17 may 2023 17:00
Günay Bankın bağlanması ilə bağlı Mərkəzi Bankın yaydığı açıqlamada bir maraqlı məqam diqqətimi cəlb etdi: “Günay Bank ASC-nin bank lisenziyasının ləğvi bank sektorunun maliyyə dayanıqlığı və maliyyə sabitliyinə heç bir təhdid yaratmır.”
“Heç bir təhdid yaratmır” ifadəsi o deməkdir ki, mənfi təsir 0% olacaqdır. Amma eyni zamanda bildirilir ki, 108,56 milyonluq əmanətdən cəmi 38,5 milyonluq əmanət sığortalanıb. Deməli, 70 milyon manatlıq sığortalanmamış əmanət var.
Söhbət 70 milyon həcmindən getmir, yaratdığı psixoloji basqıdan gedir. 2023-cü 1 yanvar tarixinə olan məlumata görə Azərbaycan bankları 2022-ci ildə müştərilərdən cəlb etdiyi depozit portfelini 25.1% artaraq 33.69 mlrd. manata yüksəldib. Depozit portfelinin 66%-i hüquqi şəxslərin depozitləri (22.3 mlrd. manat), 34%-i isə fiziki şəxslərin depozit portfeli (11.5 mlrd. manat) təşkil edir.
Günay Bank da ötən il deposit portfelini 19,1% artıraraq 111,4 milyon manata çatdırmışdır. Yəni bir il ərzində bir banka inamın bu qədər artmasından cəmi 4 ay sonra bank bağlanırsa bu kütləyə psixoloji təsirsiz ötüşə bilməz. İnamsızlıq isə bank sektoru üçün ən böyük təhdiddir.
Digər bir tərəfdən isə əgər “bir bankın bağlanmasının heç bir mənfi təsir yoxdur” deyiriksə, onda məntiqlə belə çıxır ki, təzə bir bankın yaranmasının da heç bir müsbət təsiri olmayacaq. Lakin bu belə deyil.
“Kəpənək effekti” (Butterfly effect) deyilən bir nəzəriyyə var. Amazon meşələrində bir kəpənəyin qanad çırpması ABŞ-da fırtına baş verməsinə səbəb ola bilər. O ki qaldı ölkədəki 25 bankdan biri bağlanır, bu təbii şəkildə bu sektora həyacanını yansıdacaq. Sadəcə, biz bu bankın bağlanmasının təsirini “heç bir” deyə yox, bu bankın bağlanmasının maliyyə sabitliyinə təsirinin hiss edilməyəcəyini deyə bilərik. Həm də bunu əsaslandıra bilərik. Çünki, qeyd etdiyim kimi 2022-ci ilin sonuna olan 33.69 milyard manatlıq depozit portfelində Günay bankın çəkisi təxminən 0.3%-dir. Yəni banklara etibar edilən depazitlərin hər 100 manatından cəmi 30 qəpiyi Günay Banka aid idi. Bu 30 qəpikdən isə təxminən 10 qəpiyi sığortalanıb.Yəni problem yoxdur. Deməli, 100 manatdan cəmi 20 qəpikdə problem yaranıb.
Odur ki, 20 qəpik 100 manat üçün nə qədər təsirlidirsə, bu hadisə də kəmiyyət ifadəsində təxminən eyni qədər təsirlidir. Amma vətəndaşlar bu 20 qəpik və 100 manat müqayisəni bilməsə, o zaman ciddi problem olmasa belə yenə də narahat olmağa başlayar. Narahat insan isə nə edər? Pulunun batacağından qorxuduğu üçün bankdan geri çəkmək istər. Bu hal kütləvi olanda isə, problemin olmadığı bir halda heç nədən problem başlaya bilər.
Buna görə də hazırda iki addımın atılması mütləqdir. Birinci, vətəndaşları rəqəmlərlə bağlı doğru məlumatlarla təmin edilərək güvəni qorunmaq, ikinci isə vəziyyəti yaxşı olmayan hər hansı növbəti bir bankın bağlanmasına imkan verməmək lazımdır. Çünki digər bir bankın bağlanmaması üçün “x” manat xərcləmək bəs edərsə, amma o bağlanandan sonra onun yaratdığı fəsadların aradan qaldırılması üçün çoxlu “X”-lər lazım gələr.
İqtisadçı ekspert Eldəniz Əmirov Metbuat.az üçün