20 apr 2023 13:15
Bu ilin yanvar-mart aylarında Azərbaycana dünyanın 157 ölkəsindən 368,9 min və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 49,8 % çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Gələnlərin 32,3 %-i Rusiya Federasiyası, 21,5 %-i Türkiyə, 9,1 %-i İran, 5,6 %-i Gürcüstan, 4,2 %-i Hindistan, 2,7 %-i Pakistan, 2,6 %-i Birləşmiş Ərəb Əmirlikləri, 1,9 %-i Qazaxıstan, hər birindən 1,7 % olmaqla Səudiyyə Ərəbistanı və Özbəkistan, hər birindən 1,6 % olmaqla Ukrayna və Belarus, 1,4 %-i Küveyt, 1,3 %-i Türkmənistan, 10,8 %-i digər ölkələrin vətəndaşları olub. Gələnlərin 76,9 %-ni kişilər, 23,1 %-ni qadınlar təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə Hindistandan gələnlərin sayı 5,4 dəfə, Türkmənistandan - 4,2 dəfə, Özbəkistandan - 4,1 dəfə, Çindən - 3,6 dəfə, Belarusdan - 3,4 dəfə, Qazaxıstandan - 2,3 dəfə, Pakistandan - 2 dəfə, Rusiya Federasiyasından - 1,8 dəfə, İsraildən - 1,7 dəfə, ABŞ-dan - 1,5 dəfə, Gürcüstandan - 45,2 %, Böyük Britaniyadan - 40,6 %, Omandan - 38,5 %, Küveytdən - 32,4 %, Türkiyədən - 30,2 %, Birləşmiş Ərəb Əmirliklərindən - 28 % artıb.
2022-ci ilin yanvar-mart ayları ilə müqayisədə MDB ölkələrindən gələnlərin sayı 1,8 dəfə artaraq 151,4 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 40,1 % artaraq 15,2 min nəfər, Körfəz ölkələrindən gələnlərin sayı 1,5 % artaraq 59,1 min nəfər olub.
Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 63,2 %-i hava, 35,3 %-i dəmir yolu və avtomobil, 1,5 %-i isə dəniz nəqliyyatından istifadə edib.