METBUAT.AZ

Gündəm

Ekofəalların Laçın-Xankəndi yolunda keçirdikləri aksiya

28 apr 2023 16:10

Laçın-Xankəndi yolunda təşkil olunan və 138 gündür davam edən ekoloji aksiyanın iştirakçılarının bir qrupu ilə aprelin 28-də günün birinci yarısında Azərbaycanın dövlət nümayəndələrinin dəvəti əsasında növbəti görüş keçirilib.

Metbuat.az Report-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyinin inzibati binasında keçirilən görüşdə aksiya iştirakçılarını təmsil edən 10 ekofəal iştirak edib.

Görüşdə Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov aprelin 23-də Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Azərbaycanın suveren ərazisində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsinin qurulması ilə əlaqədar yeni vəziyyətin yarandığını qeyd edib. Buna görə də iştirakçılara aksiyanın dayandırılması bir daha təklif olunub.

Ekofəallar bildiriblər ki, Laçın-Xankəndi yolunun başlanğıcında sərhədçilərimiz tərəfindən sərhəd-nəzarət mexanizminin yaradılması, bununla da yolda hərəkət üzrə şəffaflığın, qanunun aliliyinin və hərəkətin təhlükəsizliyinin təmin edilməsi onları çox sevindirib.

Buna baxmayaraq, ekofəallar qeyd ediblər ki, aksiya hədəfə tam olaraq çatmayıb. Onlar Rusiya sülhməramlılarının müvəqqəti nəzarətindəki Azərbaycan ərazilərində təbii sərvətlərimizin qanunsuz istismarına son qoyulmasını və Azərbaycanın aidiyyəti qurumlarının həmin ərazilərdə monitorinqinə imkan yaradılmasını sülhməramlı kontingentin komandanlığından tələb etdiklərini bir daha vurğulayıblar.

Ekofəalların təmsilçiləri dövlət nümayəndələrinin dəfələrlə edilən çağırışına cavab olaraq, aksiyanın dayandırılması məsələsinə baxılması üçün aksiya iştirakçıları ilə ümumi məsləhətləşmələrin aparılmasına ehtiyac olduğunu bildiriblər.

Günün birinci yarısında keçirilən görüşdən sonra ekofəallar müzakirə olunan məsələlərlə bağlı məsləhətləşmələr aparmaq üçün humanitar aksiyanın keçirildiyi əraziyə qayıdıblar.

Aksiya iştirakçılarının apardıqları məsləhətləşmə və müzakirələrdən sonra ekofəalların qəbul etdikləri qərar bir qədər əvvəl açıqlanıb və aksiyanın iştirakçıları olan qeyri-hökumət təşkilatları nümayəndələrinin, ekofəalların və gənc könüllülərin bəyanatı oxunub.


metbuat.az.