METBUAT.AZ

Siyasət

​Ərdoğanın qələbəsi Türkiyə və region iqtisadiyyatı üçün nə vəd edir?

29 may 2023 11:28

Dünən Türkiyədə keçirilən seçkinin ikinci turunda hazırkı prezident Rəcəb Tayyib Ərdoğan yenidən prezident seçilib. Ərdoğan və onun komandası daha 5 il Türkiyəni idarə edəcək. Hökumətdə dəyişikliklər olacağı annonsu daha öncədən verilmişdi və bu səbəbdən də xeyili sayda kabinet üzvü artıq parlamentdə təmsil olunur.

Millət vəkili Vüqar Bayramov hesab edir ki, Türkiyədə hazırkı prezidentinin yenidən seçilməsi kontekstində ölkə növbəti 5 ilə daha fərqli proqramlar ilə daxil olacaq.

"Son illər qardaş ölkrə iqtisadiyyatında müşahidə edilən volatilliyə, məzənnə enişlərinə və inflyasiyaya rəğmən Türkiyə iqtisadiyyatı son 20 ildə real ifadədə 3 dəfə böyüyüb. 2003-cü ildə 314 milyard dollar ÜDM-ə malik olan Türkiyə iqtisadiyyatı indi 900 milyard dollardan böyükdür. Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, bu il Türkiyədə ÜDM-in 1 trilyon 29 milyard dollara çatması gözlənilir. Bu isə o deməkdir ki, xarici şoklar olmazsa bu il Türkiyə trilyon dollarlıq iqtisadiyyata malik ölkələr qrupuna daxil olacaq".

Millət vəkili vurğuladı ki, qısa müddətli dövrdə ən ciddi iqtisadi hədəf qiymətlərin optimallaşdırılması və məzənnə stabilliyinə nail olmaq Türkiyə dövlətinin qarşısındakı hədəflərdəndir.

"Pandemiya və Rusiya-Ukrayna müharibəsi səbəbindən son illər Türkiyədə yüksək inflyasiya qeydə alınmaqdadır. Ötən il 72.31 faiz inflyasiya qeydə alınan qardaş ölkədə bu ilin aprel ayında qiymətlər 43.68% artıb. İnflyasiya səviyyəsinin müqayisəli azalmasına baxmayaraq hələ də qiymətlərin optimallaşdırılması əsas prioritetlərdən olaraq qalmaqdadır. Türkiyə 20 il öncə daha çox aqrar və xidmət sektorları üzrə ixtisaslaşmışdırsa indi ölkə müasir sənaye dövlətinə çevrilməkdədir. Türkiyə hazırda hərbi, avtomobil sənayesində xüsusi üstünlüyə malik olan ölkələrdən hesab olunur. Bu isə o deməkdir ki, qardaş dövlət növbəti illərdə iqtisadiyyatın keyfiyyətcə daha da genişləndirilməsinə nail ola bilər. Turizm gəlirləri fonunda innovativ sənaye məhsulları ixracatı ölkəyə daha çox valyutanın daxil olmasına imkan yaradacaq".

Azərbaycan-Türkiyə münasibətlərini qiymətləndirən V.Bayramov qeyd etdi ki, Ərdoğanın yenidən seçilməsindən sonra iki ölkə arasında birgə strateji əməkdaşlıq daha da dərinləşəcək.

"Türkiyə Azərbaycanın haqq işinə hər zaman dəstək verən ölkələrdəndir. İstər Vətən müharibəsində, istərsə də Qarabağ və Şərqi Zəngəzurda quruculuq prosesində Türkiyənin dəstəyi hər zaman hiss edilib. İşğaldan azad olunan ərazilərimizdəki hər iki beynəlxalq hava limanlarının açılışında, Zəngəzur dəhlizinin Azərbaycan hissəsinin təməlqoyma mərasimində Azərbaycan və Türkiyə Prezidentlərinin iştirakı və eləcə müttəfiqlik bəyannaməsinin Şuşada imzalanması da bunları təsdiq edir. Bütövlükdə, Türkiyədə seçkininin nəticələri region üçün də əhəmiyyətli idi. Ərdoğanın yenidən president seçilməsi mövcud regional düzənin daha da möhkəmlənməsinə şərait yaradacaq".

METBUAT.AZ


metbuat.az.