10 may 2023 12:10
"Dərhal maşını sürdürdüm Mərkəzi Komitəyə. Qəbul otağında oturmuşdum, heç 15-20 dəqiqə keçmədi, Heydər Əliyev məni qəbul etdi. Kabinet bomboş, hər yan yığışdırılıb. Dedi: “Abid, nəsə bir sözün, xahişin var?"
Metbuat.az xəbər verir ki, o, "Xalq qəzeti"nə müsahibəsində 1982-ci ildə Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilməsindən danışıb.
"Bir tərəfdən sevinirdim, digər tərəfdən istəmirdim o Bakıdan getsin. Bunu elə o vaxt ona dedim. Necə?
1982-ci ildə Heydər Əliyev artıq Azərbaycan ictimaiyyəti ilə sağollaşıb Moskvaya yola düşəcəkdi. Onun köməkçiləri vardı – Rafael Allahverdiyev və Mixail Zabelin. İkisini də çox gözəl tanıyırdım. Cümə günü idi. Rafael Allahverdiyevə zəng vurub dedim ki, “kişiynən görüşmək istəyirəm”. Dedi: “Abid, sən nə danışırsan? İndi Heydər Əliyeviçin heç kimi, hətta qohumlarını belə qəbul etməyə vaxtı yoxdur. Yalnız bəzi kollektivləri qəbul edir. Bir-iki günə Moskvaya yola düşür”. Bilirdim ki, həqiqətən də, yola düşməyə hazırlıq gedirdi.
Rafaellə münasibətimiz çox yaxşı idi. Dedim: “Rafael, sən gəl mənə nağıl danışma, sənin borcun mənim sözümü o kişiyə çatdırmaqdır. De ki, qəbul etməsə də canı sağ olsun, qəbul etsə də sağ olsun. Mənim borcumdur o kişiyə hesabat verim”...
Şənbə günü Rafaeldən xəbər çıxmadı. Bazar günü idi. Nasosnuda dəmiryolunun obyektləri var idi. Çox çətin obyektlər sayılırdı. Uzun müddət idi tikilirdi, başa çatmırdı. Getmişdim ora, oğlum da uşaq idi, özümlə aparmışdım. O vaxt tramvay parkı ilə üzbəüz binada yaşayırdım. Nasosnudan qayıdıb evə gəlirdim. Həyətə təzə çatmışdım, yoldaşım balkondan mənə səsləndi ki, “qalxma, qalxma, saat 3-də Mərkəzi Komitədə olmalısan. Səni gözləyirlər”.
Dərhal maşını sürdürdüm Mərkəzi Komitəyə. Qəbul otağında oturmuşdum, heç 15-20 dəqiqə keçmədi, Heydər Əliyev məni qəbul etdi. Kabinet bomboş, hər yan yığışdırılıb. Dedi: “Abid, nəsə bir sözün, xahişin var?” Dedim: “Yox. Gəldim bu iki ildə gördüyüm işlər barədə sizə məlumat verim”. Dedi: “Ehtiyac yoxdur. Mən sənin işindən razıyam”. Sonra soruşdu ki, “Plenumda oldun?” Plenum da onun yerinə Azərbaycanın KP MK-ya birinci katibin seçilməsi ilə bağlı idi, həm də Heydər Əliyev partiya fəalları ilə sağollaşırdı. Dedim: “İştirak edirdim”. Dedi: “Camaat necə baxırdı mənim getməyimə?” Dedim: “Necə baxacaqlar, ağlaşırdılar. Elə mən də ağlamışam bütün plenum boyu”. Həqiqətən, ağlamışdım, çünki onu həmişə özümə arxa bilmişdim. Dedi: “Yeni birinci katibin təyinatına münasibət necə oldu?” Dedim: “Heydər Əliyeviç, öz yetişdirdiyiniz kadrdır, necə baxarlar, əlbəttə yaxşı”. Beləcə, söhbətimiz başa çatanda dedi: “Sağ ol. Sənə bir şey lazım olsa, problemin olsa, mənə məlumat ver".