2 may 2023 10:29
Ötən gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi Şəkinin Aran kəndində "Açıq mikrofon" aksiyası keçirib. Sakinlər bildiriblər ki, Aran kəndi meşə zolağından kənarda yerləşir. Bu səbəbdən odun üçün ətraf kəndlərə, rayonlara gedirlər. Kənd sakinləri Aranın qaz problemi ilə bağlı Birliyə məlumat veriblər.
Metbuat.az xəbər verir ki, sosial şəbəkələrdə isə istifadəçilər "Azəriqaz"ın niyə rayonun mərkəzində deyil, ucqar kəndində görüş keçirdiyini bildiriblər. Bildirilib ki, görüş rayonun mərkəzində olsaydı, əhali problemlərini qeyd edəcəkdi.
Məsələ ilə bağlı "Azəriqaz"a sorğu ünvanladıq. Sorğumuza cavab olaraq bildirildi ki, sözügedən kənddən aylardır ki, qaz problemi ilə bağlı Birliyə müraciət daxil olub. Bu səbəbdən "Açıq Mikrofon" bu də Aranda baş tutub:
"Şəkinin sözügedən kəndindən bizə beş-altı aya yaxın idi ki, müraciətlər daxil olurdu. Biz də "Açıq mikrofon" aksiyasını həm regionlarda, istənilən kənd, həm də iri şəhərlərdə keçiririk. Daha çox müraciətlərin gəldiyi kəndlərə isə biz ayrıca olaraq xüsusi diqqət yetiririk. Əməkdaşlarımız dünən Aran kəndində olublar. Sakinlərin yeganə xahişi qazlaşma ilə bağlı olub və region rəhbərliyi də onlara müxtəlif izahatlar verib. "Açıq mikrofon" aksiyasının mahiyyəti ondan ibarətdir ki, həmin o aksiyalarda səsləndirilən fikirlər Birliyin rəhbər heyətinə təqdim olunsun. Biz təqdim etdik. İndi həmin kəndlə bağlı hansı qərarın veriləcəyi yaxın, iki, üç gün ərzində bəlli olacaq və ictimaiyyətə açıqlanacaq".