12 may 2023 12:28
Bu ilin yanvar-aprel aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 16,4 milyard manatlıq, o cümlədən 9,5 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 6,9 milyard manatlıq qeyri-ərzaq malları satılıb.
Metbuat.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 2,9 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,1 %, qeyri-ərzaq malları üzrə 4 % artıb.
Hesabat dövründə alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 52,7 %-i ərzaq məhsullarının, 4,9 %-i içkilər və tütün məmulatlarının, 13 %-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,7 %-i avtomobil benzini və dizel yanacağının, 4,4 %-i elektrik malları və mebellərin, 2,4 %-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,1 %-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 15,8 %-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
Yanvar -aprel aylarında qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 2,9 % artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,7 %-ni təşkil edib.
2022-ci ilin yanvar-aprel ayları ilə müqayisədə bu ilin 4 ayında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 1 %, fərdi sahibkarlar üzrə 3,7 %, bazar və yarmarkalarda 3,6 % artıb.
Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 404,7 manatlıq, o cümlədən 233,3 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 171,4 manatlıq qeyri-ərzaq malları alıb.