17 may 2023 13:55
“Molla rejiminə qarşı 10 aya yaxındır davam edən etirazlar İranda vəziyyət tamamilə dəyişib”.
Bu fikirləri Metbuat.az-a açıqlamasında Azərbaycan Mərkəz Partiyasının üzvü, siyasi ekspert Elyar Kamrani deyib. Ekspert bildirdi ki, uzun müddətdir davam edən etirazlar fonunda İranın həm xarici, həm də daxili siyasətində olan boşluqların meydana çıxdığını gördük.
Elyar Kamrani
“İran Suriya və Yəmənə doğru uzatdığı qolunu geri çəkməli oldu. Davamlı keçirilən etirazlar nəticəsində İranın hazırki rejiminin iç üzü bütün dünyaya agah oldu. BMT və bir çox beynəlxalq təşkilatlar insan hüquq və azadlıqlarının pozulması faktı ilə bağlı İranı qınayıb, sanksiyalar tətbiq etsələr də, rəsmi Tehran yenə də bildiyini davam edərək ictimai fəalların tutulması, onlara ağır işgəncə və hətta edam edilməsi ilə bağlı qərarlar verir. Beynəlxalq Əfv Təşkilatının İranla bağlı hesabatında bildirilir ki, bu il İranda 576 məhkum edam edilib. Halbuki bu rəqəm 2021-ci ildə 314 nəfər olub. Bu, edamların İranda 83 faiz artdığı anlamına gəlir. Hesabatda həmçinin bildirilir ki, 2022-ci il üçün edam sayı ötən 5 ildə ən yüksək rəqəmdir”.
İranın hazırkı hakimiyyətinin mahiyyətində insan haqlarını pozmaq, teror, kütləyə qarşı azğınlıq dayandığını ifadə edən Elyar Kamrani hesab edir ki, beynəlxalq təşkilatların xəbərdarlıqları molla rejimini əməlindən vaz keçirdə bilmir.
“İranda insanlar səbəbsiz döyülür, söyülür, işgəncə görür və hətta öldürülürlər. Hakimiyyət, saxtakarlıqla istədiyi qanunu qəbul edib tətbiqinə başlayır. Bütün bunları din pərdəsi altında həyata keçirən rejim sayı hesabı bəlli olmayan günahsız insanların qətlinə fərman verir”.
İranın Şiraz, Rəşt, Savə və Tehran yaxınlığında yerləşən Şəhri Quds şəhərlərində məcburi hicab qaydalarını pozduğuna görə 102 iş yerinin lisenziyası ləğv edilib. Elyar Kamrani deyir ki, hicab məsələsi ilə bağlı İranda yaşayan qadınlar arasında mübarizə əzmi var.
“İranda qadın haqları məsələsində ciddi problemlər var. Molla rejimi hicabsız gəzən qadınlara qarşı əxlaqsız damğası vuraraq onlara müxtəlif işgəncələr edirlər. Ümumiyyətlə, hakimiyyətin qadınlara davranışı heç bir etik qaydalara sığmır. İranda yaşayan millətlər də etirazlara qoşulsa da, “tək əldən səs çıxmaz” məsəlində olduğu kimi bu mübarizədə yalnız daxildə davam edir. Beynəlxalq münasibətlər zəmnində İrana qarşı sanksiyalar da o qədər effektiv deyil. Hətta bəzi dövlətlər İranı şəxsi maraqları üçün himayə edirlər. Amma buna baxmayaraq, mübarizə içəridə hələ də gücünü qorumaqdadır.
Son günlərdə rejimin Güney Azərbaycana qarşı təziqləri çoxaltdığını vurğulayan Elyar Kamrani qeyd etdi ki, nəticədə bir çox fəallar həbs edilərək, hətta bəziləri sürgünə göndərilib.
“Xarici siyasətində Azərbaycanla düşmən mövqeyində olan İranın mediasında da hər gün manipulyasiya, təhqiredici siyasət yürüdülür. Ermənistanla dostluq münasibətində olan Tehran Zəngəzur dəhlizi məsələsindən istifadə edərək İrəvana saxta qardaşlıq hissləri nümayiş etdirir. Ermənistana hər sahədə yardımlar edən İran Urmiya gölünün qurumasının qarşısını almaq üçün addımlar atılmaqla bağlı məsələ gündəmə gələndə nədənsə bir anda yoxsullaşır. Xüsusən İsrail faktorunu qabardaraq Azərbaycanı qaralama kampaniyasını hər formada davam etdirən İran deyəsən 30 illik işğal dövründə Ermənistana etdiyi tranzitlərin sayını unudub. Vətən müharibəsindən sonra molla rejiminin həqiqi siması üzə çıxdı. İranla Azərbaycan münasibəti günü gündən daha da gərginləşir və bunun da yeganə səbəbkarı İranın çirkin əməlləri və yürütdüyü siyasətdir”.
Gülbəniz Hüseynli / METBUAT.AZ