10 may 2023 16:26
“Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi dövründə, Şuşada Xarı bülbül festivalı keçirilən bir zamanda Prezident İlham Əliyevin xalqa müraciəti Azərbaycan xalqına yüksək ehtiramı və Heydər Əliyev siyasi faktorunun təkcə Azərbaycan üçün deyil, bütün türk dünyası üçün önəmini ifadə edirdi”.
Bu fikirləri Metbuat.az-a açıqlamasında politoloq Tural İsmayılov edib. Politoloq vurğuladı ki, cənab Prezident İlham Əliyev tərəfindən Heydər Əliyev siyasi kursunun uğurla davam etdirilməsi Azərbaycanın böyük qələbəsinə səbəb oldu və cənab Prezidentin xalqa müraciətində də onun həyata keçirdiyi siyasətin məhz Heydər Əliyev siyasətinin təməlləri əsasında inkişaf etdiyi bir daha qeyd olundu.
Tural İsmayılov
“Məhz cənab Prezident İlham Əliyevin Şuşadan Azərbaycan xalqına etdiyi müraciətdə Heydər Əliyevin Azərbaycan dövlət müstəqilliyinin qorunmasında göstərdiyi xidmətlər vurğulanmaqla bərabər eyni zamanda milli xəyanətkarlıq və hakimiyyət hərc mərcliyi nəticəsində Qarabağın itirilməsində və bundan sonra Heydər Əliyevin uzun illər ərzində yorulmaz siyasi cəhdləri və dövlət quruculuğu modeli barədə mühüm məqamlardan danışıldı. Ölkə başçısı Azərbaycan gəncliyi ilə bağlı xoş fikirlərini də xüsusilə bildirdi. Ali Baş Komanda fəxrlə qayalara dırmaşaraq, Şuşanı işğaldan azad edən və bu gün milli intellektdə, geniş dünyagörüşünə, həm əqli, həm də fiziki olaraq böyük gücə malik olan Azərbaycan gənclərindən bəhs etdi. Onun bu fəxarətini bu gün Şuşadan bildirməsi hesab edirəm ki, ölkədəki xalq iqtidar birliyi, həmçinin ölkə gəncliyinin mütləq əksəriyyətinin dövlət başçısı ətrafında sıx birləşməsinin bariz göstəricilərindən biridir. Cənab Prezident Avropa İttifaqının üzvü olan ölkələrin böyük əksəriyyəti ilə Azərbaycan strateji müttəfiq olduğunu xatırladaraq qeyd etdi ki, ölkəmizin iqtisadi vəziyyəti kifayət qədər yaxşı vəziyyətdədir. Hesab edirəm ki, qlobal pandemiyanın iqtisadi təsirlərinə rəğmən Azərbaycanın üzləşdiyi iqtisadi risklərdən sığortalana bilib ki, Prezident İlham Əliyevin xalqa müraciətində bu məsələlər bir daha öz əksini tapdı”.
Naxçıvan Dövlət Universitetinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, tarixçi alim Arzu Abdullayev Metbuat.az-a açıqlamasında Prezidentin Şuşadan xalqa müraciətinin dahi Lider Heydər Əliyevin və bütün dünya azərbaycanlılarının arzusunun reallaşan təcəssümü olaraq ifadə etdi.
Arzu Abdullayev
“Xalqımız, dövlətimiz üçün əlamətdar olan bu gündə -10 mayda cənab Azərbaycana tarixi qələbə bəxş edən Müzəffər Prezidentimizin Şuşadan xalqa müraciəti həm də şəhidlərimizin ruhuna böyük ehtiramdır. Ölkə prezidentinin proqram xarakterli müraciətində biz bir daha müdrik dövlət xadimi Heydər Əliyevin Azərbaycana, onun müstəqilliyinə və əbədiliyinə həsr olunmuş ömür yolunu vərəqləyirik. Ulu öndərin ən çətin vaxtda qəbul etdiyi qərarlar, göstərdiyi misilisiz xilaskarlıq Azərbaycana əbədi xoşbəxtlik bəxş etdi”.
Arzu Abdullayev deyir ki, dahi azərbaycanlı Heydər Əliyevin yaratdığı milli ideologiyanın nəticəsidir ki, bütün istiqamətlərdə Azərbaycan uğurla gedir.
“Cənab Prezidentin dediyi kimi: “Qarabağı, Zəngəzuru azad edən məhz gənclər olmuşdur, ovaxtkı gənclər və son 20 il ərzində yetişmiş gənclər”.Bəli bu gənclər Ulu Öndərin milli ideologiyası işığında Müzəffər Prezidentimizin rəhbərliyi ilə yetişdi. Cənab Prezident bu günkü muraciəti ilə Azərbaycanın Avrasiyada nəqliyyat mərkəzlərindən birinə çevrildiyini, “Orta Dəhliz” strateji layihəsinin reallaşacağını bir daha dünya ictimaiyyətinə bəyan etdi. Bu gün Qoşulmama Hərəkatı kimi dünyanın ikinci beynəlxalq təsisatına rəhbərliyimiz Ölkə başçısının qeyd etdiyi kimi beynəlxalq mövqelərimizin kifayət qədər güclü olmasından, hüquqi və siyasi bazanı yarada bilməyimizdən irəli gəlir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev müraciəti ilə bir daha dünyaya bəyan etdi ki, Azərbaycanın missiyası həmişə olduğu kimi sülhə, beynəlxalq hüquqa, regionun davamlı inkişafına hədəflənib”.
Müsahibimiz ifadə etdi ki, bu gün Qarabağ, Zəngəzur dirçəlirsə, doğma torpaqlarımızda böyük quruculu işləri gedirsə, Qayıdış həyata keçirilirsə Azərbaycan öz haqq işini, ədaləti bərpa edir. Dünya mədəni irsinə layiqli töhfələr verir.
“Cənab Prezidentin Xalqa Müraciətdə dediyi: “...Ulu öndərin Azərbaycan xalqı qarşısında xidmətləri misilsizdir və biz – onun davamçıları onun yolu ilə gedirik. 2003-cü ildə prezident seçkiləri ərəfəsində xalqa müraciət edərək demişdim ki, əgər mənə etimad göstərilərsə, mən Heydər Əliyev siyasətinə sadiq qalacağam. Azərbaycan xalqı mənə inandı və mən də sözümdə durmuşam və duracağam. 2003-cü ildən bu günə qədər 20 il keçib. Bu 20 il sürətli inkişaf və tərəqqi illəri olmuşdur”- sözləri bu gün hər bir Azərbaycanlının gözləri qarşısında real hadisələrdir. Xalqımız çox yaxşı bilir ki, çətin və dünyanın çətinliklərlə üz-üzə qaldığı dövrdə ölkəmiz daxili və xarici siyasətdə müstəqil qərarlar qəbul edir, ölkəmizə davamlı inkişaf qazandırır. Bəli, bütün bunlar bu gün ulu öndər Heydər Əliyev siyasi kursuna sadiq Cənab İlham Əliyev kimi Liderin Azərbaycan rəhbərlik etməsinin nəticəsidir ki, artıq Avropa ölkələrinin liderləri də İlham Əliyevi dünyanın aparıcı siyasətçiləri sırasında öz sözü, qətiyyətli mövqeyi olan dövlət başçısı və vədinə sadiq etibarlı tərəfdaş kimi qəbul etdirlər. Bu da bir daha onu deməyə əsas verir ki, Lider İlham Əliyev qlobal təşəbbüsləri ilə Avrasiyanın enerji siyasətinə mühüm töhfələr verir. Avropanın əksər ölkələri isə İlham Əliyev cənablarını müstəqil mövqeyi olan Prezident kimi çox yüksək dəyərləndirirlər. Prezident İlham Əliyev hər zaman milli maraqlarımızı qətiyyətlə təmin edir və uzaqgörən qərarları ilə tarixinin ən qüdrətli Azərbaycanını böyük qürurla, fəxarətlə daha möhtəşəm gələcəyə aparır”.
Gülbəniz Hüseynli / METBUAT.AZ
Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Azərbaycançılıq ideyasının təbliği – “Heydər Əliyev İli”” mövzusu üzrə dərc olunub.