METBUAT.AZ

Elm və Təhsil

Dərslər sentyabrın 1-də başlamalıdır? -

17 may 2023 11:09

Elm və təhsil naziri Emin Əmrullayev dünən keçirdiyi brifinqdə Azərbaycanda dərslərin sentyabrın 1-də keçirilməsini təklif edib. Bu təklif olduqca müzakirə edilib.

Bəziləri nazirin bu təklifini dəstəkləyir, bəziləri isə bunun bir önəminin olmadığını, əsas dərslərin keyfiyyətli təşkili üçün təkliflər gözlədiklərini bildirib.

Metbuat.az-a danışan elm və təhsil komitəsinin deputatı Ceyhun Məmmədov bu təklifi dəstəkləyib. Onun sözlərinə görə, dərslərin sentyabrın 1-də başlaması daha yaxşıdır:

"Əslində, bir çox ölkələrdə belədir. Düzdür, bəzi ölkələrdə fərqli də başlayır, amma əksər ölkələrdə müxtəlif formada olsa da, mən düşünürəm ki, Azərbaycan reallığında hazırda ən uyğunu elə sentyabrın 1-dən başlanılmasıdır. Yəni əvvəlki dövrdə yanaşma belə idi ki, sentyabrın 1-i başlayır, mayın sonunda da bitirdi. İndi burada yeni təklifə əsasən, yəni iyunun 15-nə kimi qalması təklif olunur. Bunu bir sıra hallarda müəllimlərin, tələbələrin proqramı tam mənimsəməməsi ilə əlaqələndirirlər. Düşünürəm ki, bu təklif kimi nəzərdən keçirə bilər. Ən önəmlisi odur ki, sentyabrın birində başlamaq daha yaxşıdı. Əgər həqiqətən bu əsaslıdırsa ki, fənn mənimsədilməsi mümkün deyil, onda iyunun 15-ə kimi baxıla bilər".

Onun sözlərinə görə, doğru seçim elə dərslərin sentyabrın 1-i başlayıb, mayın sonu bitməsidir:

"İyunun əvvəlində insanların əksəriyyətində oxumaq, dərsə meyl ab-havası olmur. Ona görə düşünürəm ki, əgər sovet dövründə, əvvəlki dövrdə biz bütün fənni mənimsədə bilirdiksə, bu dövrdə - sentyabrın 1-i başlayıb, mayın da 31-i yekunlaşdıra bilərik. Yox, əgər nazirliyin əsaslandırdığı kimidirsə, onda, yəni iyunun 15-ə kimi baxıla bilər. Hesab edirəm ən önəmlisi, yəni sentyabrın 1-dən başlanılmasıdır. Mən bunu alqışlayıram və düşünürəm ki, bunun tətbiq edilməsi də çox yaxşı olardı".

Bundan başqa, deputat Fazil Mustafa sosial şəbəkə hesabında emin Əmrullayevin bu təklifinə reaksiya verib. O bildirib ki, təhsil nazirinin bu fikrini dəstəkləyir:

"Nəhayət ki, illərlə səsləndirdiyimiz fikirlər gerçəkləşməyə başlayır. Bu, indi səslənən istək və ya təklif deyil. Bu, on dəfələrlə rəsmi məqamlara göndərdiyimiz tələbdir. Həmişə gecikirik. Təhsil nazirimizi birmənalı dəstəkləyirəm. Bunu qərara bağlamaq lazım. İctimai dəstək verməliyik ki, söz olaraq ortada qalmasın. 1 sentyabr Bilik gününə doğru!"

Gülər Seymurqızı


metbuat.az.