8 may 2023 12:50
Xəbər verdiyimiz kimi, “Altılı masa”nın namizədi, CHP lideri Kamal Kılıçdaroğlunun seçkiyə bir neçə gün qalmış “Türkün yolu” adlandırdığı “böyük layihəsi”ni təqdim edib.
Bir çox ekspertlər, politoloqlar hesab edir ki, əgər Kılıçdaroğlu prezident seçilərsə onun canlandıracağını vəd etdiyi “Yeni İpək Yolu” Bakının maraqları ilə üst-üstə düşməyəcək. Çünki, Kılıçdaroğlu İpək Yolu layihəsindən Azərbaycanı çıxardığını açıqformada elan edib.
Mövzunu şərh edən siyasi şərhçi Elçin Xalidbəyli Metbuat.az-a bildirdi ki, bu addım Kamal Kılılçdaroğlu və “Altılı masa”nın seçkilərdə qalib gəlmək üçün bütün variantları sınaqdan çıxartmağa çalışmasına cəhd kimi görünür.
Elçin Xalidbəyli
“Türkiyə müxalifəti hazırda bütün seçki siyasətini Ərdoğan hakimiyyətinin inkarı üzərində qurub. Ərdoğan hakimiyyətinin qazandığı bütün uğurların üzərindən çarpaz xətlər çəkəcəyini elə indidən biruzə verir. Əsas məqsəd isə Ərdoğan hakimiyyətinə qarşı olan bütün seçicilərin səsini özünə doğru çevirməkdən ibarətdir. Kamal Kılıçdaroğlu Ərdoğanın inkarına o qədər aludə olub ki, hətta Türkiyə dövlətinin strateji maraqlarına ciddi zərbə vurduğunu da nəzərə almağa həvəs göstərmir”.
“Yeni İpək Yolu” adlı layihə 5,5 min km-lik quru yolu İrandan (Təbriz və Tehran), Türkmənistan (Aşqabad), Özbəkistan (Daşkənd), Qazaxıstanda Almatını keçərək, Çinə birləşir. Azərbaycanı yaxından maraqlandıran bu layihə barədə danışan Elçin Xalidbəyli vurğuladı ki, Ərdoğan hakimiyyəti də "İpək yolu"nun reallaşdırılmasına xüsusi önəm verir. Ancaq Ərdoğan hakimiyyəti bu məsələdə Türkiyənin və Azərbaycanın strateji maraqlarını hər şeydən üstün tutur.
“Ərdoğan hakimiyyəti "İpək yolu" layihəsinin məhz Zəngəzurdan keçməklə, Azərbaycan üzərindən reallaşdırılmasında israrlıdır. Bu variant yaxın gələcəkdə Türk Dünyasını Avropa və Asiya arasında önəmli logistika qovşağına çevirə bilər. Ancaq Kamal Kılıçdaroğlu özünün şəxsi maraqlarını Türkiyənin və Azərbaycanın mənafelərindən daha üstün tutur. Ona görə də, Türkiyəni idarə etməyə iddialı olan bu natamam siyasətçi "İpək yolu"nun Azərbaycandan yan keçən variantını icad etməyə çalışır. Üstəlik, bu, geopolitik və geostrateji baxımdan, olduqca təhlükəli, ən əsası Türkiyəni İrandan asılı vəziyyətə sala biləcək variantdır. Ancaq Kamal Kılıçdaroğlu hazırda bu barədə qətiyyən düşünmür. İndi onu Azərbaycandan yan keçən "İpək yolu" layihəsi ilə İran və erməni mənşəli seçicilərin səslərini qazanmaq ehtimalı daha çox düşündürür. Ancaq böyük ehtimalla Kamal Kılıçdaroğlu da, onun absurd və ziyanlı layihəsi də seçki qutularının dibinə ilişib, orada qalacaq. Yəqin ki, Türkiyə vətəndaşları ölkəyə bu qədər təhlükəli addımlar vəd edən adamı prezident seçməzlər”.
Siyasi ekspert Şahin Cəfərli isə hesab edir ki , Kılıçdaroğlunun açıqladığı ideya real görünmür. Ekspert bunun Çinin maraqlarına zidd olduğunu ifadə etdi.
Şahin Cəfərli
“Doğu Türküstan məsələsini gündəmə gətirib, uyğurların hüquqlarının təminatı məsələsini qaldırdığınız anda Çin nəinki sizinlə birlikdə hər hansı layihədə yer almaz, hətta mövcud münasibətlər də pisləşər. Türkiyə Çin kimi qüdrətli dövlətin qarşısında şərt qoyacaq durumda deyil. Kılıçdaroğlunun bu çıxışı ülkücü səsləri cəlb etmək niyyətindən irəli gələ bilər. Digər namizədlərlə müqayisədə ülkücülərdən ən çox səs alan namizəd Kılıçdaroğlu olsa da, hələ ki tərəddüd edən ciddi sayda ülkücü var”.
Bəs Qərb dövlətləri İranla belə bir layihənin içində olmaq istəyəcəkmi?, Qərb bankları bu layihəyə kredit ayıracaqmı?. Şahin Cəfərli bu suala cavab olaraq dedi ki, Qərb hökumətlərinin Kılıçdaroğlunu dəstəklədiyi barədə Azərbaycandakı təsəvvürlər doğru deyil.
“Qərbdəki bəzi qeyri-hökumət, akademik və media çevrələri Ərdoğanın getməsini arzulaya bilər, o ayrı məsələ. Amma qaçqın məsələsi ilə bağlı Kılıçdaroğlunun mövqeyi Qərbin Avropa qanadında ciddi narahatlıq doğurur. Digər məsələ də budur ki, hazırkı “altı başlı” müxalif koalisiya Qərb siyasi dairələrində müəyyən skeptisizm yaradır, çünki tək adamla işləmək onlara daha rahatdır”.
“Bir kəmər bir yol” layihəsində Orta Dəhlizin ön plana çıxmasında Çinlə yanaşı, İngiltərənin də maraqlı olduğunu ifadə edən siyasi şərhçi Asif Nərimanlının açıqlamasına görə, layihə əsasında Şimal və Cənub dəhlizləri Azərbaycan üzərində birləşir və Cənubi Qafqazda hab yaradılır. Ekspert bildirdi ki, Qarabağ müharibəsinə, ardınca Türk Dövlətləri Təşkilatının dərin inteqrasiya istiqamətində işləməsinə, Ankaranın türk coğrafiyası üzərindən regional güc olma imkanlarının artmasına, eləcə də Zəngəzur dəhlizi layihəsinə bu konteskdə də baxa bilərik.
Asif Nərimanlı
“Çini əsas rəqib görən ABŞ məsələyə fərqli yanaşır: Zəngəzur dəhlizinin “yol məntiqi” ilə açılmasını istəyir, amma Azərbaycan üzərindən qurulan bu marşrutun istiqamətini dəyişməkdə yox, hazır marşrutda təsir imkanlarını genişləndirmək və Mərkəzi Asiya coğrafiyasına bu istiqamətdə çıxmaqda maraqlıdır. Fransa, Ermənistan və İran: Azərbaycanın Orta Dəhlizdən kənarlaşdırılmasında üç ölkə ən çox maraqlı tərəf kimi görünür. Bildirim ki, Fransa Avropanın lideri kimi geosiyasi güc mərkəzi olmağa çalışır və bunun üçün Çinə ehtiyacı var, lakin Orta dəhlizdə Ankara və Bakı faktoru və bu amilin arxasındakı güc mərkəzləri onun yolunu kəsir, Ermənistan Zəngəzur dəhlizinə, ümumiyyətlə Azərbaycanın güclənə biləcəyi istənilən layihəyə qarşıdır, həmçinin, İrəvan İranın “Fars körfəsi-Qara dəniz” layihəsinə ümid edir. İran “Bir kəmər, bir yol” layihəsində özünün yerləşdiyi cənub dəhlizinin aktuallığına çalışır və heç bir halda Azərbycanın önə çıxmasında maraqlı deyil. Bu ölkələrlə yanaşı, ABŞ-da və Avropada erməni və fars diasporu/lobbisi Azərbaycanın “ofsayd”da saxlanılması istiqamətində çalışır”.
Asif Nərimanlı qeyd etdi ki, “Altılı masa”nın namizədinin verdiyi mesaj o deməkdir ki, seçkidə Ərdoğan məğlub olarsa, yeni hökumət Bakıya qarşı planın əsas icraçısı olacaq.
“Kılıçdaroğlunun seçkiyə sayılı günlər qalmış bunu açıq mətnlə elan etməsi Azərbaycan marşrutuna qarşı çıxan mərkəzlərin dəstəyinin artırılmasına hesablanmış ola bilər. Əks təqdirdə, hər iki ölkədə etirazla qarşılanan bu planını hakimiyyətə gələcəyi təqdirdə də elan edə bilərdi”.
GÜLBƏNİZ HÜSEYNLİ / METBUAT.AZ