2 may 2023 13:25
“Terrorçuların müqəddəsləşdirilməsi xəstə cəmiyyətlərə xas hərəkətdir. Yaxşı bəs digərlərinə nə olub? Bizim öz torpağımızda nəzarət-buraxılış məntəqəsi açmamızı regionda sülhə və tərəflər arasında güvənə zərbə kimi dəyərləndirənlər terrorun təbliğinə yönələn, Azərbayanla Türkiyə əleyhinə düşmənçiliyi körükləyən bu addımı niyə görməzdən gəlirlər?”.
Metbuat.az xəbər verir ki, bu fikirləri Milli Məclisin mayın-2də keçirilən plenar iclasında millət vəkili Sahib Alıyev səsləndirib. Aprelin 25-də Ermənistanın paytaxtı İrəvan şəhərində "Nemezis" terror əməliyyatına həsr olunan abidənin açılmasını qətiyyətlə pislədiyini ifadə edən millət vəkili vurğulayıb ki, həmən terrorçuların sırasında Fətəli xan Xoyski və Behbud xan Cavanşiri qətlə yetirən iki yaramaz- Aram Yerkanyanla, Misak Torlokyan da var.
“Teroroçuları yaxşı və pislərə bölən, o 16 yaramazı birincilərin çərgəsinə qoyan, onlara rahat yaşamaları üçün sığınacaq verib hər cür şərait yaradan məhz həmən dövlətlərdi. O dövlətlər ki, 100 il öncə necə idisə, yenə də burada eyni siyasəti yeritməklə bulanıq suda balıq tutmağa çalışırlar. Yoxsa çox gözəl anlayırlar ki, Azərbayanın İkinci Qarabağ Savaşında qazandığı zəfər BMT-nin uzun illər kağız üzərində qalan 4 qətnaməsinin yerinə yetirilməsini təmin etdiyi kimi, Laçın yolunun başlanığıcında nəzarət-buraxılış məntəqəsi qurulması da üçətərəfli bəyanatda əksini tapan ancaq əməl olunmayan bəzi maddələrin reallaşdırılmasına, məsələn, Ermənistan ordusunun proksi funksiyası yerinə yetirən tör-töküntülərinin Qarabağdan çıxarılmasına yol açır. Azərbaycan ərazisinə qanunsuz yüklər, o sıradan minaların daşınmasının qarşısı alınır”.
Sahib Alıyev son bir həftədə 4 soydaşımız minaya düşərək həlak olduğunu qeyd edərək bildirib ki, Laçında nəzarət-buraxılış məntəqəsi qurulmasının əleyhinə çıxanların məqsədləri mina terrorunun davam etdirilməsi ola bilər.
“Qərbdəkilərin əgər doğrudan da niyyəti sevimli haylarını rəqib gözündə gördüklərinin boyunduruğundan qurtarmaqdırsa, aprelin 23-də atdığı addıma görə əksinə Azərbaycana təşəkkür etməli deyillərmi? Çünki hətta paytaxtlarının hava limanında belə ora gələnləri başqa ölkənin sərhədçiləri qarşılayan Ermənistana Azərbaycan növbəti dəfə öz suverenliyini necə təmin etməyin yolunu göstərmədimi? Göstərmədimi ki, bunun üçün siyasi iradə, qətiyyət, bəli, bir də ləyaqət lazımdır. Bunlar olduqda bir də deyil, bir neçə dövlət torpaqların üzərində suverenliyinin tam təmininə qarşı çıxdıqları halda belə istədiyini edirsən. Və artıq gördüyümüz kimi Qarabağa gedib-gələnləri bizim sərhədçilərimiz yoxlayıb buraxırlar. Nə deyə bilərəm, xalqımla, dövlətimlə, Prezidentimlə qürur duyuram! ”,- deyə millət vəkili çıxışını yekunlaşdırıb.
Gülbəniz Hüseynli / Metbuat.az