31 may 2023 12:03
NATO Kosovoya əlavə 700 hərbçi göndərəcək. Alyansın bu addımı atmasına səbəb ölkədə ötən ay baş tutan səs vermədən sonra serblərin çoxluq təşkil etdiyi bölgədə etnik alban merlərinin vəzifəyə başlamasına görə başlamış etirazlara nəzarət etməkdir.
Metbuat.az xəbər verir ki, Serbiyanın Tanjuq xəbər agentliyinin məlumatına görə, ABŞ, Polşa və İtaliyadan olan onlarla NATO əsgərləri Kosovonun şimalında üç bələdiyyə binasını müdafiə edən zaman toqquşma baş verib. Nəticədə, NATO-nun 30-a yaxın sülhməramlı əsgəri yaralanıb. Hadisə zamanı 52 etirazçı müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Baş berənlərlə bağlı NATO-nun baş katibi Yens Stoltenberq açıqlamasında qeyd edib ki, daha çox əsgər göndərilməsi ilə bağlı qərar verib. Stoltenberq NATO-nun KFOR kontingentinin təhlükəsizliyi təmin etmək üçün zəruri addımları atacağını vurğulayıb və Kosovada vəziyyəti gərginləşdirən tərəfləri zorakılığı dərhal dayandırmağa çağırıb. Qeyd edək ki, NATO-nun hazırda Kosovoda 4000-ə yaxın əsgəri var.