METBUAT.AZ

Media

“Sərhədsiz Reportyorlar” təşkilatı

12 okt 2022 15:17

“Sərhədsiz Reportyorlar” təşkilatı
RWB - Reporters Without Borders
www.rsf.org

Təşkilatın missiyası, fəaliyyət istiqamətləri

Mərkəzi ofisi Parisdə yerləşən Sərhədsiz Reportyorlar” (SRT) 1985-ci ildə Fransının cənub vilayətlərində yerləşən Monpelye şəhərində regional statuslu QHT kimi yaradılıb. Çox zaman Fransızca adı ilə müraciət edilir - Reporters Sans Frontières (RSF). Bu ad "Sərhədsiz Həkimlər" təşkilatından götürülüb, perespektivdə beynəlxalq status qazanmağa hesablanıb.

1996-ci ildən etibarən, beynəlxalq təşkilat statusunu reallaşdırmağa başlayıb və effekt əldə edib. “Sərhədsiz Reportyorlar”söz və ifadə azadlığının müdafiəsi, jurnalist təhlükəsizliyinin təmin edilməsi üzərində ixtisaslaşmış beynəlxalq təşkilatlar sırasında nüfuzuna görə ilk beşlikdə yer tutur. BMT,YUNESKO, Avropa Şurası, Beynəlxalq Frankofoniya Təşkilatı yanında media azadlığını müdafiə edən beynəlxalqQHT kimi məsləhətçi statusa malikdir. Missiyası üzrə nailiyyətlər əldə etdiyi üçün, 2005-ci ildə Avropa Parlamentinin xüsusi mükafatına layiq görülüb. .

“Sərhədsiz Reportyorlar” Avropa Şurasının “Platform to promote the protection of journalism and safety of journalists” ( https://www.coe.int/en/web/media-freedom)platformasının yaradıcılarından və əsas koordinaorlarından biridir.

Strukturu və əməkdaşlıq meyarları

“Sərhədsiz Reportyorlar”ınbeş qitədə - dünyanın 130-dan artıq ölkəsində müxbirlərivə filialları mövcuddur. Ayrı-ayrı ölkələr üzrə əsas məlumatları özünün müxbirləri vəfilialları vasitəsilə alıb dəqiqləşdirir. Paralel olaraq, yerlərdə ayrı-ayrı milli təşkilatlarla da əməkdaşlıq və informasiya mübadiləsi edir. Əfqanıstanda, Banqladeşdə, Belarusda, Burmada, Konqo Demokratik Respublikasında, Eritreyada, Qazaxıstanda, Hondurasda, İraqda, Meksikada, Peruda, Rumıniyada, Rusiyada, Somalidə, ABŞ-da, Zimbabvedə, Livanda, Tunisdə yerlijurnalist birlikləriilə əməkdaşlıq şəraitində çalışır.

Dünyanın siyasi mərkəzləri hesab olunan 12 məşhur şəhərdə (Vaşinqton, Brüssel, London və sair ) xüsusi yerli ofisləri mövcuddur ki, onlar da Parisdəki baş qərargah qədər imkanlı və nüfuzludurlar.

Bununla yanaşı, “Sərhədsiz Reportyorlar” öz şəbəkəsini genişləndimək, imkanlarını artırmaq üçün strukturlaşmada orijinal bir forma tətbiq edib. Təşkilat qapılarını dünyanın istənilən nöqtəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutları və fərdi şəxslər üçün açıq elan edib. Web-səhifəsində“Bizə qoşul” (Join us) kateqoriyası yaradılıb. “Sərhədsiz Reportyorlar”ın prinsiplərini qəbul edən, söz və ifadə azadlığı uğrunda mübarizə aparan istənilən şəxs bu kateqoriyada qeydiyatdan keçib “Sərhədsiz Reportyorlar”ın tərəfdaşı statusunu qazana bilər. Kateqoriyada qeydə düşmək üçün təsvir edilmiş şərtdə göstərilir ki, “Sərhədsiz Reportyorlar”a ianələr etdən, onun kampaniyalarında aktiv iştirak edən şəxslər tərəfdaş statusu qazana bilərlər.Qarşılığında “Sərhədsiz Reportyorlar”ın tədbirlərinə qatılmaq, eləcə də dünyada mətbuat azadlığının vəziyyəti ilə bağlı operativməlumatlar almaq imtiyazı əldə edirlər.

İllik hesabatları və beynəlxalq kampaniyaları

“Sərhədsiz Reportyorlar” keçirdiyi beynəlxalq kampaniyalarla məşhurdur. 130-dən çox ölkədə müxbirlər şəbəkəsinin, qitələr üzrə filiallarının, dünyanın siyasi mərkəzləri hesab olunan12 şəhərdə xüsusi ofislərinin, ayrı-ayrı ölkələrdə milli təşkilatlarla əməkdaşlıq əlqələrinin olması imkan yaradır ki, “Sərhədsiz Reportyorlar” effektiv qlobal kampaniyalar keçirsin, hədəflərinə nail ola bilsin.

“Sərhədsiz Reportyorlar” hər gün 5 dildə bülletenlər yayır. Bülletenlərdə ayrı-ayrı ölkələrdə jurnalistlərə qarşı törədilən sui-qəsdləri, təhdid və təzyiqləri, söz və ifadə azadlığına qarşı basqıları təsvir edir. Bu hadisələrin baş verdiyi ölkələri qınaq obyektinə çevirir. Beləliklə, dünyanın 180 ölkəsində mədia azadlığının durumuna dair gündəlik rəy yaradır.

Zərurət yaranırsa, təhdid və təzyiqlə üzləşmiş jurnalistləri,KİV qurumlarını vəziyyətdən çıxarmaq üçün kampaniyalar təşkil edir. İnsidentin baş verdiyi ölkənin rəhbərliyinə məktublar ünvanlayır və onlardan təhdidə məruz qalmış jurnalistin qayğısına qalmağı tələb edir. Yaxud, digər beynəlxalq təşkilatları yardım üçün səfərbər edir və sair.

“Sərhədsiz Reportyorlar” dünyanın hər bir yanında çətin vəziyyətdə olan jurnalistlərə həm də maddi yardım göstərir. Təhlükədə olan, həmçinin, həbsdə olan jurnalistlərin ailələrinə maddi dəstək verir. Bu məqsədlə hər il 300-ə yaxın yardım qrantı ayırır. Öz hesabatında göstərir ki, indiyədək 12 mindən çox jurnalistə müxtəlif formalı yardımlar göstərib.

Təşkilat hər il “Mətbuat Azadlığının Düşmənlərinin siyahısı”nı dərc edir. Söz azadlığınınpozucuları sırasında təhlükəli hesab etdiyi dövlət başçılarının adlarını bu siyahıya daxil edir.

Paralel olaraq, “Dünya Mətbuat Azadlığı İndeksi”ni hazırlayaraq dərc edir. Azadlıq İndeksi illik hesabat formasındadır. 180 ölkədə mətbuat azadlığının vəziyyətini təsvir edir. Təhdid alan, hədələnən KİV işçilərindən başlamış, KİV subyektlərinə qarşı basqılara, ayrı-ayrı ölkələrdə media mühitinin durumuna qədər müxtəlif parametrləri hatə edir. Ölkələrin media, söz, ifadə azadlığı üzrə fəaliyyəti qiymətləndirilir. Bu qiyməti SRTbeş qitədə fəliyyət göstərən 130-dan çox müxbirinə ünvanladığı suallar vasitəsilə müəyyənləşdirir.Söz azadlığı indeksini öz müxbirlərinə istinadla elan edir.

Azərbaycanda fəaliyyəti

Beynəlxalq statuslu digər təşkilatlar kimi, dünya ölkələrində “Sərhədsiz Reportyorlar”-a qarşı da münasibət birmənalı deyil. Müxtəlif zamanlarda dünyanın ayrı-ayrı ölkələrinin mətbuatlarında “Sərhədsiz Reportyorlar”-ın qərb dövlətlərinin kəşfiyyat agentliklər ilə, xüsusi ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi ilə əlaqələrinin olduğu barədə informasiyalaryayılıb. Təşkilat bu iddiaları rədd etsə də, özünə bəraət qazandıra bilməyib. Fəaliyyətində qeyri-adi, əsaslandırılmamış nüanslar görünən kimi, “Sərhədsiz Reportyorlar” təkrarən ittihamlara məruz qalır, tendensiyalı fəaliyyət göstəməkdə, ayrı-ayrı güc mərkəzləri ilə razılaşdırılmış hərəkətlər etməkdə qınanılır.

SRT-nin Azərbaycana qarşı münasibəti və o cümlədən, Azərbaycanda SRT-yə qarşı münasibət də birmənalı deyil. Ölkəmizə yönəlik açılamalarında tendensiyalılıq, konyekturagörünür.

Məsələn, "Sərhədsiz Reportyorlar" özünün illik hesabatlarında,"Dünyada mediaazadlığı indeksi"ndə hər zaman Ermənistanı Azərbaycandan öndə göstərir. 2020-ci il hesabatında da ölkəmizə qarşı eyni yanaşmanı sərgiləyib. Ermənistanın adını bizdən 107 pillə öndə göstərib. Hanası ki, digər beynəlxalq təşkilatların hesabatlarında Ermənistanda 2020-ci ildə media azadlığı durumunun kəskin şəkildə pisləşdiyi vurğulanıb. SRTII Qarabağ savaşı (44 günlük müharibə) zamanı gündəlik informasiya yayımında da bənzər mövqe sərgiləyib, Azərbaycanı gözdən salmağa, Ermənistanı isə dünya ictimaiyyətinin gözündə yüksəltməyə çalışıb. Təşkilat“80 nəfər jurnalistinXankəndindən təhlükəsiz çıxışına şərait yaratmadığına görə” Azərbaycanı qınayan qondarma bəyanat yayıb. Hansı ki, vəziyyətin tamamilə fərqli olduğunu“Sərhədsiz Reportyorlar" da, digərləri dəbilirdilər.

44 günlük müharibə zamanı Qarabağdakı həqiqətləri işıqlandıran FransanınTF-1 TV kanalının əməkdşlarına qarşı Fransa erməni icması tərəfindən basqılar tördiləndə, SRT bu fakta loyal yanaşdı. Yalnız TF-1-in təkidli tələblərindən sonrafaktı simvolik olaraq qınayan bəyanat yaydı.

“Sərhədsiz Reportyorlar" öz hesabatlarını hazırlayarkən, yaxud, gündəlik bülletenlərini dərc edərkən, beş qitədə fəliyyət göstərən 130-dan çox müxbirlərinə istinad edir. Yerli müxbirlərin SRT-nin rəyinə etiraz etmək, aradan qaldırmaq hüququ rəsmən tanınır. Bu məqamı nəzərə alıb demək olar ki, “Sərhədsiz Reportyorlar"ınAzərbaycana qarşıı qeyri-obyektiv münasibəti, SRT-nin Azərbaycandakı təmsilçisinin qeyri-obyektiv mövqeyini ifadə edir.

Araz Zeynalov

Hazırladığımız məqalələr söz və ifadəazadlığının,insan haqlarının durumunu monitorinq edən, hesabatlar dərc edənbeynəlxalq statuslu təşkilatlar haqqında məlumat bazasıformalaşdırmaq məqsədi daşıyır. FəaliyyətMediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB)tərəfindən icra olunan “Milli QHT-lərin beynəlxalq təşkilatlarla əməkdaşlıq imkanlarının artırılmasına dəstək” adlı layihəçərçivəsində icra edilir. Layihənin maliyyə dəstəkçisiAzərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Hazırlanan məqalələr məlumatlandırıcı xarakterlidir. Söz və ifadəazadlığının, insan haqlarının durumunu monitorinq edən, hesabatlar yayan, ictimai rəyə təsir göstərənbeynəlxalq statuslu təşkilatlarınfəaliyyət istiqamətləri, iş prinsipləri, hesabat hazırlamaq metodologiyaları, Azərbaycana münasibətləri, əməkdaşlıq formalarıbarədə informativ xarakterli bilgiləri əks etdirir. Məqsədi milli QHT və KİV-lərin beynəlxalq təşkilatlar barədə informasiyalılığını artırmaqdan, onların beynəlxalq təşkilatlarla əməkdaşlıq meyllərini stimullaşdırmaqdan, inteqrasiyasına nail olmaqdan, nəticə olaraq, bu təşkilatlarda Azərbaycan reallıqları barədə obyektiv rəy formalaşdırmaqdan ibarətdir.

Ümumi sayı 20 olacaq məqalələr beynəlxlq statuslu QHT-lərlə yanaşı, dövlətlərarası təşkilatların mövzu üzrə uyğun departamentlərini də əhatə edəcək.


AZƏRBAYCAN RESPUBLİKASININ

QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARINA

DÖVLƏT DƏSTƏYİ AGENTLİYİ

Məqalələrin məzmununa görə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi məsuliyyət daşımır


metbuat.az.