9 may 2023 13:28
Elə liderlər var ki, tarix onları unutmur, amma tarixin özünü yaradan liderlər də var.
Heydər Əliyev məhz tarixi yaradan liderlərdən biri olub. Yüksək insani keyfiyyətlərinə, mükəmməl dövləti idarəetmə bacarığına, xalqa xidmət mədəniyyətinə görə Heydər Əliyev dünyada nadir tarixi şəxsiyyətlər sırasındadır. Heydər Əliyevin yaradıcısı olduğu azərbaycançılıq fəlsəfəsi Azərbaycanın müasir dünyada yerini tapmasında və dövlətçiliyin, milli birliyin formalaşmasında mühüm rol oynayıb.
Bu gün heç bir tərəddüd etmədən deyə bilərik ki, yaşadığımız müasir dövr, müstəqil Azərbaycan, parlaq səhifələri yazılan və yazılmaqda davam edən ən yeni tariximiz yeni Azərbaycanın qurucusu olan ümummilli liderimiz Heydər Əliyev ideyalarının bəhrəsidir. Azərbaycana daim uğur, xoşbəxtlik gətirən bu parlaq ideyalar, ulu öndərimizin müəyyənləşdirdiyi siyasi kurs, dövrə uyğun yeni çalarlarla zənginləşdirilən islahatlar strategiyası gələcəkdə də dəyişməz olaraq qalacaq. Çünki bu siyasətin və strategiyanın alternativi yoxdur”.
Heydər Əliyevin həyata keçirdiyi çoxvektorlu dövlət strategiyası Azərbaycana yüksək inkişaf və sabitlik gətirib. Ümummilli Liderin əsasını qoyduğu dövlət quruculuğu prosesi Azərbaycanın müstəqil dövlət kimi inamlı inkişafını və yeni mərhələdə tarixin siyasi səhnəsində özünəməxsus yer tutmasını təmin etdi. Ulu öndər Heydər Əliyevin yüksək peşəkarlıqla işləyib hazırladığı milli dövlətçilik strategiyasının əsas nüvəsini müstəqil Azərbaycanın iqtisadi qüdrətinin dirçəldilməsi, artırılması və möhkəmləndirilməsi təşkil edirdi. Onun ölkə iqtisadiyyatının hərtərəfli inkişafı, qloballaşan dünya iqtisadiyyatına inteqrasiyası sahəsində, həqiqətən, misilsiz fəaliyyəti nəticəsində ölkəmiz sürətli tərəqqi yoluna qədəm qoymuşdur.
Heydər Əliyevin siyasi fəaliyyəti Azərbaycan xalqının rəmzinə, onun həyat yolu isə Vətənə sədaqət və məhəbbətin nümunəsinə çevrilib. Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısındakı misilsiz xidmətlərindən biri ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının yaradılmasıdır. Yeni Azərbaycan Partiyası Heydər Əliyev siyasi məktəbinin ən əsas sütunudur və ən böyük təsirə malik olan siyasi qüvvədir. 2003-cü ildə keçirilən prezident seçkilərində xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilən İlham Əliyev Azərbaycanın daha da qüdrətli, güclü dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasətinin davam etdirilməsinin vacibliyini bəyan etdi və bu yola sadiqliyini hər bir fəaliyyəti ilə təsdiq etdi. Ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm nailiyyətlər qazanır, yeni zirvələr fəth edir.
Buna ən böyük nümunə 44 günlük Qarabağ müharibəsidir. Ali Baş Komandanımız və rəşadətli ordumuz sayəsində işğal altında olan torpağlarımız geri qayıtdı. Cənab İlham Əliyev ulu öndərin siyasi kursunu keyfiyyətcə yeni müstəvidə davam etdirməklə, xalqımızın və dövlətçiliyimizin bu kursun mahiyyətindən doğan milli maraqlarını beynəlxalq miqyasda təmin edir.
Bu gün müstəqil Azərbaycan dövlətinin yaşaması, qüdrətli ölkə kimi təşəkkülü üçün ümummilli lider Heydər Əliyevə minnətdarıq. Biz hamımız inanırıq ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası Heydər Əliyev ideyalarına uyğun olaraq gündən-günə inkişaf edən, böyük iqtisadi potensiala malik və demokratik bir ölkə kimi öz suverenliyini və liderliyini daim saxlayacaqdır.
YAP Nərimanov rayon təşkilatının fəal gənci Aysel Tahirova Metbuat.az üçün