METBUAT.AZ

Turizm

Azərbaycan və Yaponiya turizm sahəsində Anlaşma Memorandumu imzalayıb

13 dek 2022 18:25

Bu gün Yaponiyanın Nara şəhərində Azərbaycanın Dövlət Turizm Agentliyi ilə Yaponiyanın Turizm Agentliyi arasında “Turizm sahəsində Əməkdaşlıq üzrə Anlaşma Memorandumu” imzalanıb.

Metbuat.az xəbər verir ki, sənədi iki qurumun rəhbəri - Fuad Nağıyev və Koiçi Vada imzalayıb.

Memorandum qarşılıqlı turizm əlaqələrinin inkişaf etdirməsi məqsədi ilə Azərbaycan nümayəndə heyətinin Yaponiyaya səfəri çərçivəsində imzalanıb. Sənəddə iki ölkənin vətəndaşları arasında dostluq əlaqələrinin gücləndirilməsi, iki ölkənin turizm qurumları arasında əlaqələrin genişləndirilməsinin vacibliyi vurğulanıb.

Həmçinin memoranduma əsasən turizm məhsullarının təbliğatı sahəsində hər iki tərəf turizm sahəsində təcrübə və məlumat mübadiləsinin, həmçinin təbliğat materiallarının mübadiləsinin aparılması, turizm ekspertləri arasında kommunikasiyanın gücləndirilməsi, turizm agentliklərinin və turizm xidmətləri təminatçılarının beynəlxalq turizm sərgiləri və digər tədbirlərdə qarşılıqlı iştirakının dəstəklənməsi, Ümumdünya Turizm Təşkilatı çərçivəsində əməkdaşlığın davam etdirilməsi kimi məsələlərdə razılığa gəliblər.

Görüşdə F.Nağıyev səfərin məqsədinin Yaponiya ilə turizm sahəsində əməkdaşlığın əsasının qoyulması olduğunu bildirərək, Yaponiyadan Azərbaycana səfər edən turistlərin sayının az olduğunu və birbaşa uçuşların olmadığını qeyd edib. O, memorandumun Azərbaycan-Yaponiya turizm əlaqələrinin inkişafına böyük töhfə verəcəyinə inamını ifadə edib və yaponiyalı turistlərin ölkəmizə cəlb edilməsi üçün geniş turizm potensialının mövcudluğunu diqqətə çatdırıb.

K.Vada isə Azərbaycan-Yaponiya diplomatik münasibətlərinin 30 illiyində belə tədbirin baş tutmasından məmnunluğunu ifadə edib, imzalanmış memorandumun ölkələrin qarşılıqlı tanıtımında yeni inkişaf istiqaməti kimi əhəmiyyətini vurğulayıb.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Narada keçirilən BMT-nin Ümumdünya Turizm Təşkilatının Qastronomiya Turizmi üzrə 7-ci Dünya Forumunun açılışına qatılıb. Həmçinin Forum çərçivəsində F.Nağıyev, ölkəmizin Yaponiyadakı səfiri Gürsel İsmayılzadə və Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının İdarə heyətinin sədri Vasif Eyvazzadə ilə Ümumdünya Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvili ilə arasında görüş keçirilib. Görüşdə Prezident İlham Əliyevin irəli sürdüyü “Bakı Prosesi” təşəbbüsü və gələn il ölkəmizdə keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu haqqında fikir mübadiləsi aparılıb. Turizmin dünyada sülhün və mədəniyyətlərarası dialoqun təmin edilməsində rolunun gücləndirilməsi, eləcə də Ümumdünya Turizm Təşkilatının bu prosesdə ənənəvi tərəfdaşlığının təmin edilməsi məsələsi diqqətə çatdırılıb.


metbuat.az.