqiqat xarakterli hesabatları hazırlayır və yayır. Təşkilatın tədqiqatçıları öz hesabatlarında bütün mövzulara-sosial problemlərə,gender ayrı-seçkiliyinə, işgəncələrə, uşaqların istismarına,korrupsiyaya, cinayət mühakiməsindən sui-istifadələrə və digər bütün məsələlərə yer ayırırlar. Miqrantlar, siyasi məhbuslar məsələsini daim gündəmdə saxlayırlar. Zərurət duyulanda gərgin vəziyyət olan dövlətlərə və bölgələrə faktaraşdırıcı missiyalar göndərirlər. Qurbanlarla əlaqə saxlamaq, sənədlər hazırlamaq, kritik vəziyyətlər haqqında beynəlxalq media səhifələrində məzmun yaratmaq üçün lazımi tədbirlər görürlər.

Bu məqamda “Human Rights Watch”un missiyası, fəaliyyət istiqamətləri, metodologiyaları “Amnesty International”ilə üst-üstə düşür. Həm mövzuları, həm də metodologiyaları təqribən eynidir. HəmHuman Rights Watch”, həm də “Amnesty İnternational” qeyri-hökumət təşkilatı statusunda eyni mövzunu-Ümumdünya İnsan Haqları Bəyannaməsində yer tutan bəndlərin icra vəziyyətini təqib edirlər. Bununla yanaşı, iki təşkilatın fərqli xüsusiyyətləri də mövcuddur. Əsas fərqləri qrupun strukturunda və kampaniyalar keçirmək, dəyişikliyi təşviq etmək üsullarındadır.

“Amnesty International” kütləvi üzvlük təşkilatıdır. Kütləvilik təşkilatın əsas təbliğat vasitəsidir. Human Rights Watch-un əsas texnologiyası isəhüquqpozmalarını əks etdirən tədqiqatları və bu təqdiqatlar əsasında hazırlanmış hesabatlarıdır. “Amnesty İnternational” insan haqları üzrə hüquqpozmaları aradan qaldırmaq üçün lobbiçilik edir, təfərrüatlı hesabatlar yazır, eyni zamanda kütləvi kampaniyalar keçirir. Fərdi şəxslərin problemlərini də qeydə alır, “vicdan məhbusu” kimi tanınan şəxslərin azad edilməsi üçün lobbiçilik aparır. Human Rights Watchisə daha çox hökumətlərin üzərində fokuslaşır. İnsan haqları pozantularının kütləvi hal aldığı dövlətlər üzərində fokuslaşır. Vəziyyəti dəyişdirməyən ölkələrə qarşı sanksiyaların tətbiq edilməsi üçün lobbiçilik edir.

Human Rights Watch dünya dövlətlərində fundamental insan hüquqlarının durumunu əks etdirən illik hesabatlar hazırlayır. Bu hesabatlar illik “Dünya Hesabatı” ( World Report) adlanır.

2004-cü ilin yayında Nyu Yorkdakı Kolumbiya Universitetinin “Nadir Kitab və Əlyazmalar” Kitabxanası İnsan Haqları Müşahidə Təşkilatının ( Human Rights Watch) arxivi üçün depozitar instituta çevrilib. Bu, bütün dünyada onilliklər boyu insan hüquqları araşdırmalarını əks etdirən sənədləşdirin kolleksiyasıdır və yeni dövrün tədqiqatçıları üçün əlçatandır. HRW öz arxivini tədqiqatçıların ixtiyarına verməklə, insan haqlarının müdafiəsinə töhvə vermiş olur. Bununla belə, qeyd edilməlidir ki, arxivin müəyyən hissələri tədqiqatçılar və ya ictimaiyyət üçün açıq deyil. Bu sıraya təşkilatın direktorlar şurasının, icraiyyə komitəsinin və müxtəlif alt komitələrinin iclaslarının qeydləri olan bölmələr daxildir. Bu bölmələrin qapalı olması, tarixçilərin Human Rights Watch təşkilatının mahiyyətini sona qədər araşdırmalarına mane olur.

Human Rights Watch öz fikirlərinə görə təqib olunan, maddi yardıma ehtiyacı olan yazıçıları dadəstəkləyir . Onlara “Hellman/Hammett” qrantlarını təqdim edir, maddi yardım göstərir.

Human Rights Watch, 1997-ci ildə Minaların Qadağan edilməsi üzrə Beynəlxalq Kampaniyanın aparıcı üzvü kimi Nobel Sülh Mükafatına təqdim edilib.

Fəaliyyətində siyasi tendensiyalılıq

Təşkilatın illik büdcəsi 50 milyon dollardan yuxarıdır. HRW bəyan edib ki, bunun təxminən 44 milyon dolları ictimai ianə formasında toplanılıb. Bununla isbat etməyə çalışıb ki, həm maliyyə, həm də siyasət baxımından müstəqildir. Amma, təşkilatın saytında verilən digər məlumatlar fərqli assosisiya doğururlar. Bəzi Fondlar HRW-nin maliyyəçiləri sırasında əhəmiyyətli yer tuturlar. Bu sırada Açıq Cəmiyyət İnstitutu - Yardım Fondu-nun ( Corc Soros Fondu) payı aydın görünür. ACİ 2010-cu ildə HRW-nin beynəlxalq miqyasda səylərini genişləndirməsinə kömək etmək üçün on il müddətində 100 milyon ABŞ dolları ayırdığını elan edib. Bu ianə təşkilatın tarixində ən böyük ianə olub və Human Rights Watch-un 300 nəfərlik əməliyyat heyətini daha 120 nəfər artırmağa imkan yaradıb. Belə maliyyə yardımlarının sonucda HRW-ni təsir dairəsinə saldığı anlar da müşahidə edilir. Təşkilatın fəaliyyətində siyasi tendensiyalılıq, böyük güclərə bağlı maraqların xidmətçisi olmaq xətti də özünü büruzə verir.

HRW insan haqlarının pozulmasına görə ittiham etdiyi bir sıra milli hökumətlər tərəfindən qərəzli yanaşmaya görə tənqid olunur. Bu tənqidlər təkcə söz, şüar formasında olmur. Həm də faktlarla, sübutlarla əsaslandırılır.

İsrail araşdırmaçıları qeyd edirlər ki, “Human Rights Watch” kimi təşkilatlar öz maraqlarını təmin etmək naminə ikiüzlü siyasət yürüdür, bu sırada antisemitizm, irqçilik və faşizm meylli hərəkətlərin alovlanmasını da stimullaşdırırlar ( https://news.milli.az/politics/870142.html ).

Nüfuzlu "The Wall Street Journal" nəşri də eyni mövzuya toxunub. ABŞ-ın Corc Meyson Universitetinin hüquq professoru və Qüdsdəki "Kohelet Policy Forum" mərkəzinin araşdırmaçısı olan müəllif - Yevgeni Kontoroviç jurnalda dərc edilən məqaləsində yazır ki, HRW öz siyasətində müstəqil deyil. Dünyada məşhur imza sahibi olan şəxslər tərəfindən yazılan, HRW-nin tənqidinə yönələn məqalələrin sayı kifayət qədər çoxdur.

HRW-nin ikili yanaşmasına məruz qalan dövlətlər sırasında Azərbaycan da vardır. HRW-nin Azərbaycana qarşı belə tendensiyalı, neqativ yanaşması həmişə olubdur. Amma son 3 il müddətində, yəni Azərbaycanın işğal altında olan torpaqlarını azad etməsi dönəmində daha da şiddətlənibdir. 2020-ci il iyulun 12-də, Ermənistanın Azərbaycan sərhəddində, Tovuz rayonunda törətdiyi təxribatlardan sonra xaricdə yaşayan soydaşlarımız da erməni əsilli təxribatçıların hücumlarına məruz qaldırlar. Azərbaycan ictimaiyyəti, vətəndaş cəmiyyəti institutları haqlı olaraq beynəlxalq insan haqları təşkilatlarını müraciət edərək, ermənilərin xaricdə yaşayan azərbaycanlılara hücum etməsinə göz yummamağa çağırdı. “Human Rights Watch” (HRW) təşkilatının Avropa və Orta Asiya üzrə direktor müavini Rachel Denber BBC News Azərbaycancaya müsahibəsində bu çağırışlara əcaib formada münasibət bildirdi: “Əlbəttə ki, bunu istəmək onların haqqıdır”. HRW təmsilçisi çağırışa konkret cavab verməkdən yayınır, bu yöndə atmalı olduqlara addımlara toxunmur, söz oyunu oynamaqla vəziyyədən çıxmağa çalışır. Təşkilat təmsilçiləri məlum faktlarıqeydə almadılar, pisləmədilər, hesabatlarına daxil etmədilər.

Məqalə Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tərəfindən hazırlanıb.


Hazırladığımız məqalələr söz və ifadə azadlığının, insan haqlarının durumunu monitorinq edən, hesabatlar dərc edən beynəlxalq statuslu təşkilatlar haqqında məlumat bazası formalaşdırmaq məqsədi daşıyır. Fəaliyyət Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB) tərəfindən icra olunan “Milli QHT-lərin beynəlxalq təşkilatlarla əməkdaşlıq imkanlarının artırılmasına dəstək” adlı layihə çərçivəsində icra edilir.

Layihənin müəllifi Müşfiq Ələsgərli, maliyyə dəstəkçisi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Hazırlanan məqalələr məlumatlandırıcı xarakterlidir. Söz və ifadə azadlığının, insan haqlarının durumunu monitorinq edən, hesabatlar yayan, ictimai rəyə təsir göstərən beynəlxalq statuslu təşkilatların fəaliyyət istiqamətləri, iş prinsipləri, hesabat hazırlamaq metodologiyaları, Azərbaycana münasibətləri, əməkdaşlıq formaları barədə informativ xarakterli bilgiləri əks etdirir. Məqsədi milli QHT və KİV-lərin beynəlxalq təşkilatlar barədə informasiyalılığını artırmaqdan, onların beynəlxalq təşkilatlarla əməkdaşlıq meyllərini stimullaşdırmaqdan, inteqrasiyasına nail olmaqdan, nəticə olaraq, bu təşkilatlarda Azərbaycan reallıqları barədə obyektiv rəy formalaşdırmaqdan ibarətdir.

Ümumi sayı 20 olacaq məqalələr beynəlxalq statuslu QHT-lərlə yanaşı, dövlətlərarası təşkilatların mövzu üzrə uyğun departamentlərini də əhatə edəcək.


AZƏRBAYCAN RESPUBLİKASININ
QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARINA
DÖVLƏT DƏSTƏYİ AGENTLİYİ

Məqalələrin məzmununa görə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi məsuliyyət daşımır.


metbuat.az.