15 may 2023 11:18
Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkim-metodisti Afət Məmmədova erkən nikahımn fəsadların danışıb.
Metbuat.az Nazirliyin rəsmi saytına istinadəm həmin müsahibəni təqdim edir:
Afət xanım, ilk öncə bilmək istərdik ki, hansı yaşda nikah erkən hesab olunur?
- Ailənin 18 yaşından tez qurulması erkən nikah hesab edilir. Erkən nikahı qadağan edən qanun və qaydaların olmasına baxmayaraq, bir çox ölkələrdə bu praktika hələ də mövcuddur. Təəssüf ki, Azərbaycanda da erkən nikah halları istisna deyil.
Erkən nikah niyə tövsiyə olunmur və problem hesab edilir?
- Erkən nikah nikahda olan fərdlərə, onların uşaqlarına, ümumilikdə ailə institutuna (sisteminə) və bütövlükdə cəmiyyətə mənfi təsir göstərir. Erkən nikaha daxil olan qızlar ana və uşaq ölümü, təhsildən və inkişafdan məhrum edilmə, sosial və iş imkanlarının məhdudlaşması, məişət zorakılığı kimi ciddi problemlərlə üzləşirlər.
Erkən nikah ilk növbədə uşaq hüquqlarının pozulması ilə səciyyələnir. Azərbaycan tərəfindən 1992-ci ildə ratifikasiya edilmiş Uşaq Hüquqları Konvensiyasında qeyd olunur ki, 18 yaşına çatmamış hər bir kəs uşaq sayılır. Ona görə də 18 yaşına çatmadan nikaha daxil olmaq uşaqlıq dövrünün qısaldılması, uşaqların əsas hüquqlarının pozulması deməkdir. Digər tərəfdən, Azərbaycan qanunvericiliyinə görə, ancaq rəsmi şəkildə qeydiyyata alınan nikahlar qanuni hesab edilir.
Ailə Məcəlləsində qeyd edilir ki, valideynlik hüquqları heç bir halda uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Məcəllədə həmçinin qeyd olunur ki, hüquqlarından istifadə edərkən valdeynlər uşağın mənəvi, fiziki və psixi sağlamlığına zərər gətirə bilən hərəkətlərdən çəkinməlidirlər.
Yeniyetmə hamilədə hansı ağırlaşmalar baş verə bilər?
- Hamiləlik zamanı yeniyetmələrdə daha tez-tez qan təzyiqinin qalxması (hipertoniya), qan azlığı (anemiya), preeklampsiya dəqiq səbəbi məlum olmayan hamiləliyin 2-ci yarısında qan təzyiqinin qalxması və sidik ilə zülalın itirilməsi (proteinuriya) müşayiət olunur. Bu vəziyyət ağır hallarda ana və körpənin həyatı üçün təhlükə yarada bilər. Yeniyetmələrdə doğuşdan sonrakı depressiya halları da daha tez-tez müşahidə olunur.
Doğuş zamanı yeniyetmələrdə çanağın fiziki yetişkənliyi başa çatmadığı səbəbindən obstruktiv doğuş (adekvat doğuş fəaliyyətinə baxmayaraq, doğum kanalında dölün gələcək hissəsinin irəliləyişi müşahidə olunmur), ləng doğuş, qanaxma, həmçinin eklampsiya (çox vaxt dölün və ananın ölümü ilə nəticələnə bilən qıcolmalar) kimi fəsadlara daha tez-tez rast gəlinir.
Yeniyetmə ananın körpəsində hansı problemlər ola bilər?
- Ananın fiziki problemləri səbəbindən doğulan uşaqların azçəkili olması ehtimalı daha yüksəkdir və bununla bağlı onların xəstələnmə ehtimalı da artır. Əhəmiyyətli amillərdən biri də demək olar ki, özü uşaq olan anaların körpələri böyütmək üçün kifayət qədər bilik və bacarıqlarının olmamasıdır. Bu qadınların reproduktiv sağlamlıq haqqında əsas məlumatlarının yoxluğu, çatışmaması, cinsi münasibətləri müzakirə etmək bacarıqlarının olmaması özlərinin, eyni zamanda körpələrinin sağlamlığına ciddi təhlükə yaradır.
Ümumiyyətlə, reproduktiv sağlamlıq nə deməkdir?
- Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sağlamlığın ümumi tərifinə görə, sağlamlıq yalnız xəstəliyin və şikəstliyin olmaması deyil, həm də insanın tam fiziki, əqli və sosial rifah halıdır. İnsan orqanizmində bir çox orqan və sistemlər var, məsələn ürək-damar, tənəffüs, sinir və s., həmçinin nəsilartırma orqanları, yəni reproduktiv sistem var. Beləliklə, reproduktiv sağlamlıq (RS) – reproduktiv sistem, onun funksiya və orada baş verən proseslər daxil olmaqla insanın tam fiziki, əqli və sosial rifah halı deməkdir.
Reproduktiv sağlamlığa daxildir: gigiyena, təhlükəsiz analıq, ailə planlaşdırılması, cinsi yolla yoluxan infeksiyalarının profilaktikası, reproduktiv orqanların xərçəng xəstəliklərinin qarşısının alınması və s.
- Nikahdan əvvəl gənclərin reproduktiv sağlamlıq barədə nəyi bilməsi vacibdir?
- Bunlar ÜST-nin bir neçə tövsiyəsidir:
• Hamiləlik üçün optimal yaş 18-35-dir;
• Doğuşdan növbəti hamiləliyə qədər ən azı 2 il fasilə olmalıdır;
• Doğuşların sayı dörd və daha çox olduqda ana və uşağın sağlamlığı üçün risk artır. Amma bu demək deyil ki, ailədə dörd və daha çox uşaq olmamalıdır. Bu o deməkdir ki, çox uşaq istəyənlər göstərilən fasiləni gözləməli və daha ciddi həkim nəzarəti altında olmalıdır.