1 may 2023 15:44
“İrəli” İctimai Birliyi ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “100 ildən 1 an: böyük ömürdən örnəklər” adlı ümumrespublika esse müsabiqəsinə start verir.
Birliyin Mətbuat xidmətindən Metbuat.az-a a verilən məlumata görə müsabiqənin həyata keçirilməsində əsas məqsəd Ulu Öndər Heydər Əliyevin zəngin irsi, vətənpərvərlik, vətəndaşlıq tərbiyəsi, milli-mənəvi dəyərlərə sadiqlik və müasir azərbaycançılıq məfkurəsinin gənclər arasında təbliği ilə ümumilikdə dövlət gənclər siyasətinə töhfələr verməkdir.
Ümumrespublika esse müsabiqəsi “Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasəti”, “Vətən müharibəsinə qazanılmış qələbədə Ulu Öndər ideyalarının rolu”, “Ümummilli lider – Müstəqil Azərbaycanın qurucusu kimi” və “Heydər Əliyev və müasir azərbaycançılıq ideyası” olmaqla 4 müxtəlif istiqaməti əhatə edir. Təqdim olunmuş esselər müsabiqənin münsif heyəti tərəfindən fəlsəfi ifadə, əhatəlilik, düzgün təhlil və digər meyarlar əsasında qiymətləndiriləcək.
Müsabiqəyə müraciət etmək istəyən gənclər 16-29 yaş aralığında olmalı, yazılan esselər Azərbaycan dilində, “Microsoft Word” faylında, “Times New Roman” şriftində, 12 ölçüdə hazırlanmalı, mətndaxili yazıda 1 sm abzas buraxmaqla 3-5 min işarə həcmində yazılmalıdır. Göndərilən məlumatlarda əlaqə vasitələri (ev və mobil telefon nömrələri, e-poçt ünvanları) qeyd edilməli, essenin sonunda “İrəli” İctimai Birliyinin “100 ildən 1 an: Böyük ömürdən örnəklər” adlı keçirdiyi müsabiqəyə təqdim etmək üçün” yazısı qeyd edilməlidir.
Həmçinin diqqətə çatdırılıb ki, esselərin qəbulu 5 iyun, saat 18:00-dək davam edəcək. Gənclər müsabiqə üzrə hazırlanmış esseləri “İrəli” İctimai Birliyinin musabiqe@ireli.az elektron poçt ünvanına göndərə bilərlər.